“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
16 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984 (Cild I); 2024, № 2, maddə 138) 48-1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 48-1. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması
48-1.1. Mərkəzi Bank “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş maliyyə institutlarına və onların daxil olduğu maliyyə qruplarına münasibətdə həmin Qanunda və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir.
48-1.2. Mərkəzi Bank cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi risklərini dövri olaraq qiymətləndirir, eləcə də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 (qırx) faiz və ya daha çox artım olduqda) qiymətləndirməni təkrar həyata keçirir.
48-1.3. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə maliyyə institutlarından və ya maliyyə qruplarından sənəd və məlumatları tələb etməkhüququna malikdir.
48-1.4. Mərkəzi Bank tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:
48-1.4.1. maliyyə institutlarının və ya maliyyə qruplarının risk profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və prosedurları;
48-1.4.2. ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri;
48-1.4.3. maliyyə institutlarının və (və ya) maliyyə qruplarının xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.
48-1.5. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçirilir.”.
Azərbaycan Respublikasının Prezidenti

