Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
25 noyabr 2024   
    

25 noyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: 
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638,  № 7, maddə 747, № 8, maddələr 932, 933, 934) aşağıdakı dəyişikliklər edilsin: 
1.1. 12.2-ci maddəyə “güzəştləri” sözündən sonra “və azadolmaları” sözləri əlavə edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir.”;
1.2. 13-cü maddə üzrə:
1.2.1. 13.2.11-ci maddənin ikinci abzasına “verilməsi,” sözündən sonra “torpağın icarəyə verilməsi,” sözləri əlavə edilsin;
1.2.2. 13.2.72-ci maddəyə “kod-parol” sözündən sonra “(bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə)” sözləri əlavə edilsin;
1.3. 14.6.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14.6.3.3.  Ekspert rəyinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.”;
1.4. 16-cı maddə üzrə: 
1.4.1. 16.1.4-1-ci maddəyə “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
1.4.2. 16.1.11-11-ci maddə üzrə:
1.4.2.1. birinci abzasa “formada” sözündən sonra “və qaydada” sözləri əlavə edilsin;
1.4.2.2. 16.1.11-11.1-ci maddə ləğv edilsin;
1.4.2.3. 16.1.11-11.3-cü maddənin ikinci abzası üzrə:
1.4.2.3.1. birinci cümləyə “bir” sözündən sonra “və ya bir neçə” sözləri əlavə edilsin;
1.4.2.3.2. ikinci cümləyə “(obyektinə)” sözündən sonra “və ya təsərrüfat subyektlərinə (obyektlərinə)” sözləri əlavə edilsin;
1.4.2.3.3. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: 
“Bu maddənin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara şamil edilmir.”;
1.4.3. aşağıdakı məzmunda 16.1.11-15 − 16.1.11-17-ci maddələr əlavə edilsin:
“16.1.11-15.  kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq;
16.1.11-16. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək);
16.1.11-17. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla,  bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;”;
1.4.4. 16.9-cu maddənin birinci cümləsində “Respublikasının rezidenti olan müəssisə” sözləri “Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “hesabatı“ sözündən sonra “və bildirişi” sözləri əlavə edilsin;
1.4.5. 16.11.3-cü maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 16.11.4-cü maddə ləğv edilsin;
1.5. 50.1.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.1.15-ci və 50.1.16-cı maddələr əlavə edilsin:
“50.1.15. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən subyektlərin (obyektlərin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin subyektlərdə (obyektlərdə) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi;
50.1.16. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi.”;
1.6. 57-ci maddə üzrə:
1.6.1. 57.1-2-ci maddəyə “hesabatın” sözündən sonra “və (və ya) bildirişin” sözləri əlavə edilsin;
1.6.2. 57.3-cü maddədən (birinci halda) “habelə” sözü çıxarılsın və həmin maddəyə (üçüncü halda) “edilməməsinə” sözündən sonra “, eləcə də bu Məcəllənin 16.1.11-17-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə” sözləri əlavə edilsin;
1.6.3. 57.4-cü maddəyə “göstərən” sözündən sonra “və bu Məcəllənin 16.1.4-1-ci maddəsində göstərilən sənədləri və məlumatları vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim etməyən” sözləri əlavə edilsin və həmin maddədə “2000” rəqəmləri “6000” rəqəmləri ilə əvəz edilsin;
1.6.4. 57.5-ci maddəyə “məlumatları” sözündən sonra “həmin maddədə nəzərdə tutulan formada və qaydada” sözləri əlavə edilsin;
1.7. 58-ci maddə üzrə:
1.7.1. 58.2-1-ci maddəyə “verilməsinə” sözündən sonra “, habelə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks olunmamasına” sözləri əlavə edilsin;
1.7.2. 58.7-1.9-cu maddədə “və 3.4.11-ci” sözləri “, 3.4.11-ci, 3.4.15-ci və 3.4.16-cı” sözləri ilə əvəz edilsin;
1.7.3. aşağıdakı məzmunda 58.15-2-ci maddə əlavə edilsin:
“58.15-2. Bu Məcəllənin 16.1.11-15-ci maddəsinin tələblərinin pozulması baş verdikdə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
1.8. 85.4-cü maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.”;
1.9. 96-cı maddə üzrə:
1.9.1. 96.5-ci maddənin birinci cümləsində “Hüquqi” sözü “Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi istisna olmaqla, hüquqi” sözləri ilə əvəz edilsin;
1.9.2. aşağıdakı məzmunda 96.6-cı maddə əlavə edilsin:
“96.6. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.”;
1.10. 101.7-ci maddənin birinci abzasında “işləyən fiziki şəxslərin” sözləri “bu sahə üzrə işləyən mütəxəssislərin” sözləri ilə əvəz edilsin;
1.11. 102-ci maddə üzrə:
1.11.1. 102.1.8-ci maddəyə birinci halda “üzrə” sözündən sonra “qeyri-dövlət sektoruna aid edilən” sözləri əlavə edilsin;
1.11.2. 102.1.11-1-ci maddəyə ikinci halda “şəxslərin” sözündən sonra “bu sahə üzrə” sözləri əlavə edilsin;
1.11.3. aşağıdakı məzmunda 102.1.21-1-ci, 102.1.30-1-ci və 102.9-cu maddələr əlavə edilsin:
“102.1.21-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə;”;
“102.1.30-1. aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi:
102.1.30-1.1. proqram təminatının işlənməsi sahəsində xidmətlər;
102.1.30-1.2. layihə-dizayn və dekorasiya xidmətləri;
102.1.30-1.3. tərcümə xidməti;
102.1.30-1.4. reklam xidməti;
102.1.30-1.5. araşdırma və tədqiqat sahəsində fəaliyyət;
102.1.30-1.6. elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
102.1.30-1.7. hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
102.1.30-1.8. jurnalistlərin fəaliyyəti;
102.1.30-1.9. bazar konyukturunun öyrənilməsi;
102.1.30-1.10. qiymətləndirmə fəaliyyəti;
102.1.30-1.11. avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
102.1.30-1.12. turizm bələdçiliyi;
102.1.30-1.13. xidmətlərin ixracı.”;
“102.9. Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.
Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.”;
1.11.4. 102.1.30-cu maddənin birinci abzasına “müvafiq” sözündən əvvəl “Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;
1.11.5. 102.1.41-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.42-ci – 102.1.44-cü maddələr əlavə edilsin:
 “102.1.42. Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film  istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri –  2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
102.1.43. filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
102.1.44. dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarların həmin layihələr üzrə əldə etdikləri gəlir – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq.”;
1.12. 104-cü maddə üzrə:
1.12.1. 104.6-cı maddənin birinci cümləsində “Hüquqi” sözü “Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən fond birjasında təqdim edilməsi istisna olmaqla, hüquqi” sözləri ilə əvəz edilsin;
1.12.2. aşağıdakı məzmunda 104.6-1-ci maddə əlavə edilsin:
“104.6-1. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.”;
1.13. 106-cı maddə üzrə:
1.13.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 106. Mənfəət vergisindən azadolmalar və güzəştlər”;
1.13.2. aşağıdakı məzmunda 106.1.13-1-ci maddə əlavə edilsin:
“106.1.13-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə;”;
1.13.3. 106.1.33-cü maddə aşağıdakı redaksiyada verilsin:
“106.1.33. qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film  istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdiyi mənfəətin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə;”;
1.13.4. 106.1.34-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.35-ci və 106.1.36-cı maddələr əlavə edilsin:
“106.1.35. dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan hüquqi şəxslərin həmin layihələr üzrə əldə etdikləri mənfəət – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
106.1.36. “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər.”;
1.14. 109.8-ci maddədə “habelə” sözü “qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar,” sözləri ilə əvəz edilsin;
1.15. 122.5-ci maddə ləğv edilsin;
1.16. 124.1-ci maddənin ikinci abzasına “icarəyə verən” sözlərindən sonra “özü və ya onun təyin etdiyi vergi agenti” sözləri əlavə edilsin və həmin abzasdan “özü” sözü çıxarılsın;
1.17. 126-cı maddədə “10” rəqəmləri “5” rəqəmi ilə əvəz edilsin;
1.18. 130-cu maddə üzrə:
1.18.1. 130.6-cı maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılır:”;
1.18.2. aşağıdakı məzmunda 130.6.1 – 130.6.3-cü maddələr əlavə edilsin:
“130.6.1. tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
130.6.2. həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri bu Məcəllənin 130.6.1-ci maddəsinə əsasən müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
130.6.3. faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.”;
1.19. 150.3-cü maddə üzrə:
1.19.1. birinci abzasda “xüsusi notariuslar” sözləri “vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər” sözləri ilə əvəz edilsin;
1.19.2. 150.3.1-ci maddədə “150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci” sözləri “150.1.1-ci, 150.1.2-ci, 150.1.8-ci, 150.1.17-ci və 150.1.18-ci” sözləri ilə əvəz edilsin;
1.19.3. 150.3.3-cü maddədə “və 150.1.17-ci” sözləri “, 150.1.17-ci və 150.1.18-ci” sözləri ilə əvəz edilsin;
1.20. 153.3-cü maddədə, 159.1-ci maddənin ikinci cümləsində, 174.4-cü maddənin birinci cümləsində və 175.12-ci maddədə “3” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
1.21. 157.3.3-cü maddənin üçüncü abzasına “habelə” sözündən sonra “2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə” sözləri əlavə edilsin;
1.22. 164-cü maddə üzrə:
1.22.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 164. ƏDV-dən azadolmalar və güzəştlər”;
1.22.2. aşağıdakı məzmunda 164.1.41-4-cü maddə əlavə edilsin:
“164.1.41-4. Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı – 2025-ci il yanvarın 1-dən 8 il müddətinə;”;
1.22.3. 164.1.52-ci maddədə “4” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
1.22.4. 164.1.62-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.63-cü maddə əlavə edilsin:
“164.1.63. dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq.”;
1.23. 165-ci maddə üzrə:
1.23.1. 165.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 165.1.11-ci maddə əlavə edilsin:
“165.1.11. qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsi.”; 
1.23.2. 165.3-cü maddəyə “mallara” sözündən sonra “, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.”;
1.23.3. 165.5-ci maddə üzrə:
1.23.3.1. birinci cümləyə “habelə” sözündən əvvəl “teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə,” sözləri əlavə edilsin;
1.23.3.2. ikinci cümləyə “təşkil edir” sözlərindən sonra “(teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ istisna olmaqla)” sözləri əlavə edilsin;
1.23.3.3. üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.”;
1.24. 185-ci maddə üzrə:
1.24.1. adına “məbləği” sözündən sonra “(vergitutma bazası)” sözləri əlavə edilsin;
1.24.2. 185.1-ci maddənin birinci cümləsinə “məbləği” sözündən və ikinci cümləsinə “əməliyyat” sözündən sonra “(vergitutma bazası)” sözləri əlavə edilsin;
1.24.3. 185.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“185.2. İdxal olunan bu Məcəllənin 190.1.1−190.1.6-cı maddələrində nəzərdə tutulan aksizli mallar üçün vergi tutulan əməliyyatın məbləği (vergitutma bazası) –  onların miqdarıdır. 
Bu Məcəllənin 190.1.7-190.1.10-cu maddələrində nəzərdə tutulan idxal olunan aksizli mallar üçün vergi tutulan əməliyyat (vergitutma bazası) – onların mühərrikinin həcmidir.
İdxal olunan platinə görə vergi tutulan əməliyyat (vergitutma bazası) platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə –  qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə – almazın karatıdır.
İdxal olunan xəz-dəri məmulatları üçün vergi tutulan əməliyyatın (vergitutma bazasının) məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).”;
1.25. 188-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 188. Aksizdən azadolmalar və güzəştlər”;
1.26. 199-cu maddə üzrə:
1.26.1. adı aşağıdakı redaksiyada verilsin: 
“Maddə 199. Əmlak vergisindən azadolmalar və güzəştlər”;  
1.26.2. 199.8-ci maddəyə (hər iki halda) “parklarının” sözündən sonra “və sənaye məhəllələrinin” sözləri əlavə edilsin;
1.26.3. aşağıdakı məzmunda 199.22-ci maddə əlavə edilsin:
“199.22. dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisini ödəməkdən azaddırlar.”;
1.27. 207-ci maddə üzrə:
1.27.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 207. Torpaq vergisindən azadolmalar və güzəştlər”;
1.27.2. 207.4-cü maddəyə (hər iki halda) “parklarının” sözündən sonra “və sənaye məhəllələrinin” sözləri əlavə edilsin; 
1.27.3. aşağıdakı məzmunda 207.13-cü və 207.14-cü maddələr əlavə edilsin:
“207.13. dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
207.14. qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın  1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.”;
1.28. 211.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manat olmaqla hesablanır və topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) əlavə edilir. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manat olmaqla hesablanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (idxal rüsumu, aksiz  və ƏDV daxil olmaqla) əlavə edilir.”;
1.29. aşağıdakı məzmunda 212-1-ci maddə əlavə edilsin:
“Maddə 212-1. Yol vergisindən azadolmalar və güzəştlər 
212-1.1. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada 2025-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azaddır:
212-1.1.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
212-1.1.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.”;
1.30. 217-1-ci və 218-1-ci maddələrin adları aşağıdakı redaksiyada verilsin:
“Maddə 217-1. Mədən vergisindən güzəştlər”;
“Maddə 218-1. Sadələşdirilmiş vergidən azadolmalar və güzəştlər”;
1.31. 221-ci maddə üzrə:
1.31.1. 221.8.5-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.”;
1.31.2. 221.8.6-cı maddənin birinci və ikinci cümlələri çıxarılsın.
Maddə 2. Keçid müddəalar 
2.1. Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla,  bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən bu Qanunun 1.4.3-cü, 1.5-ci, 1.6.2-ci, 1.7.1-ci və 1.7.3-cü maddələri qüvvəyə mindikdən sonra 6 ay müddətində vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.
2.2. Bu Qanunun 1.11.1-ci maddəsi 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir.
2.3. Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir.
2.4. Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.
Maddə 3. Bu Qanunun qüvvəyə minməsi 
3.1. Bu Qanunun 1.4.3-cü, 1.5-ci, 1.6.2-ci, 1.7.1-ci və 1.7.3-cü maddələri bu Qanun qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.
3.2. Bu Qanunun 1.13.4-cü maddəsi (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.36-cı maddəsinə münasibətdə) 2024-cü il yanvarın 1-dən  tətbiq edilir.
3.3. Bu Qanunun 1.23.3-cü maddəsi 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
3.3. Bu Qanunun 3.1 – 3.3-cü maddələri nəzərə alınmaqla, bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU