Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında

Qanun layihələri
30 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

30 oktyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında
 
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 16-cı və 19-cu bəndlərinə uyğun olaraq, dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında, həmçinin digər hüquqi şəxslərdə (bundan sonra – təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi və həmin məlumatların araşdırılması qaydasını, habelə belə məlumatları verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını, bu sahədə təşkilatın vəzifələrini müəyyən edir.
 
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 1. Əsas anlayışlar
 
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. iş yeri (xidmət göstərilən yer) – şəxsin vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu yer;
1.1.2. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat – şəxsin iş yerində (xidmət göstərdiyi yerdə) baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair yazılı (o cümlədən elektron) və ya şifahi formada verilən informasiya;
1.1.3. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs (bundan sonra – məlumat verən şəxs) – korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı səlahiyyətli struktur bölməyə (şəxsə), təşkilatın rəhbərinə, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verən, əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla təşkilat üzrə işləri (xidmətləri) yerinə yetirən və ya yerinə yetirmiş olan, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı təşkilatda işləri (xidmətləri) yerinə yetirdiyi dövr ərzində əldə edən fiziki şəxs;
1.1.4. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlər – səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı;
1.1.5. qohumlar – Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-cü maddəsində nəzərdə tutulmuş şəxslər;
1.1.6. yaxın qohumlar – Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsində nəzərdə tutulmuş şəxslər.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
 
Maddə 2. Məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
 
Məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
 
Maddə 3. Məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas məqsəd və prinsipləri
 
3.1. Məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas məqsədi təşkilatda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiya təzahürlərinə qarşı dözümsüzlük mühitinin formalaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.
3.2. Məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas prinsipləri aşağıdakılardır:
3.2.1. qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi və bərabərlik;
3.2.2. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsinin könüllülüyü;
3.2.3. məlumat verən şəxs barədə məlumatların konfidensiallığının qorunmasının təmin edilməsi və belə məlumatların yalnız onun yazılı razılığı olduğu halda açıqlanması;
3.2.4. məlumat verən şəxs əhəmiyyətli yanılmanın təsiri altında məlumat verdikdə də onun müdafiəsinin təmin edilməsi (vicdanlılıq prezumpsiyası);
3.2.5. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlərin müstəqilliyi, obyektivliyi və qərəzsizliyi;
3.2.6. məlumat verən şəxsin peşə (əmək) fəaliyyətinə qanunsuz təsirdən və ya ədalətsiz rəftardan müdafiəsi;
3.2.7. məlumat verən şəxsə tətbiq olunan həvəsləndirilmə və müdafiə tədbirlərinin mütənasibliyi.
 
2-ci fəsil
KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARLA BAĞLI MƏLUMATIN VERİLMƏSİ VƏ ARAŞDIRILMASI
 
Maddə 4. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat
 
4.1. Şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilmir. 
4.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda fiziki şəxslərin, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olduqda həmin məlumatın verilməsi onların qanunazidd açıqlanması hesab edilmir. 
4.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda aşağıdakılar göstərilməlidir:
4.3.1. məlumat verən şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, iş yerinin (xidmət göstərdiyi yerin) adı və ünvanı;
4.3.2. korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları;
4.3.3. korrupsiya ilə əlaqədar hüquqpozmanı təşkil edən, törədən və ya törədilməsində iştirak edən şəxslər haqqında bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar (verilməsi mümkün olduqda);
4.3.4. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı əvvəllər məlumat verilib-verilməməsi (əgər məlumat verilmişdirsə, kimə verilməsi və nəticəsinə dair məlumatlar).
4.4. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 
 
Maddə 5. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə
 
5.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat bu Qanunun 1.1.2-ci və 4.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olduqda, həmin məlumatı qəbul edən subyektlər məlumat vermiş şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs qismində tanınması barədə qərar qəbul edir və onun surətini dərhal məlumat verən şəxsə poçt vasitəsilə və ya elektron formada göndərir. 
5.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın verilməsi ilə cinayət işi başlandıqda məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.
5.3. Məlumat verən şəxs, sonradan məlumatın doğru olmadığı müəyyən edilsə belə, həmin məlumatı əhəmiyyətli yanılmanın təsiri altında verdikdə də bu Qanunla müəyyən edilmiş müdafiə tədbirlərindən istifadə edir.
5.4. Əhəmiyyətli yanılmanın təsiri altında məlumat verilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:
5.4.1. məlumat verən şəxs məlumatın doğru və ya dəqiq olmadığını bilməmiş və ya bilməsi üçün obyektiv imkanı olmamışdır;
5.4.2. məlumat verən şəxsin yalan və ya böhtan xarakterli məlumatı qəsdən verməsi təsdiq edilməmişdir;
5.4.3. korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətlərini və faktiki hallarını tam və düzgün dərk etməmişdir.
5.5. Təşkilatın rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların təşkilatdaxili qaydada verilməsi mexanizmini, təşkilat daxilində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektləri müəyyən edir, işçilərin bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciət etmə və müraciətə baxılma qaydaları və məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil edir.
 
Maddə 6. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlər
 
6.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilat rəhbəri tərəfindən müəyyən edilmiş səlahiyyətli struktur bölməyə (şəxsə), təşkilatın rəhbərinə, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verilə bilər. 
6.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın səlahiyyətli struktur bölməsi (şəxsi), təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsi istisna olmaqla digər vəzifəli şəxsləri ilə əlaqədar olduqda belə məlumata təşkilatın səlahiyyətli struktur bölməsi (şəxsi) baxır. 
6.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə (şəxslə) əlaqədar olduqda, məlumat verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir.
6.4. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim etmək hüququna malikdir.
6.5. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edilərkən təşkilatın strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri və iş həcmi nəzərə alınır.
6.6. Aşağıdakı hallarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verilir:
6.6.1. məlumat verən şəxsin onun barəsindəki məlumatların konfidensiallığının səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs tərəfindən qorunmayacağına dair şübhəsi vardırsa;
6.6.2. məlumatla əlaqədar sübutların itirilməsi, məhv edilməsi və ya oğurlanması riski vardırsa;
6.6.3. məlumatı qəbul edən subyektlərin, o cümlədən səlahiyyətli struktur bölmənin (şəxsin) həmin məlumatı qeydə almayacağı və ya nəticəsi barədə məlumat verməyəcəyi barədə əsaslı şübhələr vardırsa;
6.6.4. araşdırma nəticəsində korrupsiya ilə əlaqədar hüquqpozma faktı öz təsdiqini tapsa da, həmin fakt üzrə hər hansı tədbir görülməmiş və ya hüquqpozmanın nəticəsi aradan qaldırılmamışdırsa;
6.6.5. məlumatı qəbul edən subyektlər, o cümlədən səlahiyyətli struktur bölmə (şəxs) tərəfindən müvafiq araşdırma aparılmırsa və ya bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə məlumat verən şəxsə işin gedişi və nəticəsi barədə məlumat verilmirsə;
6.6.6. məlumatı qəbul edən subyektlərin, o cümlədən səlahiyyətli struktur bölmənin (şəxsin) araşdırmanın nəticəsində birbaşa və ya dolayı yolla hər hansı marağı, yaxud onların müstəqilliyinə, obyektivliyinə və ya qərəzsizliyinə şübhə yaradan digər əsaslı səbəblər vardırsa;
6.6.7. məlumat verən şəxslə təşkilat arasındakı əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslar üzrə münasibətlərə xitam verilmişdirsə.
6.7. Bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulmuş hallarla yanaşı, məlumat verən şəxs öz seçimi ilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verə bilər.
 
Maddə 7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlərin vəzifələri
 
7.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlərin aşağıdakı vəzifələri vardır:
7.1.1. korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatları qəbul etmək və qeydə almaq;
7.1.2. məlumatların bu Qanunun 1.1.2-ci və 4.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunu qiymətləndirmək və məlumat vermiş şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs qismində tanınması barədə qərar qəbul etmək;
7.1.3. məlumat verən şəxs özü barədə məlumatların açıqlanmasını istəmədiyi halda onun barəsində məlumatların konfidensiallığının qorunmasını təmin etmək;
7.1.4. səlahiyyətləri çərçivəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlara baxmaq və araşdırma aparmaq;
7.1.5. korrupsiya ilə əlaqədar hüquqpozmaların araşdırılmasının nəticəsi ilə bağlı müvafiq tədbirlər görmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təşkilatın rəhbərinə təkliflər vermək;
7.1.6. məlumat verən şəxsin müdafiəsi və həvəsləndirilməsi üçün tədbirlərin görülməsini təmin etmək, o cümlədən həmin tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək və ya belə qərarların qəbul edilməsinə təşəbbüs göstərmək və bu qərarların icrasını əlaqələndirmək.
 
Maddə 8. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların araşdırılması
 
8.1. Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən dərhal sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.
8.2. Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 (iyirmi) iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini poçt vasitəsilə və ya elektron formada məlumat verən şəxsə bildirməlidir. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda təşkilat rəhbərinin bu müddəti 10 (on) iş günü uzatmaq hüququ vardır. Müddətin uzadılması məlumat verən şəxsə bildirilir.
8.3. Araşdırmanın gedişində əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda səlahiyyətli struktur bölmə (şəxs) təşkilatın digər qurumlarına və ya digər təşkilatlara sorğu göndərə bilər. Bu halda həmin sorğuya 7 (yeddi) iş günündən gec olmayaraq cavab verilməlidir.
8.4. Təşkilatın rəhbəri araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
8.4.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə və əməldə mülki-hüquqi və ya inzibati məsuliyyət yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olduqda isə müvafiq sənədlərin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına göndərilməsi barədə;
8.4.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;
8.4.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə müraciət üzrə icraata xitam verilməsi barədə.
8.5. Məlumat verən şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur. 
8.6. Məlumat verən şəxsin təşkilat rəhbərinin qərarından yuxarı vəzifəli şəxsə şikayət vermək hüququ vardır. Bu müddəa məlumat verən şəxsin təşkilat rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
8.7. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
8.8. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayı yolla maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
8.9. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə (şəxs) ilə əlaqədar olduqda və məlumatı verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərinə təqdim etdikdə təşkilatın rəhbəri belə məlumatların bu Qanunda nəzərdə tutulmuş qaydada qəbul edilməsini, qeydə alınmasını və müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
8.10. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın rəhbəri ilə bağlı olduqda və məlumatı verən şəxs həmin məlumatı təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə təqdim etdikdə həmin vəzifəli şəxs belə məlumatların bu Qanunda nəzərdə tutulmuş qaydada qəbul edilməsini, qeydə alınmasını və müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
 
Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların baxılmamış saxlanılması və ya araşdırılmasının dayandırılması
 
9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar aşağıdakı hallarda baxılmamış saxlanılır:
9.1.1. məlumat bu Qanunun 1.1.2-ci və 4.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
9.1.2. əvvəllər verilmiş məlumat əsasında bu Qanunla müəyyən edilmiş qaydada aparılmış araşdırma üzrə qüvvədə olan qərar olduğu halda eyni məsələ üzrə təkrar müraciət edildikdə;
9.1.3. məlumat əhəmiyyətli yanılmanın təsiri altında verildikdə;
9.1.4. məlumatda göstərilən məsələ ilə əlaqədar məhkəmənin və ya cinayət prosesini həyata keçirən orqanın qanuni qüvvəyə minmiş qərarı olduqda.
9.2. Səlahiyyətli struktur bölmə (şəxs) cinayət əlamətləri olan hüquqpozmalarla bağlı sənədləri bu Qanuna uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına göndərdikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların araşdırılması dayandırılır.
9.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların baxılmamış saxlanılması və ya araşdırılmasının dayandırılması ilə bağlı qərar əsaslandırılmalı və qərarın surəti poçt vasitəsilə və ya elektron formada dərhal məlumat verən şəxsə göndərilməlidir.
 
3-cü fəsil
MƏLUMAT VERƏN ŞƏXSLƏRİN MÜDAFİƏSİ
 
Maddə 10. Məlumat verən şəxslərin müdafiəsi üzrə tədbirlər
 
10.1. Məlumat verən şəxsin aşağıdakı hüquqları vardır:
10.1.1. özü barəsində məlumatların konfidensiallığının qorunmasını tələb etmək;
10.1.2. özünün, yaxın qohumunun və qohumunun təhlükəsizliyinin qorunmasını, onlara qarşı hər hansı formada qanunsuz təsir göstərilməsinin və ya ədalətsiz rəftarın qadağan edilməsini tələb etmək;
10.1.3. dövlət hesabına peşəkar hüquqi yardım almaq;
10.1.4. məhkəmə xərclərindən azad olunmaq;
10.1.5. maddi və mənəvi zərərə görə kompensasiya almaq;
10.1.6. konfidensial məsləhət almaq.
10.2. Bu Qanunun 10.1.1-ci, 10.1.2-ci və 10.1.6-cı maddələrində nəzərdə tutulmuş hüquqlarla bağlı tədbirlər səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındıqdan sonra tətbiq edilir, məlumat verən şəxsə və ya şahid olub-olmamasından, məlumat verən şəxs qismində tanınıb-tanınmamasından asılı olmayaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən bütün şəxslərə şamil edilir.
10.3. Bu Qanunun 10.1.3–10.1.5-ci maddələrində nəzərdə tutulmuş hüquqlar bu Qanunun 14.1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
 
Maddə 11. Məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar)
 
11.1. Məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar) aşağıdakılardır:
11.1.1. məlumat verən şəxsin işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu təşkilat;
11.1.2. bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş hallarda təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı;
11.1.3. təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).
 
Maddə 12. Konfidensiallığın qorunmasını tələb etmək hüququ 
 
12.1. Məlumat verən şəxs özü barədə məlumatların açıqlanmasını istəmədiyi halda, bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər məlumat verən şəxs barəsində məlumatların konfidensiallığını təmin etməlidirlər. Məlumat verən şəxs barədə məlumat onun yazılı razılığı olduqda açıqlanır. 
12.2. Məlumat verən şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar onun yazılı razılığı olmadan yalnız bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş subyektlərə, habelə bu Qanunla nəzərdə tutulmuş maddi mükafatın (pul vəsaitinin) rəsmiləşdirilməsi və ödənilməsi üzrə tədbirləri təmin edən şəxslərə verilə bilər. Bu məlumatlar korrupsiya ilə əlaqədar hüquqpozmalara dair araşdırmanın nəticəsində birbaşa və ya dolayı yolla maraqlı olan şəxslərə verilmir.
12.3. Səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs bu Qanunun 8.4.1-ci maddəsinə uyğun olaraq müvafiq məlumatları korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına göndərdikdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı şəxs barəsində məlumatların konfidensiallığını təmin etməlidir.
12.4. Məlumat verən şəxs barəsində məlumatların konfidensiallığının qorunması aşağıdakı hallarda həyata keçirilmir: 
12.4.1. məlumat verən şəxs özü barəsində məlumatların açıqlanmasına yazılı razılıq verdikdə;
12.4.2. şəxs bilərəkdən yalan və ya böhtan xarakterli məlumat verdikdə.
 
Maddə 13. Məlumat verən şəxsə, onun yaxın qohumuna və qohumuna qarşı qanunsuz təsir göstərilməsinin və ədalətsiz rəftarın qadağan edilməsini tələb etmək hüququ
 
13.1. Məlumat verən şəxsə, onun yaxın qohumuna və ya qohumuna belə məlumata görə hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağandır. 
13.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verdiyinə görə məlumat verən şəxsin, onun yaxın qohumunun, yaxud qohumunun öldürüləcəyinə, onlara zor tətbiq ediləcəyinə, onların əmlakının məhv ediləcəyinə və ya onların əmlakına ziyan vurulacağına dair hədənin mövcudluğu barədə real əsaslar olduqda, məlumat verən şəxsin və ya belə məlumatları qəbul edən subyektlərin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir. 
13.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. 
13.4. Bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş təminatlar korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçi ilə eyni təşkilatda işləyən yaxın qohumlarına və qohumlarına da şamil edilir.
13.5. Təşkilatın rəhbəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinin tələblərinə riayət olunmasını təmin etməlidir.
13.6. Məlumat verən şəxs hər hansı qanunsuz təsirdən və ya ədalətsiz rəftardan yayınmaq üçün iş yerinin (xidmət göstərdiyi yerin) dəyişdirilməsi ilə bağlı təşkilatın rəhbərinə müraciət etdikdə onun razılığı ilə bu müraciətin təmin edilməsi üçün tədbirlər görülməlidir.
 
Maddə 14. Məlumat verən şəxslərin digər təminatları
 
14.1. Məlumat verən şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım alması, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhkəmə xərclərindən azad olunması, habelə maddi və mənəvi zərərə görə kompensasiya alması ilə bağlı təminatları Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
14.2. Məlumat verən şəxs bu Qanunda nəzərdə tutulmuş hüquqları və onların təmin edilmə qaydası barədə müraciət etdiyi vaxtdan 20 (iyirmi) iş günü müddətində maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən səlahiyyətli struktur bölmədən (şəxsdən) məsləhət ala bilər.
 
Maddə 15. Məlumat verən şəxslərin müdafiəsi üzrə tədbirlərin tətbiqi qaydası
 
15.1. Bu Qanunun 13.3-cü maddəsində göstərilən hərəkətlərə məruz qalan məlumat verən şəxs, onun yaxın qohumu və ya qohumu səlahiyyətli struktur bölməyə (şəxsə) və məhkəməyə müraciət edə bilər.
15.2. Səlahiyyətli struktur bölmə (şəxs) bu Qanunun 13.3-cü maddəsində göstərilən hərəkətlərə məruz qalma ilə bağlı müraciət əsasında 10 (on) iş günü müddətində bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada araşdırma aparır və araşdırmanın nəticəsini təşkilatın rəhbərinə bildirir. Aparılmış araşdırma nəticəsində bu Qanunun 13.3-cü maddəsində göstərilən hərəkətlər təsdiq edildikdə, səlahiyyətli struktur bölmə (şəxs) həmin hərəkətlərə məruz qalma nəticəsində baş verən mənfi nəticələrin aradan qaldırılması üçün təşkilat rəhbərinə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı verilmiş məlumat təşkilatın rəhbəri ilə bağlı olduqda, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə müraciət edir.
15.3. Bu Qanunun 15.2-ci maddəsində göstərilən subyektlər səlahiyyətli struktur bölmənin (şəxsin) həmin maddədə nəzərdə tutulmuş müraciəti əsasında müvafiq tədbirlər görməli və dərhal bu barədə səlahiyyətli struktur bölməyə (şəxsə) məlumat verməlidirlər.
15.4. Məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi təşkilat rəhbərinin üzərinə düşür.
15.5. Səlahiyyətli struktur bölmə (şəxs) bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş tədbirlər görüldüyü vaxtdan 3 (üç) iş günündən gec olmayaraq məlumat verən şəxsə görülmüş tədbirlər barədə poçt vasitəsilə və ya elektron formada məlumat verir.
15.6. Səlahiyyətli struktur bölmə (şəxs) bu Qanunun 15-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq məlumat verən şəxsin araşdırmanın gedişi ilə əlaqədar sorğusunu 3 (üç) iş günü müddətində poçt vasitəsilə və ya elektron formada cavablandırır.
15.7. Bu Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş müddəalar məlumat verən şəxsin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
15.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verildikdə, məlumat verən şəxslərin müdafiəsi həmçinin “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat belə məlumatı qəbul edən digər subyektlərə verildikdə və həmin subyektlər məlumat verən şəxsin, onun yaxın qohumunun və ya qohumunun öldürüləcəyinə, onlara zor tətbiq ediləcəyinə, onların əmlakının məhv ediləcəyinə və ya onların əmlakına ziyan vurulacağına dair real əsaslar müəyyən etdikdə, bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması üçün dərhal korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına vəsatətlə müraciət edirlər.
15.9. Dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları, həmçinin azı 50 nəfər işçisi olan digər hüquqi şəxslər konfidensiallığın və anonimliyin təmin edilməsinə və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın elektron qaydada ötürülməsinə və konfidensial məsləhət almağa imkan verən kommunikasiya kanalı yaradırlar. 
 
 
4-cü fəsil
MƏLUMAT VERƏN ŞƏXSLƏRİN HƏVƏSLƏNDİRİLMƏSİ
 
Maddə 16. Maddi mükafat 
 
16.1. Verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödənilir.
16.2. Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 (on) iş günü müddətində ödənilir.
16.3. Təşkilatda mükafatın rəsmiləşdirilməsi və ödənilməsi üzrə tədbirlər bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıq tələblərinə riayət edilməklə həyata keçirilir və həmin tədbirlərin icrasını təmin edən şəxslər tərəfindən məlumat verən şəxsə dair onlara məlum olan məlumatların digər şəxslərə açıqlanmasına yol verilmir.
16.4. Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır.
16.5. Cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödənilir.
16.6. Cinayət işi üzrə məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə dair qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı işə baxan məhkəmə tərəfindən qəbul edilir. 
 
Maddə 17. Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu barəsində sosial müdafiə tədbirlərinin tətbiq edilməsi
 
17.1. Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda, onun ailəsinə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 20000 (iyirmi min) manat məbləğində birdəfəlik müavinət ödənilir.
17.2. Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10000 (on min) manat məbləğində birdəfəlik müavinət ödənilir. Məlumat verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq əmlakına dəymiş ziyan Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
 
5-ci fəsil
YEKUN MÜDDƏALAR
 
Maddə 18. Bu Qanunun tələblərinə uyğunluğun yoxlanılması 
 
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası bu Qanunun tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bu Qanunun icra vəziyyətini öyrənir, statistikasını aparır, ümumiləşdirir, bu Qanunun tətbiqi ilə bağlı təklif və tövsiyələr, habelə ictimaiyyətə məlumat verir. 
 
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
 
Bu Qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
 
                                                                  
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU