Diplomatik xidmət haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
13 dekabr 2024
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Diplomatik xidmət haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. diplomatik xidmət – diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri və funksiyaları üzrə səlahiyyətlərini həyata keçirən diplomatik xidmət əməkdaşlarının dövlət qulluğunun xüsusi növü olan peşə fəaliyyəti;
1.1.2. diplomatik xidmət əməkdaşı – diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan və diplomatik rütbəsi olan əməkdaş;
1.1.3. diplomatik xidmət orqanları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları;
1.1.4. diplomatik xidmət orqanı əməkdaşları – diplomatik xidmət və inzibati-texniki xidmət əməkdaşları;
1.1.5. diplomatik nümayəndəlik – Azərbaycan Respublikasının səfirliyi, təmsilçilik ofisi, daimi nümayəndəliyi və nümayəndəliyi;
1.1.6. inzibati-texniki xidmət əməkdaşı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati və ya yardımçı vəzifə tutan, diplomatik nümayəndəlikdə və konsulluqda inzibati-texniki xidməti həyata keçirən dövlət qulluqçusu;
1.1.7. konsulluq – Azərbaycan Respublikasının baş konsulluğu, konsulluğu, vitse-konsulluğu və konsul agentliyi;
1.1.8. qəbul edən dövlət – diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi, həmçinin təmsil olunduğu xarici dövlət.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Maddə 2. Diplomatik xidmət haqqında qanunvericilik
2.1. Diplomatik xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
2.2. Diplomatik xidmətkeçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
2.3. Diplomatik xidmət orqanı əməkdaşlarının əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
Maddə 3. Diplomatik xidmətin prinsipləri
3.1. Diplomatik xidmət aşağıdakı prinsiplərə əsaslanır:
3.1.1. Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət;
3.1.2. Azərbaycan Respublikasının milli maraqlarının qorunması;
3.1.3. qanunçuluq;
3.1.4. diplomatik xidmətə qəbulun ədalətliliyi və şəffaflığı;
3.1.5. peşəkarlıq, fərdi məsuliyyət və qərəzsizlik;
3.1.6. vətəndaşların öz qabiliyyətinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq, diplomatik xidmət orqanlarında hər hansı vəzifəni tutmaqda hüquq bərabərliyi;
3.1.7. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, diplomatik xidmət orqanı əməkdaşlarının qanuni fəaliyyətinə məhdudiyyət qoyulmasının, təsir və müdaxilə edilməsinin yolverilməzliyi;
3.1.8. həmkarlar ittifaqı istisna olmaqla, diplomatik xidmət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturlarının yaradılmaması;
3.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq mövqeyindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya ictimai birliklərə mənsubiyyətindən, habelə xidməti fəaliyyətinə aid olmayan başqa səbəblərdən asılı olmayaraq diplomatik xidmət orqanı əməkdaşlarının hüquq bərabərliyi;
3.1.10. diplomatik xidmət orqanı əməkdaşlarının potensialından səmərəli istifadə və onların rotasiyası;
3.1.11. diplomatik xidmət orqanı əməkdaşlarının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi;
3.1.12. diplomatik xidmət orqanlarının və diplomatik xidmət orqanı əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi və onların hesabat verməsi.
2-ci fəsil
DİPLOMATİK XİDMƏT ORQANLARI
Maddə 4. Diplomatik xidmət orqanlarının sistemi
4.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları diplomatik xidmət orqanlarının vahid sistemini təşkil edir.
4.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən diplomatik xidmət orqanıdır.
4.3. Azərbaycan Respublikasının səfirliyi və Azərbaycan Respublikasının təmsilçilik ofisi qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır.
4.4. Azərbaycan Respublikasının daimi nümayəndəliyi və Azərbaycan Respublikasının nümayəndəliyi beynəlxalq təşkilatda və ya onun bölməsində Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanlarıdır.
4.5. Azərbaycan Respublikasının konsulluğu qəbul edən dövlətdə müvafiq konsul dairəsində Azərbaycan Respublikası adından konsul funksiyalarını həyata keçirən diplomatik xidmət orqanıdır. Qəbul edən dövlətin ərazisinin Azərbaycan Respublikası konsulluğunun konsul dairəsinə aid olmayan hissəsində, həmçinin Azərbaycan Respublikasının konsulluğunun olmadığı xarici dövlətdə konsul funksiyalarını həmin dövlətdə akkreditə olunan Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi həyata keçirir.
4.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının təsis edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.
4.7. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Azərbaycan Respublikasının konsulluğu isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsis edilir.
4.8. Diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslər yaradıla bilər.
4.9. Diplomatik xidmət orqanlarının vahid sisteminə daxil olan orqanların, onların tabeliyində yaradılan qurumların hüquqi vəziyyəti ilə bağlı məsələlər, bu Qanun nəzərə alınmaqla, müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 5. Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri
5.1. Diplomatik xidmət orqanlarının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
5.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunması;
5.1.2. Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunması və təmin olunması;
5.1.3. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişaf etdirilməsi;
5.1.4. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək verilməsi;
5.1.5. xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiəsi;
5.1.6. Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
5.1.7. beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətinin təhlili;
5.1.8. Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrinin, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinin həyata keçirilməsi;
5.1.9. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsi;
5.1.10. Azərbaycan Respublikasının dövlət protokolunun təmin olunması;
5.1.11. konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsi.
5.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş digər istiqamətlərdə də fəaliyyət göstərə bilərlər.
Maddə 6. Diplomatik xidmət orqanlarının funksiyaları
6.1. Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir:
6.1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsini təmin etmək və əlaqələndirmək;
6.1.2. Azərbaycan Respublikasının milli maraqlarına uyğun sahələr üzrə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq, əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək;
6.1.3. Azərbaycan Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil etmək və onun milli maraqlarını qorumaq;
6.1.4. Azərbaycan Respublikasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində təşəbbüslərini xarici siyasət vasitələri ilə həyata keçirmək;
6.1.5. milli təhlükəsizliyin təmin olunmasından irəli gələn məsələləri xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;
6.1.6. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında danışıqların aparılmasını təşkil və təmin etmək;
6.1.7. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;
6.1.8. dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin vahid xarici siyasət xəttinə uyğun həyata keçirilməsini təşkil etmək və həmin orqanların (qurumların) bu istiqamətdə fəaliyyətini əlaqələndirmək;
6.1.9. dövlət orqanlarının (qurumlarının) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndələrinin, habelə xaricə ezam olunmuş nümayəndə heyətlərinin fəaliyyətini əlaqələndirmək;
6.1.10. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə dəstək vermək;
6.1.11. Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təklif vermək, beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;
6.1.12. Azərbaycan Respublikasının milli maraqları baxımından dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) və işgüzar dairələrin xarici dövlətlərin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları) və işgüzar dairələri ilə, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların orqanları, bölmələri və nümayəndəlikləri (bundan sonra – beynəlxalq təşkilatların orqanları) ilə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək göstərmək;
6.1.13. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidəni həyata keçirmək;
6.1.14. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin depozitarisi funksiyasını həyata keçirmək, beynəlxalq müqavilələrin qeydiyyatını, uçotunu və saxlanılmasını təmin etmək;
6.1.15. müəyyən edilmiş səlahiyyətlər daxilində beynəlxalq məhkəmə və arbitraj işlərində Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək;
6.1.16. Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı rəsmi bəyanatlar, şərh və açıqlamalar vermək, dövlət orqanlarını (qurumlarını) və media subyektlərini beynəlxalq vəziyyət və Azərbaycan Respublikasının xarici siyasəti haqqında məlumatlandırmaq;
6.1.17. Azərbaycan Respublikası haqqında rəsmi məlumatların xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda yayılmasını təmin etmək;
6.1.18. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə kömək göstərmək;
6.1.19. konsul işini təşkil etmək və konsul funksiyalarını həyata keçirmək;
6.1.20. yüksək səviyyədə dövlətlərarası və hökumətlərarası mübadilələrin protokol təminatını həyata keçirmək;
6.1.21. dövlət orqanları (qurumları) ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların orqanlarının qarşılıqlı əlaqələrinə kömək göstərmək;
6.1.22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq diplomatik və konsul imtiyazlarının və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirmək;
6.1.23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmçinin normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, eləcə də beynəlxalq təşkilatların orqanlarının əməkdaşlarını arzuolunmaz şəxs elan etmək və bu barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;
6.1.24. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə dəstək vermək;
6.1.25. xarici dövlətlərdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, müvafiq xarici dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlikdə və konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də orada olan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək;
6.1.26. diplomatik və rəsmi yazışmalar aparmaq, onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək.
6.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da həyata keçirə bilərlər.
3-cü fəsil
DİPLOMATİK XİDMƏT ORQANI ƏMƏKDAŞLARI
Maddə 7. Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri
7.1. Diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri aşağıdakılardır:
7.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına, eləcə də Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə riayət etmək;
7.1.2. vəzifə funksiyalarını yerinə yetirmək, rotasiya qaydalarına riayət etmək və məhdudiyyətlərə əməl etmək;
7.1.3. rəhbərlərinin öz səlahiyyətləri hüdudlarında verdikləri əmrləri, sərəncamları və göstərişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
7.1.4. diplomatik nümayəndəlikdə və konsulluqda xidmət, eləcə də xidməti ezamiyyətlər dövründə qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaq və daxili işlərinə qarışmamaq, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə etməmək, o cümlədən birlikdə yaşadıqları ailə üzvlərinin də eyni şəkildə davranmalarını təmin etmək;
7.1.5. diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərə yol verməmək, eləcə də həmin hərəkətləri və əməlləri dəstəkləməmək və ya təşviq etməmək;
7.1.6. dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətlərinə qanunla müəyyən edilmiş qaydada baxmaq;
7.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada öz xidməti vəzifələrinin icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi müayinədən keçmək;
7.1.8. etik davranış qaydalarına, əmək və icra intizamına riayət etmək;
7.1.9. diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda təyinat tarixində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə təyin olunduğu diplomatik nümayəndəliyə və ya konsulluğa gəlmək, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən 10 (on) iş günü müddətində və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;
7.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərildikdə vəzifə səlahiyyətlərinin icrasına başlayacağı tarixdə və ya müvafiq beynəlxalq təşkilatın orqanı ilə razılaşdırılmış tarixdə həmin orqana gəlmək və öz vəzifələrinin icrasına başladığı tarixdən etibarən 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) yazılı şəkildə məlumatlandırmaq;
7.1.11. beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən 10 (on) iş günü müddətində, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmaq;
7.1.12. əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə keçirilən görüşlər barədə xidmətdə olduğu diplomatik xidmət orqanının rəhbərini və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxsi məlumatlandırmaq;
7.1.13. əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda, həmçinin əməkdaşın övladları tərəfindən belə nikah bağlandıqda, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) 10 (on) iş günü müddətində məlumatlandırmaq;
7.1.14. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) və ya tabeliyində xidmət keçdiyi vəzifəli şəxslə razılaşdırmaqla qəbul edən dövlətin ərazisini tərk etmək;
7.1.15. diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə qəbul edən dövlətdə silahlı münaqişə baş verdikdə, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, fəaliyyət və hərəkətlərini xidmət keçdiyi diplomatik xidmət orqanının rəhbəri ilə razılaşdırmaq, onun və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaranmış vəziyyətlə bağlı göstərişlərini yerinə yetirmək;
7.1.16. vəzifə borcunun yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların şəxsi, ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamaq, eləcə də hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasını və işlənilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirmək;
7.1.17. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş dövlət sirrini təşkil edən məlumatların daşıyıcıları ilə iş qaydalarına əməl etmək, dövlət sirrini və qanunla mühafizə edilən digər sirrləri həmişə, o cümlədən diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdən sonra da saxlamaq, onlardan diplomatik xidmət orqanlarında xidmətlə bağlı olmayan məqsədlər üçün istifadə etməmək.
Maddə 8. Diplomatik xidmət orqanı əməkdaşlarının əsas hüquqları
8.1. Diplomatik xidmət orqanının əməkdaşları aşağıdakı əsas hüquqlara malikdirlər:
8.1.1. xidməti vəzifələrini yerinə yetirmək üçün həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən xidmət şəraiti ilə təmin olunmaq;
8.1.2. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə etmək;
8.1.3. xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icrası məcburi olan göstərişinin və ya əmrinin qanuniliyi və ya dürüstlüyü şübhə doğurursa, onların yazılı şəkildə verilməsini tələb etmək;
8.1.4. dövlət məvacibi almaq;
8.1.5. əlavə təhsili və xidməti vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla xidmətdə irəli çəkilmək iddiasında olmaq;
8.1.6. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, onların surətlərini əldə etmək, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
8.1.7. şərəf və ləyaqətinə xələl gətirən məlumatların təkzib edilməsi üçün xidməti araşdırmanın aparılmasını tələb etmək;
8.1.8. müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;
8.1.9. elmi və yaradıcılıq fəaliyyəti ilə, həmçinin xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
8.1.10. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa);
8.1.11. həmkarlar ittifaqlarında birləşmək;
8.1.12. normativ hüquqi aktlarda başqa hal nəzərdə tutulmayıbsa və bu, diplomatik xidmət orqanı əməkdaşının vəzifələrinin icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərə üzv olmaq;
8.1.13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına əlavə təhsil almaq və müvafiq təlim keçmək;
8.1.14. normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada məzuniyyət və sığorta hüquqlarından istifadə etmək, pensiya, müavinət və kompensasiyalar almaq.
Maddə 9. Diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunan məhdudiyyətlər
9.1. Diplomatik xidmət orqanı əməkdaşlarının aşağıdakıları etməsinə məhdudiyyət qoyulur:
9.1.1. Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirə biləcək hərəkət və davranışlara yol verməsinə;
9.1.2. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməsinə;
9.1.3. diplomatik xidmətinə xitam verildikdən sonra normativ hüquqi aktlarla müəyyən edilmiş müddət ərzində öz xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməsinə;
9.1.4. xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə;
9.1.5. əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutmasına;
9.1.6. xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına;
9.1.7. dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına;
9.1.8. xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə edilməsi üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla);
9.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə.
Maddə 10. Diplomatik xidmət orqanı əməkdaşlarının həvəsləndirilməsi
10.1. Vəzifə funksiyalarının nümunəvi icrasına və ya xidməti nailiyyətlərinə görə fərqlənmiş diplomatik xidmət orqanı əməkdaşlarına aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:
10.1.1. təşəkkür elan edilmə;
10.1.2. pul mükafatı;
10.1.3. qiymətli hədiyyə ilə mükafatlandırılma;
10.1.4. fəxri fərmanla təltif edilmə;
10.1.5. növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsi;
10.1.6. qüvvədə olan intizam tənbehi tədbirinin vaxtından əvvəl götürülməsi.
10.2. Həvəsləndirmə tədbirinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir.
10.3. Diplomatik xidmət orqanı əməkdaşları fərdi və ya kollektiv qaydada həvəsləndirilə bilərlər.
10.4. Diplomatik xidmət orqanı əməkdaşının fərdi həvəsləndirilməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, habelə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən vəzifə funksiyaları nümunəvi icra edildikdə, fəaliyyətində yüksək nailiyyətlər əldə olunduqda, mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə həyata keçirilir.
10.5. Diplomatik xidmət orqanı əməkdaşlarının kollektiv həvəsləndirilməsi diplomatik xidmət orqanının fəaliyyət istiqamətləri üzrə işlər və ya mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə, habelə Azərbaycan Respublikasının bayram günləri ilə və digər əlamətdar hadisələrlə əlaqədar həyata keçirilir.
10.6. Diplomatik xidmət orqanı əməkdaşları xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.
10.7. Diplomatik xidmət orqanı əməkdaşlarının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmət orqanı əməkdaşları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 (üç) misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Maddə 11. Diplomatik xidmət orqanı əməkdaşlarının intizam məsuliyyəti
11.1. Diplomatik xidmət orqanı əməkdaşları bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunmuş vəzifələri layiqincə yerinə yetirmədikdə və bu Qanunun 9-cu maddəsi ilə müəyyən olunmuş məhdudiyyətlərə riayət etmədikdə, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (həmin əməllər inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onların barəsində aşağıdakı intizam tənbehi tədbirlərindən biri tətbiq edilə bilər:
11.1.1. töhmət;
11.1.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət;
11.1.3. bir pillə aşağı diplomatik vəzifəyə keçirmə;
11.1.4. diplomatik rütbəni bir pillə aşağı salma;
11.1.5. diplomatik xidmət orqanlarından xaric etmə;
11.1.6. diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric etmə.
11.2. Bu Qanunun 11.1-ci maddəsi ilə müəyyən olunmuş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan, diplomatik xidmət orqanı əməkdaşına şifahi və ya yazılı xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi tədbiri sayılmır.
11.3. Bu Qanunun 11.1.1-ci və 11.1.2-ci maddələrində nəzərdə tutulan intizam tənbehi tədbirləri verildiyi gündən 6 (altı) ay müddətində qüvvədə olur.
11.4. Bu Qanunun 11.1.3-cü maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri tətbiq edildikdə, diplomatik xidmət əməkdaşı 6 (altı) ay müddətində əvvəlki vəzifəsinə bərpa edilə və ya digər yuxarı vəzifəyə keçirilə bilməz. Bu intizam tənbehi tədbiri təqvim ili ərzində yalnız bir dəfə tətbiq oluna bilər, eləcə də ən aşağı diplomatik vəzifə tutan diplomatik xidmət əməkdaşları barəsində tətbiq edilə bilməz.
11.5. Bu Qanunun 11.1.4-cü maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri tətbiq edildikdə, diplomatik xidmət əməkdaşının aşağı salınmış diplomatik rütbədə xidmət müddəti intizam tənbehi tətbiq edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. Bu intizam tənbehi tədbiri təqvim ili ərzində yalnız bir dəfə tətbiq oluna bilər, eləcə də ən aşağı diplomatik rütbəyə malik diplomatik xidmət əməkdaşları barəsində tətbiq edilə bilməz.
11.6. Bu Qanunun 11.1.5-ci maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri diplomatik xidmət orqanı əməkdaşı tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan vəzifələr mütəmadi yerinə yetirilmədikdə və ya bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl edilmədikdə tətbiq edilə bilər.
11.7. Bu Qanunun 11.1.6-cı maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən əməl edilməməsi Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirdikdə tətbiq edilə bilər.
11.8. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda diplomatik xidmət orqanı əməkdaşına verilmiş intizam tənbehi tədbiri vaxtından əvvəl götürülə bilər.
11.9. Bu Qanunun 11.1-ci maddəsinin birinci abzasına uyğun olaraq intizam tənbehi tədbirinin tətbiqinə əsas olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi ilə araşdırma aparılır. Araşdırmanın nəticəsi üzrə zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri xidməti yoxlama təyin edir. Araşdırma və ya xidməti yoxlama aparılarkən diplomatik xidmət orqanı əməkdaşının yazılı izahatı alınır. Diplomatik xidmət orqanının əməkdaşı yazılı izahat verməkdən imtina etdikdə bu hal rəsmiləşdirilir və intizam tənbehi tədbirinin tətbiqinə mane olmur.
11.10. Diplomatik xidmət orqanının əməkdaşı barəsində intizam tənbehi tədbiri bu Qanunun 11.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulan əsaslar aşkar edildiyi gündən 60 (altmış) gün keçənədək tətbiq edilə bilər. Diplomatik xidmət orqanı əməkdaşının məzuniyyətdə və ya ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində araşdırma, xidməti yoxlama və ya cinayət təqibinin həyata keçirildiyi dövr həmin müddətə daxil edilmir.
11.11. İntizam məsuliyyətinə səbəb olan əməllərin törədildiyi gündən 6 (altı) ay keçdikdən sonra diplomatik xidmət orqanı əməkdaşına intizam tənbehi tədbiri tətbiq edilə bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi və cinayət təqibinin həyata keçirildiyi dövr bu müddətə daxil edilmir.
11.12. Diplomatik xidmət orqanının əməkdaşı barəsində intizam tənbehi tədbiri tətbiq edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən əməlin xarakteri, törədilmə şəraiti, təkrarlığı və digər hallar nəzərə alınır.
11.13. Diplomatik xidmət orqanı əməkdaşları barəsində intizam tənbehi tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri bu Qanunun 11.1.3–11.1.6-cı maddələrində nəzərdə tutulan intizam tənbehi tədbirlərini vəzifəyə təyin etdiyi və ya rütbə verdiyi diplomatik xidmət orqanı əməkdaşları barəsində tətbiq edir.
11.14. Diplomatik xidmət orqanının əməkdaşı barəsində tətbiq olunan intizam tənbehi tədbiri ilə razılaşmadıqda inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
11.15. Qüvvədə olan intizam tənbehi tədbiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında və ya bu Qanunun 11.1.5-ci və 11.1.6-cı maddələrində nəzərdə tutulan intizam tənbehi tədbirləri istisna olmaqla, həvəsləndirmə qaydasında ləğv edilə bilər.
Maddə 12. Diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi
12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulan vəzifə maaşına əlavələrdən ibarətdir.
12.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və vəzifə maaşına diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə əlavələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən inzibati-texniki xidmət əməkdaşlarının dövlət məvacibi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir.
12.4. Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət məvacibi bu Qanunun 14.2.2.1-ci maddəsində nəzərdə tutulan vəzifələr üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır.
12.5. Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə bu Qanunun 13.15–13.17-ci maddələrində nəzərdə tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada dövlət məvacibinin əməkdaşa ödənilən hissəsinə fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir.
12.6. Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. Diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən heç bir tutulmalar həyata keçirilmir.
Maddə 13. Diplomatik xidmət orqanı əməkdaşlarının və ailə üzvlərinin təminatı və kompensasiyaları
13.1. Diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə diplomatik xidmət orqanı əməkdaşının və onunla birlikdə yaşayan arvadının (ərinin), 18 yaşına çatmamış uşaqlarının və övladlığa götürdüyü şəxslərin, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarının və övladlığa götürdüyü şəxslərin (bundan sonra – ailə üzvləri) aşağıdakı xərcləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq dövlət tərəfindən ödənilir:
13.1.1. diplomatik xidmət orqanı əməkdaşı vəzifəyə təyin olunduqda və geri çağırıldıqda, habelə xidmətinə xitam verildikdə müvafiq diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi şəhərə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat və yüklərin daşınması xərcləri;
13.1.2. diplomatik xidmət orqanı əməkdaşının əmək məzuniyyəti ilə əlaqədar onun və ailə üzvlərinin, habelə diplomatik xidmət orqanı əməkdaşının əmək məzuniyyətinə çıxıb-çıxmamasından asılı olmayaraq ailə üzvlərinin ildə bir dəfə Azərbaycan Respublikasına gəlmək və müvafiq diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi şəhərə qayıtmaq həddində nəqliyyat xərcləri;
13.1.3. diplomatik xidmət orqanı əməkdaşının tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla, məişət ləvazimatı ilə komplektləşdirilmiş yaşayış sahəsi ilə təmin olunma və ya belə yaşayış sahəsinin icarə xərcləri;
13.1.4. diplomatik xidmət orqanı əməkdaşının ailə üzvlərinin qəbul edən dövlətdə ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil xərcləri;
13.1.5. diplomatik xidmət orqanı əməkdaşının və ailə üzvlərinin müvafiq tibbi xidmət (sığorta) xərcləri;
13.1.6. diplomatik xidmət orqanı əməkdaşı və ya ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin Azərbaycan Respublikasına gətirilməsi xərcləri;
13.1.7. ailə üzvünün (üzvlərinin) ölümü ilə əlaqədar diplomatik xidmət orqanı əməkdaşının və onun ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət keçdiyi dövlətə qayıtması ilə bağlı nəqliyyat xərcləri.
13.2. Diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət orqanı əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir.
13.3. Diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına və övladlığa götürdüyü şəxslərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir.
13.4. Diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan arvadına (ərinə) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir.
13.5. Diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir.
13.6. Diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə diplomatik xidmət orqanı əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq təmsilçilik müavinəti ödənilir.
13.7. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların diplomatik xidmət orqanı əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir.
13.8. Diplomatik xidmət orqanı əməkdaşlarının diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.
13.9. Diplomatik nümayəndəlikdə və konsulluqda xidmət dövründə diplomatik xidmət orqanı əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə edirlər.
13.10. Diplomatik xidmət orqanı əməkdaşının ailə üzvü həmin əməkdaşın xidmət keçdiyi diplomatik xidmət orqanında onun bilavasitə tabeliyində və ya nəzarəti altında olmayan vəzifəyə təyin edilə bilər.
13.11. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşının qəbul edən dövlətdə onunla birlikdə yaşayan, dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət müddəti dövründə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.
13.12. Diplomatik xidmət orqanı əməkdaşları “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sosial və icbari tibbi sığorta, eləcə də sığortanın digər icbari növləri və sosial müdafiə ilə təmin olunurlar.
13.13. Diplomatik xidmət orqanı əməkdaşlarının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçuları üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
13.14. Diplomatik xidmət orqanı əməkdaşının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdə, ona qanuna uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 (altı) misli məbləğində birdəfəlik haqq verilir.
13.15. Bu Qanunun 13.1-ci, 13.2-ci və 13.5–13.9-cu maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə şamil olunur. Onlara təminat və kompensasiyaların verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
13.16. Bu Qanunun 13.1-ci, 13.2-ci və 13.5–13.9-cu maddələrinin müddəaları diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən şəxslərə şamil edilir. Həmin şəxslərin fəaliyyətinin təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
13.17. Bu Qanunun 13.1-ci, 13.2-ci və 13.5–13.9-cu maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə şamil olunur. Həmin nümayəndələrə təminat və kompensasiyaların verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.
4-cü fəsil
DİPLOMATİK XİDMƏTKEÇMƏ
Maddə 14. Diplomatik xidmət orqanlarında vəzifələr
14.1. Diplomatik xidmət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarına, səlahiyyət dairəsinə və tutulması üsullarına, habelə müvafiq diplomatik xidmət orqanının struktur quruluşuna və ştat cədvəlinə uyğun olaraq müəyyən edilir.
14.2. Diplomatik xidmət orqanlarında aşağıdakı diplomatik vəzifələr mövcuddur:
14.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda):
14.2.1.1. orqanın (qurumun) rəhbəri;
14.2.1.2. orqanın (qurumun) rəhbərinin müavini;
14.2.1.3. xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi;
14.2.1.4. idarə rəisinin müavini;
14.2.1.5. müşavir;
14.2.1.6. şöbə müdiri;
14.2.1.7. birinci katib;
14.2.1.8. ikinci katib;
14.2.1.9. üçüncü katib;
14.2.1.10. attaşe;
14.2.2. diplomatik nümayəndəlikdə:
14.2.2.1. fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə;
14.2.2.2. səfirin müavini, daimi nümayəndənin müavini;
14.2.2.3. müşavir-elçi;
14.2.2.4. müşavir;
14.2.2.5. birinci katib;
14.2.2.6. ikinci katib;
14.2.2.7. üçüncü katib;
14.2.2.8. attaşe, maliyyə məsələləri üzrə attaşe;
14.2.3. konsulluqda:
14.2.3.1. baş konsul;
14.2.3.2. konsul;
14.2.3.3. vitse-konsul;
14.2.3.4. konsul agenti, maliyyə məsələləri üzrə attaşe.
14.3. Diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən geri çağırılması ilə bağlı məsələlər Azərbaycan Respublikasının və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
14.4. Bu Qanunun 14.2.1.1-ci, 14.2.1.2-ci, 14.2.2.1-ci, 14.2.2.2-ci və 14.2.3.1-ci maddələrində nəzərdə tutulan vəzifələrə təyin edilmə və həmin vəzifələrdən azad edilmə (geri çağırılma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
14.5. Bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulan vəzifələr istisna olmaqla, diplomatik xidmət orqanlarında digər vəzifələrə təyin edilmə və həmin vəzifələrdən azad edilmə (geri çağırılma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir.
14.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati-texniki xidmət əməkdaşlarının təyin olunduqları inzibati və yardımçı vəzifələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
14.7. Diplomatik nümayəndəlikdə və konsulluqda inzibati-texniki xidmət əməkdaşlarının təyin olunduqları vəzifələr, bu sahədə Azərbaycan Respublikasının və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələr, eləcə də həmin vəzifələrin funksiyaları və səlahiyyət dairəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təsdiq etdiyi diplomatik nümayəndəliyin və ya konsulluğun strukturu və ştat cədvəli əsasında müəyyən edilir.
14.8. Azərbaycan Respublikasının fəxri konsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və diplomatik xidmətdə hesab olunmur. Fəxri konsul Azərbaycan Respublikasının, qəbul edən dövlətin və ya üçüncü dövlətin vətəndaşı ola bilər. Fəxri konsulun hüquqi vəziyyəti və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15. Diplomatik rütbələr
15.1. Daimi diplomatik xidmətə qəbul edilən diplomatik xidmət əməkdaşlarına tutduqları diplomatik vəzifəyə uyğun diplomatik rütbə verilir.
15.2. Diplomatik vəzifələr üzrə diplomatik rütbələr aşağıdakı ardıcıllıqla müəyyən edilir:
15.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri vəzifəsi üzrə – fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi;
15.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin müavini vəzifəsi üzrə – fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri;
15.2.3. fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə, baş konsul vəzifələri üzrə – fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri;
15.2.4. xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələri üzrə – fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, birinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.5. səfirin müavini, daimi nümayəndənin müavini vəzifələri üzrə – birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, birinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.6. müşavir-elçi, idarə rəisinin müavini vəzifələri üzrə – ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, birinci dərəcəli müşavir, ikinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.7. müşavir vəzifəsi üzrə – birinci dərəcəli müşavir, ikinci dərəcəli müşavir diplomatik rütbələri;
15.2.8. şöbə müdiri, konsul vəzifələri üzrə – ikinci dərəcəli müşavir, birinci dərəcəli birinci katib diplomatik rütbələri;
15.2.9. birinci katib vəzifəsi üzrə – birinci dərəcəli birinci katib, ikinci dərəcəli birinci katib diplomatik rütbələri;
15.2.10. ikinci katib, vitse-konsul vəzifələri üzrə – birinci dərəcəli ikinci katib, ikinci dərəcəli ikinci katib diplomatik rütbələri;
15.2.11. üçüncü katib vəzifəsi üzrə – üçüncü katib və attaşe diplomatik rütbələri;
15.2.12. attaşe, konsul agenti, maliyyə məsələləri üzrə attaşe vəzifələri üzrə – attaşe diplomatik rütbəsi.
15.3. Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir.
15.4. Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Bu diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına müvafiq hüquqi akt və vəsiqə verilir.
15.5. Bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulan diplomatik rütbələr istisna olmaqla, digər diplomatik rütbələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən verilir.
15.6. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir:
15.6.1. attaşe, üçüncü katib, ikinci dərəcəli ikinci katib və birinci dərəcəli ikinci katib – 2 (iki) il;
15.6.2. ikinci dərəcəli birinci katib, birinci dərəcəli birinci katib və ikinci dərəcəli müşavir – 3 (üç) il.
15.7. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir.
15.8. Diplomatik xidmət əməkdaşının diplomatik rütbədə olma müddətinə diplomatik vəzifədə xidmət dövrü, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında beynəlxalq təşkilatın orqanında fəaliyyət dövrü, sərəncamda olma və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma müddəti, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında əlavə təhsil müddəti daxildir.
15.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanında işləməyə və ya xidmətdən ayrılmaqla əlavə təhsil almağa göndərilmiş diplomatik xidmət əməkdaşlarına növbəti diplomatik rütbənin verilməsi onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduqları son vəzifə üzrə bu Qanunun 15.13-cü maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.
15.10. Diplomatik xidmət orqanlarında diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi və ya hərbi rütbə verilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmətə qəbul edildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq diplomatik rütbə verilir.
15.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən diplomatik rütbələr istisna olmaqla, daimi diplomatik xidmətə qəbul edilən və ya daha yüksək pillə diplomatik vəzifəyə təyin olunan və diplomatik rütbəsi tutduğu diplomatik vəzifə üzrə müəyyən edilmiş diplomatik rütbə həddindən aşağı olan diplomatik xidmət əməkdaşına təyin olunduğu diplomatik vəzifə üzrə ən aşağı diplomatik rütbə verilir.
15.12. Bu Qanunun 10.1.5-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşına həvəsləndirmə qaydasında, tutduğu diplomatik vəzifəyə uyğun müəyyən edilmiş hədd daxilində vaxtından əvvəl növbəti diplomatik rütbə verilə bilər. Növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsinə diplomatik xidmət əməkdaşının xidmət müddəti ərzində yalnız bir dəfə və malik olduğu diplomatik rütbədə bu Qanunun 15.6-cı maddəsi ilə müəyyən edilmiş müddətin azı yarısını xidmət etdikdən sonra yol verilir.
15.13. Bu Qanunun 11.5-ci, 15.10–15.12-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, diplomatik xidmət əməkdaşlarına diplomatik rütbələr müsbət xidməti fəaliyyəti, mövcud diplomatik rütbəsi və həmin rütbədə xidmət müddəti, tutduğu vəzifəyə növbəti diplomatik rütbənin uyğunluğu nəzərə alınmaqla ardıcıl verilir.
15.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, yaxud barəsində intizam tənbehi tətbiq edilmiş, həmçinin cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşına müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi qüvvədən düşənə (götürülənə), cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alana, xidməti yoxlama və ya araşdırma qurtaranadək diplomatik rütbə verilmir.
15.15. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılan, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış və ya xidməti yoxlama, yaxud araşdırma aparılan diplomatik xidmət əməkdaşı müvafiq olaraq vəzifəyə təyin olunduqda, vəzifəsinə qaytarıldıqda, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama və ya araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti diplomatik rütbə alması üçün xidmət müddəti əvvəlki diplomatik rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
15.16. Diplomatik xidmət əməkdaşının əmək kitabçasında onun hər bir diplomatik rütbəsi barədə qeyd aparılır.
15.17. Diplomatik xidmət əməkdaşının xidmət dövründə diplomatik rütbəsi bu Qanunun 11.1.4-cü maddəsinə uyğun olaraq intizam tənbehi tədbirinin tətbiqi qaydasında aşağı salına bilər.
15.18. Diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşı Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirən əməllərinə görə diplomatik rütbədən məhrum edilə bilər.
15.19. Diplomatik rütbənin aşağı salınması və ya diplomatik rütbədən məhrum edilmə həmin diplomatik rütbəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
15.20. Diplomatik rütbədən məhrum edilmə halı istisna olmaqla, diplomatik rütbə ömürlük verilir.
Maddə 16. Diplomatik xidmətə qəbul olunmaq hüququ
16.1. Müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ vardır.
16.2. Diplomatik xidmətə aşağıdakı şəxslər qəbul olunmurlar:
16.2.1. ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
16.2.2. din xadimləri;
16.2.3. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
16.2.4. əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
16.2.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
16.2.6. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
16.2.7. tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər;
16.2.8. dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər;
16.2.9. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər.
Maddə 17. Diplomatik xidmətə qəbul
17.1. Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmətə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.2. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş və sənədləri bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq yoxlanılmış namizədlər müsahibədə iştirak edirlər.
17.3. Aşağıdakı şəxslər müsabiqənin yazılı imtahan mərhələsindən azad edilirlər:
17.3.1. elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
17.3.2. bu Qanunun 14.2.1.10-cu maddəsində nəzərdə tutulan vəzifədə diplomatik xidmətə qəbul üçün azı 3 (üç) il, bu Qanunun 14.2.1.8-ci və 14.2.1.9-cu maddələrində nəzərdə tutulan vəzifələrdə diplomatik xidmətə qəbul üçün azı 6 (altı) il, bu Qanunun 14.2.1.6-cı və 14.2.1.7-ci maddələrində nəzərdə tutulan vəzifələrdə diplomatik xidmətə qəbul üçün azı 9 (doqquz) il dövlət orqanlarında (qurumlarında) və ya beynəlxalq təşkilatların orqanlarında ali təhsil tələb olunan vəzifələrdə qulluq (xidmət) və ya əmək stajına malik olan şəxslər;
17.3.3. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər.
17.4. Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müsahibədən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır və sənədləri yoxlamadan müvəffəqiyyətlə keçmiş namizədlər müsahibəyə buraxılırlar.
17.5. Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxslərin diplomatik xidmətə qəbulundan imtina üçün əsasdır.
17.6. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda diplomatik xidmətə qəbul müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təyinatı əsasında həyata keçirilir.
17.7. Aşağıdakı hallarda diplomatik xidmətə qəbul zamanı müsabiqə keçirilmir:
17.7.1. bu Qanunun 14.2.1.3–14.2.1.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələr üzrə;
17.7.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik, xüsusi və ya hərbi rütbə, yaxud ixtisas dərəcəsi verilmiş şəxslərə münasibətdə;
17.7.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində nəzərdə tutulan (hərbi qulluqçular istisna olmaqla) vəzifələrdən azad edilmiş (səlahiyyət müddəti başa çatmış) şəxslərə münasibətdə;
17.7.4. ali – üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən və həmin vəzifələrdə qulluğuna xitam verilmiş şəxslərə münasibətdə;
17.7.5. bu Qanunun 30.1.1–30.1.4-cü maddələrində nəzərdə tutulan əsaslarla diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına münasibətdə.
Maddə 18. Diplomatik xidmət orqanlarında staj və sınaq keçmə
18.1. Diplomatik xidmətə müsabiqənin hər iki mərhələsindən keçərək qəbul edilən şəxslər 6 (altı) ay müddətinə əmək müqaviləsi bağlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) müvafiq vakant diplomatik vəzifəyə stajçı kimi təyin edilirlər.
18.2. Staj müddəti bitdikdən sonra əmək və icra intizamı müsbət qiymətləndirilən stajçılarla, həmçinin bu Qanunun 17.3-cü maddəsinə uyğun olaraq diplomatik xidmətə qəbul olunan şəxslərlə əmək müqaviləsi bağlanılır və onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) 3 (üç) ay sınaq müddəti ilə diplomatik xidmətə qəbul edilirlər.
18.3. Sınaq müddətində əmək müqaviləsinə xitam verilməyən və sınaq müddəti bitdikdən sonra fəaliyyəti müsbət qiymətləndirilən şəxslə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında müddətsiz əmək müqaviləsi bağlanılır və həmin şəxs daimi diplomatik xidmətə qəbul edilir.
18.4. Staj və ya sınaq müddətini müvəffəqiyyətlə başa vurmadıqda stajçı ilə və ya sınaq müddəti ilə diplomatik xidmətə qəbul edilmiş şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilir.
18.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) staj və sınaq müddəti faktiki olaraq əmək funksiyasının icra edildiyi iş vaxtından ibarətdir. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla şəxsin işdə olmadığı dövrlər staj və sınaq müddətlərinə daxil edilmir.
18.6. Diplomatik xidmətə qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) müsabiqə elan olunmuş vakant diplomatik vəzifələrin sayının müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin sayından az olması səbəbindən stajçı kimi diplomatik xidmətə qəbul edilmələri mümkün olmayan namizədlər 2 (iki) il müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) namizədin müvəffəqiyyət qazandığı vəzifə üzrə vakant yer yarandıqda, həmin namizəd onun razılığı ilə müvafiq vəzifəyə təyin edilir və ehtiyat kadrlar siyahısından çıxarılır. Namizədin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ehtiyat kadr kimi saxlanılması onun digər dövlət orqanında vəzifəyə qəbul üzrə keçirilən müsabiqədə iştirakını məhdudlaşdırmır.
Maddə 19. Diplomatik xidmət orqanlarında vakant vəzifələrin tutulması
19.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyinatı həyata keçirilən diplomatik vəzifələr istisna olmaqla, diplomatik xidmət orqanlarında diplomatik vəzifələrin tutulması diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası, həmçinin bu Qanunun 25.3-cü maddəsinə uyğun olaraq diplomatik xidmət əməkdaşlarının vəzifəyə təyinatı, eləcə də diplomatik xidmət əməkdaşlarının xidmətdə yüksəlişi yolu ilə həyata keçirilir.
19.2. Bu Qanunun 19.1-ci maddəsinə uyğun olaraq, diplomatik xidmət orqanlarında vakant diplomatik vəzifələr tutulmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin qərarı əsasında həmin vəzifələrin tutulması bu Qanunun 17-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) vakant inzibati və yardımçı vəzifələrin tutulması inzibati-texniki xidmət əməkdaşlarının rotasiyası və ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
19.4. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda inzibati-texniki xidmətin həyata keçirildiyi vəzifələrin tutulması inzibati-texniki xidmət əməkdaşlarının rotasiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təyinatı əsasında həyata keçirilir.
Maddə 20. Diplomatik xidmət əməkdaşının andı
20.1. İlk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir: “Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm.”.
20.2. And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
Maddə 21. Diplomatik xidmət əməkdaşlarının xidməti vəsiqəsi və şəxsi işi
21.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarına nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xidməti vəsiqə verilir.
21.2. Diplomatik xidmət əməkdaşının xidməti vəsiqəsi onun şəxsiyyətini, tutduğu diplomatik vəzifəni və diplomatik rütbəsini təsdiq edən rəsmi sənəddir.
21.3. Diplomatik xidmət əməkdaşının soyadı, adı, atasının adı, vəzifəsi və rütbəsi dəyişdikdə, xidməti vəsiqəsi itirildikdə və ya yararsız vəziyyətə düşdükdə ona yeni xidməti vəsiqə verilir.
21.4. Xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşı xidməti vəsiqəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməlidir.
21.5. Diplomatik xidmət əməkdaşlarının şəxsi işi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla tərtib edilir və aparılır.
Maddə 22. Diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası
22.1. Bu Qanunun 14.2.1.3-cü maddəsində nəzərdə tutulan vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı 6 (altı) ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi bu Qanun nəzərə alınmaqla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
22.2. Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik vəzifəyə təyin edilən diplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və bu Qanunun 14.2.1.3-cü maddəsində nəzərdə tutulan vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla) attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı 1 (bir) il daimi xidmət keçən diplomatik xidmət əməkdaşları attestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir və bu zaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
22.3. Bu Qanunun 22.2-ci maddəsi nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiya qaydasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər.
22.4. Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 23. Diplomatik xidmət əməkdaşlarının əlavə təhsili
23.1. Diplomatik xidmət əməkdaşlarının əlavə təhsil alması diplomatik xidmət orqanlarında fəaliyyətin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
23.2. Xidmətdən ayrılmaqla əlavə təhsil alan diplomatik xidmət əməkdaşı əlavə təhsilini başa vurduqdan sonra diplomatik xidmət orqanında tutduğu əvvəlki vəzifədən aşağı olmayan vəzifəyə təyin edilir.
23.3. Diplomatik xidmət əməkdaşlarının əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı dövlət qulluqçuları üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalarla tənzimlənir.
Maddə 24. Diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası
24.1. Diplomatik xidmət orqanlarında kadr tələbatına olan ehtiyacın diplomatik xidmət orqanı əməkdaşlarının potensialından səmərəli istifadə olunmaqla təmin edilməsi məqsədilə diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyası keçirilir.
24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyinatı həyata keçirilən vəzifələr istisna olmaqla, diplomatik xidmət orqanlarında digər vəzifələr üzrə rotasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
24.3. Rotasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edilərək diplomatik nümayəndəlikdə və ya konsulluqda həmin vəzifədən aşağı olmayan vakant diplomatik vəzifəyə təyin edilir.
24.4. Rotasiya qaydasında diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edilərək (geri çağırılaraq) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həmin vəzifədən aşağı olmayan vakant diplomatik vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
24.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati və ya yardımçı vəzifə tutan əməkdaş rotasiya qaydasında tutduğu vəzifədən azad edilərək həmin vəzifənin funksiyalarına uyğun olaraq diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin edilir və geri çağırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu sonuncu vəzifəyə bərabər vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
24.6. Diplomatik xidmət orqanlarında tutduğu diplomatik vəzifədən azad edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşı geri çağırıldıqdan sonra, onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsinə əsas olan hallar olmadıqda, tutduğu sonuncu vəzifə nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) vakant diplomatik vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
24.7. Fövqəladə və səlahiyyətli səfirin və təmsilçilik ofisinin rəhbərinin qəbul edən dövlətdə, daimi nümayəndənin və nümayəndənin beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 5 (beş) ildir. Baş konsulun və səfirin müavininin qəbul edən dövlətdə, daimi nümayəndənin müavininin isə beynəlxalq təşkilatda fasiləsiz xidmət müddəti 4 (dörd) ildir.
24.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq, bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan diplomatik xidmət əməkdaşları fasiləsiz xidmət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl geri çağırıla bilərlər.
24.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və konsulluqda vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşlarının fasiləsiz xidmət müddəti 3 (üç) ildir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik xidmət orqanı əməkdaşının razılığı ilə 1 (bir) ilədək uzadıla bilər. Diplomatik xidmət orqanı əməkdaşları bu Qanunun 26.1.2–26.1.10-cu maddələrində nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.
24.10. Bu Qanunun 13.7-ci maddəsində nəzərdə tutulan xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və konsulluqlarda vakant vəzifələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilən diplomatik xidmət orqanı əməkdaşlarının xidmət müddəti həmin əməkdaşların təşəbbüsü əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 (bir) ilədək azaldıla bilər.
24.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşı xidməti zərurətlə əlaqədar və öz razılığı ilə xidmət keçdiyi diplomatik nümayəndəlikdən və ya konsulluqdan digər diplomatik nümayəndəliyə və ya konsulluğa qalan xidmət müddətinin davam etdirilməsi şərtilə keçirilə bilər.
24.12. Diplomatik nümayəndəlikdən və konsulluqdan rotasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geri çağırılan diplomatik xidmət orqanı əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yenidən diplomatik nümayəndəlikdə və konsulluqda vəzifəyə təyin olunmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) azı 1 (bir) il (sərəncamda olma müddəti də daxil olmaqla) xidmət keçməlidirlər.
Maddə 25. Diplomatik xidmət orqanı əməkdaşlarının beynəlxalq təşkilatların orqanlarında işləməyə göndərilməsi
25.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik xidmət orqanı əməkdaşı öz razılığı ilə diplomatik xidmət orqanında tutduğu vəzifədən azad edilərək və diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmədən beynəlxalq təşkilatın orqanında işləməyə göndərilə bilər.
25.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanında işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının hüquqi vəziyyəti, fəaliyyətinin əsasları və təşkili qaydası, şərtləri və fəaliyyət müddəti, eləcə də maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının normativ hüquqi aktları, müvafiq beynəlxalq təşkilatın müəyyən etdiyi qaydalar və eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla, müvafiq diplomatik xidmət orqanı əməkdaşı ilə beynəlxalq təşkilatın orqanı arasında bağlanılan müqavilə əsasında tənzimlənir.
25.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşı fəaliyyətini başa vurduqdan sonra və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunduqda və onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilməsinə əsas olan hallar olmadıqda, o, diplomatik xidmət orqanında tutduğu sonuncu vəzifədən aşağı olmayan vakant vəzifəyə təyin edilir, belə vakant vəzifə olmadıqda isə bu Qanunun 27.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur.
25.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının müvafiq xarici dövlətdə onunla birlikdə yaşayan, Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.
Maddə 26. Diplomatik xidmət orqanı əməkdaşının geri çağırılması
26.1. Diplomatik xidmət orqanı əməkdaşı aşağıdakı hallarda diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmətdən geri çağırılır:
26.1.1. bu Qanunun 24.8-ci və 24.10-cu maddələri nəzərə alınmaqla, diplomatik nümayəndəlikdə və ya konsulluqda bu Qanunun 24.7-ci və 24.9-cu maddələrində müəyyən edilmiş xidmət müddəti bitdikdə;
26.1.2. xidməti zərurət yarandıqda;
26.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə razılaşdırmaqla öz təşəbbüsü olduqda;
26.1.4. xidmət keçdiyi diplomatik nümayəndəliyin və ya konsulluğun fəaliyyəti dayandırıldıqda (yaxud məhdudlaşdırıldıqda);
26.1.5. qəbul edən dövlətdə təhlükəsizliyinə təhdid yarandıqda;
26.1.6. normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə, məhdudiyyətlərə və ya əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmədikdə, özü və ya ailə üzvləri tərəfindən qəbul edən dövlətin qanunlarına və adət-ənənələrinə hörmətsizlik göstərildikdə, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə edildikdə;
26.1.7. qəbul edən dövlət tərəfindən arzuolunmaz şəxs hesab edildikdə;
26.1.8. təyin olunduğu ştat vahidi ixtisar edildikdə;
26.1.9. bu Qanunun 27.4-cü maddəsində nəzərdə tutulan hal baş verdikdə;
26.1.10. diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdə.
Maddə 27. Diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması
27.1. Diplomatik xidmət orqanlarında ştat vahidi ixtisar edildikdə və ya diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda, habelə bu Qanunun 24.4–24.6-cı və 26.1.2–26.1.7-ci maddələrində nəzərdə tutulan hallarda diplomatik xidmət orqanı əməkdaşı 3 (üç) ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.
27.2. Bu Qanunun 25.3-cü maddəsində nəzərdə tutulan halda diplomatik xidmət orqanı əməkdaşı 3 (üç) ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.
27.3. Diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 5 (beş) faizindən artıq olmamaq şərtilə diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən rəsmiləşdirilir.
27.4. Diplomatik xidmət orqanı əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduğu tarixdən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərinin icrasına buraxılmır.
27.5. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrinin icrasına buraxılır.
27.6. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı qanuni qüvvəyə mindiyi tarixdən həmin əməkdaşın diplomatik xidmət orqanlarında xidmətinə xitam verilir.
27.7. Diplomatik xidmət orqanı əməkdaşı bu Qanunun 11.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulan əməlləri törədib-törətməməsinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2 (iki) ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma diplomatik xidmət orqanı əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci 2 (iki) ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul edilir.
27.8. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində diplomatik xidmət orqanı əməkdaşına tutduğu vəzifə üzrə dövlət məvacibi tam həcmdə ödənilir.
Maddə 28. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajı
28.1. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajına aşağıdakı dövrlər daxildir:
28.1.1. diplomatik xidmət orqanlarında diplomatik vəzifələrdə xidmət dövrü;
28.1.2. diplomatik xidmətə qəbul olunarkən staj və sınaq dövrləri;
28.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında əlavə təhsil dövrü;
28.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olma və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma dövrləri.
28.2. Diplomatik xidmət orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların diplomatik xidmət stajı həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmət orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri diplomatik xidmət stajına daxil edilir.
Maddə 29. Diplomatik xidmətdə olmanın yaş həddi
29.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi müəyyən edilmir.
29.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.
29.3. Bu Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayaraq 5 (beş) ilədək uzadıla bilər.
29.4. Bu Qanunun 29.3-cü maddəsinə uyğun olaraq xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 (on beş) faizindən artıq olmamalıdır.
Maddə 30. Diplomatik xidmət orqanlarında xidmətə xitam verilmə
30.1. Diplomatik xidmət orqanı əməkdaşının xidmətinə aşağıdakı əsaslarla xitam verilir:
30.1.1. öz arzusu ilə xidmətə xitam verilməsi barədə ərizə yazdıqda;
30.1.2. diplomatik xidmət orqanlarından kənar ödənişli vəzifəyə təyin edildikdə və ya seçildikdə (bu Qanunun 25-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla);
30.1.3. əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədikdə;
30.1.4. diplomatik xidmət orqanında tutduğu ştat vahidi ixtisar edildikdə;
30.1.5. diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;
30.1.6. bu Qanunun 11.1.5-ci maddəsinə uyğun olaraq diplomatik xidmət orqanlarından xaric edildikdə;
30.1.7. bu Qanunun 11.1.6-cı maddəsinə uyğun olaraq diplomatik xidmət orqanlarından xaric edildikdə;
30.1.8. bu Qanunun 18.4-cü maddəsində nəzərdə tutulan halda;
30.1.9. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
30.1.10. diplomatik xidmət orqanlarında xidmətə qəbul məqsədilə təqdim edilmiş sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar edildikdə;
30.1.11. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
30.1.12. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
30.1.13. bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla, diplomatik xidmət orqanlarında xidmətdə olmanın yaş həddinə çatdıqda və xidmətdə olma müddəti uzadılmadıqda;
30.1.14. vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.
30.2. Bu Qanunun 30.1.4-cü maddəsində nəzərdə tutulan əsasa görə diplomatik xidmət orqanı əməkdaşı və 30.1.5-ci maddəsində nəzərdə tutulan əsasa görə diplomatik xidmət əməkdaşı diplomatik xidmət orqanlarında digər vəzifəyə keçirilməkdən imtina etdikdə onun xidmətinə xitam verilir.
30.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən diplomatik xidmət orqanı əməkdaşının əmək qabiliyyətini müvəqqəti itirdiyi (bu Qanunun 30.1.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla), məzuniyyətdə və ezamiyyətdə olduğu dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin təşəbbüsü ilə onun diplomatik xidmət orqanlarında xidmətinə xitam verilə bilməz.
30.4. Diplomatik xidmət orqanı əməkdaşı öz təşəbbüsü ilə diplomatik xidmət orqanında xidmətinə xitam verilməsi barədə ərizə təqdim etdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin xidməti davam etdirmək barədə qərarı olduğu təqdirdə, həmin əməkdaş ərizə təqdim etdiyi tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində xidmətini davam etdirməlidir. Diplomatik xidmət orqanı əməkdaşı pensiyaya çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, başqa təyinatlı və ya seçkili vəzifə tutduqda və qanunda nəzərdə tutulan digər hallarda onun ərizəsində göstərildiyi tarixdən xidmətinə xitam verilir.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 31. Bu Qanunun qüvvəyə minməsi
31.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
31.2. Bu Qanun qüvvəyə mindiyi tarixdən “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli 137-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 567 (Cild I) ləğv edilir.
Azərbaycan Respublikasının Prezidenti