“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

Qanun layihələri
24 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

24 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş (bundan sonra – Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra − Hökumət təminatı) qüvvədə qalır.
3. Sazişin əsas mətninə edilmiş 12 (on iki) Əlavə (bundan sonra − Əlavələr) qəbul və təsdiq edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir (bu Qanunun 2-ci maddəsi və Sazişin onun dəyişdirilməsinin və yeni redaksiyada tərtib edilməsinin hüquqi nəticələrinə dair müddəaları nəzərə alınmaqla), habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr verilir.
8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU