“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
03 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

03 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 564 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambuladan “Azərbaycan Respublikasında” sözləri çıxarılsın;
1.2. 1-ci maddə üzrə:
1.2.1. 1.0-cı, 1.0.1 – 1.0.9-cu maddələr müvafiq olaraq 1.1-ci, 1.1.1 – 1.1.9-cu maddələr hesab edilsin;
1.2.2.  1.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.7. POS-terminal – nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və (və ya) nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq);”;
1.2.3. aşağıdakı məzmunda 1.1.7-1-ci və 1.2-ci maddələr əlavə edilsin:
“1.1.7-1. texnoloji neytrallıq – elektron ticarət münasibətlərində bu sahədəki normativ hüquqi aktlarla hər hansı bir texnologiyanın üstün tutulmaması, tətbiqində məhdudiyyətlərin qoyulmaması və müxtəlif texnoloji həllərin bərabər qəbul olunması;”;
“1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”;
1.3. 2.1-ci maddədən “Azərbaycan Respublikasında” sözləri çıxarılsın; 
1.4. 4-cü maddə üzrə:
1.4.1. 4.1-ci maddənin birinci abzasında “Azərbaycan Respublikasında elektron” sözləri “Elektron” sözü ilə əvəz edilsin;
1.4.2. 4.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.10-cu maddə əlavə edilsin:
“4.1.10. texnoloji neytrallıq.”;
1.5. 5.3.7-ci və 5.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:
“5.3.7. ödəniş üsulları (o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması) barədə məlumatlar.”;
“5.6. Elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.”;
1.6. 8.3-cü maddənin birinci cümləsində “təsdiqlənmə formasında yazılı şəkildə” sözləri “elektron sənəd formasında təsdiqlənmə vasitəsilə” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun dərc olunduğu gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
                                                                             
 
Azərbaycan Respublikasının Prezidenti
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU