01 aprel 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD, 77-VIIQD nömrəli, 27 dekabr tarixli 111-VIIQD, 115-VIIQD nömrəli və 29 dekabr tarixli 118-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 54.2-ci maddənin birinci cümləsinə “528-1.3,” rəqəmlərindən sonra “528-2,” rəqəmləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 528-2-ci maddə əlavə edilsin:
“Maddə 528-2. İcra icraatı üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi
İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə –
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.
Maddə 2. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) 7-ci maddəsinin birinci hissəsinin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.”.
Maddə 3. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 8.2-ci maddənin üçüncü abzasının üçüncü cümləsində “orqanının” sözü “xidmətinin” sözü ilə əvəz edilsin;
3.2. 45.2-ci maddənin ikinci cümləsində “Borcluda” sözü “Məcburi icra tədbirləri nəticəsində borcluda” sözləri ilə əvəz edilsin və həmin cümləyə “götürülür” sözündən sonra “və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir” sözləri əlavə edilsin;
3.3. 46.5-ci və 56.2-ci maddələrin ikinci cümlələrində “qurumunun” sözü “xidmətinin” sözü ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 74.1-1-ci maddə əlavə edilsin:
“74.1-1. Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına 3 iş günü müddətində köçürülür.”;
3.5. 80.1-ci maddədə “qurumunun” sözü “xidmətinin” sözü ilə əvəz edilsin;
3.6. 81.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürülür və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndərilir.”;
3.7. aşağıdakı məzmunda 81-1-ci maddə əlavə edilsin:
“Maddə 81-1. İcra xidmətinin depozit hesabı
81-1.1. İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.
81-1.2. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.
81-1.3. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir.
81-1.4. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir.”.
Maddə 4. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461 (Cild I); 2024, № 5 (I kitab), maddə 493) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 38.2-ci maddənin dördüncü cümləsində “orqanının” sözü “xidmətinin” sözü ilə əvəz edilsin;
4.2. 47.2-ci maddənin birinci abzasında “məmurlarının” sözü “xidmətinin” sözü ilə əvəz edilsin.
Maddə 5. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli və 16 dekabr tarixli 100-VIIQD nömrəli qanunları) 3.4.2-ci maddəsində “və “İcbari sığortalar haqqında” sözləri “, “İcbari sığortalar haqqında” və “İcra haqqında” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti