“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
24 fevral 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599
(Cild I); 2024, № 8, maddə 932; 2025, № 11, maddə 1010; Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 312-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.9-cu maddədə “daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri “daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin.
2. 14-cü maddə üzrə:
2.1. 14.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.2.4 – 14.2.7-ci maddələr əlavə edilsin:
“14.2.4. sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
14.2.5. avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
14.2.6. ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
14.2.7. qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
14.2.7.1. avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
14.2.7.2. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
14.2.7.3. bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.”;
2.2. 14.3.4-cü maddədən ikinci halda “ya” sözü çıxarılsın;
2.3. aşağıdakı məzmunda 14.3.7-1-ci maddə əlavə edilsin:
“14.3.7-1. müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə həmçinin:
14.3.7-1.1. avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
14.3.7-1.2. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası.”.
3. 15.5-ci maddənin birinci cümləsinə “daşımalarında” sözündən sonra “, habelə qeyri-müntəzəm sərnişin daşımalarında” sözləri əlavə edilsin.
4. 15-1.2-ci maddədən ikinci halda “ya” sözü çıxarılsın.
5. 27.2-ci maddəyə “avtomobilləri ilə” sözlərindən sonra “, habelə qeyri-müntəzəm” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti

