19 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107 (Cild I); 2024, № 11, maddə 1188; 2025, № 12 (I kitab), maddə 1120) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 15-ci maddəsinin dördüncü–on üçüncü hissələri müvafiq olaraq beşinci–on dördüncü hissələr hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“İctimai dinləmə və ya ictimai müzakirə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil edilir. Bu zaman ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilmə tarixi barədə məlumatlandırılma həmin informasiya sistemi vasitəsilə təmin edilir.”.
Maddə 2. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6.3-cü maddənin birinci cümləsində “öz internet səhifəsi” sözləri “özünün rəsmi internet informasiya ehtiyatı, Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS)” sözləri ilə əvəz edilsin;
2.2. 14.2-ci maddədə “səhifəsində” sözü “informasiya ehtiyatında” sözləri ilə əvəz edilsin və həmin maddəyə “mediada” sözündən sonra “, habelə EHİS-də” sözləri əlavə edilsin;
2.3. 15.1-ci və 15.2-ci maddələrə “təqdim olunur” sözlərindən sonra “(o cümlədən EHİS vasitəsilə)” sözləri əlavə edilsin;
2.4. 16.1-ci maddədə “öz internet səhifəsində” sözləri “özünün rəsmi internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilsin və həmin maddəyə “mediada” sözündən sonra “, habelə EHİS-də” sözləri əlavə edilsin;
2.5. 17-ci maddə üzrə:
2.5.1. 17.1-ci maddəyə “verə bilməsi” sözlərindən sonra “(o cümlədən EHİS vasitəsilə)” sözləri əlavə edilsin;
2.5.2. 17.2-ci maddəyə “dərc edilir” sözlərindən sonra “(o cümlədən EHİS vasitəsilə)” sözləri əlavə edilsin;
2.6. 18-ci maddə üzrə:
2.6.1. 18.2.1-ci maddədə “internet səhifəsində” sözləri “rəsmi internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilsin;
2.6.2. 18.2.2-ci və 18.2.3-cü maddələrdə “internet səhifəsinin” sözləri “rəsmi internet informasiya ehtiyatının” sözləri ilə əvəz edilsin və həmin maddələrə “bölməsində” sözündən sonra “və EHİS-də” sözləri əlavə edilsin;
2.6.3. 18.2.4-cü maddəyə “məlumatlandırır” sözündən sonra “(o cümlədən EHİS vasitəsilə)” sözləri əlavə edilsin;
2.6.4. 18.2.5-ci maddəyə “dərc edir” sözlərindən sonra “(o cümlədən EHİS vasitəsilə)” sözləri əlavə edilsin;
2.7. 19-cu maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hüquqi aktların layihələrinə dair ictimai dinləmənin və ictimai müzakirənin elektron qaydada təşkili eyni zamanda EHİS vasitəsilə təmin edilir.”.
Maddə 3. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1695 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5-ci maddə üzrə;
3.1.1. aşağıdakı məzmunda 5.2-1-ci və 5.2-2-ci maddələr əlavə edilsin:
“5.2-1. Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda, bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunmuş layihə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən elektron sənəd formasında təqdim edilir.
5.2-2. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə ərizəyə layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının hansı formada toplanılacağı (kağız daşıyıcıda və ya elektron formada) barədə məlumat əlavə edilir. Hər iki formanın eyni qanunvericilik təşəbbüsü layihəsi üzrə paralel və ya ardıcıl şəkildə tətbiqinə yol verilmir.”;
3.1.2. 5.6-cı maddəyə “müddətində” sözündən sonra “, bu Qanunun 6.1-ci və 7-1-ci maddələrində qeyd edilənlər nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
3.2. 6-cı maddə üzrə:
3.2.1. 6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.1. Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması həmin layihənin qeydiyyata alındığı gündən iki ay ərzində təşəbbüs qrupunun üzvləri tərəfindən, bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda isə EHİS üzərindən həyata keçirilir.”;
3.2.2. aşağıdakı məzmunda 6.3-1-ci maddə əlavə edilsin:
“6.3-1. Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanılması onların EHİS-də olan elektron kabinetləri vasitəsilə həyata keçirilir. Bu zaman vətəndaşlar dəstəkləmək üçün imza toplanması davam etdirilən layihəni seçərək təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalayırlar. Bu halda imza vərəqələrinin doldurulması və vətəndaşların imzalarının toplanılmasının nəticələri haqqında protokol tərtibi tələb olunmur və müvafiq məlumatlar EHİS üzərindən təqdim olunur.”;
3.2.3. 6.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda layihənin tam mətninin və onun məzmununun izahının təqdim edilməsi, eləcə də vətəndaşa layihə ilə tanış olmaq imkanının yaradılması EHİS vasitəsilə təmin edilir.”;
3.3. 7-ci maddə üzrə:
3.3.1. 7.1-ci maddənin birinci cümləsinə “tərəfindən” sözündən sonra “, bu Qanunun 7-1-ci maddəsində qeyd edilən halda isə layihənin dəstəklənməsi ilə bağlı imzalar barədə məlumatlar EHİS üzərindən” sözləri əlavə edilsin;
3.3.2. 7.2-ci maddəyə “Mərkəzi” sözündən əvvəl “Bu Qanunun 7-1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
3.3.3. 7.4.2-ci və 7.7.2-ci maddələrə “Qanunun” sözündən sonra “6-3.1-ci maddəsində qeyd edilən hal nəzərə alınmaqla, bu Qanunun” sözləri əlavə edilsin;
3.3.4. 7.7.1-ci maddəyə “Qanunun” sözündən sonra “5.2-2-ci,” sözləri əlavə edilsin;
3.4. aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:
“Maddə 7-1. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsinin elektron qaydada təşkili
7-1.1. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün təşəbbüs qrupunun sədri tərəfindən bu Qanunun 5.1-ci və 5.2-ci maddələrində qeyd edilən sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, habelə layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanılması qanunvericilik təşəbbüsü hüququndan istifadə, dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti, eləcə də elektron imza və elektron sənəd sahələrində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq EHİS üzərindən həyata keçirilə bilər.
7-1.2. Bu Qanunun 5.6-cı maddəsində qeyd edilən sənədlər, habelə bu Qanunun 7.2-ci, 7.6-cı və 7.10-cu maddələrində qeyd edilən yazılı arayış, protokol və qərarlar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericilik təşəbbüsü hüququndan istifadə, dövlət informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti, eləcə də elektron imza və elektron sənəd sahələrində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetində yerləşdirilir və təşəbbüs qrupunun sədri bu barədə elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılır.”.
Azərbaycan Respublikasının Prezidenti