21 aprel 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 13-cü və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I); 2025, № 1, maddə 1, № 2, maddə 100, № 5, maddə 440, № 7, maddə 617, № 8, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7-ci maddənin birinci hissəsinin yeddinci abzasına “təşkilatlarındakı” sözündən sonra “, elektron pul təşkilatlarındakı” sözləri əlavə edilsin;
1.2. 8-ci maddənin birinci hissəsi üzrə:
1.2.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
“tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəltmək;”;
1.2.2. on birinci abzasda “yerinin, əmlakının,” sözləri “, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun” sözləri ilə əvəz edilsin.
Maddə 2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 17.1.4-cü maddədə “sənədləri” sözü “sənədlərinə” sözü ilə əvəz edilsin, həmin maddədən hər iki halda “onun verilməsinə əsas olan” sözləri çıxarılsın və həmin maddədə ikinci halda “sənədlərinin” sözü “qeydinin” sözü ilə əvəz edilsin;
2.2. 27-ci maddənin adına “uşağının” sözündən sonra “, habelə borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri əlavə edilsin;
2.3. 84-1-ci maddə üzrə:
2.3.1. adında “Borclunun” sözü “Borclu fiziki şəxsin” sözləri ilə əvəz edilsin;
2.3.2. 84-1.1-ci maddənin birinci və ikinci cümlələrində “qərarı” sözü “qərardadı” sözü ilə əvəz edilsin.
Maddə 3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753 (Cild I); 2024, № 12 (II kitab), maddə 1334) 4.2.10-cu maddəsinə “təşkilatına” sözündən sonra “, elektron pul təşkilatına” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti