Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
12 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I); 2024, № 5, (I kitab), maddə 489; 2025, № 3, maddə 219, № 8, maddələr 738, 744; 2026, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 91-ci maddə üzrə:
1.1.1. 91.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 91.1.8-ci maddə əlavə edilsin:
“91.1.8. işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri.”;
1.1.2. 91.3-cü maddəyə “sahələri” sözündən sonra “(bu Qanunun 91.1.8-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 96-1-ci maddə əlavə edilsin:
“Maddə 96-1. İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinin təyinatı
İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.”;
1.3. 98.1-ci maddəyə birinci halda “sahələri” sözündən sonra “və işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri” sözləri əlavə edilsin;
1.4. aşağıdakı məzmunda 108-1-ci maddə əlavə edilsin:
“Maddə 108-1. İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi
İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
Maddə 2. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501; 2025, № 1, maddələr 15, 16) 14-cü maddəsinin üçüncü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. ikinci abzasa “və ya” sözlərindən sonra “əvvəlki yaşayış yerinin əvəzinə” sözləri əlavə edilsin;
2.2. üçüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“bu Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulan yaşayış yerlərindən imtina etdikdə.”.
Maddə 3. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393 (Cild I); 2024, № 4, maddə 365, № 8, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü maddənin ikinci hissəsində “əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yaradıldığı vaxtdan” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsinə əsasən məcburi köçkün statusunu itirdikləri gündən” sözləri ilə əvəz edilsin;
3.2. 5-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin” sözləri “köçkünlərə başqa yaşayış sahəsi təklif” sözləri ilə əvəz edilsin.
Maddə 4. Keçid müddəalar
4.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlər məcburi köçkün statusunu bu Qanun qüvvəyə mindiyi tarixdən itirirlər.
4.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin qüvvədə olma müddəti onların belə yaşayış sahələri ilə təmin edildiyi vaxtdan hesablanır.
4.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Azərbaycan Respublikasının Prezidenti

