Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

30 oktyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında”
və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı, 10-cu, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209, № 4, maddələr 295, 300, № 5 (I kitab), maddələr 397, 403, № 6, maddə 492; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli və 468-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9-cu maddənin birinci hissəsinin “ö” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “p” bəndi əlavə edilsin:
“p) “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan istifadə etmək.”;
1.2. 12-ci maddənin 1-ci hissəsinin “l” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “m” bəndi əlavə edilsin:
“m) “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək.”.
 
Maddə 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21,  № 2, maddə 111, № 5 (I kitab), maddə 399, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli, 14 iyul tarixli 451-VIIQD nömrəli və 470-VIIQD nömrəli qanunları) 102.1.50-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.51-ci maddə əlavə edilsin:
“102.1.51. “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərə ödənilən mükafat.”.
 
Maddə 3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 3, maddə 211, № 4, maddə 294, № 5 (I kitab), maddə 391; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 429-VIIQD nömrəli və 430-VIIQD nömrəli, 10 iyul tarixli 442-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 95.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.”;
3.2. 132.1.2-ci maddəyə “ödənilməsinə” sözündən sonra “(eləcə də “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsində nəzərdə tutulmuş halda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə)” sözləri əlavə edilsin. 
 
Maddə 4. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 56 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 
4.1. 1-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: 
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin, onların yaxın qohumlarının və qohumlarının dövlət müdafiəsi məsələləri də bu Qanunla (bu Qanunun 22-ci maddəsi istisna olmaqla) tənzimlənir.”;
4.2. 3-cü maddə üzrə:
4.2.1. ikinci hissənin 6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:
“7) “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs, onun yaxın qohumu və qohumu.”;
4.2.2. üçüncü hissəyə “qohumlarına” sözündən sonra “, həmçinin “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin qohumlarına” sözləri, “qohumları” sözündən sonra “və qohumları” sözləri əlavə edilsin;
4.3. 6-cı maddənin ikinci hissəsinin birinci cümləsinə “orqan” sözündən sonra “, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərə, onların yaxın qohumlarına və qohumlarına münasibətdə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə edilsin;
4.4. 17-ci maddə üzrə:
4.4.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Cinayət işi üzrə istintaq və ya məhkəmə icraatına kömək etmələri, yaxud “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermələri ilə bağlı müdafiə olunan şəxslərin öldürüləcəyinə, onlara zor tətbiq ediləcəyinə, onların əmlakının məhv ediləcəyinə və ya onların əmlakına ziyan vurulacağına dair real əsaslar olduqda təhlükəsizlik tədbirləri tətbiq edilir.”;
4.4.2. ikinci hissə üzrə:
4.4.2.1. birinci cümlədə “onların müdafiəsi üçün” sözləri “, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin, onların yaxın qohumlarının, qohumlarının və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı verilən məlumatları qəbul edən subyektlərin” sözləri ilə əvəz edilsin və həmin cümləyə “xahişlərinə” sözündən sonra “müvafiq olaraq” sözləri, “orqan” sözündən sonra “və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə edilsin;
4.4.2.2. ikinci cümlədə “ərizəçiyə” sözü “təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatət və ya xahişlə müraciət edən subyektlərə” sözləri ilə əvəz edilsin və həmin cümləyə “orqan” sözündən sonra “və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə edilsin;
4.4.3. üçüncü hissədə “Ərizəçi onun müdafiəsi üçün” sözləri “Təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatət və ya xahişlə müraciət edən subyektlər” sözləri ilə əvəz edilsin və həmin hissəyə ikinci halda “müddətində” sözündən sonra “müvafiq olaraq” sözləri, “orqanın” sözündən sonra “və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının” sözləri əlavə edilsin;
4.4.4. dördüncü hissəyə “orqan” sözündən sonra “müvafiq olaraq” sözləri, “orqana” sözündən sonra “və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına” sözləri əlavə edilsin;
4.5. 22-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Bu maddənin müddəaları “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə, onun yaxın qohumuna və qohumuna tətbiq edilmir.”.
 
Maddə 5. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 362; 2025, № 11, maddə 1011) 20-ci maddəsinin I hissəsinin birinci cümləsinə üçüncü halda “şəxslərə” sözündən sonra “, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərə” sözləri əlavə edilsin.
 
Maddə 6. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 125 (Cild I); 2025, № 4 (I kitab), maddə 309) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 11-1-ci maddə üzrə: 
6.1.1. 11-1.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər tərəfindən iş yerində (xidmət göstərdiyi yerdə) baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsinə və belə məlumatların araşdırılma qaydasına, habelə həmin şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair məsələlər “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;
6.1.2. 11-1.1-1-ci və 11-1.2-ci maddələr ləğv edilsin;
6.1.3. 11-1.3-cü maddə üzrə:
6.1.3.1. birinci cümlə çıxarılsın;
6.1.3.2. üçüncü cümlədə “Səlahiyyətli” sözü “Maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən səlahiyyətli” sözləri ilə əvəz edilsin; 
6.2. 11-2-ci maddə ləğv edilsin.
 
Maddə 7. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1080 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 4.2.3-1-ci maddə əlavə edilsin:
“4.2.3-1. “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdən tutulmuş müraciət və sorğulara;”;
7.2. 34.4-cü maddənin birinci cümləsinə “sirləri” sözündən sonra “, habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar” sözləri əlavə edilsin;
7.3. 35-ci maddə üzrə:
7.3.1. 35.2.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 35.2.11-ci və 35.2.12-ci maddələr əlavə edilsin: 
“35.2.11. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar – korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasına yazılı razılıq verənədək;
35.2.12. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı verilən məlumatın araşdırılması zamanı toplanmış informasiya – araşdırma yekunlaşanadək.”;
7.3.2. 35.4-cü maddəyə “maddəsində” sözündən sonra “(bu Qanunun 35.2.11-ci və 35.2.12-ci maddələri istisna olmaqla)” sözləri əlavə edilsin.
 
Maddə 8. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 480 (Cild I); 2024, № 7, maddə 769) 5.3-cü maddəsinin ikinci cümləsində “Şəxsin” sözü “Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin” sözləri ilə əvəz edilsin.
 
Maddə 9. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1248 (Cild I); 2026, № 6, maddə 490) aşağıdakı məzmunda 5.6-1-ci maddə əlavə edilsin:
“5.6-1. İş yerində (xidmət göstərilən yerdə) baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair məlumatlara baxılması qaydası “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
 
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU