30 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6, № 8, maddə 739; 2026, № 3, maddə 203) aşağıdakı məzmunda 29.6-cı maddə əlavə edilsin:
“29.6. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy verir.”.
Maddə 2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 12 (I kitab), maddə 1118) 6.2.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.11-ci maddə əlavə edilsin:
“6.2.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına.”.
Maddə 3. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281; 2026, № 1, maddə 16, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.0.3-cü maddəyə “büdcəsinin,” sözündən sonra “Naxçıvan Muxtar Respublikası büdcəsinin,” sözləri əlavə edilsin;
3.2. 6.0.2-ci maddəyə “büdcəsi” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasının büdcəsi” sözləri əlavə edilsin;
3.3. 7-ci maddə üzrə:
3.3.1. 7.0.1-ci, 7.0.2-ci, 7.0.3.1-ci və 7.0.3.2-ci maddələrə “büdcəsinin” sözündən sonra “, Naxçıvan Muxtar Respublikası büdcəsinin” sözləri əlavə edilsin;
3.3.2. 7.0.3.3-cü maddəyə “büdcəsindən” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasının büdcəsindən” sözləri əlavə edilsin;
3.3.3. 7.0.8-ci maddədə “sirri” sözü “və sığorta sirrinin qorunmasını təmin edir” sözləri ilə əvəz edilsin;
3.4. 8-ci maddə üzrə:
3.4.1. 8.0.3-cü maddəyə “büdcəsinin” sözündən sonra “, Naxçıvan Muxtar Respublikası büdcəsinin” sözləri, “formada” sözündən sonra “, həmçinin bu Qanunun 8.0.15-1-ci maddəsində göstərilən informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;
3.4.2. 8.0.6-cı maddəyə “keçirilməsi” sözündən sonra “, habelə bu Qanuna uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması” sözləri əlavə edilsin;
3.4.3. 8.0.7-ci maddədə “və bank” sözləri “, bank və sığorta” sözləri ilə əvəz edilsin;
3.4.4. aşağıdakı məzmunda 8.0.15-1-ci maddə əlavə edilsin:
“8.0.15-1. dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan informasiya sisteminə sahiblik edir və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edir;”;
3.5. 11.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilirlər.”;
3.6. 14.0.8-ci maddəyə “Məclisinə” sözündən sonra “və Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə” sözləri əlavə edilsin;
3.7. 21.12-ci maddəyə “büdcəsindən” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasının büdcəsindən” sözləri əlavə edilsin;
3.8. 23.1.1-ci maddəyə hər iki halda “büdcəsinin” sözündən sonra “, Naxçıvan Muxtar Respublikası büdcəsinin” sözləri əlavə edilsin;
3.9. 24.1-ci maddəyə hər iki halda “büdcəsinin” sözündən sonra “, Naxçıvan Muxtar Respublikası büdcəsinin” sözləri, “layihələrinə və” sözlərindən sonra “illik” sözü əlavə edilsin;
3.10. 32-ci maddə üzrə:
3.10.1. adından “kənar dövlət maliyyə nəzarəti” sözləri çıxarılsın;
3.10.2. 32.1-ci maddədə “və bank” sözləri “, bank və sığorta” sözləri ilə əvəz edilsin;
3.10.3. 32.2-ci maddəyə “fəaliyyəti” sözündən sonra “, həmçinin bu Qanuna uyğun olaraq büdcələrin layihələrinə və icrasına dair rəylərin hazırlanması” sözləri, “büdcəsinin” sözündən sonra “, Naxçıvan Muxtar Respublikası büdcəsinin” sözləri əlavə edilsin və həmin maddədə “və bank” sözləri “, bank və sığorta” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti