Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19, № 3, maddə 211, № 5 (I kitab), maddələr 390, 391, 398, № 7 (l kitab), maddələr 613, 619) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 99-4-cü maddə üzrə:
1.1.1. 99-4.5-ci maddəyə “303.2,” rəqəmlərindən sonra “306,” rəqəmləri əlavə edilsin;
1.1.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu Məcəllənin 306-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq edilir.”;
1.2. 189-1.3-cü və 189-1.4-cü maddələrin dispozisiyasında “təbii qaz, su, elektrik və ya istilik enerjisi” sözləri “qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatorunun, istilik enerjisi paylayıcısının, habelə su” sözləri ilə əvəz edilsin;
1.3. 314-4-cü maddənin dispozisiyasında “təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı” sözləri “ötürücü və ya paylayıcı sistem operatorunun, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatorunun, istilik enerjisi paylayıcısının, habelə su təchizatı, kanalizasiya” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19, № 3, maddələr 202, 212, № 5 (I kitab), maddə 392, № 7 (l kitab), maddələr 600, 619, № 8, maddə 769; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 43.1-ci maddəyə “602-4,” rəqəmlərindən sonra “602-5, 602-6,” rəqəmləri əlavə edilsin;
2.2. 54.2-ci maddənin birinci cümləsinə “594-2,” rəqəmlərindən sonra “594-3,” rəqəmləri, “602-2.4,” rəqəmlərindən sonra “602-5,” rəqəmləri əlavə edilsin;
2.3. 62.2.5-ci maddəyə “yardımdan” sözündən sonra “, habelə “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardımdan” sözləri əlavə edilsin;
2.4. 66.3-cü maddənin birinci cümləsinə “yardım” sözündən sonra “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin;
2.5. 82-ci maddə üzrə:
2.5.1. aşağıdakı məzmunda 82.2.4-1-ci maddə əlavə edilsin:
“82.2.4-1. fiziki xüsusiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə göndərilməsi mümkün olmayan tədqiqat obyektlərinin ekspertə poçt vasitəsilə və ya bilavasitə təqdim ediləcəyi haqqında qeyd;”;
2.5.2. 82.2-2-ci, 82.2-3-cü maddələrdə, 82.2-4-cü maddənin ikinci cümləsində, 82.2-5-ci maddənin birinci cümləsində və 82.2-6-cı maddənin ikinci cümləsində “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
2.5.3. 82.2-7-ci maddə üzrə:
2.5.3.1. ikinci və üçüncü cümlələrdə “maddəsində” sözü “maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
2.5.3.2. aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Bu Məcəllənin 82.2-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş şəxslərin (bu Məcəllə ilə müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış) hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılmasında iştirak etməməsi tədqiqatın dayandırılması və ya təkrarlanması üçün əsas deyildir.”;
2.5.4. aşağıdakı məzmunda 82.2-8-ci maddə əlavə edilsin:
“82.2-8. Hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılan zaman hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və bu Məcəllənin 82.2-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş şəxslərin hadisə yerinə və ya tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olmasını, tədqiqatın aparılmasını təmin edir.”;
2.5.5. 82.5-ci və 82.7-ci maddələrin birinci cümlələrinə “olduğu” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri isə məhkəmə ekspertizası idarələrinə təqdim edildiyi” sözləri əlavə edilsin;
2.6. 122-ci maddə üzrə:
2.6.1. 122.1-ci maddənin birinci cümləsinə “339.1-1,” rəqəmlərindən sonra “342.6,” rəqəmləri, “353.5” rəqəmlərindən sonra “, 428.5” rəqəmləri əlavə edilsin;
2.6.2. 122.4-cü maddədə “və 346-cı” sözləri “, 342.6, 346 və 428.5-ci” sözləri ilə əvəz edilsin;
2.7. 150.13-1-ci maddədən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu” sözləri çıxarılsın;
2.8. 239-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 239. Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın təqdim edilməməsi
Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vaxtında təqdim edilməməsinə görə –
vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.”;
2.9. aşağıdakı məzmunda 239-1-ci maddə əlavə edilsin:
“Maddə 239-1. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi məqsədilə təqdim edilməməsi
Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana (quruma) təqdim edilməməsinə görə –
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.”;
2.10. 26-cı fəslin adına “Sənaye,” sözündən sonra “qazdan,” sözü əlavə edilsin;
2.11. 279-cu maddə üzrə:
2.11.1. adında “Qaz, elektrik və istilik enerjisi sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;
2.11.2. 279.1-ci maddənin birinci abzasında “Qaz, elektrik və istilik enerjisi sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;
2.11.3. 279.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“279.1.6. qazın nəqli, saxlanması və paylanması, habelə elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı normativ hüquqi aktlarla müəyyən edilmiş keyfiyyət göstəricilərinə dair tələblərin pozulmasına;”;
2.11.4. 279.1.7-ci maddədə “bildirişin” və “bildiriş” sözləri “xəbərdarlıq” sözü ilə, “, elektrik və ya istilik enerjisinin verilməsinin” sözləri “və elektrik enerjisinin verilməsinin, istilik təchizatının” sözləri ilə əvəz edilsin və həmin maddəyə “hallarda” sözündən sonra “qanunla müəyyən edilmiş müddətdə” sözləri əlavə edilsin;
2.12. 280-ci maddə üzrə:
2.12.1. adında “Qaz, istilik və elektrik enerjisi sahəsində” sözləri “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;
2.12.2. dispozisiyada “enerji təchizatı müəssisəsinin və ya qaz” sözləri “qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatorunun, istilik enerjisi” sözləri ilə, “qaz, istilik və ya elektrik enerjisi sahəsində” sözləri “elektroenergetika, istilik və qaz təchizatı sektorlarında” sözləri ilə əvəz edilsin;
2.13. 362-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 362. Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsi
362.1. Telekommunikasiya operatoru və ya provayderi tərəfindən telekommunikasiya xidmətlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə –
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
362.2. Bu Məcəllənin 362.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”;
2.14. 363.2-ci və 398-ci maddələrin dispozisiyasından “xüsusi” sözü çıxarılsın;
2.15. 428.5-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“əlli manat məbləğində cərimə edilir.”;
2.16. 551.1-ci, 573.1-ci, 573.2-ci, 590.1-ci və 590.2-ci maddələrin dispozisiyasından “xüsusi” sözü çıxarılsın;
2.17. 592-ci maddə üzrə:
2.17.1. adından “xüsusi” sözü çıxarılsın;
2.17.2. dispozisiyadan “xüsusi” sözü çıxarılsın;
2.18. 592-1-ci maddənin dispozisiyasından “xüsusi” sözü çıxarılsın;
2.19. 594.0.4-cü maddəyə “digər” sözündən sonra “sənədin və ya” sözləri əlavə edilsin;
2.20. 594-2-ci maddə üzrə:
2.20.1. adında “dövlət” sözü “həvəsləndirilməsi və” sözləri ilə əvəz edilsin;
2.20.2. 594-2.0-cı maddə üzrə:
2.20.2.1. birinci abzasda “dövlət” sözü “həvəsləndirilməsi və” sözləri ilə əvəz edilsin;
2.20.2.2. 594-2.0.2-ci maddəyə “qohumuna” sözündən sonra “, yaxud qohumuna” sözləri əlavə edilsin və həmin maddədə “görə -” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.20.2.3. aşağıdakı məzmunda 594-2.0.3-cü maddə əlavə edilsin:
“594-2.0.3. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əmək haqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törədilməsinə, mənfi cəhətdən xarakterizə etməyə və digər bu cür tədbirlər tətbiq edilməsinə görə –”;
2.20.2.4. sanksiyada “səkkiz yüz manatdan min üç yüz” sözləri “üç min manatdan beş min” sözləri ilə əvəz edilsin;
2.21. aşağıdakı məzmunda 594-3-cü maddə əlavə edilsin:
“Maddə 594-3. Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulması
594-3.1. Dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında və sistemlərində aparılan təkmilləşdirilmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə –
vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.2. Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları ilə bağlı məlumatlandırılmamasına görə –
vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.3. Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə –
vəzifəli şəxslər dörd yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.4. Xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və ya informativ xidmət göstərilməklə zəruri informasiya verilməməsinə görə –
vəzifəli şəxslər beş yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.5. Xidmət istifadəçilərinə dövlət xidmətlərinin göstərilməsindən imtinanın və ya xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası, habelə şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə –
vəzifəli şəxslər altı yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.6. Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda onlara səyyar xidmət göstərilməməsinə görə –
vəzifəli şəxslər yeddi yüz əlli manatdan səkkiz yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.7. Dövlət xidməti üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən dövlət xidmətinin göstərilməsinə görə –
vəzifəli şəxslər səkkiz yüz əlli manatdan doqquz yüz əlli manatadək məbləğdə cərimə edilir.
594-3.8. Dövlət xidmətlərinin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət xidmətlərinin göstərilməməsinə və ya nəticəsi barədə xidmət istifadəçilərinin məlumatlandırılmamasına görə –
vəzifəli şəxslər doqquz yüz əlli manatdan min əlli manatadək məbləğdə cərimə edilir.”;
2.22. aşağıdakı məzmunda 602-5-ci və 602-6-cı maddələr əlavə edilsin:
“Maddə 602-5. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulması
602-5.1. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməyən şəxsin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmasına, o cümlədən özünə münasibətdə “məhkəmə eksperti” və ya təşkilatlarının adında “məhkəmə ekspertizası” sözlərindən istifadə olunmasına görə –
fiziki şəxslər iki min manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
602-5.2. Məhkəmə ekspertinə hər hansı formada təsir göstərilməsinə və ya məhkəmə ekspertizası aparıldığı zaman məhkəmə ekspertinə mane olunmasına görə –
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər doqquz yüz manat məbləğində cərimə edilir.
602-5.3. Məhkəmə ekspertizası idarəsi rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələr tərəfindən məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrinin və texniki məlumatların məhkəmə ekspertizası idarəsinə təqdim edilməməsinə görə –
fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 602-5.2-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Maddə 602-6. Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulması
Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən (“pro bono” hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunmasına görə –
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.”.
Azərbaycan Respublikasının Prezidenti

