“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
Qanun layihələri
27 aprel 2026
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
27 aprel 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maliyyə icarəsi haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci, 13-cü və 15-ci bəndlərinə uyğun olaraq maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. alış qiyməti – maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etməsi üçün ödənilən qalıq məbləğ;
1.1.2. geriyə maliyyə icarəsi – maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi;
1.1.3. maliyyə icarəsi – maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə:
1.1.3.1. maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilmişdir;
1.1.3.2. maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;
1.1.3.3. maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
1.1.3.4. maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;
1.1.4. maliyyə icarəsi alan (bundan sonra – icarəçi) – maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.1.5. maliyyə icarəsi fəaliyyəti – maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti;
1.1.6. maliyyə icarəsi müqaviləsi – maliyyə icarəsi verənlə icarəçi arasında maliyyə icarəsi ilə bağlı münasibətlərin əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsini tənzimləyən yazılı razılaşma;
1.1.7. maliyyə icarəsi ödənişləri – maliyyə icarəsi obyektindən istifadəyə görə icarəçi tərəfindən maliyyə icarəsi verənin xeyrinə həyata keçirilən dövri ödənişlər;
1.1.8. maliyyə icarəsi verən (bundan sonra – icarəyə verən) – maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı;
1.1.9. mühüm iştirak payı – icarəyə verənin nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;
1.1.10. satıcı – alqı-satqı müqaviləsinə əsasən maliyyə icarəsi obyektini icarəyə verənin mülkiyyətinə verən şəxs, o cümlədən geriyə maliyyə icarəsi üzrə icarəçi;
1.1.11. ümumi dəyər – alış qiyməti də daxil olmaqla maliyyə icarəsi ödənişlərinin ümumi məbləği;
1.1.12. vətəndaş qüsursuzluğu – icarəyə verənin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, icarəyə verənin nizamnamə kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin, habelə benefisiar mülkiyyətçilərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Maliyyə icarəsi fəaliyyətinin hüquqi əsasları
2.1. Maliyyə icarəsi fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun, bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.
2.2. Ələt azad iqtisadi zonasında maliyyə icarəsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
Bu Qanunun 1 – 3-cü fəsillərinin müddəaları maliyyə icarəsi fəaliyyətini həyata keçirən banklara, xarici bankların yerli filiallarına və bank olmayan kredit təşkilatlarına da şamil edilir.
Maddə 4. Maliyyə icarəsinin subyektləri və obyekti
4.1. Maliyyə icarəsinin subyektləri icarəyə verən, icarəçi və satıcıdır.
4.2. Maliyyə icarəsinin obyekti icarəçinin şəxsi və ya məişət məqsədləri üçün istifadə etdiyi, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar, habelə torpaq sahələri istisna olmaqla, əsas vəsaitə aid olan və sahibkarlıq və ya təsərrüfat fəaliyyətində istifadə olunan daşınar və daşınmaz əşyalar ola bilər.
4.3. Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalı maliyyə icarəsi obyekti üzrə icarəyə verənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır.
2-ci fəsil
MALİYYƏ İCARƏSİ MÜQAVİLƏSİ VƏ ÖDƏNİŞLƏRİ, MALİYYƏ İCARƏSİ SUBYEKTLƏRİNİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 5. Maliyyə icarəsi müqaviləsi və alqı-satqı müqaviləsi
5.1. Maliyyə icarəsi subyektləri arasında münasibətlər aşağıdakı qaydada rəsmiləşdirilir:
5.1.1. icarəyə verən və icarəçi arasında maliyyə icarəsi müqaviləsinin, habelə icarəyə verən və satıcı arasında alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə;
5.1.2. icarəyə verən, icarəçi və satıcı arasında qarışıq müqavilənin bağlanılması yolu ilə;
5.1.3. geriyə maliyyə icarəsi ilə və ya bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təkrar maliyyə icarəsi müqaviləsinin bağlanılması yolu ilə.
5.2. Maliyyə icarəsi müqaviləsi yazılı formada bağlanılır. Bu Qanunun tələbləri nəzərə alınmaqla maliyyə icarəsi müqaviləsində azı aşağıdakılar göstərilməlidir:
5.2.1. maliyyə icarəsi obyektinin təsviri;
5.2.2. maliyyə icarəsi obyektinin təyinatı və istismar müddəti;
5.2.3. maliyyə icarəsi obyekti üzrə verilən hüquqlar, o cümlədən, tətbiq edildikdə, icarəçinin maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətlərlə almaq hüququ;
5.2.4. maliyyə icarəsi obyektinin təhvil verilməsi proseduru;
5.2.5. maliyyə icarəsi müqaviləsinin müddəti;
5.2.6. maliyyə icarəsi obyektinin saxlanması və təmiri üzrə tərəflərin vəzifələri;
5.2.7. icarəyə verən tərəfindən maliyyə icarəsi ilə bağlı əlavə xidmətlərin göstərilməsi nəzərdə tutulduğu halda, həmin xidmətlərin siyahısı;
5.2.8. maliyyə icarəsi ödənişlərinin ümumi məbləği və icarəyə verənin mükafatının (faiz və ya digər gəlirinin) məbləği;
5.2.9. maliyyə icarəsi ödənişlərinin qrafiki;
5.2.10. maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl icra və ya ləğv edildikdə bununla bağlı yaranan xərclərin və digər ödənişlərin aparılması qaydası.
5.3. Maliyyə icarəsi müqaviləsində icarəçinin maliyyə icarəsi müqaviləsinin şərtlərini saxlamaq və ya dəyişməklə maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər.
5.4. Maliyyə icarəsi ilə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində maliyyə icarəsi obyektinin icarəyə verən tərəfindən maliyyə icarəsinə verilmək üçün əldə edilməsi və maliyyə icarəsi müqaviləsində ayrı hal nəzərdə tutulmadıqda, icarəçinin alıcı hüquqlarına malik olması göstərilməlidir.
5.5. Maliyyə icarəsi subyektləri arasında münasibətlər bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan müqavilənin bağlanılması yolu ilə rəsmiləşdirildikdə, həmin müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qarışıq müqaviləyə dair tələbləri nəzərə alınır.
Maddə 6. Maliyyə icarəsi ödənişləri
6.1. Maliyyə icarəsi ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:
6.1.1. maliyyə icarəsi obyektinin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən vergi və gömrük rüsumları, həmçinin maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, maliyyə icarəsi obyektinin çatdırılması və istismara verilməsi ilə bağlı digər xərclər;
6.1.2. maliyyə icarəsinin maliyyələşdirilməsi üçün cəlb olunmuş vəsait üzrə ödənilən faizlər (haqlar);
6.1.3. icarəyə verənin maliyyə icarəsindən gözlədiyi gəlir;
6.1.4. maliyyə icarəsi obyekti icarəyə verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;
6.1.5. icarəyə verənin göstərdiyi əlavə xidmətlərə görə haqq (belə xidmətlərin göstərilməsi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduqda);
6.1.6. icarəyə verənin maliyyə icarəsi müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı digər xərclər.
6.2. Maliyyə icarəsi ödənişlərinin məbləği və ödənilmə qaydası bu Qanunun tələbləri nəzərə alınmaqla lizinq müqaviləsində müəyyən edilir.
6.3. İcarəçinin maliyyə icarəsi ödənişlərinin edilməsi ilə bağlı vəzifələri, maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, icarəçinin maliyyə icarəsi obyektinə sahibliyə başladığı vaxtdan qüvvəyə minir.
6.4. Maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi ödənişlərinin həyata keçirilməsinə maliyyə icarəsi obyektindən istifadə hüququ yarandığı vaxtdan 180 (yüz səksən) gün keçənədək möhlət verilməsi nəzərdə tutula bilər.
6.5. Maliyyə icarəsi ödənişləri bilavasitə icarəyə verənin hesabına köçürülür (bu Qanunun 8.1.4-cü maddəsinə uyğun olaraq, icarəyə verən tərəfindən maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqların güzəşt edilməsi halları istisna olmaqla).
Maddə 7. Subicarə
7.1. Maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduqda və ya icarəyə verənin bu barədə yazılı razılığı olduqda icarəçi maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddətdə maliyyə icarəsi obyektini subicarə müqaviləsinin şərtlərinə əsasən müəyyən müddətə üçüncü şəxsin (subicarə müqaviləsinə əsasən icarəçi) sahibliyinə və istifadəsinə verə bilər. Subicarə müqaviləsinin müddəti müvafiq maliyyə icarəsi müqaviləsinin son müddətindən artıq ola bilməz.
7.2. Subicarə müqaviləsi yazılı formada bağlanılır. İcarəçi subicarə müqaviləsinin bağlanılmasından asılı olmayaraq maliyyə icarəsi müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyət daşıyır.
7.3. Maliyyə icarəsi müqaviləsinin ləğv edildiyi və ya etibarsız hesab edildiyi hallarda subicarə müqaviləsi də müvafiq olaraq ləğv edilmiş və ya etibarsız hesab edilir.
7.4. Maliyyə icarəsinin obyekti subicarəyə verildikdə satıcıya qarşı tələb hüququ subicarə müqaviləsi üzrə icarəçiyə keçir.
7.5. Bu Qanunda və ya maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda subicarə müqaviləsinə maliyyə icarəsi müqaviləsinin qaydaları şamil edilir.
Maddə 8. İcarəyə verənin hüquqları və vəzifələri
8.1. İcarəyə verənin aşağıdakı hüquqları vardır:
8.1.1. maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, dövri olaraq icarəçidən onun maliyyə hesabatlarının (maliyyə vəziyyətini əks etdirən hesabatların) təqdim edilməsini tələb etmək və maliyyə icarəsi obyektinin vəziyyətini və istismar şəraitini yoxlamaq məqsədilə maliyyə icarəsi obyektinə baxış keçirmək;
8.1.2. maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, icarəçi öz hərəkətləri (hərəkətsizliyi) ilə maliyyə icarəsi obyektinin məhvi, itirilməsi, zədələnməsi üçün təhlükə yaratdıqda, yaxud icarəçi maliyyə icarəsi müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müvafiq hallar aradan qaldırılanadək icarəçidən maliyyə icarəsi obyektindən istifadə hüququnun məhdudlaşdırılmasını və ya dayandırılmasını tələb etmək;
8.1.3. borc vəsaitlərinin cəlb edilməsi məqsədilə maliyyə icarəsi obyektini girovla (ipoteka ilə) yüklü etmək;
8.1.4. maliyyə icarəsi obyekti ilə bağlı və ya maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarını tam və ya qismən maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslərə güzəşt etmək (bu halda, hüquqları əldə edən şəxsə icarəyə verənin bu Qanunla və maliyyə icarəsi müqaviləsi ilə müəyyən edilmiş vəzifələri də keçir);
8.1.5. bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş hallarda maliyyə icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək.
8.2. İcarəyə verənin vəzifələri aşağıdakılardır:
8.2.1. bu Qanunun 5.4-cü və 9.1.1-ci maddələri nəzərə alınmaqla, satıcı ilə alqı-satqı müqaviləsini bağlamaq;
8.2.2. maliyyə icarəsi obyekti üzrə üçüncü şəxslərin hüquqları, o cümlədən maliyyə icarəsi obyektinin yüklülüyü barədə icarəçini məlumatlandırmaq;
8.2.3. icarəçinin razılığı olmadan alqı-satqı müqaviləsində maliyyə icarəsi müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təsir edən dəyişiklik etməmək;
8.2.4. maliyyə icarəsi obyektini maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun olaraq icarəçinin sahibliyinə və istifadəsinə vermək;
8.2.5. maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu icarəçiyə ötürmək;
8.2.6. maliyyə icarəsi ilə əlaqədar bağladığı müqavilələrdən irəli gələn digər öhdəlikləri lazımi qaydada və vaxtında icra etmək.
8.3. Maliyyə icarəsi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə icarəsinin obyekti, onun satıcısı və (və ya) alqı-satqı müqaviləsinin şərtləri icarəçi tərəfindən müəyyən edildiyi halda, icarəyə verən satıcı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin icrasına görə icarəçi qarşısında məsuliyyət daşımır.
8.4. İcarəyə verən sahibliyə və istifadəyə verilmiş maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya icarəçiyə əvvəlcədən məlum olan, yaxud icarəçinin maliyyə icarəsi obyektini nəzərdən keçirərkən və ya onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
8.5. İcarəyə verən maliyyə icarəsi müqaviləsi, o cümlədən icarəçi barədə məlumatların “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunmasını təmin etməlidir.
Maddə 9. İcarəçinin hüquqları və vəzifələri
9.1. İcarəçi aşağıdakı hüquqlara malikdir:
9.1.1. maliyyə icarəsi obyektini sifariş etmək və (və ya) onun satıcısını müəyyən etmək;
9.1.2. maliyyə icarəsi obyektinin satıcısına qanundan və alqı-satqı müqaviləsindən irəli gələn tələbləri irəli sürmək;
9.1.3. icarəyə verən maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə onun tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırılanadək maliyyə icarəsi ödənişlərini dayandırmaq;
9.1.4. icarəyə verən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulan hüquqlarından əsassız istifadə etdikdə bunun nəticəsində vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb etmək;
9.1.5. maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilənin müddəti bitdikdən sonra alış qiymətini ödəməklə əmlakı əldə etmək, icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq və ya maliyyə icarəsi obyektini geri qaytarmaq;
9.1.6. maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda və ya icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi ödənişlərini vaxtından əvvəl icra etmək və maliyyə icarəsi obyekti üzrə mülkiyyət hüququnu əldə etmək.
9.2. İcarəçi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulmadan və ya icarəyə verənin yazılı razılığı olmadan:
9.2.1. maliyyə icarəsi obyektini kirayəyə, o cümlədən icarəyə, sub-maliyyə icarəsinə verə və ya hər hansı formada yüklü edə bilməz;
9.2.2. müqavilədən irəli gələn hüquqlarını üçüncü şəxslərə güzəşt edə bilməz.
9.3. İcarəçinin vəzifələri aşağıdakılardır:
9.3.1. maliyyə icarəsi ödənişlərini maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan müddətlərdə və qaydada həyata keçirmək;
9.3.2. maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin qəbul edilməsi və maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsindən irəli gələn tələblərin irəli sürülməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək;
9.3.3. bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulduğu halda, çatdırılmış və quraşdırılmış maliyyə icarəsi obyektinin çatdırılması (quraşdırılması) barədə təhvil-təslim (quraşdırma) aktlarının bir nüsxəsini icarəyə verənə təqdim etmək;
9.3.4. maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddət ərzində maliyyə icarəsi obyektinin salamatlığını təmin etmək, onu işlək vəziyyətdə saxlamaq və yalnız maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun istifadə etmək;
9.3.5. maliyyə icarəsi müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin daşınması, qəbulu, quraşdırılması, sökülməsi, istismarı, saxlanması, qorunması, texniki xidmət göstərilməsi, cari və orta təmiri ilə bağlı bütün xərcləri və digər əlaqədar xərcləri çəkmək;
9.3.6. maliyyə icarəsi obyektinə üçüncü şəxslərin istənilən qəsd halları barədə icarəyə verəni məlumatlandırmaq;
9.3.7. maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda (geriyə maliyyə icarəsində bu şərtdən asılı olmayaraq), maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək, yaxud geriyə maliyyə icarəsi halı istisna olmaqla maliyyə icarəsi obyektini normal aşınma nəzərə alınmaqla, müqavilənin şərtlərinə uyğun vəziyyətdə icarəyə verənə qaytarmaq.
9.4. Bu Qanuna uyğun olaraq, icarəçinin məsuliyyət daşıdığı əmlak risklərinin yaranması onu maliyyə icarəsi ödənişlərini ödəmək vəzifəsindən azad etmir.
Maddə 10. Maliyyə icarəsi müqaviləsinin vaxtından əvvəl ləğvi
10.1. İcarəyə verən maliyyə icarəsi müqaviləsini aşağıdakı hallarda vaxtından əvvəl ləğv edə bilər:
10.1.1. icarəçinin maliyyə icarəsi obyektindən istifadə şəraiti maliyyə icarəsi müqaviləsinin şərtlərinə və ya maliyyə icarəsi obyektinin təyinatına uyğun olmadıqda;
10.1.2. icarəçi tərəfindən bu Qanunun 9.2-ci maddəsinin tələbləri pozulduqda;
10.1.3. icarəçi maliyyə icarəsi obyektini işlək halda saxlamadıqda və bu da onun istismara yararlılıq vəziyyətini pisləşdirdikdə;
10.1.4. bu Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, icarəçi maliyyə icarəsi ödənişlərini təqvim ili ərzində üç dəfə və ya maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfə ödəmədikdə;
10.1.5. icarəçi icarəyə verənin bu Qanunun 8.1.1-ci və ya 8.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblərinə əməl etmədikdə;
10.1.6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallarda;
10.1.7. icarəçinin sahibkarlıq fəaliyyətinə xitam verildikdə, icarəçi ləğv edildikdə və ya müflis elan olunduqda.
10.2. İcarəçi maliyyə icarəsi müqaviləsini bu Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan hallarda maliyyə icarəsi obyektini geri qaytarmaqla vaxtından əvvəl ləğv edə və vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb edə bilər. Bu zaman icarəçi tərəfindən icarəyə verəndən maliyyə icarəsi ödənişlərinin geri qaytarılması tələb edildikdə maliyyə icarəsi müddəti ərzində maliyyə icarəsi obyektindən icarəçinin əldə etdiyi faydanın ağlabatan dəyəri geri qaytarılan maliyyə icarəsi ödənişlərindən çıxılır.
10.3. Maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl ləğv edildiyi halda, icarəyə verən maliyyə icarəsi obyektini digər icarəçiyə təkrar maliyyə icarəsinə verə bilər. Maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsi üzrə satıcının icra olunmamış öhdəlikləri mövcud olduqda icarəyə verən maliyyə icarəsi obyektinin satıcısını yeni icarəçi barədə məlumatlandırmalıdır.
Maddə 11. Satıcının hüquqları və vəzifələri
11.1. Satıcı icarəçi və icarəyə verən qarşısında qanundan və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri daşıyır. Bu zaman icarəçi və icarəyə verən satıcı qarşısında birgə kreditorlar kimi çıxış edir.
11.2. Alqı-satqı müqaviləsində satıcı tərəfindən maliyyə icarəsi obyektinin icarəçiyə razılaşdırılmış müddətdə və yerə çatdırılması (quraşdırılması) nəzərdə tutulduqda, bu şərtin icrası satıcı və icarəçi tərəfindən imzalanmış təhvil-təslim (quraşdırma) aktlarının imzalanması ilə rəsmiləşdirilir və həmin aktların bir nüsxəsi icarəyə verənə təqdim edilir.
11.3. Alqı-satqı müqaviləsində nəzərdə tutulduqda, maliyyə icarəsi obyektinə texniki xidmət, satıcı tərəfindən həyata keçirilir.
3-cü fəsil
MALİYYƏ İCARƏSİ SUBYEKTLƏRİNİN ƏMLAK HÜQUQLARININ TƏMİNATI
Maddə 12. Maliyyə icarəsi zamanı əmlak münasibətləri
12.1. İcarəçinin sahibliyinə və istifadəsinə verilmiş maliyyə icarəsi obyekti icarəyə verənin mülkiyyətidir.
12.2. Maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa maliyyə icarəsi obyektinə sahiblik və istifadə hüquqları icarəçiyə tam həcmdə keçir.
Maddə 13. Maliyyə icarəsi subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması
13.1. Maliyyə icarəsi obyektinin zərərdən qorunması, o cümlədən onun məhv edilməsi, itirilməsi, zədələnməsi, oğurlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa maliyyə icarəsi obyektinin faktiki qəbulu anından icarəçi daşıyır. Maliyyə icarəsi müqaviləsində bu risklərin və (və ya) sahibkarlıq risklərinin sığortalanması nəzərdə tutulduqda müqavilədə sığortalı (sığorta etdirən) və faydalanan şəxs, sığorta müqaviləsinin müddəti və sığortalanma ilə bağlı tərəflərin zəruri hesab etdiyi digər şərtlər müəyyən olunur.
13.2. Satıcının maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi və ya satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa satıcını seçən tərəf daşıyır.
13.3. Maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa maliyyə icarəsi obyektini seçən tərəf daşıyır.
13.4. İcarəçi qanunla müəyyən edilən hallarda, maliyyə icarəsi obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərər nəticəsində yaranan öhdəliklərə görə öz məsuliyyətini sığortalamalıdır.
13.5. Maliyyə icarəsi obyekti və onun istifadəsi ilə əlaqəli risklərin sığortalanmasına dair digər münasibətlər tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
Maddə 14. Tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsi
14.1. Bu Qanunda və maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan hallar istisna olmaqla maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verən maliyyə icarəsi obyekti ilə bağlı tələb irəli sürə bilməz.
14.2. İcarəçinin öhdəlikləri üzrə üçüncü şəxslərin tələbləri maliyyə icarəsi obyektinə yönəldilə bilməz.
14.3. İcarəyə verənin öhdəlikləri üzrə icarəyə verənin kreditorlarının, o cümlədən təminatlı kreditorlarının icarəçinin sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair tələbləri yalnız icarəyə verənin bu Qanundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda, icarəyə verənin vəzifələri də həmin kreditorlara keçir.
14.4. Bu Qanunun 14.3-cü maddəsinin müddəaları icarəyə verənin müflis elan olunduğu halda da tətbiq edilir və bu zaman maliyyə icarəsi obyektinə tələblərin yönəldilməsinin digər xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
4-cü fəsil
MALİYYƏ İCARƏSİ FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ VƏ NƏZARƏT
Maddə 15. Maliyyə icarəsi fəaliyyətinə dair tələblər
15.1. Maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarət bu Qanuna uyğun olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə (bundan sonra – reyestr) daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
15.3. Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsinin istifadə edilməsi qadağandır.
15.4. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti bu Qanunun 16.14-cü maddəsinə uyğun olaraq, Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər.
15.5. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxs minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olmalıdır. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydası, strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən edilir.
15.6. İcarəyə verənlə aidiyyəti olan şəxslər arasında əqdlərin bağlanılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Bir və bütün aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
15.7. İcarəyə verən bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən kredit risklərinin maksimum miqdarına dair tələblərə əməl etməlidir.
15.8. İcarəyə verən maliyyə icarəsi fəaliyyəti ilə bağlı həyata keçirdiyi əməliyyatlar, risklərin idarə olunması və maliyyə icarəsi fəaliyyəti üzərində nəzarətə dair daxili qaydalara malik olmalıdır.
15.9. İcarəyə verənlər hər bir icarəçi haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə, habelə “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətdə olan azı bir kredit bürosuna təqdim etməli və həmin Qanundan irəli gələn tələblərə əməl etməlidirlər.
15.10. İcarəyə verən maliyyə icarəsi fəaliyyətinin həyata keçirilməsi zamanı öhdəlik daşıyan şəxs qismində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət etməlidir.
15.11. İcarəyə verən maliyyə icarəsi fəaliyyətindən başqa qanunla qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.
Maddə 16. İcarəyə verənin reyestrə daxil edilməsi
16.1. Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.
16.2. Bu Qanunun 16.15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hüquqi şəxs reyestrə daxil edilmək üçün ərizə ilə birlikdə Mərkəzi Banka aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir:
16.2.1. hüquqi şəxsin nizamnaməsinin, habelə dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq təsdiqlənmiş surətini;
16.2.2. nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənədləri və məlumatları;
16.2.3. hüquqi şəxsin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin (müşahidə (direktorlar) şurasının (olduqda) və icra orqanının üzvləri) siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
16.2.4. Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mükiyyətçilər, o cümlədən benefisiar mülkiyyətçilərin bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
16.2.5. hüquqi şəxsin mühüm iştirak payının sahibləri barədə məlumat (adları, ünvanları, nizamnamə kapitalında iştirak payları, fəaliyyətləri (məşğuliyyətləri), payların əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi), onların (mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda, onun icra orqanının rəhbərinin) vətəndaş qüsursuzluğuna dair məlumat, bu şəxslər əcnəbi olduqda isə rezidenti olduqları ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
16.2.6. hüquqi şəxsin mühüm iştirak payının sahibi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;
16.2.7. bu Qanunun 15.8-ci maddəsində nəzərdə tutulan daxili qaydalar.
16.3. Bu Qanunun 16.15-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xarici hüquqi şəxsin yerli filialının reyestrə daxil edilməsi üçün həmin xarici hüquqi şəxs aşağıdakı sənədləri və məlumatları Mərkəzi Banka təqdim etməlidir:
16.3.1. xarici hüquqi şəxsin nizamnaməsinin, habelə bu Qanunun 16.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təsdiq olunan filialın təsis sənədlərinin surəti;
16.3.2. filiala ayrılmış vəsaitin Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;
16.3.3. filial rəhbərinin vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxs əcnəbi olduqda rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;
16.3.4. xarici hüquqi şəxsin mühüm iştirak payına malik olan şəxslərinin payı göstərilməklə siyahısı;
16.3.5. xarici hüquqi şəxsin maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd;
16.3.6. xarici hüquqi şəxsin beynəlxalq maliyyə bazarlarında fəaliyyəti barədə məlumat;
16.3.7. son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
16.3.8. bu Qanunun 15.8-ci maddəsində nəzərdə tutulan daxili qaydalar.
16.4. Əcnəbilər və xarici hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılır və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq olunur.
16.5. Təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədilə Mərkəzi Bank müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 (yeddi) iş günü müddətində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.
16.6. Mərkəzi Bank ərizə ilə birlikdə təqdim olunan sənədlərə daxil olduğu gündən 60 (altmış) gün müddətində baxmalıdır.
16.7. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizənin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim etməlidir.
16.8. Müraciət edən çatışmazlıqları yazılı bildiriş aldığı tarixdən ən geci 15 (on beş) iş günü müddətində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qanunun 16.6-cı maddəsində müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.
16.9. Bu Qanunun 16.10-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət edən şəxsin reyestrə daxil edilməsi barədə qərar qəbul edildikdə Mərkəzi Bank tərəfindən müraciət edənə 2 (iki) iş günü müddətində dövlət rüsumunun ödənilməsi haqqında məlumat verilir. Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra 2 (iki) iş günündən gec olmayaraq müraciət edən şəxs reyestrə daxil edilir və bu barədə 2 (iki) iş günü müddətində ona yazılı məlumat verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü müddətində təqdim edilmədikdə reyestrə daxil edilmə barədə qərar Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə 2 (iki) iş günü müddətində müraciət edənə yazılı məlumat verilir. Mərkəzi Bank tərəfindən müraciət edən şəxsin reyestrə daxil edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində bu barədə vergi orqanına məlumat verilir.
16.10. Aşağıdakı hallarda Mərkəzi Bank müraciət edən şəxsi reyestrə daxil etməkdən imtina edir:
16.10.1. müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 16.8-ci maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda;
16.10.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
16.10.3. təqdim edilmiş sənədlərdə bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;
16.10.4. ödənilmiş nizamnamə kapitalının məbləği və ya xarici hüquqi şəxsin yerli filialına ayrılmış vəsait Mərkəzi Bankın müəyyən etdiyi tələblərə cavab vermədikdə;
16.10.5. idarəetmə funksiyalarını yerinə yetirən şəxslər, xarici hüquqi şəxsin yerli filialının rəhbəri, mühüm iştirak payı sahibləri (mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda, onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;
16.10.6. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin icarəyə verənə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda və ya müraciət edənin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;
16.10.7. xarici hüquqi şəxsin maliyyə vəziyyəti xarici hüquqi şəxsin yerli filialının təhlükəsiz fəaliyyəti baxımından qeyri-qənaətbəxş olduqda.
16.11. Mərkəzi Bank müraciət edən şəxsin reyestrə daxil edilməsindən imtina etdikdə, bu barədə əsaslandırılmış qərarın qəbul olunduğu gündən 2 (iki) iş günü müddətində müraciət edənə və vergi orqanına yazılı məlumat verilir. İmtina barədə qərardan məhkəməyə şikayət verilə bilər.
16.12. İmtina barədə qərar qəbul edildiyi halda və ya bu Qanunun 16.9-cu maddəsinə əsasən reyestrə daxil edilmə barədə qərar ləğv edildiyi halda müraciət edən reyestrə daxil edilmək üçün təkrar ərizə ilə 6 (altı) aydan tez olmayaraq Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.
16.13. İcarəyə verənin adı, ünvanı, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, o cümlədən maliyyə icarəsi fəaliyyətini həyata keçirən filialın rəhbəri, mühüm iştirak payının sahibləri və ya benefisiar mülkiyyətçiləri dəyişdikdə icarəyə verən bu barədə 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumata dəyişikliyi təsdiq edən sənədlər, dəyişikliklər idarəetmə funksiyalarını yerinə yetirən şəxslərə, mühüm iştirak payının sahiblərinə və benefisiar mülkiyyətçilərə aid olduqda, həmçinin bu Qanunun 16.2.3 –16.2.6-cı,16.3.3-cü və 16.3.4-cü maddələrində nəzərdə tutulmuş sənədlər və məlumatlar əlavə edilir.
16.14. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialının açılması barədə qərarın qəbul edildiyi tarixdən azı 5 (beş) iş günü müddətində icarəyə verən Mərkəzi Banka bu barədə yazılı bildiriş təqdim edir. Bildirişdə filialın adı, ünvanı göstərilir və bildirişə filial rəhbərinin bu Qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada vətəndaş qüsursuzluğuna dair məlumat əlavə olunur. Mərkəzi Bank tərəfindən 10 (on) iş günü müddətində bildirişə dair münasibət bildirilmədikdə icarəyə verənin filialı maliyyə icarəsi fəaliyyətinə başlaya bilər.
16.15. Bu fəsildə nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
16.16. Bu Qanunun məqsədləri üçün vətəndaş qüsursuzluğu tələbi müəyyən olunmuş şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.
Maddə 17. Maliyyə icarəsi fəaliyyətinin maliyyələşmə mənbələri
17.1. Maliyyə icarəsi fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər:
17.1.1. icarəyə verənin öz vəsaiti;
17.1.2. cəlb edilmiş kreditlər və digər borc vəsaitləri, o cümlədən istiqrazların yerləşdirilməsindən əldə edilmiş vəsait;
17.1.3. qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait.
Maddə 18. Tənzimlənmə və nəzarət
18.1. Mərkəzi Bank maliyyə icarəsi fəaliyyətinin tənzimlənməsi və nəzarəti ilə bağlı aşağıdakı səlahiyyətləri həyata keçirir:
18.1.1. bu Qanuna uyğun olaraq normativ xarakterli aktları qəbul edir;
18.1.2. reyestri aparır, icarəyə verənləri reyestrə daxil edir və reyestrdən çıxarır;
18.1.3. icarəyə verənin fəaliyyətinə dair hesabatlar alır;
18.1.4. icarəyə verənin fəaliyyətinin monitorinqini həyata keçirir;
18.1.5. icarəyə verənin maliyyə icarəsi fəaliyyətini yoxlayır;
18.1.6. maliyyə icarəsi fəaliyyəti ilə bağlı daxil olan şikayətlərə baxır.
18.2. Mərkəzi Bank nəzarət tədbirləri çərçivəsində icarəyə verənin idarə edilməsinə, maliyyə icarəsi fəaliyyətinə aid istənilən məsələ barəsində, o cümlədən bağladığı maliyyə icarəsi müqavilələri barədə icarəyə verəndən və onun əməkdaşlarından, habelə aidiyyəti şəxslərindən müvafiq sənədləri, izahat və məlumatları almaq hüququna malikdir.
18.3. Maliyyə icarəsi fəaliyyətinə dair hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
18.4. Mərkəzi Bank maliyyə icarəsi fəaliyyəti üzrə riskləri azaltmaq, maliyyə icarəsi subyektlərinin hüquq və mənafelərini qorumaq məqsədilə bu Qanunda nəzərdə tutulan normativ tələblərdən başqa, maliyyə icarəsi sahəsində beynəlxalq təcrübədə qəbul olunmuş digər normativləri və tələbləri müəyyən etmək hüququna malikdir.
18.5. Mərkəzi Bank tərəfindən maliyyə icarəsi fəaliyyətinin monitorinqi və yoxlanılması, habelə nəzarətlə bağlı digər məsələlər bu Qanun və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
18.6. İcarəyə verənlər tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.
Maddə 19. Mühasibat uçotu və maliyyə hesabatları
19.1. İcarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir
19.2. İcarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.
19.3. İcarəyə verəndə yoxlamanı aparan kənar auditor maliyyə icarəsi fəaliyyəti sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. İcarəyə verənin auditini aparan və ya aparmış kənar auditor nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini həyata keçirdiyi icarəyə verənin fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim etməlidir.
Maddə 20. Nəzarət tədbirləri
20.1. İcarəyə verən tərəfindən maliyyə icarəsi fəaliyyətinin bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsi müəyyən edildikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar edildikdə Mərkəzi Bank pozuntuların aradan qaldırılması haqqında icarəyə verənə icrası məcburi olan yazılı göstəriş verir.
20.2. İcarəyə verən məcburi göstərişdə nəzərdə tutulmuş tədbirlərin icrası barədə göstərişdə müəyyən olunmuş müddətdə Mərkəzi Banka yazılı məlumat verməlidir.
20.3. Məcburi göstərişdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə Mərkəzi Banka müəyyən olunmuş müddətdə məlumat verilmədikdə, yaxud tələblər vaxtında və ya lazımi qaydada yerinə yetirilmədikdə Mərkəzi Bank icarəyə verənə qarşı pozuntunun xarakterindən asılı olaraq aşağıdakı tədbirləri həyata keçirmək hüququna malikdir:
20.3.1. yeni maliyyə icarəsi müqavilələrinin bağlanılmasının məhdudlaşdırılmasını (bu Qanunun 15.6-cı və 15.7-ci maddələrində nəzərdə tutulmuş şəxslər üzrə) və ya dayandırılmasını;
20.3.2. icarəyə verənin bu Qanunun 15.8-ci maddəsində nəzərdə tutulmuş daxili qaydalarında dəyişikliklər edilməsinin tələb edilməsini;
20.3.3. icarəyə verənin maliyyə icarəsi fəaliyyətini həyata keçirən yeni filialının açılmasının qadağan edilməsini və ya filialında maliyyə icarəsi fəaliyyətinin dayandırılmasını və ya onun maliyyə icarəsi fəaliyyətinə xitam verilməsini;
20.3.4. icarəyə verənin kapitalının artırılmasının tələb edilməsini;
20.3.5. icarəyə verənin reyestrdən çıxarılmasını.
20.4. Mərkəzi Bankın həyata keçirdiyi nəzarət tədbirləri barədə qərarlarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi həmin qərarların icrasını dayandırmır.
Maddə 21. İcarəyə verənin reyestrdən çıxarılması
21.1. Aşağıdakı əsaslardan biri olduqda Mərkəzi Bank tərəfindən icarəyə verən reyestrdən çıxarılır:
21.1.1. icarəyə verən müraciət etdikdə;
21.1.2. icarəyə verən ləğv edildikdə və ya müflis elan edildikdə;
21.1.3. icarəyə verən reyestrə daxil edildiyi gündən 12 (on iki) ay müddətində lizinq fəaliyyətinə başlamadıqda və ya ardıcıl olaraq iki hesabat tarixinə fəaliyyəti barədə hesabatları Mərkəzi Banka təqdim etmədikdə;
21.1.4 icarəyə verənin reyestrə daxil edilməsi üçün ərizə verilərkən təqdim edilmiş məlumatların sonradan yanlış olduğu müəyyən edildikdə;
21.1.5. icarəyə verən bu Qanunun 20.1-ci və 20.3-cü maddələrinə uyğun olaraq verilən bir və ya bir neçə göstərişə tam və ya vaxtında əməl etmədikdə;
21.1.6. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin icarəyə verənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.
21.2. Reyestrdən çıxarılma barədə qərar 3 (üç) iş günü müddətində icarəyə verənə və müvafiq vergi orqanına təqdim edilir, həmçinin müvafiq qərar barədə Mərkəzi Bankın rəsmi internet informasiya ehtiyatında elan dərc edilir. Reyestrdən çıxarılma barədə qərarda ayrı müddət nəzərdə tutulmadıqda həmin qərar icarəyə verənə təqdim edildiyi vaxtdan qüvvəyə minir.
21.3. İcarəyə verənin adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsindən istifadə edildikdə həmin icarəyə verən reyestrdən çıxarılma barədə Mərkəzi Bankın müvafiq qərarını aldığı tarixdən 2 (iki) ay müddətində adında müvafiq dəyişiklik etməlidir.
21.4. Reyestrdən çıxarılmış şəxs bu Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş tələbə riayət etmədikdə Mərkəzi Bank məhkəmə qaydasında həmin şəxsin adında müvafiq dəyişikliyin edilməsi üçün tədbirlər görür.
21.5. Bu Qanunun 21.1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla reyestrdən çıxarılmış hüquqi şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən 1 (bir) il müddətində reyestrə yenidən daxil edilmək üçün müraciət edə bilməz.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 22. İcarəyə verənlərin birlikləri və assosiasiyaları
22.1. İcarəyə verənlər fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.
22.2. İcarəyə verənlər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razılaşdırılmış əməliyyatlar aparmaq üçün birlik və assosiasiyalardan istifadə edə bilməz. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən rəqabət qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.
Maddə 23. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 24. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi tarixdən 9 (doqquz) ay müddətində Azərbaycan Respublikasının ərazisində lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu Qanunun tələblərinə uyğunlaşdırmalı və reyestrə daxil edilmək üçün Mərkəzi Banka müraciət etməlidirlər. Həmin müddətdə bu Qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
Maddə 25. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
12 may 2026