“Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Qanun layihələri
16 oktyabr 2026
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
16 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 1, maddə 1, № 4 (I kitab), maddə 318, № 5, maddə 432; 2026, № 2, maddə 111; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 41.2.18-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 41.2.19-cu maddə əlavə edilsin:
“41.2.19. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sekyuritizasiya zamanı – sekyuritizasiya şirkətinə.”.
Maddə 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 613) aşağıdakı dəyişikliklər edilsin:
2.1.1.0.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.32 – 1.0.35-ci maddələr əlavə edilsin:
“1.0.32. sekyuritizasiya – bu Qanunun 74-5.1-ci maddəsində göstərilən aktivlərin sekyuritizasiya şirkəti tərəfindən¬ aktivlərin satıcısından geri almaq tələbi olmadan (bu Qanunun 74-9.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) satın alınması və həmin aktivlər əsasında sekyuritizasiya istiqrazlarının emissiya edilməsi prosesi;
1.0.33. sekyuritizasiya planı – hər bir sekyuritizasiya prosesi ilə bağlı məlumatları əhatə edən və bu Qanunun 74-10-cu maddəsinə uyğun olaraq tərtib və təsdiq edilmiş plan;
1.0.34. sekyuritizasiya istiqrazı – sekyuritizasiya şirkəti tərəfindən buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqraz;
1.0.35. aktivlərin satıcısı – sekyuritizasiya planına uyğun olaraq sekyuritizasiyanın predmeti olan aktivləri sekyuritizasiya şirkətinə satan hüquqi şəxs.”;
2.2.61.14-cü maddənin ikinci cümləsinə “şəxslərin” sözündən sonra “, habelə aktivlərin satıcısının” sözləri əlavə edilsin;
2.3.aşağıdakı məzmunda 8-2-ci fəsil əlavə edilsin:
“8-2-ci fəsil
Sekyuritizasiya
Maddə 74-5. Sekyuritizasiyanın predmeti
74-5.1 Sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və ya faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti qismində çıxış edə bilən digər pul tələblərini müəyyən etmək hüququna malikdir.
74-5.2 Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borclar, həmçinin üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti ola bilməz.
74-5.3 Sekyuritizasiyanın predmeti olan aktivlər bu Qanunun 74-8-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur. Sekyuritizasiyanın predmeti olan aktivlər digər şəxslərin xeyrinə yüklü edilə, həmin aktivlər üzərinə sekyuritizasiya istiqrazı mülkiyyətçilərindən başqa, digər kreditorların tələblərinin ödənilməsi üçün həbs qoyula və həmin aktivlər üzrə tələb yönəldilə bilməz.
74-5.4 Sekyuritizasiya predmetinin bu Qanunun tələblərinə uyğunluğu sekyuritizasiya planının təsdiqi zamanı bu Qanunun 61.14-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən kənar auditor tərəfindən, sekyuritizasiya planının qüvvədə olduğu müddətdə isə xidmət agenti tərəfindən yoxlanılır.
74-5.5. Bu Qanunun 8-2-ci fəslinin tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilən ipoteka istiqrazlarının emissiyasına şamil edilmir.
74-5.6. Sekyuritizasiya istiqrazları bu Qanunun 74-12.1-ci və 74-12.2-ci maddələri nəzərə alınmaqla, yalnız institusional investorlar tərəfindən əldə edilə bilər.
74-5.7. Sekyuritizasiya predmetinə dair digər tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Maddə 74-6. Sekyuritizasiya şirkəti
74-6.1 Sekyuritizasiya şirkəti fəaliyyətinin müstəsna predmeti bu Qanuna uyğun olaraq, sekyuritizasiya fəaliyyətinin həyata keçirilməsi olan kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətini həyata keçirmək hüququna yalnız bu Qanunun 74-10-cu maddəsinə əsasən sekyuritizasiya planı təsdiq olunmuş hüquqi şəxslər malikdirlər.
74-6.2. Sekyuritizasiya şirkətinin adında “sekyuritizasiya şirkəti” sözləri olmalıdır.
74-6.3. Siyahısı bu Qanunun 62.3-cü maddəsinə uyğun olaraq müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış şəxslər və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri, belə zonalarda qeydiyyata alınmış şəxslər sekyuritizasiya şirkətinin paylarına birbaşa və ya dolayı yolla sahib ola bilməzlər. Sekyuritizasiya şirkətinə edilən ödənişlər həmin şirkətin bank hesabı vasiləsilə həyata keçirilir.
74-6.4. Sekyuritizasiya şirkətinin emissiya etdiyi sekyuritizasiya istiqrazlarını geri almaq hüququ yoxdur.
Maddə 74-7. Xidmət agenti
74-7.1. Xidmət agenti sekyuritizasiya şirkəti ilə bağlanmış müqaviləyə əsasən bu Qanunun 74-7.3-cü maddəsində nəzərdə tutulan vəzifələri həyata keçirir. Xidmət agenti qismində aktivlərin satıcısı, habelə kredit, maliyyə icarəsi və ya faktorinq təşkilatı ola bilər. Xidmət agenti sekyuritizasiya şirkətinə aidiyyəti şəxs ola bilməz.
74-7.2. Xidmət agenti sekyuritizasiya planında müəyyənləşdirilir.
74-7.3. Xidmət agenti aşağıdakı vəzifələri həyata keçirir:
74-7.3.1. sekyuritizasiya predmetinin bu Qanunun tələblərinə uyğunluğunun yoxlanması;
74-7.3.2. pul tələbləri üzrə əsas məbləğlərin və digər ödənişlərin borclulardan tələb edilməsi, pul tələblərinin təminat hesabına ödənilməsi üçün tədbirlərin görülməsi və sekyuritizasiya şirkətinin hesabına ödənilən vəsaitlərin uçotunun aparılması;
74-7.3.3. aktivlərdən daxil olan pul vəsaitlərinin sekyuritizasiya planına uyğun bölüşdürülməsi və sekyuritizasiya istiqrazı mülkiyyətçilərinə ödənişlərin həyata keçirilməsi;
74-7.3.4.bu Qanunun 74-8-ci maddəsinə əsasən aparılan sekyuritizasiya istiqrazları üzrə sekyuritizasiya predmeti olan aktivlərin reyestrinə nəzarətin həyata keçirilməsi, aktivlərin reyestrdən çıxarılması və ya başqa aktivlə əvəz edilməsinə dair müraciətlərə baxılması.
74-7.4. Xidmət agenti sekyuritizasiya predmetində aşkar etdiyi, lakin aktivlərin satıcısı tərəfindən bu Qanunun 74-9.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aradan qaldırılmamış pozuntular barədə bildirişi pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin bitməsindən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim etməli və mediada açıqlamalıdır. Mərkəzi Bank bildirişi aldığı gündən 3 (üç) iş günü müddətində onu öz internet informasiya ehtiyatında yerləşdirir.
74-7.5. Xidmət agenti bu Qanunla xidmət agentinə dair müəyyən edilmiş tələblərə cavab vermədikdə, vəzifələrinin icrası zamanı pozuntulara yol verdikdə, ona verilmiş lisenziya (olduqda) ləğv edildikdə, müflis elan edildikdə və ya ləğv edildikdə sekyuritizasiya şirkəti yeni xidmət agentinin müəyyən edilməsi ilə bağlı sekyuritizasiya planına müvafiq dəyişikliklər edərək 10 (on) iş günü müddətində razılaşdırılması üçün Mərkəzi Banka təqdim edir.
74-7.6. Bu Qanunun 74-7.5-ci maddəsində qeyd edilmiş dəyişiklik üzrə müraciətə Mərkəzi Bank tərəfindən 10 (on) iş günü müddətində baxılır və bu Qanunun 74-10.6-cı maddəsində müəyyən edilən hallar aşkarlanmadıqda sekyuritizasiya planına dəyişiklik təsdiq edilir və ya 74-10.6-cı maddəsində müəyyən edilən hallarda dəyişiklikdən imtina edilir.
74-7.7. Xidmət agentinin fəaliyyətinə dair əlavə tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.
Maddə 74-8. Sekyuritizasiyanın predmeti olan aktivlərin reyestri
74-8.1. Sekyuritizasiya şirkəti sekyuritizasiya istiqrazlarının buraxılışı haqqında qərar qəbul etdikdə həmin istiqrazlar üzrə sekyuritizasiya predmeti olan aktivlərin kağız və ya elektron formada reyestrini xidmət agentinin nəzarəti altında yaratmalı və aparmalıdır. Aktivlərin reyestrinə daxil edilməli məlumatların dairəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur.
74-8.2. Sekyuritizasiya predmeti olan aktivlərin reyestri sekyuritizasiya istiqrazlarının buraxılışının dövlət qeydiyyatına alınması barədə müraciətlə birlikdə, reyestrdə edilmiş dəyişikliklər isə müvafiq dəyişiklik edildikdən sonra 5 (beş) iş günü müddətində Mərkəzi Banka təqdim edilməlidir.
74-8.3. Sekyuritizasiya predmeti olan aktivlər yalnız xidmət agentinin razılığı ilə reyestrdən çıxarıla və ya başqa aktivlə əvəz edilə bilər. Xidmət agenti sekyuritizasiya şirkətinin bu barədə müraciətinə 5 (beş) iş günü müddətində baxmalı və nəticəsini yazılı formada bildirməlidir.
Maddə 74-9. Aktivlərin sekyuritizasiya şirkətinə satışı
74-9.1. Sekyuritizasiyanın predmeti olan aktivlərin sekyuritizasiya şirkətinə satışı aktivlərin satıcısı ilə sekyuritizasiya şirkəti arasında tələbin güzəşti qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə həyata keçirilir. Aktivlərin sekyuritizasiya şirkətinə satılması prosesinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
74-9.2. Aktivlərin satıcısı sekyuritizasiya şirkəti ilə alqı-satqı müqaviləsi imzaladığı zaman başa çatmış son maliyyə ili üzrə audit yoxlamasından keçmiş (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatına malik olmalıdır.
74-9.3. Sekyuritizasiya şirkəti tərəfindən alınmış aktivlərin dəyəri sekyuritizasiya istiqrazlarının yerləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitlər hesabına ödənilir.
74-9.4. Sekyuritizasiya şirkəti tərəfindən sekyuritizasiya istiqrazlarının yerləşdirilməsi başa çatdıqdan 30 (otuz) gün müddətində bu Qanunun 74-9.1-ci maddəsində qeyd edilən alqı-satqı müqaviləsində nəzərdə tutulmuş satış məbləği aktivlərin satıcısına ödənilir. Sekyuritizasiya istiqrazlarının yerləşdirilməsi baş tutmadıqda alqı-satqı müqaviləsinə xitam verilir və aktivlər üzrə mülkiyyət hüququ aktivlərin satıcısına keçir.
74-9.5. Bu Qanunun 74-5-ci maddəsi ilə müəyyən edilmiş tələbin pozulması faktı aşkar edildikdə pozuntunun aşkarlandığı tarixdən 10 (on) təqvim günü müddətində aktivlərin satıcısı bu Qanunun 74-5-ci maddəsinin tələblərinə uyğun olmayan aktivləri müvafiq tələblərə uyğun aktivlərlə əvəz etməli, bu mümkün olmadıqda isə geri almalıdır.
74-9.6. Sekyuritizasiya şirkəti ilə aktivlərin satıcısı arasında alqı-satqı müqaviləsi bu Qanunun 74-10-cu maddəsinə uyğun olaraq sekyuritizasiya planının təsdiq edildiyi andan qüvvəyə minir və həmin müqavilə ilə ötürülən aktivlər üzrə mülkiyyət hüququ sekyuritizasiya şirkətinə alqı-satqı müqaviləsinin qüvvəyə mindiyi andan keçir.
74-9.7. Alqı-satqı müqaviləsi qüvvəyə mindikdən sonra 5 (beş) iş günü müddətində aktivlərin satıcısı tərəfindən borclulara bu barədə yazılı məlumat təqdim edilir.
74-9.8. Xidmət agenti qismində aktivlərin satıcısı çıxış etdikdə aktivlərin satışı barədə borclulara yazılı məlumatın təqdim edilməsi tələb olunmur.
74-9.9. Sekyuritizasiya şirkəti və xidmət agenti öz fəaliyyətində dövlət, kommersiya, vergi, bank sirri, habelə qanunla qorunan digər məlumatların məxfilik rejiminə riayət edir.
Maddə 74-10. Sekyuritizasiya planı və onun təsdiq edilməsi
74-10.1. Sekyuritizasiya şirkəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra sekyuritizasiya planını tərtib edir. Hər bir sekyuritizasiya prosesi Mərkəzi Bank tərəfindən təsdiq edilmiş sekyuritizasiya planı ilə müşayiət olunur. Sekyuritizasiya planına dair tələblər və onun təsdiq edilməsinə dair sənəd və məlumatların dairəsi Mərkəzi Bank tərəfindən müəyyən olunur.
74-10.2. Baza emissiya prospektinin tərtib edildiyi hallar istisna olmaqla, sekyuritizasiya şirkəti tərəfindən emissiya edilən sekyuritizasiya istiqrazlarının tədavül müddəti başa çatmadan həmin şirkət tərəfindən digər sekyuritizasiya istiqrazlarının emissiyasına yol verilmir.
74-10.3. Təsdiq edilmiş sekyuritizasiya planı çərçivəsində sekyuritizasiya istiqrazlarının tədavül müddəti başa çatdıqdan sonra sekyuritizasiya şirkəti bu Qanunun 74-10-cu maddəsinə uyğun olaraq sekyuritizasiya planının təsdiq edilməsi yolu ilə yeni sekyuritizasiya prosesinə başlaya bilər.
74-10.4. Sekyuritizasiya planının təsdiq edilməsi üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
74-10.5. Mərkəzi Bank sekyuritizasiya planının təsdiq edilməsi üçün müraciətə onun təqdim edildiyi tarixdən 20 (iyirmi) iş günü müddətində baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə müraciət edənlərə 10 (on) iş günü müddətində bildiriş göndərilir və bu çatışmazlıqların aradan qaldırılması təklif edilir. Bu təklif 10 (on) iş günü müddətində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu maddədə nəzərdə tutulan 20 (iyirmi) iş günü müddətinin axımını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra müddətin axımı bərpa olunur.
74-10.6. Sekyuritizasiya planının təsdiq edilməsi üçün tələb olunan sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki çatışmazlıqlar bu Qanunun 74-10.5-ci maddəsinə uyğun qaydada aradan qaldırılmadıqda Mərkəzi Bank sekyuritizasiya planının təsdiq edilməsindən imtina edir.
74-10.7. Mərkəzi Bank sekyuritizasiya planının təsdiq edilməsi üçün müraciətə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə 2 (iki) iş günü müddətində göndərir. Sekyuritizasiya planının təsdiq edilməsindən imtina edilməsi ilə bağlı Mərkəzi Bankın qərarından normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.
74-10.8. Sekyuritizasiya planının Mərkəzi Bank tərəfindən təsdiq edildiyi tarixdən etibarən 60 (altmış) iş günü müddətində sekyuritizasiya istiqrazlarının buraxılışının dövlət qeydiyyatına alınması barədə müraciət Mərkəzi Banka təqdim olunmalıdır. Sekyuritizasiya istiqrazlarının buraxılışının dövlət qeydiyyatına alınması barədə müraciət bu müddətdə təqdim edilmədikdə sekyuritizasiya planı qüvvədən düşmüş hesab edilir.
74-10.9. Sekyuritizasiya planında qeyd edilən məlumatların dürüstlüyünə şübhə olduqda Mərkəzi Bank sekyuritizasiya şirkətindən əlavə məlumat və sənədlər tələb etmək hüququna malikdir.
Maddə 74-11. Sekyuritizasiya istiqrazlarının buraxılması
74-11.1. Sekyuritizasiya istiqrazları bu Qanunun 2-ci fəslinə uyğun olaraq bir buraxılışla və ya baza emissiya prospekti əsasında bir neçə buraxılışla emissiya edilə bilər.
74-11.2.Sekyuritizasiya istiqrazlarının baza emissiya prospekti əsasında bir neçə buraxılışla emissiyası nəzərdə tutulduqda sekyuritizasiya şirkəti baza emissiya prospektində hər buraxılış üzrə sekyuritizasiya istiqrazlarının faiz və əsas məbləğinin ödənilməsi, həmçinin sekyuritizasiya şirkətinin ləğv edilməsi zamanı üstünlük hüquqlarını müəyyən edir.
Maddə 74-12. Risklərin idarə edilməsi üzrə tələblər
74-12.1. Aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında sekyuritizasiya istiqrazlarının azı 5 faizini əldə etməli və həmin istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır.
74-12.2. Sekyuritizasiya istiqrazlarının baza emissiya prospekti əsasında bir neçə buraxılışla yerləşdirilməsi nəzərdə tutulduqda aktivlərin satıcısı daha aşağı kredit reytinqinə malik sekyuritizasiya istiqrazlarının, kredit reytinqi olmadıqda isə kredit riski daha yüksək olan sekyuritizasiya istiqrazlarının azı 5 faizini əldə etməli və həmin istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır.
74-12.3. Sekyuritizasiya istiqrazları birdən çox aktiv satıcısına məxsus aktivlər hesabına emissiya edildikdə bu Qanunun 74-12.1-ci və 74-12.2-ci maddələrinin tələbi hər bir aktiv satıcısı tərəfindən sekyuritizasiya şirkətinə ötürülən aktivlərin məbləğinə mütənasib olaraq tətbiq edilir.
74-12.4. Bu Qanunun 74-12.1-ci və 74-12.2-ci maddələrində nəzərdə tutulan həcmdə sekyuritizasiya istiqrazlarının tədavül müddətinin sonuna qədər özgəninkiləşdirilməsi və ya həmin istiqrazlara hər hansı digər formada sərəncam verilməsi qadağan edilir.
74-12.5. Risklərin idarə edilməsinə dair əlavə tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir
74-12.6. Sekyuritizasiya istiqrazına tam və qeyd-şərtsiz dövlət zəmanəti verildikdə və ya Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən təminat verildikdə risklərin idarə edilməsi üzrə tələblər tətbiq edilmir.
Maddə 74-13. Hesabat və məlumatların təqdim edilməsinə dair tələblər
74-13.1. Sekyuritizasiya şirkəti aktivlər üzrə pul tələblərinin qalığı və sekyuritizasiya istiqrazları üzrə ödənişlər barədə rüblük əsasda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada Mərkəzi Banka və sekyuritizasiya istiqrazının mülkiyyətçilərinə məlumat təqdim edir.”;
2.4. 83-cü maddə üzrə:
2.4.1. aşağıdakı məzmunda 83.1.4-1-ci maddə əlavə edilsin:
“83.1.4-1.sekyuritizasiya planını təsdiq etmək, sekyuritizasiya şirkətlərinin və xidmət agentinin sekyuritizasiya ilə bağlı fəaliyyətinə nəzarət etmək;”;
2.4.2. 83.3-cü maddəyə “şəxslər” sözündən sonra “, sekyuritizasiya şirkəti, xidmət agenti” sözləri, birinci halda “şəxslərin” sözündən sonra “, sekyuritizasiya şirkətinin, xidmət agentinin” sözləri əlavə edilsin;
2.5. 86-cı maddə üzrə:
2.5.1. 86.1-ci maddəyə “depozitarın” sözündən sonra “, sekyuritizasiya şirkətinin, xidmət agentinin” sözləri əlavə edilsin;
2.5.2. 86.2-ci maddəyə “depozitardan” sözündən sonra “, sekyuritizasiya şirkətindən, xidmət agentindən” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti

