Aqrar sahə haqqında
- İCTİMAİ DİNLƏMƏ
- Müzakirədə iştirak edin
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Aqrar sahə haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərinə uyğun olaraq, aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar məhsulların istehsalı və ilkin emalı üçün zəruri şəraitin yaradılması, habelə aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiyası və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə həmin sahədə dövlət tənzimləməsi və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. aqrar bazar – aqrar məhsulların satışı və bununla əlaqədar xidmətlərin göstərildiyi, aqrar məhsulların və istehsal vasitələrinin əldə edilməsi və dövriyyəsi ilə bağlı mülki-hüquqi münasibətlərin məcmusu;
1.1.2. aqrar dəyər zənciri – aqrar məhsulun istehsalı, tədarükü, toplanması, sənaye emalı, saxlanması, daşınması və dövriyyəsi vasitəsilə son istehlakçıya çatdırılmasına qədər əlavə dəyər yaradan qarşılıqlı əlaqəli fəaliyyətin məcmusu;
1.1.3. aqrar istehsal vasitələri – aqrar sahədə istifadə olunan kənd təsərrüfatı texnikası, damazlıq ehtiyatları, yem məhsulları, o cümlədən yem əlavələri, habelə aqrokimyəvi maddələr, sertifikatlı toxum və bitki mühafizə vasitələri, baytarlıq preparatları və ləvazimatları;
1.1.4. aqrar ixtisaslaşma – bir və ya bir neçə inzibati ərazi vahidi daxilində iqlim və təbii şərait xüsusiyyətləri eyni olan və üstünlüklər nəzərə alınmaqla müəyyən aqrar məhsul istehsalı istiqamətində ixtisaslaşma;
1.1.5. aqrar kooperativ – aqrar məhsul istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyünə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və sosial tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılan hüquqi şəxs;
1.1.6. aqrar məhsul – bitkiçilik və heyvandarlıq fəaliyyəti nəticəsində əldə edilən xammal, o cümlədən toxum və damazlıq materialları (heyvan toxumu, embrion, yumurta, rüşeym və s.), habelə onların ilkin emalı nəticəsində əldə edilən məhsullar;
1.1.7. aqrar məhsul bazarı – ticarət yerlərinin 80 (səksən) faizdən çoxu aqrar məhsulların satışı üçün ayrılmış ixtisaslaşdırılmış bazar;
1.1.8. aqrar məhsulların və digər qida məhsullarının satış yarmarkası – müəyyən edilmiş ərazidə və müddətdə aqrar məhsulların və digər qida məhsullarının satışı məqsədilə təşkil edilən tədbir;
1.1.9. aqrar məhsulun ekstensiv üsulla istehsalı – aqrar məhsulun istehsalının əkin sahəsinin genişləndirilməsi və ya heyvanların baş sayının çoxaldılması hesabına, minimal aqrar istehsal vasitələrindən istifadə edilməklə artırılması;
1.1.10. aqrar məhsulun intensiv üsulla istehsalı – aqrar məhsulun istehsalının mövcud əkin sahəsi və ya heyvanların baş sayı daxilində, müasir texnologiya, səmərəli metod və aqrar istehsal vasitələrindən sistemli istifadə hesabına artırılması;
1.1.11. aqrar məhsulun ilkin emalı – aqrar məhsulun xarakterik fiziki-kimyəvi xassələrini və ya tərkibini əsaslı şəkildə dəyişdirmədən, onun keyfiyyətinin qorunması, saxlanılması, daşınması, dövriyyəyə və ya sonrakı emala hazırlanması məqsədilə üzərində həyata keçirilən, o cümlədən çeşidləmə, kalibrləmə, təmizləmə, yuma, doğrama, dilimləmə, hissələrə ayırma, soyutma, dondurma, heyvanların kəsilməsi, çəkisinin müəyyən edilməsi, məhsulun saxlanılması məqsədilə qurudulması, habelə bükülməsi, qablaşdırılması, etiketlənməsi və bunların kombinasiyasından ibarət digər oxşar texnoloji əməliyyatların məcmusu;
1.1.12. aqrar məhsul istehsalçısı – aqrar məhsulun istehsalı və (və ya) ilkin emalı ilə məşğul olan və bu Qanunun 1.1.44-cü maddəsində nəzərdə tutulan sistemdə qeydiyyatdan keçmiş fermer və digər istehsalçı;
1.1.13. aqrar məhsul istehsalçılarının reytinq sistemi – aqrar məhsul istehsalçılarının iqtisadi səmərəlilik, resurslardan effektiv istifadə və dövlət dəstəyi tədbirlərindən təyinatına uyğun istifadə baxımından qiymətləndirildiyi, həmçinin dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı nəzərə alınan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılan sistem;
1.1.14. aqrar məhsulun istehsalı – bitkiçilik və heyvandarlıq fəaliyyəti nəticəsində aqrar məhsulun əldə edilməsinə yönəldilmiş fəaliyyət;
1.1.15. aqrar məhsulun müqavilə əsaslı istehsalı – aqrar məhsulun istehsalçısı ilə alıcısı (sifarişçisi) arasında məhsulun növü, miqdarı, keyfiyyət göstəriciləri, qiyməti və ya onun müəyyən edilmə qaydası əvvəlcədən razılaşdırılmaqla, onun istehsalı və qəbulu (satın alınması) üzrə qarşılıqlı hüquq və vəzifələri müəyyən edən müqavilə əsasında həyata keçirilən aqrar istehsalın təşkili forması;
1.1.16. aqrar məhsulun sənaye emalı – aqrar məhsulun xarakterik fiziki-kimyəvi xassələrini və ya tərkibini əsaslı şəkildə dəyişdirməklə yeni xüsusiyyətlərə və ya istehlak təyinatına malik məhsulun əldə edilməsi və ya mövcud məhsulun əsaslı transformasiyası məqsədilə üzərində həyata keçirilən, o cümlədən üyüdülmə, preslənmə, ekstraksiya, qatılaşdırma, fermentasiya, pasterizasiya, sterilləşdirmə, bişirilmə, qovurma, hisəvermə, marinadlaşdırma, duzlama, konservləşdirmə, məhsulun xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə qurutma, homogenləşdirmə, rafinasiya, hidrogenləşdirmə, əlavə komponentlərin daxil edilməsi, habelə emal prosesi nəticəsində əldə edilmiş məhsulun qablaşdırılması, etiketlənməsi və bunların kombinasiyasından ibarət digər oxşar texnoloji əməliyyatların məcmusu;
1.1.17. aqrar məhsulun yarımintensiv üsulla istehsalı – heyvan mənşəli məhsul və ya xammal istehsalının mövcud təbii ehtiyatlardan (otlaq, biçənək və digər təbii ehtiyatlar) istifadə ilə yanaşı, əlavə yem məhsullarından istifadə edilməklə və aqrar istehsal vasitələrindən məhdud həcmdə istifadə edilməklə həyata keçirilməsi;
1.1.18. aqrar sahə – aqrar dəyər zənciri, aqrar məhsulun istehsalı, saxlanması, daşınması, dövriyyəsi, heyvan və bitki sağlamlığının təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı, kənd təsərrüfatı texnikasına texniki nəzarət, suvarma suyundan və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə, ərzaq təhlükəsizliyi, habelə aqrar elm və təhsil istiqamətlərində həyata keçirilən fəaliyyətin məcmusu;
1.1.19. aqrar sahə subyektləri – aqrar sahədə fəaliyyət göstərən dövlət orqanları (qurumları), bələdiyyələr, aqrar məhsul istehsalçıları, aqrar kooperativlər, aqrar təchizatçılar və tədarükçülər, aqrar sahədə xidmət göstərən digər fiziki və hüquqi şəxslər (baytar, süni mayalanma mütəxəssisi, zoomühəndis və digərləri), habelə bu subyektlərin birləşdikləri ictimai birliklər;
1.1.20. aqrar sahədə istifadə edilən resurslar – aqrar məhsul istehsalı üçün tələb edilən maddi-texniki və təbii resurslar;
1.1.21. aqrar tədarükçü – aqrar məhsul istehsalçılarından aqrar məhsulu əldə edən, öz adından və ya istehsalçının adından həmin məhsulun dövriyyəsini həyata keçirən, habelə bu Qanunun 1.1.44-cü maddəsində nəzərdə tutulan sistemdə qeydiyyatdan keçmiş fiziki və ya hüquqi şəxs;
1.1.22. aqrar təchizatçı – aqrar istehsal vasitələrinin satışı və aqrotexniki xidmətlərin göstərilməsi ilə məşğul olan və bu Qanunun 1.1.44-cü maddəsində nəzərdə tutulan sistemdə qeydiyyatdan keçmiş fiziki və ya hüquqi şəxs;
1.1.23. aqroklaster – aqrar məhsulun istehsalı, emalı, saxlanması, logistika və satışının coğrafi baxımdan yaxın yerləşən və qarşılıqlı iqtisadi-texnoloji əlaqələrə malik təsərrüfat subyektləri tərəfindən inteqrasiya olunmuş şəkildə təşkil edildiyi, istehsal zəncirinin mərhələləri üzrə koordinasiyalı fəaliyyətə əsaslanan aqrar-istehsal birlik modeli;
1.1.24. aqropark – müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi;
1.1.25. aqrotexniki tələblər – aqrotexniki xidmətlərin həyata keçirilmə vaxtı, davam etmə müddəti, habelə digər üsul və şərtlərin məcmusu;
1.1.26. aqrotexniki xidmət – bitkiçilik məhsulunun istehsalı prosesində kənd təsərrüfatı texnikası vasitəsilə və ya digər üsullarla həyata keçirilən fəaliyyət (torpağın şumlanması, əkin sahələrinə mala çəkilməsi, səpin, suvarma şəbəkəsinin qurulması (o cümlədən arxlarının çəkilməsi), gübrələmə, suvarma, zərərli orqanizmlərə (gəmiricilərə, xəstəliklərə, alaqlanmaya və s.) qarşı mübarizə tədbirlərinin görülməsi, yığım, biçin və s.);
1.1.27. bazar intervensiyası – fermerlərin iqtisadi mənafeyini qorumaqla ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar bazarda tələb-təklif münasibətlərinə təsir göstərməklə qiymət tənzimlənməsi aparmaq üçün dövlət tərəfindən aqrar bazara edilən müdaxilə tədbirləri, habelə aqrar bazarda ehtiyatların yaradılması, məhsul alışı və ya anbarlarda saxlama xərclərinin subsidiyalaşdırılması;
1.1.28. bitki sağlamlığı üzrə xidmətlər (bundan sonra – fitosanitar xidmətlər) – bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədilə fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında fitosanitar karantin baxışının və müayinəsinin aparılması, bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması, fumiqasiya və aqrokimyəvi xidmətlər;
1.1.29. bitkiçilik – kənd təsərrüfatı bitkilərinin becərilməsi (yetişdirilməsi) və onlardan aqrar məhsulların əldə edilməsinə yönəlmiş fəaliyyət;
1.1.30. dayanıqlı aqrar sistem – ekoloji, iqtisadi və sosial cəhətdən davamlı və balanslı aqrar fəaliyyətin həyata keçirilməsini təmin edən sistem;
1.1.31. digər istehsalçı – ailə-kəndli təsərrüfatı və əsas məqsədi sahibkarlıq fəaliyyəti olmadan aqrar məhsulların istehsalı ilə məşğul olan fiziki şəxs;
1.1.32. ərzaq təhlükəsizliyi – əhalinin sağlam və məhsuldar həyat tərzi üçün kifayət qədər ərzaqla təmin edildiyi və ərzaq məhsullarının qiymət sabitliyinin olduğu vəziyyət;
1.1.33. fermer – sahibkarlıq məqsədilə aqrar məhsulun istehsalı və (və ya) ilkin emalı ilə məşğul olan fiziki və hüquqi şəxs;
1.1.34. fermer mağazası – fermerlər, həmçinin ailə-kəndli təsərrüfatları tərəfindən istehsal olunmuş aqrar məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti;
1.1.35. heyvandarlıq – kənd təsərrüfatı heyvanlarının bəslənməsi, yetişdirilməsi, çoxaldılması (damazlıq heyvandarlıq) və onlardan aqrar məhsulun əldə edilməsinə yönəlmiş fəaliyyət;
1.1.36. inteqrasiya olunmuş kənd təsərrüfatı sistemi – bitkiçilik, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin əlaqəli şəkildə inkişaf etdirildiyi, resursların səmərəli dövri istifadəsini və təsərrüfat məhsuldarlığının artırılmasını nəzərdə tutan kompleks istehsal və idarəetmə modeli;
1.1.37. inteqrir bitki mühafizəsi – kənd təsərrüfatı bitkilərinin zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qorunması məqsədilə zərərli orqanizmlərin iqtisadi ziyanlı həddi nəzərə alınmaqla, onların sayının idarə olunması üçün aqrotexniki, bioloji, fiziki-mexaniki və kimyəvi mübarizə üsullarının qarşılıqlı əlaqəli tətbiqi, təbii faydalı fauna və entomofaqların qorunması və kimyəvi vasitələrin minimuma endirilməsi əsasında həyata keçirilən ekoloji yönümlü bitki mühafizə sistemi;
1.1.38. kənd təsərrüfatı bitkiləri – insanların qidalanması, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ), bioenerji (biokütlə), habelə kommersiya məqsədilə becərilən (yetişdirilən) bitkilər;
1.1.39. kənd təsərrüfatı heyvanları – heyvan mənşəli məhsul və ya xammal əldə edilməsi məqsədilə, habelə məhsul əldə edilib-edilməməsindən asılı olmayaraq, təsərrüfat əhəmiyyətinə malik olduqları üçün saxlanılan heyvanlar, o cümlədən quşlar, balıqlar, digər onurğalı və onurğasız heyvanlar;
1.1.40. kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası – kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsi (normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesi;
1.1.41. kənd təsərrüfatı texnikası – aqrar məhsulun istehsalında istifadə edilən mexaniki nəqliyyat vasitələri, onların qoşquları, ehtiyat hissələri, kənd təsərrüfatı təyinatlı texnoloji avadanlıq və ilkin emal avadanlığı, dirəklər, suvarma sistemləri dəsti, habelə digər qurğu və avadanlıq;
1.1.42. kənd yerləri – aqrar məhsul istehsalının əsas iqtisadi fəaliyyət növü olduğu və onunla əlaqəli aqrar, sosial, iqtisadi, mədəni və ekoloji fəaliyyətin həyata keçirildiyi məkan;
1.1.43. kənd yerlərinin dayanıqlı inkişafı – kənd əhalisinin sosial və mədəni ehtiyaclarının təmin edilməsi, kənd yerlərində infrastrukturun və xidmətlərin təkmilləşdirilməsi, məşğulluğun və gəlirlərin yüksəldilməsi, iqtisadi fəaliyyətin şaxələndirilməsi və aqrar sahənin rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və onların konsolidasiyası, təbii ehtiyatlardan dayanıqlı istifadə, ətraf mühitin mühafizəsi və kənd yerlərindən miqrasiyanın azaldılması məqsədilə həyata keçirilən aqrar, sosial, iqtisadi, mədəni və ekoloji tədbirlərin məcmusu;
1.1.44. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – Sistem) – aqrar sahə subyektlərinin qeydiyyatının aparılması, onlara xidmətlərin göstərilməsi və bu Qanunun 7.1.1-ci və 7.1.4-cü maddələrində nəzərdə tutulmuş dəstək tədbirlərindən istifadəyə nəzarət məqsədilə formalaşdırılan, informasiya proseslərinin (informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı) həyata keçirilməsini təmin edən dövlət informasiya ehtiyatlarının, texniki və proqram vasitələrinin nizamlanmış məcmusu;
1.1.45. növbəli əkin – eyni əkin sahəsində torpağın münbitliyinin qorunması və bərpası məqsədilə müxtəlif kənd təsərrüfatı bitki növlərinin aqrotexniki tələblərə uyğun ardıcıllıqla əkilməsi;
1.1.46. səyyar satış yerləri – aqrar məhsulların satışının mövsümi olaraq həyata keçirildiyi hərəkət edən və ya daşınabilən obyektlər (çadırlar, nəqliyyat vasitələri, qoşqular, yolların kənarlarında ayrılmış yerlər və s.);
1.1.47. vahid əkin – qonşu əkin sahələrində eyni kənd təsərrüfatı bitki növünün eyni aqrotexniki tələblərə uyğun becərilməsi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar aqrar sahə üzrə Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Maddə 2. Aqrar sahə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Aqrar sahə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “Toxumçuluq haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Aqrar sığorta haqqında”, “Baytarlıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Atçılıq haqqında”, “Arıçılıq haqqında”, “Balıqçılıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun aqrar sahə subyektlərinə şamil olunur.
3.2. Ələt azad iqtisadi zonasında aqrar sahədə yaranan münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tənzimlənir.
2-ci fəsil
AQRAR SAHƏDƏ DÖVLƏT İDARƏETMƏSİ
Maddə 4. Aqrar sahədə dövlətin vəzifələri
4.1. Aqrar sahədə dövlətin vəzifələri aşağıdakılardır:
4.1.1. normativ tənzimləmənin həyata keçirilməsi;
4.1.2. aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;
4.1.3. aqrar sahəyə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
4.1.4. aqrar sahə subyektlərinin, aqrar istehsal vasitələrinin və aqrar məhsulların uçotunun və qeydiyyatının təşkili;
4.1.5. məhsuldarlığın, rəqabət qabiliyyətinin və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması ilə bağlı tədbirlərin görülməsi;
4.1.6. dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi;
4.1.7. aqrar xidmətlərin həyata keçirilməsi, habelə aqrar xidmət mərkəzlərinin və maddi-texniki təminat sisteminin təşkili və inkişaf etdirilməsi;
4.1.8. heyvan və bitki sağlamlığının qorunması üzrə tədbirlərin həyata keçirilməsi;
4.1.9. vergi intizamının gücləndirilməsi və maliyyə şəffaflığının təmin olunması;
4.1.10. elmi tədqiqatların, innovasiyaların, rəqəmsallaşmanın və insan kapitalının inkişafının dəstəklənməsi;
4.1.11. aqroparkların, aqroklasterlərin, daşınma və aqrar emal infrastrukturunun yaradılmasının və inkişafının təşviqi;
4.1.12. kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təşkili;
4.1.13. heyvandarlıqda seleksiya-damazlıq, bitkiçilikdə seleksiya və toxumçuluq sisteminin inkişaf etdirilməsi;
4.1.14. kənd yerlərinin dayanıqlı inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;
4.1.15. aqrar sahənin rəqəmsallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;
4.1.16. aqrar məhsulun istehsalı ilə bağlı texniki tələblərin (aqrotexniki, aqrokimyəvi, suvarma sistemləri və s.), standartların və reqlamentlərin müəyyənləşdirilməsi;
4.1.17. aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq, qiymətləndirmə və proqnozlaşdırmanın həyata keçirilməsi;
4.1.18. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən respublika üzrə tövsiyə xarakterli aqrar ixtisaslaşmanın aparılması və təsdiqi;
4.1.19. aqrar sahə üzrə milli genetik ehtiyatların qorunması və səmərəli idarə olunması;
4.1.20. karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi;
4.1.21. qanuna uyğun olaraq hüquqmüəyyənedici sənədlərin (patent, lisenziya və icazələr, habelə müəlliflik şəhadətnamələri) verilməsi;
4.1.22. dayanıqlı aqrar sistemin təmin olunması, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi və aqrar məhsul istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üzrə tədbirlərin həyata keçirilməsi;
4.1.23. qeyri-formal məşğulluğun qarşısının alınması və dayanıqlı məşğulluğun artırılması üzrə tədbirlərin həyata keçirilməsi;
4.1.24. sosial inklüzivliyin təmin olunması, qadınların, gənclərin və həssas sosial qrupların aqrar sahədə iştirakının dəstəklənməsi;
4.1.25. aqrar kooperativlərin və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərin yaradılmasının təşviqi, fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi;
4.1.26. sığorta fəaliyyətinin təşkili və inkişaf etdirilməsi;
4.1.27. aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə və dəyişikliklərə adaptasiyanın təşviqi;
4.1.28. dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və investisiyaların təşviqi;
4.1.29. bazar intervensiyasının həyata keçirilməsi;
4.1.30. aqrar sahənin yerli və beynəlxalq bazarlara inteqrasiyası, məhsul dövriyyəsinin, o cümlədən ixracının dəstəklənməsi;
4.1.31. aqrar sahə üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
4.1.32. su ehtiyatlarından, o cümlədən suvarma suyundan səmərəli istifadənin təmin edilməsi.
Maddə 5. Aqrar sahədə dövlət nəzarəti
5.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aqrar sahə üzrə aşağıdakı istiqamətlərdə dövlət nəzarətini həyata keçirir:
5.1.1. seleksiya nailiyyətlərinin qeydiyyatı, istifadəsi və mühafizəsi;
5.1.2. heyvandarlığın, o cümlədən damazlıq heyvandarlıq işinin təşkili və idarə edilməsi;
5.1.3. toxumun istehsalı, emalı, daşınması, saxlanması, tədarükü və keyfiyyəti;
5.1.4. kənd təsərrüfatı texnikasının texniki vəziyyəti və istismarı;
5.1.5. kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin təmin olunması;
5.1.6. bitki və heyvanların genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi;
5.1.7. aqrar sahədə verilən güzəştlərdən, güzəştli kreditlərdən və maliyyə icarəsi predmetinin alınması üçün vəsaitdən təyinatı üzrə istifadə edilməsi;
5.1.8. aqrar sahədə maliyyələşdirilən innovativ layihələrin icrası, habelə aqrar subsidiya mexanizminin prosedurlarına riayət edilməsinin təmin olunması;
5.1.9. kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və onların yaxşılaşdırılması;
5.1.10. aqrar sahədə yaranan təhlükəli, habelə heyvan və bitki mənşəli tullantıların idarə olunması;
5.1.11. genetik modifikasiya olunmuş orqanizmlərin istehsalı, dövriyyəsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi;
5.1.12. heyvan və bitki sağlamlığının qorunması;
5.1.13. qida təhlükəsizliyi.
5.2. Aqrar sahəyə dövlət nəzarəti sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Maddə 6. Aqrar sahədə dövlət tənzimləməsi
6.1. Aqrar sahədə dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır:
6.1.1. ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi;
6.1.2. aqrar dəyər zəncirinin formalaşdırılması və aqrar sahə subyektləri arasında bu istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsi;
6.1.3. kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, o cümlədən balanslı regional inkişaf və sosial-iqtisadi bərabərsizliyin azaldılması, kənd yerlərindən miqrasiyanın azaldılması və həmin yerlərdə məşğulluğun artırılması, iqtisadi fəaliyyətin şaxələndirilməsi;
6.1.4. təbii ehtiyatların, aqrar sahədə istifadə edilən resursların səmərəli istifadəsinin, biomüxtəlifliyin qorunmasının və iqlim dəyişikliklərinə adaptasiyasının təmin edilməsi;
6.1.5. aqrar sahənin rəqabət qabiliyyətinin, investisiya cəlbediciliyinin və ixrac potensialının artırılması;
6.1.6. aqrar istehsal vasitələrinin ölkədaxili istehsalının artırılmasının təşviqi;
6.1.7. heyvan və bitki sağlamlığının təmin edilməsi;
6.1.8. aqrar məhsul istehsalçılarının maraqlarının qorunması və aqrar bazarlara çıxışının dəstəklənməsi;
6.1.9. aqrar sahədə insan resurslarının hazırlanması, təkmilləşdirilməsi və təlimi sisteminin gücləndirilməsi.
Maddə 7. Aqrar sahəyə dövlət dəstəyi
7.1. Aqrar sahəyə dövlət dəstəyi aşağıdakı vasitələrlə həyata keçirilir:
7.1.1. aqrar subsidiyanın verilməsi;
7.1.2. bu Qanunun 7.3-cü maddəsinə uyğun olaraq, kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;
7.1.3. qrant verilməsi;
7.1.4. dövlət investisiya qoyuluşu;
7.1.5. vergi və gömrük güzəştlərinin tətbiqi;
7.1.6. aqrar sığorta fəaliyyəti;
7.1.7. satış yerlərinin təşkili;
7.1.8. informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
7.1.9. strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;
7.1.10. dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;
7.1.11. elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə, habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;
7.1.12. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.
7.2. Aqrar sahədə subsidiyalaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7.3. Bu Qanunun 7.1.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəsaitindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7.4. Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Sistemin məlumatları əsas götürülür və aqrar məhsul istehsalçılarının reytinq sistemi nəzərə alınır.
7.5. Aqrar sığorta sahəsində dövlət dəstəyi “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 8. Aqrar Subsidiya Şurası
8.1. Aqrar subsidiyaların tətbiqi ilə bağlı qərarların qəbul edilməsi məqsədilə Aqrar Subsidiya Şurası yaradılır.
8.2. Aqrar Subsidiya Şurasının tərkibi və səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 9. Aqrar sahədə elm və təhsil
9.1. Aqrar sahədə elmin inkişafı və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə dövlət tərəfindən elmi tədqiqat, təcrübə və sınaq fəaliyyəti, habelə aqrar təhsil, təlim, peşə hazırlığı təşkil edilir və dəstəklənir.
9.2. Aqrar sahədə elmi tədqiqatlar aşağıdakı əsas istiqamətlər üzrə aparılır:
9.2.1. yerli şəraitə uyğun daha məhsuldar və davamlı bitki sortlarının və heyvan cinslərinin yaradılması;
9.2.2. mövcud sort və cinslərin yaxşılaşdırılması;
9.2.3. yüksək keyfiyyətli toxum və damazlıq materialının istehsalının təşkili;
9.2.4. mədəni bitkilərin genetik ehtiyatlarının pasportlaşdırılması və mühafizəsi;
9.2.5. yerli bitki sortları və heyvan cinslərinin (növlərinin) nümunələrinin müəyyən edilməsi və qorunması;
9.2.6. bitki sağlamlığı, bitki mühafizəsi və bioloji təhlükəsizlik;
9.2.7. aqrar məhsula mənşə adlarının verilməsi;
9.2.8. suvarma suyundan istifadə prinsiplərinin öyrənilməsi və təkmilləşdirilməsi;
9.2.9. heyvanların davamlı biotəhlükəsizliyi, biomühafizəsi, sağlamlığı və heyvan xəstəliklərinin profilaktikası sahəsində yeni metod və texnologiyaların işlənilməsi və təkmilləşdirilməsi;
9.2.10. torpaqların münbitliyinin və suvarma suyunun keyfiyyətinin qorunması və yaxşılaşdırılması;
9.2.11. mövcud kənd təsərrüfatı texnikasının səmərəli istifadəsi, habelə yeni texnikanın yaradılması;
9.2.12. aqrar sahədə yaranan tullantıların səmərəli idarə edilməsi və digər sahələrdə yaranan tullantıların idarə olunmasında aqrar sahənin imkanlarından istifadə edilməsi;
9.2.13. aqrar sahəyə dair yerli şəraitdə aparılan elmi tədqiqat işlərinin səmərəli nəticələrinə (bioloji, ekoloji, iqtisadi, hüquqi, texniki) əsaslanan dövlət standartı layihələrinin işlənib hazırlanması;
9.2.14. normativ hüquqi aktlarla qadağan edilməmiş digər istiqamətlər.
9.3. Aqrar sahədə elmi fəaliyyət və təhsil fəaliyyəti müvafiq olaraq “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil edilir.
3-cü fəsil
AQRAR SAHƏDƏ İSTİFADƏ EDİLƏN RESURSLAR VƏ İQLİM
Maddə 10. Aqrar sahədə istifadə edilən resursların tərkibi
10.1. Aqrar sahədə istifadə edilən təbii resurslara kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektləri daxildir.
10.2. Aqrar sahədə istifadə edilən maddi-texniki resurslara su təsərrüfatı obyektləri, tikililər və digər obyektlər, tikili hesab edilməyən satış yerləri və aqrar istehsal vasitələri daxildir.
Maddə 11. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə
11.1. Torpaq aqrar məhsulun əsas istehsal vasitəsi olmaqla dövlət tərəfindən qorunur.
11.2. Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və onların mühafizəsi tədbirləri aşağıdakılardır:
11.2.1. torpaqlardan təyinatına, bitkiçilik və heyvandarlığın müxtəlif növləri üzrə ixtisaslaşma arealına uyğun istifadə olunması;
11.2.2. torpaqdan istifadədə müasir texnologiyaların (müasir suvarma sistemləri, süni intellekt və s.) və əkin texnikasının tətbiq edilməsi;
11.2.3. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaqların münbitliyinin təmin olunması və çirklənmədən qorunması sahəsində tədbirlərin həyata keçirilməsi;
11.2.4. aqrokimyəvi (torpaqların məhsuldarlıq, fiziki və kimyəvi göstəricilərini əks etdirən) xəritələrin hazırlanması və iqlim dəyişikliklərinə mütənasib dəyişmələr nəzərə alınmaqla yenilənməsi;
11.2.5. torpaqların kiçik hissələrlə istifadəsinin normativ hüquqi aktlarda nəzərdə tutulmuş üsullarla (vahid əkin, konsolidasiya, kooperativləşmə və s.) azaldılması və birgə istifadənin təşviqi;
11.2.6. torpaq istifadəçilərinə torpaqların münbitliyinin qorunması üzrə aqrar sahədə informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
11.2.7. kənd təsərrüfatı təyinatlı torpaqların zibillənməsi, çirklənməsi, korlanması, onlardan təsərrüfatsızcasına və ya məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadənin və əkin yerlərinin yandırılmasının qadağan edilməsi;
11.2.8. istifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısının alınması (dincə qoyulma istisna olmaqla);
11.2.9. torpaqların istifadə vəziyyətinə dair məlumatların toplanılması və təhlili.
11.3. Torpaqdan istifadə və onun mühafizəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 12. Aqrar sahədə sudan istifadə
12.1. Aqrar sahədə sudan aşağıdakı məqsədlərlə istifadə edilir:
12.1.1. bitkilərin və heyvanların suya olan fizioloji tələbatının ödənilməsi;
12.1.2. akvakultura;
12.1.3. digər köməkçi məqsədlər (heyvanların çimizdirilməsi, ilkin emal zamanı xammalın yuyulması və texnikanın soyudulması və s.).
12.2. Aqrar sahədə sudan səmərəli istifadə məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
12.2.1. suvarma şəbəkələrinin su itkilərini azaldan texnologiyalar əsasında qurulması və qapalı suvarma sistemlərinin genişləndirilməsi;
12.2.2. su ehtiyatlarından səmərəli istifadəni təmin edən suvarma sistemlərinin tətbiqi;
12.2.3. müxtəlif bitki növləri üzrə həmin bitkilərin bioloji xüsusiyyətlərinə uyğun olaraq suvarma minimumlarının və qrafiklərinin müəyyən edilməsi və onlara riayət edilməsi;
12.2.4. sudan istifadə limitlərinə riayət edilməsi;
12.2.5. su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə nəzarət edilməsi;
12.2.6. aqrar sahənin ehtiyacları üçün nəzərdə tutulan sututarların yaradılması;
12.2.7. aqrar sahədə istifadə olunmuş suların su obyektlərinə və ətraf mühitə zərərli təsirlərinin qarşısı alınaraq axıdılması, habelə təkrar istifadəsi.
12.3. Su obyektləri və su təsərrüfatı obyektlərinin aqrar sahənin ehtiyacları üçün istifadəsi ilə bağlı məsələlər həmçinin Azərbaycan Respublikasının Su Məcəlləsi, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 13. Aqrar sahədə istifadə edilən tikililər (qurğular) və digər obyektlər
13.1. Aqrar sahədə müxtəlif təyinatlı tikililərdən (qurğulardan) istifadə edilir.
13.2. Aqrar sahədə istifadə edilən tikililər (qurğular) aşağıdakılardır:
13.2.1. istixana kompleksləri;
13.2.2. heyvanların saxlanıldığı tikililər (tövlələr, quş damları və s.);
13.2.3. çoban evləri;
13.2.4. heyvanların qırxım və çimizdirilmə məntəqələri;
13.2.5. anbarlar (o cümlədən silolar və soyuducu anbarlar);
13.2.6. elevatorlar;
13.2.7. satış yerləri (bu Qanunun 23.2.4 – 23.2.6-cı maddələrində nəzərdə tutulan satış yerləri istisna olmaqla);
13.2.8. istehsal və ilkin emal tikililəri (kümxana, vətəgə, ilkin emal müəssisələri və s.);
13.2.9. aqrar sahəyə xidmət edən kommunikasiya və kommunal (elektrik, qaz, su-kanalizasiya) şəbəkələr;
13.2.10. suvarma infrastrukturuna aid tikililər (qurğular);
13.2.11. aqrar sahədə istifadə edilən digər tikililər (qurğular).
13.3. Kənd təsərrüfatı təyinatlı torpaqlarda torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı dəyişdirilmədən tikinti aparılması ilə bağlı məsələlər Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü və 13-1-ci maddələri ilə tənzimlənir.
13.4. Aqrar sahədə istifadə edilən digər obyektlərə köç yolları (heyvanların yaylaq-qışlaq marşrutları) və mal-qara düşərgələri, habelə sahələrarası yollar daxildir.
Maddə 14. İqlim dəyişiklikləri ilə mübarizə və dəyişikliklərə adaptasiya tədbirləri
14.1. Aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri aşağıdakılardır:
14.1.1. aqrar sahədə yaranan tullantıların idarə edilməsi və təkrar istifadəsi, habelə digər sahələrdə yaranan tullantıların idarə edilməsində aqrar sahənin imkanlarından istifadə edilməsi;
14.1.2. qoruyucu meşə zolaqlarının salınması;
14.1.3. istixana qazı emissiyalarının və ətraf mühitə mənfi təsirin azaldılmasına yönəldilmiş ekoloji təmiz və resursqənaətedici texnologiyaların, inteqrir bitki mühafizəsinin tətbiqi, habelə elektrik və digər aşağı emissiyalı kənd təsərrüfatı texnikasından istifadənin genişləndirilməsi;
14.1.4. elektrik mühərrikli kənd təsərrüfatı texnikasının tətbiqinin genişləndirilməsi;
14.1.5. heyvandarlığın regionlar üzrə planlaşdırılması zamanı istixana qazlarının emissiyasının udulma və tutulma imkanları nəzərə alınmaqla respublika üzrə paylanılması, habelə heyvandarlıqda mövcud emissiyanın azaldılması məqsədilə layihələrin təşviq edilməsi;
14.1.6. iqlim dəyişikliklərinin aqrar sahəyə mənfi təsiri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi;
14.1.7. aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
14.2. İqlim dəyişikliklərinə adaptasiya məqsədilə aqrar sahədə aşağıdakı tədbirlər həyata keçirilir:
14.2.1. iqlim dəyişikliklərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması və bu istiqamətdə layihələrin təşviqi;
14.2.2. təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması;
14.2.3. sudan səmərəli istifadə edilməsi, habelə alternativ su mənbələrindən istifadə imkanlarının genişləndirilməsi.
4-cü fəsil
BİTKİÇİLİK VƏ BİTKİ SAĞLAMLIĞI
Maddə 15. Bitkiçiliyin təşkili və inkişafı
15.1. Bitkiçiliyin təşkili və inkişafı məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
15.1.1. bitkiçilik məhsullarının istehsalı məqsədilə infrastrukturun yaradılması;
15.1.2. intensiv üsulun genişləndirilməsi;
15.1.3. yeni məhsuldar bitki sortlarının yaradılması və mövcud sortların yaxşılaşdırılması;
15.1.4. toxumların sertifikatlaşdırılması;
15.1.5. bitkiçilik üzrə informasiya-məsləhət xidmətlərinin göstərilməsi;
15.1.6. ölkə ərazisinin təbii amillər əsasında müxtəlif bitki növləri üzrə rayonlaşdırılması və bu amilin dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı nəzərə alınması;
15.1.7. növbəli və vahid əkin;
15.1.8. bitki sağlamlığının qorunması;
15.1.9. aqrotexniki xidmətlərin tətbiqi;
15.1.10. torpaq və su ehtiyatlarından səmərəli istifadə məqsədilə sututarların yaradılması, habelə torpağın aqrokimyəvi analizinin və suvarma suyunun analizinin aparılması;
15.1.11. bitkiçilikdə kadr potensialının və elmi təminatın gücləndirilməsi.
15.2. Bitki növləri üzrə aqrotexniki tələblər, onların rayonlaşdırılması qaydası, habelə ekstensiv və intensiv üsulların tətbiqi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15.3. Vahid əkin qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15.4. Bitki sağlamlığına dövlət nəzarəti və bitki sağlamlığı üzrə xidmətlər barədə bu Qanunla tənzimlənməyən məsələlər “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 16. Bitki sağlamlığı üzrə xidmətlərin təşkili
16.1. Bitki sağlamlığı üzrə xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə hüquqi və fiziki şəxslər tərəfindən göstərilir.
16.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən bitki sağlamlığı üzrə xidmətlər Sistemdə qeydiyyata alınır, izlənilir və təhlil edilir.
16.3. Bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsinə nəzarət “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin edilir.
Maddə 17. Bitki sağlamlığı üzrə xidmət göstərən fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri
17.1. Fiziki və hüquqi şəxslər tərəfindən bu Qanunun 26.1.10-cu maddəsində nəzərdə tutulmuş xidmət istisna olmaqla, bitki sağlamlığı üzrə istənilən digər xidmətlər göstərilə bilər.
17.2. Bitki sağlamlığı üzrə xidmət göstərən fiziki və hüquqi şəxslərin aşağıdakı hüquqları vardır:
17.2.1. aqrar məhsulun istehsalçılarına müqavilə əsasında xidmətlər göstərmək;
17.2.2. istehsal etdikləri və xaricdən gətirdikləri preparatların sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etmək;
17.2.3. normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
17.3. Bitki sağlamlığı üzrə xidmətlər göstərən fiziki və hüquqi şəxslərin vəzifələri aşağıdakılardır:
17.3.1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) uçota durmaq və normativ hüquqi aktlarda müəyyən edilmiş digər tələblərə əməl etmək;
17.3.2. bitki mühafizə vasitələrinin tətbiqinə dair dövlət standartlarının, bitki sağlamlığı və texnoloji normaların, reqlamentlərin və digər normativ sənədlərin tələblərini yerinə yetirmək;
17.3.3. istehsal və idxal etdikləri preparatların keyfiyyət göstəricilərinə və təhlükəsizliyinə zəmanət vermək;
17.3.4. istifadəyə yararsız pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin zərərsizləşdirilməsini və ya məhv edilməsini “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada təmin etmək;
17.3.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarlarına əməl etmək;
17.3.6. xidmət göstərdikləri obyektlərdə zərərli orqanizmlər aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək və onların yayılmasının qarşısını almaq üçün ilkin tədbirlər görmək;
17.3.7. bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) normativ hüquqi aktlarda müəyyən edilmiş tədbirləri icra etməsinə mane olmamaq, həmin tədbirlərin koordinasiyalı şəkildə icra edilməsində iştirak etmək, əkin sahələrinə və bitkiçilik məhsullarına baxış keçirilməsi və nümunələrin götürülməsi üçün şərait yaratmaq, habelə bitki sağlamlığı üzrə xidmətlər sahəsində həyata keçirdikləri işlər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
17.3.8. xidmət göstərdikləri obyektlərdə istehsal edilən bitki və bitkiçilik məhsullarının bitki sağlamlığı normalarına uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
17.3.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi bitki sağlamlığı üzrə tədbirlərin nümunəvi uçot və hesabat sənədlərindən və blanklarından istifadə etmək;
17.3.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçotunu aparmaq;
17.3.11. normativ hüquqi aktlarda müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
17.4. Bitki sağlamlığı üzrə xidmətlər göstərən fiziki və hüquqi şəxslər həmin xidmətlərə aqrar məhsul istehsalçılarının əlçatanlığının təmin edilməsi məqsədilə Sistemdə uçota alınırlar.
Maddə 18. Aqrar sahənin ehtiyacları üçün nəzərdə tutulan sututarların yaradılması
Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində su, torpaq, şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq aqrar sahənin ehtiyacları (suvarma, balıqçılıq və s.) üçün nəzərdə tutulan sututarlar yaradıla bilər.
Maddə 19. Torpağın aqrokimyəvi analizinin və suvarma suyunun keyfiyyət analizinin aparılması
19.1. Aqrar məhsul istehsalının səmərəliliyinin artırılması və torpaqların münbitliyinin qorunması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən mülki-hüquqi müqavilələr əsasında torpağın aqrokimyəvi və suvarma suyunun keyfiyyət analizləri aparılır.
19.2. Torpağın aqrokimyəvi və suvarma suyunun keyfiyyət analizinin aparılması üzrə müasir sınaq metodlarını ehtiva edən standartların qəbul edilməsi və tətbiqi həyata keçirilir.
5-ci fəsil
HEYVANDARLIQ VƏ HEYVAN SAĞLAMLIĞI
Maddə 20. Heyvandarlığın təşkili və inkişafı
20.1. Heyvandarlığın təşkili və inkişafı məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
20.1.1. yem məhsullarının istehsalı, yem ehtiyatının (birbaşa və ya heyvan yeminə çevrildikdən sonra istifadə edilə bilən bütün bitki, heyvan və mineral mənşəli, o cümlədən sənaye (sintetik) məhsullar) yaradılması;
20.1.2. yem payının (kənd təsərrüfatı heyvanlarının qidalı maddələrə tələbatına görə təyin edilmiş gündəlik yem məhsulları norması) tətbiqi;
20.1.3. kənd təsərrüfatı heyvanlarının cinslər üzrə rayonlaşdırılması və bu amilin dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı nəzərə alınması;
20.1.4. rayonlaşdırılmaya uyğun olaraq ixtisaslaşmış heyvandarlıq təsərrüfatlarının yaradılması;
20.1.5. heyvandarlıq üzrə informasiya-məsləhət xidmətlərinin həyata keçirilməsi;
20.1.6. yerli cinslərin genetik ehtiyatlarının müvafiq genbanklarda qorunub saxlanılması;
20.1.7. məhsuldar heyvan cinslərinin yerli şəraitə uyğunlaşdırılması;
20.1.8. heyvan sağlamlığının qorunması;
20.1.9. müəyyən çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməməsi;
20.1.10. heyvandarlıqda innovativ üsulların tətbiqi.
20.2. Damazlıq işinin təşkili “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
20.3. Örüş, otlaq və biçənəklərin istifadə vəziyyətinə dair məlumatlar Sistemdə qeydiyyata alınır, izlənilir və təhlil edilir.
20.4. Kənd təsərrüfatı heyvanlarının növləri və cinsləri üzrə zootexniki normalar, kəsim üçün yol verilən minimal çəki və yaş hədləri, ekstensiv, yarımintensiv və intensiv üsulların tətbiqi meyarları, habelə heyvandarlıq təsərrüfatlarının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 21. Heyvan sağlamlığı
21.1. Heyvan sağlamlığı ilə bağlı münasibətlər “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
21.2. Heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, habelə baytarlıq xidmətlərini göstərən fiziki və hüquqi şəxslərin heyvan sağlamlığı üzrə vəzifələri aşağıdakılardır:
21.2.1. Kənd təsərrüfatı heyvanlarının saxlanılması, onlara qulluq göstərilməsi, yemləndirilməsi və sağlamlığının qorunmasının onların təhlükəsizliyi, fizioloji tələbləri və davranış ehtiyacları nəzərə alınmaqla təmin edilməsi;
21.2.2. kənd təsərrüfatı heyvanlarının daşınmasının onların sağlamlığına zərər vurmayan və daşınmadan irəli gələn gərginliyin minimuma endirilməsini təmin edən üsul və vasitələrlə həyata keçirilməsi;
21.2.3. kənd təsərrüfatı heyvanlarının kəsim üçün yol verilən minimum çəki və yaş həddinə riayət edilməsi.
6-cı fəsil
KƏND YERLƏRİNİN AQRAR BAXIMDAN İNKİŞAFI
Maddə 22. Kənd yerlərinin aqrar baxımdan inkişafı
22.1. Kənd yerlərinin aqrar baxımdan inkişafı aşağıdakı vasitələrlə həyata keçirilir:
22.1.1. kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və torpaqların mühafizəsi;
22.1.2. kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası və torpaqdan istifadənin optimallaşdırılması;
22.1.3. aqrar kooperativlərin və aqrar sahə subyektlərinin birləşdiyi ictimai birliklərin yaradılmasının və fəaliyyətinin təşviqi;
22.1.4. aqrar məhsulun daxili və xarici bazarlara çıxışının, satış infrastrukturunun və ticarət əlaqələrinin inkişaf etdirilməsi;
22.1.5. aqroturizmin və kənd təsərrüfatı ilə əlaqəli alternativ iqtisadi fəaliyyət növlərinin inkişafı;
22.1.6. aqrar sahə subyektlərinə aqrar xidmətlər göstərilməsi və həmin xidmətlərin əlçatanlığının artırılması;
22.1.7. aqrar sahə subyektlərinə münasibətdə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi;
22.1.8. aqrar məhsulun müqavilə əsaslı istehsalının tətbiqi və genişləndirilməsi;
22.1.9. müasir suvarma sistemləri, rəqəmsal həllər və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi;
22.1.10. aqroparkların, aqroklasterlərin, aqrar məhsulun ilkin emalı, saxlanması və logistika infrastrukturunun yaradılmasının və inkişafının təşviqi;
22.1.11. aqrar sahədə insan kapitalının inkişafı, peşə bacarıqlarının artırılması və aqrar məsləhət xidmətlərinin gücləndirilməsi;
22.1.12. aqrar məhsulun daşınması və saxlanması məqsədilə daşınma və anbar xidmətlərinin yaradılması və təşviqi;
22.1.13. aqrar məhsulun çeşidlənməsi, qablaşdırılması və dövriyyəyə hazırlanması üzrə infrastrukturun inkişaf etdirilməsi.
22.2. Aqrar məhsulun müqavilə əsaslı istehsalına və tədarükünə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 23. Aqrar məhsulların satış yerləri
23.1. Aqrar məhsulların topdan və pərakəndə alqı-satqısı müxtəlif yerlərdə (aqrar məhsulların satış yerləri) həyata keçirilir.
23.2. Aqrar məhsulların satış yerlərinə aşağıdakılar aiddir:
23.2.1. aqrar məhsul bazarı;
23.2.2. aqrar məhsulların və digər qida məhsullarının satış yarmarkası;
23.2.3. fermer mağazası;
23.2.4. səyyar satış yerləri;
23.2.5. elektron platformalar;
23.2.6. qanunla qadağan edilməyən digər yerlər.
Maddə 24. Aqrar kooperativlər və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklər
24.1. Aqrar kooperativlərə dair münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir.
24.2. Aqrar kooperativlər təkbaşına (kooperativ satış yerləri) və digər subyektlərlə (başqa aqrar kooperativlər, aqrar tədarükçülər, dövlət və bələdiyyə orqanları, fiziki və hüquqi şəxslər) birlikdə satış yerləri təşkil edə, habelə aqrar məhsul bazarında ticarət yerləri əldə edə bilərlər.
24.3. Aqrar kooperativlərin satış yerlərində yalnız aqrar məhsul istehsalçılarının istehsal etdiyi məhsulun satışına yol verilir.
24.4. Aqrar kooperativlərin satış yerlərinin təşkili və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
24.5. Aqrar məhsul bazarlarında aqrar kooperativlərə satış yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
24.6. Aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərə dair münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.
Maddə 25. Aqroturizmin inkişafı
25.1. Aqroturizm fəaliyyəti aqrar məhsul istehsalçıları tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
25.2. Aqroturizmin inkişaf istiqamətləri aşağıdakılardır:
25.2.1. aqroturizm fəaliyyətinin təşviq edilməsi, dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi;
25.2.2. aqroturizm sahəsində ixtisaslaşmış ictimai birliklərin fəaliyyətinə dəstək göstərilməsi;
25.2.3. aqroturizm sahəsində dövlət-özəl tərəfdaşlığı modelinin yaradılması və dəstəklənməsi;
25.2.4. aqroturizm sahəsində uçot, statistika, təhlil və tədqiqatların aparılması;
25.2.5. kənd yerlərində zəruri turizm infrastrukturunun yaradılması, turizm potensialının artırılması və müxtəlif aqroturizm məhsullarının formalaşması üçün lazımi şəraitin yaradılması;
25.2.6. aqroturizm sahəsində informasiya-məsləhət xidmətlərinin göstərilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
25.2.7. aqroturizm sahəsində müsabiqələr keçirilməsi və fərqləndirici nişanların verilməsi;
25.2.8. aqroturizm sahəsində sertifikasiya mexanizminin formalaşdırılması;
25.2.9. aqroturizm sahəsində təhsil və təlim proqramlarının həyata keçirilməsi.
Maddə 26. Aqrar xidmətlərin göstərilməsi
26.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aqrar sahədə aşağıdakı xidmətlər göstərilir:
26.1.1. Sistem vasitəsilə elektron qaydada qeydiyyatın həyata keçirilməsi, məlumat və məsləhətlərin verilməsi;
26.1.2. seleksiya nailiyyətinə patentin və müəlliflik şəhadətnaməsinin verilməsi;
26.1.3. heyvanların parazitlərə qarşı işlənməsi və dehelmintizasiyası (insan və ya heyvanların bədənindən parazit qurdların (helmintlərin) təmizlənməsi üçün aparılan müalicə və profilaktika tədbiri);
26.1.4. heyvanlardan patoloji materialların götürülməsi;
26.1.5. profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması;
26.1.6. heyvanların müayinəsi, müalicəsi və profilaktikası;
26.1.7. fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində müayinələr, müşahidələr aparılması, profilaktika və bitki mühafizəsi sahəsində digər xidmətlərin həyata keçirilməsi;
26.1.8. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələrin verilməsi;
26.1.9. əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması;
26.1.10. karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi;
26.1.11. bu Qanunun 4.1.20-ci maddəsində nəzərdə tutulan zərərli orqanizmlər istisna olmaqla, digər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi;
26.1.12. fiziki və hüquqi şəxslərin müraciətləri əsasında fitosanitar karantin baxışının, müayinəsinin və ekspertizasının aparılması;
26.1.13. bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində (texniki vasitələr istisna olmaqla) toksikoloji analizlərin aparılması;
26.1.14. torpağın aqrokimyəvi analizinin və suvarma suyunun keyfiyyət analizinin aparılması;
26.1.15. toxum istehsalçılarının qeydiyyatının aparılması;
26.1.16. toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi;
26.1.17. traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri üzrə:
26.1.17.1. dövlət qeydiyyatına və təkrar dövlət qeydiyyatına alınması, daimi uçotdan çıxarılması;
26.1.17.2. yararsız vəziyyətə düşmüş dövlət qeydiyyat şəhadətnamələrinin və ya dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi;
26.1.17.3. dövlət qeydiyyat şəhadətnamələri və ya dövlət qeydiyyat nişanları itdikdə dövlət qeydiyyat şəhadətnamələrinin dublikatının və ya yeni dövlət qeydiyyat nişanlarının verilməsi;
26.1.17.4. sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi;
26.1.17.5. müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması;
26.1.17.6. dövlət texniki baxışının keçirilməsi;
26.1.17.7. daşınar əmlakın rəsmi reyestrindən məlumatların verilməsi və silinməsi;
26.1.17.8. ipotekasının dövlət qeydiyyatının aparılması və ləğv edilməsi;
26.1.18. damazlıq heyvandarlıq təsərrüfatlarının uçota alınması;
26.1.19. torpaqların məqsədli təyinatının və kateqoriyasının dəyişdirilməsi ilə bağlı rəy verilməsi;
26.1.20. aqrar məhsulun yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyata alınması;
26.1.21. xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi;
26.1.22. balıqovlama biletinin və akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;
26.1.23. vahid əkinin həyata keçirilməsinə təşkilati və metodoloji dəstək göstərilməsi;
26.1.24. aqrar subsidiyaların verilməsi;
26.1.25. istehsalçıların və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı satınalmalarda iştirakının təmin olunması;
26.1.26. kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, maliyyə icarəsinə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi;
26.1.27. güzəştli kreditlərin maliyyələşdirilməsi.
26.2. Bu Qanunun 26.1.2-ci, 26.1.15 – 26.1.17-ci və 26.1.22-ci maddələrində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
26.3. Bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bu Qanunun 26.1-ci maddəsində nəzərdə tutulan xidmətlər çərçivəsində aqrar sahədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişli əsaslarla göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
7-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 27. Bu Qanunun tələblərinin pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Maddə 28. Bu Qanunun qüvvəyə minməsi
28.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
28.2. Bu Qanun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının “Taxıl haqqında” 2000-ci il 16 iyun tarixli 898-IQ nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491 (Cild I); 2024, № 2, maddə 132; 2026, № 6, maddə 488), “Çayçılıq haqqında” 2002-ci il 17 dekabr tarixli 402-IIQ nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881 (Cild I); 2024, № 4, maddə 365; 2026, № 6, maddə 488), “Pambıqçılıq haqqında” 2010-cu il 11 may tarixli 1012-IIIQ nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 576 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 7, maddə 612; 2026, № 6, maddə 488) və “Kənd təsərrüfatı kooperasiyası haqqında” 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1231 (Cild I); 2024, № 4, maddə 365; 2026, № 6, maddə 488) qanunları ləğv edilir.
Azərbaycan Respublikasının Prezidenti

