Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
07 mart 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD, 77-VIIQD nömrəli və 27 dekabr tarixli 111-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 156.2.2-ci maddədə “məsafədən idarə edilən pilotsuz uçan aparatlardan” sözləri “pilotsuz uçuş aparatlarından” sözləri ilə əvəz edilsin;
1.2. 262.1-ci maddənin dispozisiyasına “hava nəqliyyatının” sözlərindən sonra “, yaxud pilotsuz uçuş aparatının və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin” sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD, 77-VIIQD nömrəli və 27 dekabr tarixli 111-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 27.3-cü maddəyə “327.8,” rəqəmlərindən sonra “327-1.2, 327-1.3,” rəqəmləri əlavə edilsin;
2.2. 28.4.1-ci maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
2.3. 30.2-ci maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;
2.4. 38.1-ci maddənin ikinci cümləsində “maliyyə, vergilərin və rüsumların ödənilməsi” sözləri “vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta” sözləri ilə əvəz edilsin və həmin cümləyə “əmək qanunvericiliyinin” sözlərindən sonra “, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının” sözləri əlavə edilsin;
2.5. 43.1-ci maddəyə “275.5,” rəqəmlərindən sonra “279.2, 279.3,” rəqəmləri, “290.3,” rəqəmlərindən sonra “294-5.5, 294-6,” rəqəmləri, “296.2,” rəqəmlərindən sonra “300.1, 302, 304,” rəqəmləri, “327.8,” rəqəmlərindən sonra “327-1.2, 327-1.3,” rəqəmləri, “428.10,” rəqəmlərindən sonra “428.12,” rəqəmləri əlavə edilsin və həmin maddədən “295.7,” və “440.3,” rəqəmləri çıxarılsın;
2.6. 81-1.1-ci maddədə “469.2-ci” sözləri “469-1-ci” sözləri ilə əvəz edilsin;
2.7. 102.1-ci maddəyə “232-1-ci,” sözlərindən sonra “300.1-ci, 302-ci, 304-cü,” sözləri əlavə edilsin;
2.8. 116.1-ci maddəyə “Məcəllənin” sözündən sonra “192.2, 192.4,” rəqəmləri əlavə edilsin və həmin maddədə “279.0.1” rəqəmləri “279.1.1” rəqəmləri ilə əvəz edilsin;
2.9. 122.1-ci maddənin birinci cümləsinə və 122.4-cü maddəyə “328” rəqəmlərindən əvvəl “327-1.1,” rəqəmləri əlavə edilsin;
2.10. 127-3-cü maddədə və 127-4.1-ci maddənin birinci cümləsində “469.2-ci” sözləri “469-1-ci” sözləri ilə əvəz edilsin;
2.11. 192.4-cü maddənin dispozisiyasında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz edilsin;
2.12. 198.1.5-ci maddəyə “riayət edilməməsinə” sözlərindən sonra “, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə” sözləri əlavə edilsin;
2.13. 276-1-ci maddənin adına və dispozisiyasına “dövlət” sözündən əvvəl “vahid” sözü əlavə edilsin;
2.14. 279-cu maddə üzrə:
2.14.1. 279.0, 279.0.1–279.0.7-ci maddələr müvafiq olaraq 279.1, 279.1.1– 279.1.7-ci maddələr hesab edilsin;
2.14.2. aşağıdakı məzmunda 279.2-ci və 279.3-cü maddələr əlavə edilsin:
“279.2. İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə –
inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”;
2.15. 293-cü maddə üzrə:
2.15.1. 293.1-ci maddənin dispozisiyasından “və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına” sözləri çıxarılsın;
2.15.2. aşağıdakı məzmunda 293.1-1-ci maddə əlavə edilsin:
“293.1-1. Müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.”;
2.15.3. 293.2-ci maddə üzrə:
2.15.3.1. dispozisiyaya “digər” sözündən sonra “belə” sözü əlavə edilsin;
2.15.3.2. sanksiya aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.”;
2.15.4. 293.6-cı maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“293.6. İcazə olmadan Azərbaycan Respublikasının hava məkanında hava gəmisinin səsdən iti sürətlə uçmasına görə –”;
2.15.5. aşağıdakı məzmunda 293.7–293.12-ci maddələr əlavə edilsin:
“293.7. Müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
293.8. Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların və qəza şəraitinin imitasiyasının aparılmasına görə –
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
293.9. Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsinə görə –
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
293.10. Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə –
fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
293.11. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə –
altı yüz manat məbləğində cərimə edilir.
293.12. Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə –
üç min manat məbləğində cərimə edilir.”;
2.16. 294-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 294. Aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılması və ya götürülməsi
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş razılıq olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə görə –
altı yüz manat məbləğində cərimə edilir.”;
2.17. aşağıdakı məzmunda 294-1–294-6-cı maddələr əlavə edilsin:
“Maddə 294-1. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə müdaxilə etmə
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə –
fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
Maddə 294-2. Aviasiya personalına dair tələblərin pozulması
294-2.1. Şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədə malik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyət göstərməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
294-2.2. Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habelə aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiq təlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təmin edilməməsinə görə –
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər otuz min manat məbləğində cərimə edilir.
Maddə 294-3. Mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarına dair ümumi tələblərin pozulması
294-3.1. Müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyasının fəaliyyət göstərməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
294-3.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemləri əməliyyatlarının həyata keçirilməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.
294-3.3. Məsafədən idarə edən pilotun (operatorun) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə –
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər on yeddi min manat məbləğində cərimə edilir.
Maddə 294-4. Mülki aviasiya sahəsində sığorta tələblərinə əməl edilməməsi
294-4.1. Bu Məcəllənin 294-4.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hava gəmisi istismarçılarının hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan hava gəmisindən istifadə etməsinə görə –
fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
294-4.2. Pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatını və onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətini sığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görə –
fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
Maddə 294-5. Mülki aviasiya sahəsində sertifikatlaşdırılma ilə bağlı tələblərə əməl edilməməsi
294-5.1. Aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsinin sertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşları tərəfindən həyata keçirilməsinə görə –
vəzifəli şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
294-5.2. Mülki hava limanları və (və ya) aerodromlar, habelə helikopter meydançalarının sertifikatlaşdırılmadan istismarına görə –
fiziki şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.
294-5.3. Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə –
vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.
294-5.4. Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların və ya mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə –
vəzifəli şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.
294-5.5. Sertifikatlaşdırılmamış aviasiya avadanlıqlarından və vasitələrindən istifadəyə görə –
avadanlıqlar və vasitələr müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
Maddə 294-6. Hava gəmilərinin istismar qaydalarının pozulması
Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar hava gəmilərinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda –
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.”;
2.18. 295-ci maddə üzrə:
2.18.1. 295.1-ci maddə üzrə:
2.18.1.1. dispozisiyada “Aeroportun” sözü “Hava limanının (aeroportun)” sözləri ilə əvəz edilsin;
2.18.1.2. sanksiya aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.”;
2.18.2. 295.4-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”;
2.18.3. 295.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“295.6. Hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülməməsinə görə –
fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.”;
2.18.4. 295.7-ci maddə ləğv edilsin;
2.18.5. aşağıdakı məzmunda 295.8-ci maddə əlavə edilsin:
“295.8. Azərbaycan Respublikasına mənsub hava gəmilərinin dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotuna alınmadan istismarına görə –
fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.”;
2.19. 296-cı maddə üzrə:
2.19.1. adında “maddələr və predmetlər” sözləri “yüklər, hərbi silah və sursatlar” sözləri ilə əvəz edilsin;
2.19.2. 296.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“296.2. Təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə –
təhlükəli yüklər, hərbi silah və sursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər iki yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.”;
2.19.3. aşağıdakı məzmunda 296.3-cü və 296.4-cü maddələr əlavə edilsin:
“296.3. Radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına görə –
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər on beş min manat məbləğində cərimə edilir.
296.4. Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə –
fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.”;
2.20. 298-ci maddə üzrə:
2.20.1. 298.1-ci maddə üzrə:
2.20.1.1. dispozisiyaya “yaxud” sözündən əvvəl “komanda verən pilotun,” sözləri əlavə edilsin;
2.20.1.2. sanksiyaya “yüz” sözündən əvvəl “beş” sözü əlavə edilsin;
2.20.2. 298.2-ci maddənin sanksiyasına “yüz” sözündən əvvəl “beş” sözü əlavə edilsin;
2.20.3. 298.3-cü maddənin sanksiyasında “iki” sözü “beş” sözü ilə əvəz edilsin;
2.21. 299-cu maddənin sanksiyasına “yüz” sözündən əvvəl “beş” sözü əlavə edilsin;
2.22. 300-cü maddə üzrə:
2.22.1. 300.1-ci maddə üzrə:
2.22.1.1. dispozisiyadan “qardan” və “siqnalizasiya və rabitə” sözləri çıxarılsın;
2.22.1.2. sanksiyada “yüz əlli manat məbləğində” sözləri “inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;
2.22.2. 300.2-ci maddənin sanksiyasında “otuz” sözü “altmış” sözü ilə əvəz edilsin və həmin maddənin sanksiyasına “yüz” sözündən əvvəl “iki” sözü əlavə edilsin;
2.22.3. 300.3-cü maddənin sanksiyasında “iki” sözü “dörd” sözü ilə əvəz edilsin;
2.23. 301.1-ci maddənin sanksiyasında “əlli” sözü “yüz” sözü ilə əvəz edilsin;
2.24. 302-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 302. Dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsi
Dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə –
inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə edilir.”;
2.25. 304-cü maddə üzrə:
2.25.1. 304.1-ci maddənin sanksiyasında “yüz manat məbləğində” sözləri “inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;
2.25.2. 304.2-ci maddənin sanksiyasında “yüz əlli manat məbləğində” sözləri “inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;
2.26. 319.4-cü maddənin dispozisiyasına “biletsiz” sözündən sonra “və ya müvafiq qaydada ödəniş etmədən” sözləri əlavə edilsin;
2.27. 320.4-cü maddə üzrə:
2.27.1. dispozisiyaya “biletsiz” sözündən sonra “və ya müvafiq qaydada ödəniş edilmədən” sözləri əlavə edilsin;
2.27.2. sanksiyada “qırx” sözü “səksən” sözü ilə əvəz edilsin;
2.28. 327-ci maddə üzrə:
2.28.1. 327.3-cü maddənin dispozisiyasında “Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilsin;
2.28.2. 327.7-ci maddənin dispozisiyasına “327.8,” rəqəmlərindən sonra “327-1.1, 327-1.3,” rəqəmləri əlavə edilsin;
2.28.3. “Qeyd” hissəsi üzrə:
2.28.3.1. 1-ci bəndə “328.4” rəqəmlərindən əvvəl “327-1.1,” rəqəmləri əlavə edilsin;
2.28.3.2. 5-ci bəndə “327.8,” rəqəmlərindən sonra “327-1.3,” rəqəmləri əlavə edilsin;
2.29. aşağıdakı məzmunda 327-1-ci maddə əlavə edilsin:
“Maddə 327-1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryol keçidlərindən keçmə ilə bağlı qaydaların pozulması
327-1.1. Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə –
iki yüz manat məbləğində cərimə edilir.
327-1.2. Bu Məcəllənin 327-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılır.
327-1.3. Bu Məcəllənin 327-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə –
üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır.”;
2.30. 338-ci maddə üzrə:
2.30.1. 338.2-ci maddənin dispozisiyasından “, dəmiryol keçidinin” sözləri çıxarılsın;
2.30.2. aşağıdakı məzmunda 338.2-2-ci maddə əlavə edilsin:
“338.2-2. Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə –
qırx manat məbləğində cərimə edilir.”;
2.30.3. 338.5-ci maddənin sanksiyasında “qırx” sözü “səksən” sözü ilə əvəz edilsin;
2.31. aşağıdakı məzmunda 403-1-ci və 403-2-ci maddələr əlavə edilsin:
“Maddə 403-1. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların və sənədlərin təqdim edilməməsi
403-1.1. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə, yəni:
403-1.1.1. hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına münasibətdə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı dürüst, dəqiq və yenilənmiş məlumatların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə;
403-1.1.2. hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən benefisiar mülkiyyətçisi barədə məlumatların qanunla müəyyən edilmiş mərhələlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
403-1.2. Hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedici sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 403-2. Benefisiar mülkiyyətçinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik barədə məlumatlandırılmaması
Benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi şəxs tərəfindən məlumatlandırılmamasına görə –
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.”;
2.32. 428-ci maddə üzrə:
2.32.1. 428.2-ci maddənin dispozisiyasında “yaxud “reklam hüququ əsasında” sözləri “, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” sözləri ilə əvəz edilsin;
2.32.2. 428.3-cü maddənin dispozisiyasına “reklam istehsalçısına” sözlərindən sonra “, rəqəmsal platforma təsirçisinə” sözləri əlavə edilsin;
2.32.3. aşağıdakı məzmunda 428.12-ci maddə əlavə edilsin:
“428.12. Bu Məcəllənin 428.1–428.4-1-ci, 428.6-cı və 428.10-cu maddələrində nəzərdə tutulmuş əməllərin rəqəmsal platforma təsirçisi tərəfindən törədilməsinə görə –
vəzifəli şəxslər yeddi yüz əlli manatdan min iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə cərimə edilir.”;
2.33. 440.3-cü maddə ləğv edilsin;
2.34. 469-cu maddə üzrə:
2.34.1. 469.1-ci maddənin dispozisiyasında “469.2-ci və 469.3-cü” sözləri “469.3-cü və 469-1-ci” sözləri ilə əvəz edilsin;
2.34.2. 469.2-ci maddə ləğv edilsin;
2.35. aşağıdakı məzmunda 469-1-ci maddə əlavə edilsin:
“Maddə 469-1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –
vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Qeyd:
Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”;
2.36. 534-cü maddənin sanksiyasında “üç yüz manatdan beş yüz” sözləri “səkkiz yüz manatdan min” sözləri ilə əvəz edilsin;
2.37. aşağıdakı məzmunda 534-1-ci maddə əlavə edilsin:
“Maddə 534-1. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşıması
Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə –
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.”;
2.38. 539-cu maddə üzrə:
2.38.1. adında “qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi” sözləri “fəaliyyətinə mane olma” sözləri ilə əvəz edilsin;
2.38.2. 539.1-1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –”;
2.38.3. aşağıdakı məzmunda 539.3-cü maddə əlavə edilsin:
“539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”;
2.39. 555-ci maddə üzrə:
2.39.1. 555.1-ci və 555.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“555.1. İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə –
min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.
555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə –
min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir.”;
2.39.2. 555.3-cü maddə ləğv edilsin;
2.40. aşağıdakı məzmunda 602-1.6-cı maddə əlavə edilsin:
“602-1.6. Lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət edən orqanlar tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilmədikdə və həmin Qanunun 25.1.2-ci maddəsində müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə, lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimatın göndərilməməsinə görə –
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.”.
Maddə 3. Bu Qanunun 2.5-ci, 2.8-ci və 2.14-cü maddələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti