Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
19 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I); 2024, № 2, maddə 134, № 4, maddə 365; 2025, № 1, maddə 1; 2026, № 1, maddə 2) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 2.2-1 – 2.2-3-cü və 3.1-1-ci maddələr əlavə edilsin:
“2.2-1. Avtonom gəmi – səfərin hər hansı bir hissəsində və ya bütün səfər boyunca insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı gəmi.
2.2-2. Avtonom gəminin operatoru (bundan sonra – operator) – avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxs.
2.2-3. Məsafədən idarəetmə mərkəzi – avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi.”;
“3.1-1. Bu Məcəllə yüksək (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom gəminin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom gəmilərin istismarına və fəaliyyətinə şamil edilir.”;
1.2. IV fəsil üzrə:
1.2.1. adında “Gəmi kapitanı” sözləri “Avtonom gəmi” sözləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda 48.6-cı, 48.7-ci və 60-1-ci maddələr əlavə edilsin:
“48.6. Avtonom gəminin sahibi bu Məcəllənin 48.1-ci, 48.2-ci, 48.4-cü və 48.5-ci maddələrində qeyd olunan vəzifələrlə yanaşı, həmin gəminin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun gəminin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
48.7. Avtonom gəminin sahibi və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.”;
“60-1. Avtonom gəminin istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi
60-1.1. Avtonom gəmilərə, məsafədən idarəetmə mərkəzinə və operatora dair tələblər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Bu Məcəllənin gəmilərə, gəmi heyətinə, gəmilərin və onlara olan hüquqların qeydiyyata alınmasına, dövlət bayraq və liman nəzarətinə, ərazi sularında üzməyə və daşımaların həyata keçirilməsinə dair tələbləri avtonom gəmilərə də şamil edilir.
60-1.2. Avtonom gəmi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ərazidə hərəkət edə bilər.
60-1.3. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
60-1.4. Operatorun vəzifələri aşağıdakılardır:
60-1.4.1. avtonom gəminin istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
60-1.4.2. hava şəraiti avtonom gəminin istismarına təhlükə yaratdığı, avtonom gəminin bu Məcəllənin 60-1.2-ci maddəsində müəyyən edilmiş ərazidən kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
60-1.4.3. avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların, habelə avtonom gəminin iştirakı ilə qəza baş verdiyi təqdirdə bu barədə məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini və gəmi sahibinə verilməsini təmin etmək;
60-1.4.4. avtonom gəminin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək.
60-1.5. Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci, 6-cı hissələrində və 22-1-ci maddəsinin 2 – 4-cü, 6-cı, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir.”.
Maddə 2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523, № 12 (I kitab), maddə 1125; Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli, 17 mart tarixli 379-VIIQD nömrəli və 1 may tarixli 402-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci maddənin birinci hissəsi üzrə:
2.1.1. 17-ci bəndə “tərəfindən” sözündən sonra “(avtonom nəqliyyat vasitələrinə münasibətdə həmçinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə)” sözləri əlavə edilsin;
2.1.2. aşağıdakı məzmunda 18-1 – 18-3-cü bəndlər əlavə edilsin:
“18-1) avtonom nəqliyyat vasitəsi – avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən və aşağıdakı tələblərə cavab verən mülki təyinatlı nəqliyyat vasitəsidir:
insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edən;
yol hərəkətinin təhlükəsizliyi pozulduqda və ya avtonom nəqliyyat vasitəsində nasazlıq yarandıqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən;
avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız bu Qanunun 46-3-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş ərazidə bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan;
18-2) avtonom nəqliyyat vasitəsinin operatoru – avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir;
18-3) məsafədən idarəetmə mərkəzi – avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir;”;
2.2. 20-ci maddənin IV hissəsinə “idarə etdikləri” sözlərindən sonra “(avtonom nəqliyyat vasitələrinə münasibətdə isə avtonom nəqliyyat vasitəsinin operatoru)” sözləri əlavə edilsin;
2.3. 24-cü maddənin I hissənin 6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:
“7) avtonom nəqliyyat vasitəsinin operatorları.”;
2.4. 25-ci maddənin I hissəsinə “sürücülərin” sözündən sonra “, avtonom nəqliyyat vasitəsinin operatorlarının,” sözləri əlavə edilsin;
2.5. 33-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin;
“Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.”;
2.6. aşağıdakı məzmunda 46-3-cü – 46-5-ci maddələr əlavə edilsin:
“Maddə 46-3. Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər
I. Avtonom nəqliyyat vasitəsi bu Qanunun 14-cü maddəsi və üçüncü fəsli, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, o cümlədən bu Qanunun 27-ci maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştiraka buraxılır.
II. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda hərəkət edə bilər.
Maddə 46-4. Avtonom nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarət
I. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri həmin sistemlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiya edilməlidir.
II. İdarəetməyə nəzarət mərkəzinin aşağıdakı vəzifələri vardır:
1) avtonom nəqliyyat vasitələrinin hərəkətinin monitorinqinin və təhlilinin aparılması (fərdi məlumatların mühafizəsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, o cümlədən anonimliyin və konfidensiallığın təmini şərtilə);
2) avtonom nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar formalaşan məlumatların saxlanılmasının təmin edilməsi;
3) aşağıdakı hallarda avtonom nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi:
avtonom nəqliyyat vasitəsində və ya onun avtomatlaşdırılmış idarəetmə sistemində nasazlıq müəyyən edildikdə;
avtonom nəqliyyat vasitəsinin bu Qanunun 46-3-cü maddəsinin II hissəsində müəyyən edilmiş ərazi və ya avtomobil yolundan kənara çıxması halları müəyyən edildikdə;
yol hərəkəti şəraitinin avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdıqda.
Maddə 46-5. Avtonom nəqliyyat vasitəsinin operatorunun vəzifələri
I. Avtonom nəqliyyat vasitələrinin operatorlarının aşağıdakı vəzifələri vardır:
1) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
2) avtonom nəqliyyat vasitəsinin istismarıtəhlükə yaratdıqda, avtonom nəqliyyat vasitəsinin bu Qanunun 46-3-cü maddəsinin II hissəsində müəyyən edilmiş ərazidən və ya avtomobil yolundan kənara çıxdıqda, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilə baş verdikdə, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
3) avtonom nəqliyyat vasitəsinin üzərində aydın görünən yerdə və oxuna bilən ölçülərdə avtonom nəqliyyat vasitəsinin operatorunun əlaqə məlumatlarını (mobil nömrə və qaynar xətt) yerləşdirmək və avtonom nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı zamanı üzərində göstərilmiş əlaqə məlumatlarının daim əlçatan olmasını təmin etmək;
4) avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;
5) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;
6) avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin bu Qanunun 36-cı maddəsinin I hissəsinin 1 – 3-cü bəndlərində, 37-ci maddəsinin I hissəsinin 3–7-ci və 11-ci bəndlərində, 42-ci maddəsində, 43-cü maddəsinin I, II və IV hissələrində, 44-cü maddəsinin I və II hissələrində, III hissəsinin 1–6-cı bəndlərində, IV hissəsində,
48 – 51-ci maddələrində, 52-ci maddəsinin I–VIII hissələrində, 53-cü maddəsinin IV, X, X-I, X-II, XV, XVI, XVII, XXIII, XXIV hissələrində, 54-cü, 56 – 58-ci və 60-cı maddələrində nəzərdə tutulan tələblərə uyğun fəaliyyətinə nəzarət etmək;
7) avtonom nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdiyi təqdirdə avtonom nəqliyyat vasitəsinin dayanmasını təmin etmək, yol hərəkətinə, insanların həyatı və ya əmlakına təhlükə yaratmaması üçün tədbirlər görmək, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal məlumat vermək.
II. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
III. Operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci hissəsində və 22-1-ci maddəsinin 2 – 4-cü, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir.
IV. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) həmin nəqliyyat vasitəsinin “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilməsini, istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
V. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.”;
2.7. 66-cı maddənin II hissəsinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Göy fon avtomagistral və bütün avtomobil yolları deməkdir.”;
2.8. 72-ci maddənin birinci hissəsinin 13-cü bəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14-cü bənd əlavə edilsin:
“14) Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” – avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılır, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılır.”;
2.9. həmin Qanuna 4 saylı Əlavənin “V. Məlumatverici-göstərici nişanlar” qrupunda “5.1. Avtomagistral” və “5.2. Avtomagistralın qurtaracağı” nişanları yeni təsvirdə verilsin (1 nömrəli əlavə);
2.10. həmin Qanuna 7 saylı Əlavəyə “Avtonom nəqliyyat vasitəsinin tanınma nişanı” əlavə edilsin (2 nömrəli əlavə).
Maddə 3. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399 (Cild I); 2025, № 4 (I kitab), maddə 319, № 6, maddə 524; 2026, № 1, maddə 2) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1-ci maddənin birinci hissəsi üzrə:
3.1.1. ikinci abzasa “metropoliten,” sözündən sonra “tramvay,” sözü əlavə edilsin;
3.1.2. aşağıdakı məzmunda altıncı – doqquzuncu abzaslar əlavə edilsin:
“avtonom nəqliyyat vasitəsi” – insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı nəqliyyat vasitəsidir.
“avtonom nəqliyyat vasitəsinin operatoru” (bundan sonra – operator) – avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir.
“məsafədən idarəetmə mərkəzi” – avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir.”;
“avtomatlaşdırılmış idarəetmə sistemi” – avtonom nəqliyyat vasitəsinin hərəkətini təmin edən və bu Qanunun 22-1-ci maddəsinin 2 – 7-ci hissələrində qeyd edilən tələblərə cavab verən texniki avadanlıqların və proqram təminatının məcmusudur.”;
3.2. 2-ci maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qanun yüksək (avtonom nəqliyyat vasitəsinin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom nəqliyyat vasitəsinin hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom nəqliyyat vasitəsinin istismarına və fəaliyyətinə şamil edilir.”;
3.3. 3-cü maddənin 3-cü hissəsinə “metropoliten” sözündən sonra “və tramvay xətləri (infrastrukturu)” sözləri əlavə edilsin;
3.4. 6-cı maddənin birinci hissəsinin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“– avtonom nəqliyyat vasitələrinin fəaliyyətinə dair hüquqi bazanın yaradılmasının, onların avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsinin, habelə təhlükəsiz istismarının təmin edilməsi.”;
3.5. 8-ci maddənin 5-ci hissəsinə “metropolitenin,” sözündən sonra “tramvayın,” sözü əlavə edilsin;
3.6. aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:
“Maddə 8-1. Avtonom nəqliyyat vasitəsinin istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi
1. Avtonom nəqliyyat vasitəsi bu Qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan tələblərə uyğun olduğu halda, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra istismar edilə bilər.
2. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin effektivliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilir. Tənzimləyici test mühitinin həyata keçirilməsi nəticəsində avtomatlaşdırılmış idarəetmə sisteminin sınaqlarının nəticəsi uğursuz olduqda həmin avtonom nəqliyyat vasitələri istismara buraxılmır.
3. Avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən (avtomobil yoluna münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla) müəyyən edilən ərazidə, dəmiryolunda, metro və tramvay xətlərində, hava məkanında, habelə avtomobil yolunda hərəkət edə bilər.
4. Avtonom nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) məsuliyyət daşıyır. Vurulan zərərin avtonom nəqliyyat vasitəsinin və ya avtomatlaşdırılmış idarəetmə sisteminin istehsalçısının, yaxud həmin sistemə texniki xidməti göstərən şəxsin, eləcə də mülki hüquqi müqavilə əsasında cəlb edilən operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən onlara qarşı reqres qaydasında tələb irəli sürə bilər. Qeyd edilən zərərin avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı ilə əmək münasibətlərində olan operatorun təqsiri üzündən baş verdiyi sübut edilərsə həmin zərərin ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30-cu və 32-ci fəsillərinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Avtonom nəqliyyat vasitəsinin, eləcə də həmin nəqliyyat vasitəsilə sərnişinlərin və yüklərin daşınması ilə bağlı sığortalanma nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) tərəfindən bu Qanunun 23-cü maddəsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada təmin edilir.
6. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, müvafiq şəhadətnaməyə malik operatorun nəqliyyat vasitəsinin avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
7. Avtonom nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
8. Avtonom nəqliyyat vasitəsinə və hərəkətinə dair digər tələblər, habelə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və istismarı, o cümlədən onlar vasitəsilə yüklərin və sərnişinlərin daşınması ilə bağlı bu Qanunla tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, “Yol hərəkəti haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.”;
3.7. 15-ci maddə üzrə:
3.7.1. 1-ci hissənin ikinci cümləsində “Nəqliyyat” sözü “Bu Qanunun 15-ci maddəsinin 5-ci hissəsinin tələbi nəzərə alınmaqla, nəqliyyat” sözləri ilə əvəz edilsin;
3.7.2. aşağıdakı məzmunda 3 – 7-ci hissələr əlavə edilsin:
“3. Avtonom pilotsuz uçuş aparatlarının operator tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla, avtonom nəqliyyat vasitəsinin yerlərdə istismarı operator tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə məsafədən idarəetmə mərkəzindən həyata keçirilir.
4. Operatorun vəzifələri aşağıdakılardır:
4.1. avtonom nəqliyyat vasitəsinin istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
4.2. hava və ya yol şəraiti avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdığı, avtonom nəqliyyat vasitəsinin bu Qanunun 8-1-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq müəyyən edilmiş ərazidən, dəmiryolu, metro və tramvay xətlərindən, hava məkanından, habelə avtomobil yolundan kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
4.3. avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək;
4.4. avtonom nəqliyyat vasitəsinin istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək;
4.5. avtonom nəqliyyat vasitəsinin iştirakı ilə hadisə, qəza və ya insident baş verdiyi təqdirdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (aidiyyəti dövlət qurumlarının da məlumatlandırılması məqsədilə) məlumat vermək;
4.6. bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
5. Bu Qanunun 15-ci maddəsinin 6-cı hissəsinin tələbi nəzərə alınmaqla, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə işçiləri aşağıdakı tələblərə cavab verməlidir:
5.1. avtonom nəqliyyat vasitələrinin istismarı, avtomatlaşdırılmış idarəetmə sistemləri, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) üzrə hazırlıq və təlim keçməli;
5.2. terrorçuluq, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə, həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ağır və (və ya) xüsusilə ağır cinayətlərə görə məhkum edilməməli;
5.3. ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamalı;
5.4. fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
5.5. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalı;
5.6. fiziki və psixi cəhətdən sağlam olmalı.
6. Avtonom gəminin və avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri bu Qanunun 15-ci maddəsinin 5-ci hissəsində qeyd edilən tələblərlə yanaşı, müvafiq olaraq “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il 7 iyul tarixli Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, gəminin komandir heyəti üzvləri üçün müəyyən edilmiş tələblərə və “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.”;
3.7. aşağıdakı məzmunda 15-1-ci , 22-1-ci və 25-1-ci maddələr əlavə edilsin:
“Maddə 15-1. Operatorlara şəhadətnamələrin verilməsi qaydası
15-1.1. Hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər.
15-1.2. Şəhadətnamənin alınması üçün ərizəçi müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada elektron ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qanunun 15-1.3-cü maddəsində göstərilən hal nəzərə alınmaqla):
15-1.2.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
15-1.2.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
15-1.2.3. ərizəçinin vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsinin surəti;
15-1.2.4. ərizəçinin avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçilərinin şəxsiyyət vəsiqələrinin surəti;
15-1.2.5. bu Qanunun 15-ci maddəsinin 3-cü hissəsində qeyd edilən hal nəzərə alınmaqla, aidiyyəti üzrə bu Qanunun 15-ci maddəsinin 5-ci və 6-cı hissələrində qeyd edilən tələbləri təsdiq edən sənədlər (məlumatlar).
15-1.3. Bu Qanunun 15-1.2-ci maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
15-1.4. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 15-1.2-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçiyə elektron qaydada təqdim edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
15-1.5. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
15-1.6. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 15-1.5-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü ərzində ərizəçiyə elektron qaydada təqdim edir.
15-1.7. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra şəhadətnamənin alınması üçün təkrar ərizə ilə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.
15-1.8. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) təqdim edilən ərizəyə baxarkən aidiyyəti dövlət qurumlarının rəyini ala, habelə ekspert və ya mütəxəssis cəlb edə bilər.
15-1.9. Bu Qanunun 15-1.8-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) rəy (razılıq) alınması üçün aidiyyəti dövlət qurumlarına müraciət etdikdə, ona 7 iş günü ərzində baxılaraq cavab verilir. Aidiyyəti dövlət qurumlarının əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina normativ hüquqi aktlara istinad edilməklə, əsaslandırılmalıdır. Aidiyyəti dövlət qurumlarının rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət şəhadətnamənin verilməsi ilə bağlı müddətə daxil edilmir.
15-1.10. Bu Qanunun 15-1.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət etdikdə, həmin dövlət qurumu 1 (bir) iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 (beş) iş günündən çox olmamalıdır. Bu müddət şəhadətnamənin verilməsi ilə bağlı müddətə daxil edilmir.
15-1.11. Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 (iyirmi) iş günündən gec olmayaraq təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Bu barədə ərizəçiyə 2 (iki) iş günü ərzində elektron qaydada məlumat verilir. Şəhadətnamə 5 (beş) il müddətinə verilir. Operator bu müddətin bitməsinə 30 (otuz) gün qalanadək yeni şəhadətnamənin alınması üçün bu Qanunun 15-1-ci maddəsinə uyğun olaraq yenidən müraciət etməlidir.
15-1.12. Şəhadətnamədə aşağıdakılar göstərilir:
15-1.12.1. şəhadətnamənin verilmə tarixi və qeydiyyat nömrəsi;
15-1.12.2. şəhadətnamə verən orqanın adı və ünvanı;
15-1.12.3. operator barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvanı, hüquqi şəxsin və fərdi sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);
15-1.12.4. şəhadətnamənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
15-1.12.5. şəhadətnaməni imzalayan vəzifəli şəxsin soyadı, adı, vəzifəsi, imzası və möhür.
15-1.13. Operator tərəfindən şəhadətnamənin üzərində hər hansı formada düzəlişlərin aparılmasına, o cümlədən şəhadətnamənin başqa şəxsə verilməsinə yol verilmir. Şəhadətnamə alınması üçün təqdim edilmiş sənədlərdə (məlumatlarda) dəyişikliklər olduqda müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana (quruma) 2 (iki) iş günü ərzində elektron qaydada məlumat (təsdiqedici sənədlərlə birlikdə) verilməlidir. Bu zaman müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) ərizə daxil olduqdan 5 (beş) iş günü ərzində yenidən rəsmiləşdirilmiş (təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş) elektron şəhadətnaməni operatora elektron qaydada təqdim edir.
15-1.14. Bu Qanunun 15-ci maddəsinin 5-ci, 6-cı hissələrində və 22-1-ci maddəsinin 2 – 6-cı, 8-ci hissələrində qeyd edilən tələblər aidiyyəti üzrə təmin edilmədikdə şəhadətnamənin verilməsindən imtina edilir.
15-1.15. Şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:
15-1.15.1. operator tərəfindən müvafiq ərizə təqdim edildikdə;
15-1.15.2. şəhadətnamənin müddəti bitdikdə;
15-1.15.3. operator olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
15-1.15.4. operator olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
15-1.15.5. operator olan fiziki şəxs vəfat etdikdə;
15-1.15.6. məhkəmənin müvafiq qərarı olduqda;
15-1.15.7. şəhadətnamənin verilməsi üçün təqdim edilmiş sənədlərdə (məlumatlarda) sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.
15-1.16. Şəhadətnamə bu Qanunun 15-1.15-ci maddəsində göstərilən hallara (bu Qanunun 15-1.15.6-cı maddəsi istisna olmaqla) istinad edilməklə, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqanın (qurumun) inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü ərzində operatora elektron qaydada təqdim edilir.
15-1.17. Şəhadətnamənin verilməsindən imtina edilməsi və ya onun ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.”;
“Maddə 22-1. Avtonom nəqliyyat vasitəsinə və məsafədən idarəetmə mərkəzinə dair tələblər
1. Avtonom nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunan hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, kibertəhlükəsizlik və təhlükəsiz istismar tələblərinə uyğunluğu ölkə ərazisində onun layihələndirilmə, istehsal, sınaq (istismara hazırlanma), istismar, texniki xidmət, təkmilləşdirmə və istismardan çıxarılma mərhələlərində aidiyyəti şəxslər və həmin mərhələləri idarə edən qurumlar tərəfindən təmin olunmalıdır.
2. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sistemində istifadə olunan texniki avadanlıqlar və proqram təminatı sistemlərarası inteqrasiyanı, fasiləsiz monitorinqi, özünüdiaqnostikanı, nasazlıq və ya fövqəladə hallar (hadisələr) baş verdikdə idarə etməyə müdaxiləni, habelə hadisə, qəza və insidentlərə dair məlumatların avtomatik qeydiyyatını və 6 (altı) ay saxlanılmasını təmin etməlidir.
3. Avtonom nəqliyyat vasitəsi üzrə istismar qaydaları, nasazlıq və ya fövqəladə hallar (hadisələr) baş verdikdə müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurları, habelə personalın peşə səriştəsi avtomatlaşdırılmış idarəetmə sisteminin avtomatlaşdırma səviyyəsinə, istismar edildiyi əraziyə (yola, hava məkanına), texniki xüsusiyyətlərinə və ətraf mühitin mühafizəsi üzrə tələblərə uyğun olmalıdır.
4. Avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi məsafədən avtomatik idarəetmə sistemi, onların yerinin real vaxt rejimində monitorinqi sistemi, ətraf mühitin monitorinqi üçün kamera, sensor (o cümlədən ehtiyat sensor), naviqasiya, radar və lidar sistemləri, hadisə, insident və qəza məlumatlarının avtomatik qeydiyyatı sistemi, nəqliyyat vasitəsinin təhlükəsiz dayanmasını təmin edən avtomatik təhlükəsizlik sistemi və kibertəhlükəsizlik müdafiə mexanizmləri ilə təchiz olunmalıdır.
5. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi bu Qanunun 22-1-ci maddəsinin 4-cü hissəsində qeyd edilənlərə əlavə olaraq mərkəzləşdirilmiş dispetçer nəzarət sistemi, platforma təhlükəsizlik sistemi və avtomatik qapı idarəetmə sistemi ilə təchiz olunmalıdır. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin hərəkəti yalnız müvafiq infrastrukturun texniki uyğunluğu təmin edildikdən sonra həyata keçirilə bilər.
6. Avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi bu Qanunun 22-1-ci maddəsinin 4-cü hissəsində qeyd edilənlərə əlavə olaraq avtomatik toqquşmanın qarşısını alma sistemi ilə təchiz olunmalıdır. Dəniz limanlarının və dəniz əməliyyatı bazalarının ərazilərində avtonom gəmilərin hərəkəti liman kapitanının icazəsi ilə həyata keçirilir.
7. Avtonom dəmir yolu, metro və tramvay nəqliyyat vasitələrinin hərəkətinin idarə edilməsi, monitorinqi və təhlükəsiz istismarı bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş mərkəzləşdirilmiş dispetçer nəzarət sistemi əsasında, müvafiq nəqliyyat növü üzrə fəaliyyət göstərən məsafədən idarəetmə mərkəzləri vasitəsilə həyata keçirilir.
8. Avtonom nəqliyyat vasitələrinin məsafədən idarəetmə mərkəzi aşağıdakı tələblərə cavab verməlidir:
8.1. avtonom nəqliyyat vasitəsinin hərəkətinin fasiləsiz monitorinqini, onunla etibarlı və fasiləsiz rabitəni təmin edən avadanlıqlara, o cümlədən video müşahidə və vizuallaşdırma avadanlıqlarına və proqram təminatına malik olması;
8.2. operator tərəfindən avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət olunmasını, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə həmin nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasını təmin etməyə imkan verən işçi interfeysinin olması;
8.3. avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminə giriş zamanı identikləşdirmə, girişə nəzarət və əməliyyatların qeydiyyatı üzrə texniki həllərin mövcud olması.”;
“Maddə 25-1. Avtonom nəqliyyat vasitəsinin istismarı sahəsində nəzarət
1. Avtonom nəqliyyat vasitələrinin istismarına, avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsinə, eləcə də operatorlar tərəfindən həmin nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərində olan məlumatların qeydiyyatı və saxlanılması tələblərinə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
2. Operator nəzarət tədbirlərinin həyata keçirilməsi üçün bu Qanunun 22-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan monitorinq, özünüdiaqnostika, nasazlıq və ya kənar müdaxilə halları, hadisə, qəza və insidentlərə dair məlumatları (sənədləri) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında 3 (üç) iş günündən gec olmayaraq təqdim etməlidir.”;
3.8. 23-cü maddənin 2-ci hissəsinə “dəmiryolu” sözündən sonra “, tramvay” sözü əlavə edilsin.
Maddə 4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 13, 20) aşağıdakı məzmunda 2.0.10-3-cü və 29-1-ci maddələr əlavə edilsin:
“2.0.10-3. avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi;”;
“Maddə 29-1. Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
|
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
|
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi |
20 manat |
Maddə 5. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 56 (Cild I); 2024, № 8, maddə 933; 2025, № 6, maddə 524) 18-ci maddəsinə birinci halda “aparatları” sözündən sonra “, o cümlədən mülki təyinatlı avtonom pilotsuz uçuş aparatları” sözləri əlavə edilsin.
Maddə 6. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599 (Cild I); 2024, № 8, maddə 932; 2025, № 11, maddə 1010; 2026, № 1, maddə 2; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1-ci maddəyə aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:
“1.0.1-1. avtonom nəqliyyat vasitəsi – avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən və aşağıdakı meyarlara cavab verən mülki təyinatlı nəqliyyat vasitəsidir:
1.0.1-1.1. insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edə bilən;
1.0.1-1.2. yol hərəkətinin təhlükəsizliyi pozulduqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən;
1.0.1-1.3. avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-3-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş ərazidə bütün sürüş funksiyalarını və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün sürüş funksiyalarını və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan;
1.0.1-1.4. “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı ilə təchiz edilən;”;
6.2. 14-cü maddə üzrə:
6.2.1. 14.1.5-ci maddəyə “sürücüləri” sözündən sonra “(avtonom nəqliyyat vasitəsi istisna olmaqla)” sözləri əlavə edilsin;
6.2.2. 14.3.1-ci maddəyə “sürücülərin” sözündən sonra “(avtonom nəqliyyat vasitəsi istisna olmaqla)” sözləri əlavə edilsin;
6.2.3. 14.3.7-ci maddəyə “sürücünün” sözündən sonra “(avtonom nəqliyyat vasitəsi istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 7. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133 (Cild I); 2025, № 4 (I kitab), maddə 306, № 6, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1-ci maddə üzrə:
7.1.1. aşağıdakı məzmunda 1.1.11-1-ci, 1.1.11-2-ci və 1.1.55-1-ci maddələr əlavə edilsin:
“1.1.11-1. avtonom pilotsuz uçuş aparatı – uçuş zamanı insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən mülki təyinatlı avtonom nəqliyyat vasitəsi;
1.1.11-2. avtonom pilotsuz uçuş aparatının operatoru – avtonom pilotsuz uçuş aparatının öncədən uçuş marşrutunu proqramlaşdıran, avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxs;”;
“1.1.55-1. məsafədən idarəetmə mərkəzi – avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi;”;
7.1.2. 1.1.61-ci maddəyə “aparatının” sözündən sonra “(avtonom pilotsuz uçuş aparatı istisna olmaqla)” sözləri əlavə edilsin;
7.1.3. 1.1.65-ci maddəyə ikinci halda “əməliyyatının” sözündən sonra “(avtonom pilotsuz uçuş aparatı sistemləri əməliyyatı istisna olmaqla)” sözləri əlavə edilsin;
7.1.4. 3-cü maddəyə ikinci halda “münasibətləri” sözündən sonra “, yüksək (avtonom pilotsuz uçuş aparatının hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən, idarəetməyə nəzarətin operator tərəfindən həyata keçirildiyi səviyyə) və tam (avtonom pilotsuz uçuş aparatının hərəkətinin idarə edilməsinin, hərəkət zamanı obyekt və hadisələrin aşkarlanması, o cümlədən adekvat reaksiya verilməsi prosesinin və ehtiyat idarəetmənin sistem tərəfindən operatorun idarəetməyə nəzarəti olmadan həyata keçirildiyi səviyyə) avtomatlaşdırma səviyyəsi olan avtonom pilotsuz uçuş aparatının Azərbaycan Respublikasının hava məkanında uçuş əməliyyatlarını həyata keçirməsi zamanı yaranan münasibətləri tənzimləyir və” sözləri əlavə edilsin;
7.2. aşağıdakı məzmunda 13-1-ci fəsil əlavə edilsin:
“13-1-ci fəsil
AVTONOM PİLOTSUZ UÇUŞ APARATLARI
63-1. Mülki və eksperimental aviasiyada avtonom pilotsuz uçuş aparatının istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi
63-1.1. Avtonom pilotsuz uçuş aparatına dair tələblər “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə aviasiya sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Həmin uçuş aparatlarının istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçirilir. Bu Qanunun 60.1-60.4-cü, 60.7-ci, 60.11-ci, 60.12-ci və 63-cü maddələrində qeyd edilən tələblər avtonom pilotsuz uçuş aparatlarına da şamil edilir.
63-1.2. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.
63-1.3. Avtonom pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı aşağıdakı tələblərə cavab verməlidir:
63-1.3.1. istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli, kibertəhlükəsizlik tələblərinə uyğun olmalı;
63-1.3.2. istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;
63-1.3.3. onların mühərrikləri, pərləri və digər hissələrinin bütün istismar şəraitlərində işlək olmalı, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;
63-1.3.4. uçuşların təhlükəsizliyinə risk yarandığı ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların (hadisələrin) idarə edilməsini və əmlakın təhlükəsizliyini təmin etməli.
63-1.4. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
63-1.5. Avtonom pilotsuz uçuş aparatı operatorunun aşağıdakı vəzifələri vardır:
63-1.5.1. avtonom pilotsuz uçuş aparatının istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
63-1.5.2. hava şəraiti avtonom pilotsuz uçuş aparatının istismarına təhlükə yaratdığı, avtonom pilotsuz uçuş aparatının bu Qanunun 63-1.2-ci maddəsində qeyd edilən coğrafi zonalardan kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
63-1.5.3. avtonom pilotsuz uçuş aparatının istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;
63-1.5.4. avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək, həmçinin həmin informasiya sistemi vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunan coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər haqqında son məlumatları əldə etmək;
63-1.5.5. avtonom pilotsuz uçuş aparatının iştirakı ilə aviasiya hadisəsi və insidenti baş verdiyi təqdirdə aidiyyəti dövlət qurumlarının məlumatlandırılması məqsədilə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
63-1.5.6. istehsalçının təlimatlarına və coğrafi zonalarla əlaqədar əməliyyat məhdudiyyətlərinə riayət etmək;
63-1.5.7. əməliyyatın davam etdirilməsi digər hava gəmilərinə, insanlara, heyvanlara, ətraf mühitə və ya əmlaka təhlükə törətdikdə əməliyyatı dayandırmaq.
63-1.6. Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci, 6-cı hissələrində və 22-1-ci maddəsinin 2-4-cü, 8-ci hissələrində qeyd edilən tələblərə cavab verməlidir.
63-1.7. Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin uçuş aparatının istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, avtonom pilotsuz uçuş aparatının müvafiq şəhadətnaməyə malik operatorunun pilotsuz uçuş aparatının avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
63-1.8. Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır (avtonom pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla) və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
63-1.9. Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.
63-1.10. Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.
63-1.11. Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir. Mərkəzdən bu icazənin alınması üçün avtonom pilotsuz uçuş aparatının operatoru aşağıdakı məlumatları və sənədləri əməliyyata başlamazdan azı 3 (üç) saat əvvəl mərkəz tərəfindən müəyyən edilmiş elektron poçt ünvanına təqdim etməlidir:
63-1.11.1. istismarçının adı;
63-1.11.2. istifadə ediləcək avtonom pilotsuz uçuş aparatının qeydiyyat sertifikatının nömrəsi;
63-1.11.3. əməliyyatın başlama və başa çatma vaxtı;
63-1.11.4. əməliyyatın xüsusiyyətləri;
63-1.11.5. istismarçı sertifikatının və əməliyyat icazəsinin surəti.
63-1.12. Pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi bu Qanunun 63-1.11-ci maddəsində müəyyən olunan məlumat və sənədləri aldıqdan sonra 3 (üç) saatdan gec olmayaraq uçuşa icazənin verilməsi və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə icazə üçün müraciət edən avtonom pilotsuz uçuş aparatının operatorunu müəyyən edilmiş elektron poçt ünvanı üzərindən məlumatlandırır.
63-1.13. Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
63-1.13.1. düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;
63-1.13.2. hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;
63-1.13.3. coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.
Maddə 63-2. Mülki və eksperimental aviasiyada avtonom pilotsuz uçuş aparatlarına dair nəzarət və yoxlamaların aparılması
63-2.1. Bu Qanunun 13-1-ci fəslində müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
63-2.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən bu Qanunun 13-1-ci fəslinin tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.
63-2.3. Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir.”.
Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat
haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya
haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının 2026-cı il ____tarixli
____nömrəli Qanununa 1 nömrəli Əlavə
5.1 Avtomagistral
5.2 Avtomagistralın qurtaracağı
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”,
Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında”
Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının 2026-cı il ____tarixli
____nömrəli Qanununa 2 nömrəli Əlavə

