“Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
16 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331; 2025, № 4 (I kitab), maddə 316, № 12 (I kitab), maddə 1129) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 18. Ətraf mühitin istehsalat monitorinqi
1. Ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemidir. Təbiətdən istifadəçilər (“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar.
2. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.
3. Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim edilir.”;
1.2. 70-ci maddənin ikinci hissəsində, 71-ci maddənin 2.10-cu bəndində, 72-ci maddənin adında və mətnində “müəssisə (istehsalat)” sözləri “istehsalat” sözü ilə əvəz edilsin.
Maddə 2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1397 (Cild I) 12.1.4-cü maddəsində “və ƏMTQ-nin nəticələri ilə tanış etmək” sözləri “, ƏMTQ-nin nəticələri ilə tanış etmək və ƏMTQ sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana (quruma) təqdim etmək” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti

