Pulsuz hüquqi yardım haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Pulsuz hüquqi yardım haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci və 15-ci bəndlərinə uyğun olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların qanuni maraqlarının müdafiəsi, habelə Azərbaycan Respublikasında pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxsləri keyfiyyətli hüquqi yardımla təmin etmək məqsədilə həmin şəxslərə göstərilən pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. ilkin hüquqi yardım – Azərbaycan Respublikasının normativ hüquqi aktları, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri, məhkəmədən kənar və məhkəmə qaydasında hüquqların həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumatlandırma, ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanmasına kömək göstərilməsi, habelə peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formaları;
1.1.2. paraleqal – dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, Vəkillər Kollegiyasının üzvü olmayan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsində paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat alan və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan ixtisasartırma kurslarında mütəmadi olaraq iştirak edən ali təhsilli şəxslər;
1.1.3. peşəkar hüquqi yardım – cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, habelə zərərçəkən qismində tanınmış fiziki şəxsin təmsil edilməsi, xüsusi ittihamçıya, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə, insan alverinin qurbanına, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin müdafiəsi, habelə inzibati xəta haqqında iş üzrə zərərçəkmiş fiziki şəxsin təmsil edilməsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin məhkəmədə təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçi fiziki şəxsin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi və qeyd olunanlarla bağlı həmin şəxslərə hüquqi yardım göstərilməsi;
1.1.4. pulsuz hüquqi yardım – bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şəxslərə pulsuz hüquqi yardım haqqında qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət büdcəsinin vəsaiti hesabına ilkin və (və ya) peşəkar hüquqi yardımın göstərilməsi;
1.1.5. “pro bono” hüquq xidməti – bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şəxslərə ictimai fayda naminə ödəniş tələb edilmədən vəkillər tərəfindən ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardımın, habelə paraleqallar, vəkil köməkçiləri və bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş qurumlar tərəfindən ilkin hüquqi yardımın göstərilməsi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Pulsuz hüquqi yardım haqqında qanunvericilik
Pulsuz hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Azərbaycan Respublikasının prosessual qanunvericiliyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilmir.
3.2. Ələt azad iqtisadi zonasında pulsuz hüquqi yardım sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2-ci fəsil
PULSUZ HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİNİN TƏŞKİLİ
Maddə 4. Pulsuz hüquqi yardım göstərilməsinin prinsipləri
4.1. Pulsuz hüquqi yardım aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.1.1. pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquqlarının bərabərliyi;
4.1.2. pulsuz hüquqi yardıma əlçatanlıq;
4.1.3. pulsuz hüquqi yardım göstərən şəxslərin peşəkarlığı;
4.1.4. pulsuz hüquqi yardımın operativliyi, keyfiyyəti və effektivliyi;
4.1.5. konfidensiallıq;
4.1.6. maraqlar toqquşmasının yolverilməzliyi.
Maddə 5. Pulsuz hüquqi yardım göstərilməsində dövlətin təminatları
Qanunla başqa hal nəzərdə tutulmadığı halda, pulsuz hüquqi yardım bu məqsədlə dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına həyata keçirilir.
Maddə 6. Pulsuz hüquqi yardım göstərilən şəxslər
6.1. Bu Qanunla müəyyən edilmiş hallarda və qaydada ilkin hüquqi yardım almaq, habelə bu Qanunun 6.2-ci, 6.4-cü və 6.5-ci maddələri nəzərə alınmaqla cinayət işləri və inzibati xətalara dair işlər üzrə zərərçəkən qismində tanınması, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi ilə əlaqədar peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır:
6.1.1. hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər:
6.1.1.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
6.1.1.2. əlilliyi olan işləməyən şəxslər;
6.1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;
6.1.2. hüquqi yardıma ehtiyacı olan digər şəxslər:
6.1.2.1. şəhid ailələrinin üzvləri;
6.1.2.2. müharibə veteranları;
6.1.2.3. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
6.1.2.4. “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər;
6.1.2.5. yetkinlik yaşına çatmayan şəxslər;
6.1.2.6. qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;
6.1.2.7. valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;
6.1.2.8. cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);
6.1.2.9. üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.
6.2. Peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
6.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin Məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
6.4. İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
6.5. Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, “Konstitusiya Məhkəməsi haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilir.
Maddə 7. Pulsuz hüquqi yardımın təşkili
7.1. Bu Qanunun 6.2−6.5-ci və 7.15-ci maddələrində göstərilən hallar istisna olmaqla, pulsuz hüquqi yardım Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təşkil edilir.
7.2. Vəkillər Kollegiyası tərəfindən fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin reyestri aparılır.
7.3. Bu Qanunun 6.2−6.5-ci və 7.15-ci maddələrində göstərilən hallar istisna olmaqla, pulsuz hüquqi yardım almaq hüququna malik şəxslər və ya onların qanuni nümayəndələri tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə bu Qanunun 7.5-ci maddəsində göstərilən təsdiqedici sənədlər (məlumatlar) əlavə olunmuş ərizə ilə şəxsən, poçt vasitəsi ilə, yaxud elektron qaydada Vəkillər Kollegiyasına müraciət olunur.
7.4. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsdiq edilən ərizənin forması Vəkillər Kollegiyasının rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.
7.5. Bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:
7.5.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
7.5.2. aşağıdakı sənədlərdən (məlumatlardan) biri:
7.5.2.1. şəxsin bu Qanunun 6.1.1-ci və 6.1.2.7-ci maddələrində qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sənəd;
7.5.2.2. şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrindən çıxarış;
7.5.2.3. müharibə veteranı vəsiqəsinin surəti;
7.5.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) şəxsin insan alveri qurbanı olması barədə məktubu, yaxud cinayət prosesini həyata keçirən orqanın şəxsin insan alveri ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarının və ya məhkəmə hökmünün surəti;
7.5.2.5. şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs qismində tanınması barədə qərarın surəti;
7.5.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən qaçqın vəsiqəsinin surəti;
7.5.2.7. məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderinin, cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarının, məişət zorakılığı ilə bağlı şikayət üzrə zərərçəkmiş şəxslə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarının surətləri, məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı, yaxud məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı;
7.5.2.8. şəxsin cəzaçəkmə müəssisəsini tərk etdiyi tarixlə bağlı cəzaçəkmə müəssisəsi rəhbəri tərəfindən verilmiş arayış;
7.5.2.9. şəxsin üzərində probasiya nəzarəti həyata keçirilən şəxs olması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş arayış.
7.6. Ərizə və ona əlavə edilmiş sənədlərə (məlumatlara) ərizə qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günü müddətində baxılmalı, ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar edilmədikdə, ərizəçiyə pulsuz hüquqi yardım göstərilməsi üçün onun sənədləri (məlumatları) bu Qanunun 7.2-ci və 7.13-cü maddələri nəzərə alınmaqla təyin edilmiş pulsuz hüquqi yardım göstərən şəxsə göndərilməli (bilavasitə, yaxud ərizəçinin istəyindən asılı olaraq ərizəçi vasitəsilə), yaxud bundan imtina barədə qərar qəbul edilməlidir.
7.7. Ərizədə və ona əlavə edilən sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan və imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə ərizəçiyə bu Qanunun 7.3-cü maddəsində göstərilən qaydada məlumat verilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri izah olunur. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
7.8. Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman bu Qanunun 7.6-cı maddəsində göstərilən müddətin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
7.9. Pulsuz hüquqi yardımın göstərilməsindən imtina haqqında qərar əsaslandırılmalıdır. Ərizəçi həmin qərardan Vəkillər Kollegiyasına və (və ya) məhkəməyə şikayət verə bilər.
7.10. Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımın göstərilməsindən imtina haqqında qərardan şikayətlər araşdırılmaqla hesabatlar hazırlanır və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim olunur.
7.11. Pulsuz hüquqi yardımın göstərilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə ərizəçiyə bu Qanunun 7.3-cü maddəsində göstərilən qaydada məlumat verilir:
7.11.1. təqdim olunan sənədlərdə (məlumatlarda) aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 7.8-ci maddəsində göstərilən müddətdə aradan qaldırılmadıqda;
7.11.2. təqdim edilmiş sənədlərdə (məlumatlarda) təhrif olunmuş məlumatlar olduqda;
7.11.3. şəxsin bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şəxslərə aid olmadığı müəyyən edildikdə;
7.11.4. şəxsin təkrar müraciətlərinə 1 (bir) il ərzində 3 (üç) dəfə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;
7.11.5. müraciətdə qeyd olunan məsələ hüquqi məsələlərə dair hüquqi yardımın, habelə bu Qanunun 1.1.1-ci və 1.1.3-cü maddələrində nəzərdə tutulmuş hüquqi yardımın göstərilməsini nəzərdə tutmadıqda.
7.12. Pulsuz hüquqi yardımdan yararlanmaq hüququ olan şəxslərin bu Qanunun 7.5-ci maddəsində göstərilən sənədləri (məlumatları) əldə etməsi müvafiq dövlət orqanları (qurumları), Vəkillər Kollegiyası, habelə pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən təmin edilməlidir.
7.13. Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım göstərən şəxslər təyin edilərkən ərizəçinin konkret pulsuz hüquqi yardım göstərən şəxsin təyin olunması barədə xahişi, pulsuz hüquqi yardım göstərən şəxsin iş yükü, ixtisaslaşması, təcrübəsi və işin həlli üçün digər zəruri hallar nəzərə alınır.
7.14. Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən bu Qanunun 7.6-cı maddəsinə əsasən müvafiq sənədlər (məlumatlar) əldə edildiyi gündən 3 (üç) gün müddətində ərizəçiyə ilkin hüquqi yardım göstərilir, yaxud bu Qanunun 6.2−6.4-cü maddələri nəzərə alınaraq peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə bu Qanunun 11.2-ci maddəsində göstərilən müqavilə bağlanılır.
7.15. Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə cinayət işləri və ya inzibati xətalara dair işlər üzrə zərərçəkən qismində tanınmış şəxsin təmsil edilməsi ilə əlaqədar peşəkar hüquqi yardım göstərilməsi şəxsin yazılı müraciətinə əsasən cinayət prosesini həyata keçirən orqan və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan, yaxud onun müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında cinayət prosesini həyata keçirən orqan və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan tərəfindən cinayət prosessual və inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq həll edilir.
7.16. Cinayət prosesini həyata keçirən orqan və ya inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan bu Qanunun 7.15-ci maddəsinə əsasən təqdim edilmiş ərizəyə onun daxil olduğu vaxtdan 7 (yeddi) gün müddətində baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.
7.17. Bu Qanunun 6.5-ci maddəsində göstərilən halda dövlət hesabına peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə şəxsin şəxsiyyətini təsdiq edən sənəd, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində təmsil edilməsi üçün qanunla müəyyən edilən digər sənədlər əlavə olunmuş ərizəsinə bu Qanunun 7.3-cü, 7.4-cü və 7.6–7.14-cü maddələrinə uyğun olaraq baxılır.
7.18. Pulsuz hüquqi yardımın göstərilməsi üçün təyin olunmuş şəxs Vəkillər Kollegiyasının qərarı ilə aşağıdakı hallarda dəyişdirilə bilər:
7.18.1. pulsuz hüquqi yardım göstərən şəxsin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas olduğu halda pulsuz hüquqi yardım üçün müraciət etmiş şəxsin yazılı müraciəti olduqda;
7.18.2. pulsuz hüquqi yardım göstərən şəxsin yazılı əsaslandırılmış müraciəti olduqda.
7.19. Pulsuz hüquqi yardım göstərilən müddətdə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş şəxslər pulsuz hüquqi yardım almaq hüququnu itirdikdə, müraciət olunan iş üzrə pulsuz hüquqi yardımın göstərilməsi dayandırılmır.
7.20. Pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilirlər.
7.21. Bu Qanunun 1.1.5-ci maddəsində göstərilən tələbə riayət edilmədikdə vəkillər tərəfindən “pro bono” hüquq xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 (on səkkiz) manat məbləğində ödəniş edilir.
7.22. Pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunması qadağandır.
7.23. Vəkillər Kollegiyası, aidiyyəti dövlət orqanları (qurumları), habelə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş qurumlar tərəfindən pulsuz hüquqi yardım haqqında əhalinin məlumatlandırılması ilə bağlı tədbirlər görülür.
3-cü fəsil
İLKİN HÜQUQİ YARDIM
Maddə 8. İlkin hüquqi yardım
8.1. İlkin hüquqi yardım bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə bu Qanuna uyğun olaraq paraleqallar, vəkil köməkçiləri və ya vəkillər tərəfindən göstərilir.
8.2. Hüquqi yardımla bağlı müraciətlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsi və Vəkillər Kollegiyası ilə razılaşdırmaqla hüquqşünas kadrlar hazırlayan ali təhsil müəssisələrində hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında hüquq klinikaları tərəfindən ilkin hüquqi yardım göstərilə bilər.
8.3. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət yardım mərkəzləri tərəfindən dövlət tərəfindən zəmanət verilmiş həcmdə sosial-hüquqi xidmətlər göstərilir.
Maddə 9. Paraleqallar
9.1. Paraleqal olaraq fəaliyyət göstərmək istəyən ali təhsilli şəxslər tərəfindən bu məqsədlə Vəkillər Kollegiyasına müraciət edilir.
9.2. Aşağıdakı şəxslər paraleqal ola bilməzlər:
9.2.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
9.2.2. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
9.2.3. məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
9.3. Bu Qanunun 9.1-ci və 9.2-ci maddələrində göstərilən tələblərə cavab verən fiziki şəxs bu Qanunun 1.1.2-ci maddəsində nəzərdə tutulmuş paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vurub müvafiq sertifikat əldə etdikdən sonra paraleqal statusu əldə edir.
9.4. Paraleqalların təlimi bu Qanunun 5-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
9.5. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu Qanunun 1.1.2-ci maddəsinə əsasən təlimi müvəffəqiyyətlə başa vuraraq paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparır.
9.6. Paraleqallar fəaliyyət göstərəcəkləri vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərirlər.
9.7. Paraleqalların xidmət haqqı bu Qanunun 12-ci maddəsi nəzərə alınmaqla bu Qanunun 5-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
9.8. Paraleqallar ilkin hüquqi yardım göstərilməsi zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunmasını təmin etməli, habelə ünsiyyət zamanı Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul olunmuş paraleqalların etik davranış qaydalarına riayət etməlidirlər.
4-cü fəsil
PEŞƏKAR HÜQUQİ YARDIM
Maddə 10. Peşəkar hüquqi yardım almaq hüququ olan şəxslərin hüquq və vəzifələri
10.1. Peşəkar hüquqi yardımdan istifadə edən şəxslərin hüquqları aşağıdakılardır:
10.1.1. vəkil qurumunu və ya vəkili seçmək və onlardan imtina etmək;
10.1.2. peşəkar hüquqi yardımın göstərilməsi üçün özü və ya qanuni nümayəndəsi vasitəsilə müraciət etmək.
10.2. Peşəkar hüquqi yardımdan istifadə edən şəxslərin vəzifələri aşağıdakılardır:
10.2.1. hüquqi yardım göstərilməsinin operativliyinin, effektivliyinin təmin edilməsi və işin əsassız uzanmasına yol verilməməsi məqsədilə hüquqi yardım göstərən şəxslərə iş üzrə ona məlum olan bütün sənədləri və məlumatları təqdim etmək;
10.2.2. hüquqi yardımın göstərilməsinə əsas olan halların dəyişməsi ilə bağlı hüquqi yardım göstərən şəxslərə vaxtında məlumat vermək.
Maddə 11. Vəkillər tərəfindən peşəkar hüquqi yardımın göstərilməsi
11.1. Pulsuz hüquqi yardım bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilən vəkillərin seçimi qaydalarına uyğun olaraq müəyyən edilən vəkillər tərəfindən göstərilir.
11.2. Bu Qanunun 6.2−6.5-ci maddələri nəzərə alınmaqla peşəkar hüquqi yardım fərdi qaydada fəaliyyət göstərən vəkillər və ya vəkil qurumları və peşəkar hüquqi yardıma ehtiyacı olan şəxslərlə bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin müqavilədə hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəyi ilə bağlı məlumat qeyd olunmalıdır.
5-ci fəsil
MALİYYƏLƏŞMƏ, HESABATLILIQ VƏ MƏSULİYYƏT
Maddə 12. Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər
12.1. Peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli miqdarında müəyyən olunur.
12.2. Pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün bu Qanunun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 (beş) faizi həcmində əlavə ödənilir.
12.3. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı bu Qanunun 12.1-ci maddəsinə uyğun olaraq hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 (iki) misli miqdarında ödənilir, bu zaman bu Qanunun 12.2-ci maddəsinə uyğun olaraq əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalır.
12.4. Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.5. Pulsuz hüquqi yardım göstərmiş şəxslər hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqını və digər xərcləri dövlət büdcəsinin vəsaiti hesabına almaq üçün bu Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq Vəkillər Kollegiyasına müraciət edirlər.
12.6. Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım göstərən şəxslərə (“pro bono” hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş hesabatlar əsasında pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödənişlər edilir.
12.7. Təqdim edilmiş hesabatlar bu Qanunun 13.3-cü maddəsi ilə müəyyən edilmiş formaya uyğun olmadıqda, yaxud həmin hesabatlardan pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı bu Qanunla müəyyən edilmiş tələblərin pozulduğu müəyyən edildikdə Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödəniş edilmir.
Maddə 13. Göstərilən hüquqi xidmətlərin uçotu və pulsuz hüquqi yardım göstərilməsi sahəsində hesabatlılıq
13.1. Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən pulsuz hüquqi yardım almaq üçün müraciət etmiş şəxsin soyadı, adı, ata adı, şəxsiyyət vəsiqəsinin (qaçqınlara münasibətdə qaçqın vəsiqəsinin) seriya və nömrəsi, yaşayış yeri (olduğu yer), onun bu Qanunun 6-cı maddəsinə əsasən aid edildiyi kateqoriya, müraciətin (göstərilməsi tələb olunan hüquqi xidmətlərin) məzmunu, peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə bağlanmış müqavilələrin sayı, pulsuz hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı və digər xərclər, habelə sayı göstərilmək şərtilə prosessual hərəkətlərin aparılma yeri, hüquqi xidmətin göstərilməsi ilə bağlı məhkəmə qərarı, ibtidai araşdırma orqanının qərarı ilə öz təsdiqini tapan iş saatları sərfi və pulsuz hüquqi yardımın göstərilməsinin nəticələrinə dair uçot aparılır.
13.2. Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən göstərilən hər bir hüquqi xidmətə dair bütün sənədlər 2 (iki) il saxlanılır.
13.3. Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən rübdə 1 (bir) dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq hazırlanmış hesabatlar Vəkillər Kollegiyasına təqdim olunur.
13.4. Vəkillər Kollegiyası tərəfindən bu Qanunun 13.3-cü maddəsində göstərilən hesabatlar ümumiləşdirilməklə növbəti il yanvarın 20-dən gec olmayaraq pulsuz hüquqi yardım göstərilən şəxslər, həmin yardımı göstərən şəxslər, göstərilən xidmətlər (o cümlədən “pro bono” hüquq xidmətləri), onlara görə ödənilmiş xidmət haqları və digər xərclər, habelə pulsuz hüquqi yardım göstərilməsi üçün təyin olunmuş şəxslərin dəyişdirilməsi və bunun səbəbləri, pulsuz hüquqi yardım almış şəxslərin şikayətləri və bununla bağlı görülmüş işlər barədə ümumiləşdirilmiş məlumatlar vəkil sirri qorunmaqla Vəkillər Kollegiyasının rəsmi internet informasiya ehtiyatında dərc edilir.
Maddə 14. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti

