Maraqlar toqquşması haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
24 noyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maraqlar toqquşması haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 10-cu və 19-cu bəndlərinə uyğun olaraq, vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin və şəffaflığın yüksəldilməsi, onların dövlət və ictimai maraqlara cavab verən fəaliyyətinin təmin edilməsi və cəmiyyətdə onlara etimadın artırılması üçün vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri tənzimləyir, habelə onların xidməti vəzifələrini icra etdikləri və ondan sonrakı dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədilə tətbiq edilən məhdudiyyətləri (qadağaları) müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. digər yaxınlar – şəxsi və ya işgüzar münasibətlərə görə vəzifəli şəxsə yaxın olan digər şəxslər;
1.1.2. hədiyyə – vəzifəli şəxsin, onun yaxın qohumunun, qohumunun, digər yaxınlarının və ya maraqlı şəxsin xeyrinə əvəzsiz olaraq və ya bazar qiymətindən aşağı hər hansı maddi və ya qeyri-maddi nemət, fayda, üstünlük, imtiyaz və ya güzəştlərin verilməsi, o cümlədən xidmətlərin göstərilməsi, tələbin güzəşti və ya hüququn ötürülməsi, həmin şəxslərin öhdəlikdən azad edilməsi, hər hansı tələbdən və hüquqdan imtina edilməsi;
1.1.3. ianə – qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan verilən pul və ya digər əmlak, habelə başqa formada göstərilən maddi yardım;
1.1.4. qohum – Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
7.0.33-cü maddəsində nəzərdə tutulmuş şəxslər;
1.1.5. qurum – dövlət və yerli özünüidarəetmə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və büdcə təşkilatları;
1.1.6. maraqlı şəxs – bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş fiziki və ya hüquqi şəxslər;
1.1.7. potensial maraqlar toqquşması – vəzifəli şəxsin xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərən onun şəxsi marağı ilə bu vəzifələri arasında gələcəkdə baş verə biləcək ziddiyyət;
1.1.8. real maraqlar toqquşması – vəzifəli şəxsin xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərən onun şəxsi marağı ilə bu vəzifələri arasında mövcud olan ziddiyyət;
1.1.9. şəxsi maraq – vəzifəli şəxsin özü, yaxın qohumu, qohumu və ya digər yaxınları üçün maddi və ya qeyri-maddi nemət, fayda, üstünlük, imtiyaz və ya güzəşt əldə etməsinə dair gözləntisi;
1.1.10. təəssürat yaradan maraqlar toqquşması – real maraqlar toqquşması olmadığı halda vəzifəli şəxsin xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən onun şəxsi marağı ilə bu vəzifələri arasında ziddiyyətin mövcudluğuna dair ağlabatan görüntü;
1.1.11. vəzifəli şəxs – “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1 – 2.1.4-cü və 2.1.6 – 2.1.8-ci maddələrində nəzərdə tutulmuş şəxslər;
1.1.12. yaxın qohum – Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsində nəzərdə tutulmuş şəxslər.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Maddə 2. Maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericilik
Maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsindən, bu Qanundan, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”ndan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Maraqlar toqquşmasının idarə edilməsi prinsipləri
3.1. Maraqlar toqquşmasının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:
3.1.1. vicdanlı davranış;
3.1.2. dövlət və ya ictimai maraqların üstünlüyü;
3.1.3. maraqlar toqquşması risklərinin erkən aşkar edilməsi və bu risklərə cavab tədbirlərinin çevikliyi;
3.1.4. vəzifəli şəxsin fəaliyyətində şəffaflıq;
3.1.5. vəzifəli şəxsin fəaliyyətinə etimad hüququnun qorunması;
3.1.6. vəzifəli şəxsin fəaliyyətində hesabatlılıq və məsuliyyət;
3.1.7. dürüstlük;
3.1.8. obyektivlik və qərəzsizlik.
Maddə 4. Maraqlar toqquşmasının qarşısının alınması istiqamətində ilkin tədbirlər
4.1. Vəzifəli şəxs şəxsi maraqlarının onun xidməti vəzifələrinin icrasına təsir göstərməsinə yol verməməli və belə təsirin yaranmasına şərait yaratmamalıdır.
4.2. Maraqlar toqquşmasının qarşısını almaq üçün vəzifəli şəxs aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini görməlidir:
4.2.1. aktivlərin özgəninkiləşdirilməsi;
4.2.2. qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, konkret iş üzrə qərar qəbul etmə prosesində iştirakdan imtina edilməsi;
4.2.3. normativ hüquqi aktlarda vəzifəli şəxs üçün nəzərdə tutulmuş hər hansı məhdudiyyətə (qadağaya) zidd təklifin rədd edilməsi;
4.2.4. maraqlar toqquşması davam etdikdə vəzifədən azad olunması ilə bağlı müraciət edilməsi.
4.3. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məsələlərin həlli, o cümlədən şəxsi maraqları üçün xidməti vəzifələrindən istifadə etməməlidir.
4.4. Vəzifəli şəxsin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o cümlədən vəzifəli şəxsin başqa işə keçmə ilə əlaqədar aldığı təklif maraqlar toqquşmasına səbəb ola biləcəyi halda, vəzifəli şəxs vəzifəyə təyin edildikdə, seçildikdə, yaxud qurumu təmsil etmək üçün ona xüsusi səlahiyyət verildikdə bu Qanuna uyğun olaraq həmin maraqların xarakteri barədə bu Qanunun
17.1-ci maddəsində nəzərdə tutulmuş maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlərə (bundan sonra – səlahiyyətli subyektlər) məlumat verməyə borcludur.
Maddə 5. Maraqlı şəxs
5.1. Bu Qanunun məqsədləri üçün aşağıdakılar maraqlı şəxslər hesab edilir:
5.1.1. vəzifəli şəxsin, onun yaxın qohumunun, qohumunun və ya digər yaxınlarının idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvü (müfəttişi) olduğu hüquqi şəxs;
5.1.2. nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən payı birbaşa və ya dolayı yolla vəzifəli şəxsə, onun yaxın qohumuna, qohumuna və ya digər yaxınlarına məxsus olan hüquqi şəxs, habelə onların benefisiar mülkiyyətçisi olduğu hüquqi şəxs;
5.1.3. vəzifəli şəxsin, onun yaxın qohumunun, qohumunun və ya digər yaxınlarının nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən payı birbaşa və ya dolayı yolla sahib olduğu və ya benefisiar mülkiyyətçisi olduğu hüquqi şəxslərdə nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahib olan, habelə benefisiar mülkiyyətçi olan şəxslər, həmçinin həmin hüquqi şəxslərin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvü (müfəttişi) olan şəxslər;
5.1.4. vəzifəli şəxsin, onun yaxın qohumunun, qohumunun və ya digər yaxınlarının icra orqanının, direktorlar (müşahidə) şurasının və ya təftiş komissiyasının (audit komitəsinin) üzvü (müfəttişi) olduğu hüquqi şəxslərdə nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahib olan, habelə benefisiar mülkiyyətçisi olan şəxs, habelə həmin hüquqi şəxslərin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) digər üzvü (müfəttişi);
5.1.5. vəzifəli şəxsin illik əmək haqqı məbləğində vəzifəli şəxsin və onun yaxın qohumunun qarşısında maliyyə və ya mülki öhdəlik daşıyan fiziki və ya hüquqi şəxs;
5.1.6. vəzifəli şəxsin illik əmək haqqı məbləğində vəzifəli şəxsin və onun yaxın qohumunun maliyyə və ya mülki öhdəlik daşıdığı fiziki və ya hüquqi şəxslər.
2-ci fəsil
VƏZİFƏLİ ŞƏXS ÜÇÜN MÜƏYYƏN EDİLƏN MƏHDUDİYYƏTLƏR VƏ QADAĞALAR
Maddə 6. Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər
6.1. Vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.
6.2. Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanı, direktorlar (müşahidə) şurası) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil edən vəzifəli şəxsə aşağıdakılar qadağan edilir:
6.2.1. nümayəndə olduğu hüquqi şəxsdən, onun idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvlərindən hədiyyələrin qəbul edilməsi;
6.2.2. nümayəndə olduğu hüquqi şəxsin payının (səhminin) və həmin hüquqi şəxsin əmlakının və ya əmlak hüquqlarının alınması;
6.2.3. nümayəndə olduğu hüquqi şəxsdə hər hansı ödənişli vəzifənin tutulması.
6.3. Vəzifəli şəxs bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlərə nümayəndə funksiyasına xitam verildikdən sonra 2 (iki) il müddətində də əməl etməlidir.
6.4. Vəzifəli şəxs bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya və bu Qanunun 12.4-cü maddəsi istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.
6.5. Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz.
6.6. Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz.
Maddə 7. Vəzifəli şəxslərin dövlət satınalmalarında, bələdiyyə sifarişlərinin verilməsində iştirakına və vəzifəli şəxslər tərəfindən bələdiyyə vəsaitlərinin alınmasına dair məhdudiyyətlər
7.1. Vəzifəli şəxslərin dövlət satınalmalarında iştirakına dair məhdudiyyətlər bu Qanuna və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq tənzimlənir.
7.2. Bələdiyyə üzvü seçilmiş şəxslər, habelə bələdiyyə qulluqçuları və onların səhmdar və ya payçı olduğu hüquqi şəxslər, habelə bu vəzifəli şəxslərin yaxın qohumları, qohumları, digər yaxınları və ya onların iştirakçısı olduğu hüquqi şəxslər həmin bələdiyyənin sifarişlərinin verilməsində iştirak edə bilməz, bələdiyyənin vəsaiti, habelə bələdiyyə zəmanəti ilə kreditlər ala bilməzlər.
Maddə 8. Hüquqi və inzibati aktların hazırlanması və ya onların qəbul edilməsi, müqavilələrin bağlanması, nəzarət və ya yoxlama funksiyalarının həyata keçirilməsi üzrə məhdudiyyətlər
8.1. Vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsi zamanı şəxsi marağına toxunan məsələlərə dair hüquqi və inzibati aktların hazırlanmasına və ya qəbul edilməsinə, müqavilələrin bağlanmasına, nəzarət və ya yoxlama funksiyalarının həyata keçirilməsinə, yaxud vəzifəli şəxsin şəxsi maraqlarına toxunan məsələlərə dair digər fəaliyyətin həyata keçirilməsinə yol verilmir.
8.2. Kollegial qurumun üzvü olan vəzifəli şəxs həmin qurum tərəfindən baxılan məsələlər şəxsi marağına toxunduğu hallarda həmin qurumu qabaqcadan məlumatlandırmalı və müvafiq əsaslar olduqda bu məsələlərə baxılmasında iştirakdan kənarlaşmalı və ya bu Qanunun 21.5-ci maddəsində göstərilən digər tədbirlər görülməlidir.
8.3. Əvvəllər özəl sektorda sahibkarlıq fəaliyyəti subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvü (müfəttişi) olmuş vəzifəli şəxs həmin sahibkarlıq fəaliyyəti subyekti ilə əmək münasibətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində həmin sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyəti ilə bağlı olan işə qəbul olunduğu, təyin edildiyi və ya seçildiyi qurumun adından hüquqi və inzibati aktlar qəbul edə və ya mülki-hüquqi xarakterli müqavilələr (qiymətləri dövlət tərəfindən tənzimlənən mallar və xidmətlər istisna olmaqla) bağlaya bilməz.
8.4. Qurumun sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinə nəzarət funksiyalarını icra edən, sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinə aid məsələlərə dair qurumun adından hüquqi və inzibati aktlar qəbul edən, mülki-hüquqi müqavilələr (qiymətləri dövlət tərəfindən tənzimlənən mallar və xidmətlər istisna olmaqla) bağlayan vəzifəli şəxsi qurumla əmək münasibətlərinə və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində nəzarət funksiyalarını icra etdiyi, hüquqi və inzibati aktlar qəbul etdiyi və mülki-hüquqi müqavilələr (qiymətləri dövlət tərəfindən tənzimlənən mallar və xidmətlər istisna olmaqla) bağladığı özəl sektorda sahibkarlıq fəaliyyəti subyektində işləyə, istehlakçı hüquq münasibətləri istisna olmaqla, onunla müqavilə bağlaya bilməz. Belə təklif alan vəzifəli şəxs təklif olunan vaxtdan 3 (üç) iş günü müddətində səlahiyyətli subyektlərə məlumat verməlidir.
8.5. Qeyri-məhdud subyektlər dairəsini əhatə edən, cəmiyyətin hər hansı təbəqəsinin bir üzvü kimi vəzifəli şəxsin maraqlarına təsir göstərən, qulluq mövqeyinə görə hüquqi statusu tənzimləyən hüquqi və inzibati aktların hazırlanması və ya qəbul edilməsi şəxsi maraq hesab edilmir.
8.6. Bu Qanunun 8.3-cü maddəsi seçilməsi və ya təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətlərinə aid edilən vəzifəli şəxslərə şamil olunmur.
Maddə 9. Hüquqi və inzibati aktların qəbul edilməsinə, müqavilələrin bağlanmasına, nəzarət və ya yoxlama funksiyalarının həyata keçirilməsinə təsir edilməsi ilə əlaqədar məhdudiyyətlər
Vəzifəli şəxs tərəfindən statusundan, təmsil etdiyi qurumun statusundan, vəzifə səlahiyyətlərindən, yaxud həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə özünün və digər şəxslərin şəxsi maraqlarına toxunan məsələlərə dair digər vəzifəli şəxslər tərəfindən hüquqi və inzibati aktların hazırlanmasına və ya qəbul edilməsinə, müqavilələrin bağlanmasına, nəzarət və ya yoxlama funksiyalarının həyata keçirilməsinə təsir edilməsinə yol verilmir.
Maddə 10. Hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətlər
10.1. Hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətlər “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilir.
10.2. Hədiyyə və ya sadə qonaqpərvərlik qəbul edildikdən 3 (üç) iş günü müddətində vəzifəli şəxs səlahiyyətli subyektlərə hədiyyənin (sadə qonaqpərvərliyin) adı, növü, əlamətləri, qiyməti, verilmə məqsədi, tarixi, vaxtı, yeri və verən subyekt barədə məlumatları bildirir və bu məlumatları təsdiq edən dəlilləri təqdim edir. Bu Qanunun
22.3-cü maddəsində nəzərdə tutulmuş subyektlər maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin müddəalarının pozulmasına dair əlamətlər müəyyən etdiyi halda həmin hədiyyəni qiymətləndirilmək üçün tələb edə bilərlər. Bu halda vəzifəli şəxs həmin hədiyyəni qiymətləndirmə üçün təqdim edir.
10.3. Səlahiyyətli subyektlər hədiyyə və ya sadə qonaqpərvərliyin qeydiyyatını aparır, maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edildikdə bu Qanuna uyğun olaraq tədbir görürlər. Hədiyyə və ya sadə qonaqpərvərliyin qəbul edilməsi maraqlar toqquşmasına səbəb olarsa hədiyyənin geri qaytarılması, bu mümkün olmadıqda qurumun balansına keçirilməsi barədə səlahiyyətli subyektlər tərəfindən qərar qəbul edilir.
10.4. Vəzifəli şəxs hədiyyə və ya sadə qonaqpərvərliyi qəbul etməkdə çətinlik çəkdikdə, yaxud hədiyyə və ya sadə qonaqpərvərliyin maraqlar toqquşmasına səbəb olduğunu düşündükdə bu Qanunun 22-ci maddəsinə uyğun olaraq konfidensial məsləhət alır.
Maddə 11. İanə alma ilə əlaqədar məhdudiyyətlər
11.1. Bu Qanunun 11.2-ci maddəsi nəzərə alınmaqla vəzifəli şəxs tərəfindən istənilən fiziki və hüquqi şəxslərdən qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün ianənin istənilməsinə, tələb edilməsinə və alınmasına yol verilmir. Bu tələb əsas fəaliyyət istiqaməti müvafiq sahədə maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi olan qurumların məhz həmin məqsədlər üçün ianə almasına şamil olunmur.
11.2. Qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün fiziki və hüquqi şəxslərdən bu Qanunun 11.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ianə qəbul edilə bilər. İanə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyi əsasında yalnız qurumun rəhbərinin yazılı razılığı ilə qəbul olunur.
11.3. İanə edilməsi barədə müraciətə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) tərəfindən 20 (iyirmi) iş günü müddətində baxılır. Qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) ianənin qurumun səlahiyyətlərinin qərəzsiz və obyektiv icrasına təsir göstərməsini, təsir göstərə bilmə imkanını və ya təsir göstərməsi təəssüratını yoxlayır və ianənin qəbul edilib-edilməməsi barədə qurumun rəhbərinə yazılı rəyini təqdim edir. İanənin edilməsi barədə müraciətə baxılarkən ianə edən subyektdən əlavə sənədlər və məlumatlar alına bilər.
11.4. Qurumun ianə ediləcək fəaliyyət sahələri üzrə işçisi qurumla ianə edən şəxs arasında münasibətlərin qurulması və davam etdirilməsində, o cümlədən ianə ilə bağlı danışıq və müzakirələrdə iştirak etmir.
11.5. İanə hesabına qurumun işçilərinə məvacib, mükafat, yaxud hər hansı digər formada ödəniş və ya hədiyyə verilə bilməz.
11.6. İanə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt verilə bilməz, belə təkliflə çıxış edilə və ya belə vəd verilə bilməz.
11.7. İanə verən şəxs ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.
11.8. Vəzifəli şəxslər üçüncü şəxslərin xeyrinə ianə istəyə, tələb edə və ya ala bilməzlər.
11.9. Qurum hər il yanvarın 15-dək əvvəlki il üzrə qəbul edilmiş ianənin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verir.
Maddə 12. Kənar fəaliyyət üzrə məhdudiyyətlər və qadağalar
12.1. Vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz.
12.2. Vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.
12.3. Vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz.
12.4. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın. İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq məşğul ola bilər.
Maddə 13. Haqq alınması ilə əlaqədar məhdudiyyətlər
13.1. Vəzifəli şəxs xidməti vəzifələrinin icrasının qanunsuz maddi və qeyri-maddi nemət, imtiyaz və ya güzəşt əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
13.2. Qanunla müəyyən olunmuş hallarda şəxslərə ödənişsiz əsaslarla xidmət göstərən vəzifəli şəxslər həmin xidmətə görə hər hansı ödəniş tələb edə bilməz.
13.3. Vəzifəli şəxs tərəfindən dövlət rüsumları və ya xidmət haqlarının (ödənişlərin) qanunla müəyyən edilmiş məbləğindən artıq rüsum və ya ödəniş tələb edilə bilməz.
Maddə 14. Reklamla əlaqədar qadağalar
Vəzifəli şəxs reklamla məşğul ola və şəxsi maraq, o cümlədən hər hansı haqq əvəzinə sahibkara, onun istehsal və ya idxal etdiyi mala (gördüyü işə və göstərdiyi xidmətə) münasibət bildirə bilməz.
Maddə 15. Məlumatdan istifadə ilə əlaqədar məhdudiyyətlər
Vəzifəli şəxs qulluq funksiyalarının icrası ilə bağlı xidməti məlumatlardan, xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi qanunla qorunan sirlərdən işlədiyi müddətdə və vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün, o cümlədən özünün, yaxud üçüncü şəxslərin xeyrinə istifadə edə bilməz.
Maddə 16. Əmlakdan istifadə ilə bağlı məhdudiyyətlər
Vəzifəli şəxs dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün istifadə edə bilməz.
3-cü fəsil
QURUM VƏ VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN MARAQLAR TOQQUŞMASININ QARŞISININ ALINMASI
Maddə 17. Maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlər
17.1. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1–3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslərə münasibətdə müvafiq olaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra – Komissiya), Azərbaycan Respublikasının Milli Məclisinin İntizam komissiyası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyası və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) struktur bölməsi (şəxsi), digər vəzifəli şəxslərə münasibətdə isə qurumların maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli subyektlərdir.
17.2. Qurumun rəhbəri maraqlar toqquşması hallarının yaranmasının qarşısını bu Qanunda nəzərdə tutulmuş tədbirlər çərçivəsində almalıdır. Qurumun səlahiyyətləri və işçilərinin sayı nəzərə alınmaqla onun rəhbəri maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs müəyyən edir.
17.3. Səlahiyyətli subyektlər:
17.3.1. şəxsi maraqlar haqqında illik bəyannamələri yoxlayır və təhlil edir, müəyyən edilən maraqlar toqquşmasını bu Qanuna uyğun olaraq həll edirlər;
17.3.2. bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş qaydada vəzifəli şəxslərin maraqlar toqquşmasının qarşısının alınmasına dair müraciəti olduqda maraqlar toqquşması hallarının olub-olmamasını müəyyən edir, maraqlar toqquşması yarandıqda bu Qanuna uyğun olaraq həll edirlər;
17.3.3. vəzifəli şəxslər barəsində maraqlar toqquşması ilə bağlı müraciətlərə baxır, müəyyən edilən maraqlar toqquşmasını bu Qanuna uyğun olaraq həll edirlər;
17.3.4. şəxsi maraqlar haqqında bəyannamələri yoxlayarkən, vəzifəli şəxslərin bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş müraciətlərinə və onlar barəsində maraqlar toqquşması ilə bağlı müraciətlərə baxarkən bu Qanunun müddəalarının pozulmasını müəyyən etdikdə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görürlər;
17.3.5. maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin qurum tərəfindən icra vəziyyətini mütəmadi təhlil edir, maraqlar toqquşması riski yüksək olan sahələr üzrə preventiv tədbirlər görürlər;
17.3.6. maraqlar toqquşmasının qarşısının alınması və korrupsiya ilə mübarizəyə dair işçilərin bilik və bacarıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsini və digər maarifləndirmə tədbirlərinin görülməsini təmin edirlər.
17.4. Maraqlar toqquşması risklərinin idarə edilməsi, maraqlar toqquşmasının qarşısının alınması, habelə bu Qanunun 2-ci fəslində nəzərdə tutulmuş məhdudiyyətlərin (qadağaların) icrasına nəzarət edilməsi məqsədilə vəzifəli şəxslər vəzifəyə təyin edilməzdən və ya xidməti vəzifələrinin icrasına başlamazdan əvvəl, vəzifəyə təyin edildikdən (seçildikdən) sonra isə hər il aprel ayının 15-dək şəxsi maraqlar haqqında bəyannaməni səlahiyyətli subyektlərə təqdim edirlər. Şəxsi maraqlar haqqında bəyannamənin forması və təqdim edilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
17.5. Bu Qanunun tələbləri qurumun rəhbəri tərəfindən pozulduqda həmin qurumun digər vəzifəli şəxsləri maraqlar toqquşmasının nəticələrinin aradan qaldırılması üçün yuxarı vəzifəli şəxsə və ya Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1–3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslərə münasibətdə isə Komissiyaya müraciət edə bilərlər.
Maddə 18. Vəzifəli şəxslər tərəfindən maraqlar toqquşmasının qarşısının alınması
18.1. Vəzifəli şəxsə xidməti fəaliyyəti zamanı maraqlar toqquşmasına səbəb ola biləcək hüquqi və inzibati aktların qəbul edilməsinə, digər hərəkət və ya hərəkətsizliyə yönəlmiş hər hansı formada təsir etmək qadağandır.
18.2. Vəzifəli şəxs bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq maraqlar toqquşmasının qarşısını ala bilmədikdə bu barədə ona məlum olduğu vaxtdan dərhal, bu mümkün olmadıqda isə 3 (üç) iş günündən gec olmayaraq səlahiyyətli subyektlərə yazılı məlumat verməlidir. Məlumata bu Qanunun 21.3-cü maddəsinə uyğun olaraq baxılır.
18.3. Vəzifəli şəxs işə (xidmətə, qulluğa) qəbul edilərkən və ya başqa vəzifəyə təyin edilərkən şəxsi maraqlarını bəyan etməməsinin hüquqi nəticələri barədə səlahiyyətli subyektlər tərəfindən xəbərdar edilir.
18.4. Vəzifəli şəxs tərəfindən bu Qanunun 17.4-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması qadağandır.
Maddə 19. Vəzifəli şəxslərin etik davranış qaydaları
19.1. Vəzifəli şəxslər xidməti vəzifələrinin icrası zamanı və bu vəzifələrin icrası ilə bağlı olmayan davranışlarında dövlət qulluqçularının və bələdiyyə qulluqçularının etik davranış qaydalarını, digər peşə və ya sahə üzrə mövcud olan etik davranış qaydalarını rəhbər tutmalıdırlar.
19.2. Vəzifəli şəxslər maraqlar toqquşmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirlərinə cəlb edilirlər.
19.3. Vəzifəli şəxs etik baxımdan onun bitərəfliyi və qərəzsizliyi şübhə doğuran bütün hallarda bu Qanunun tələblərinə uyğun olaraq konfidensial məsləhət almalıdır.
Maddə 20. Maraqlar toqquşmasının müəyyən edilməsinin əsasları
20.1. Maraqlar toqquşmasının müəyyən edilməsi əsasları aşağıdakılardır:
20.1.1. vəzifəli şəxsin işə (xidmətə, qulluğa) qəbul edilərkən, əlavə vəzifə tutarkən
(o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətə başlayarkən şəxsi maraqlarını bəyan etməsi;
20.1.2. vəzifəli şəxs tərəfindən maraqlar toqquşması barədə səlahiyyətli subyektlərə məlumat verilməsi;
20.1.3. bu Qanuna uyğun olaraq vəzifəli şəxs tərəfindən təqdim olunmuş şəxsi maraqlar haqqında bəyannamənin təhlili;
20.1.4. bu Qanuna uyğun olaraq vəzifəli şəxsin qəbul etdiyi hədiyyə və ya sadə qonaqpərvərlik barədə məlumatların təhlili;
20.1.5. vəzifəli şəxslər tərəfindən təqdim edilən maliyyə xarakterli məlumatların təhlili;
20.1.6. qurumlardan daxil olan məlumatlara baxılması və onların öyrənilməsi;
20.1.7. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunan (yayımlanan) məlumatların təhlili.
20.2. Qurumun maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) namizəd vəzifəyə təyin edilməzdən əvvəl onun bu Qanunla nəzərdə tutulmuş məhdudiyyət və qadağalara riayət edib-etməməsini 2 (iki) ay müddətində yoxlayır, bununla bağlı qurum rəhbərinə yazılı rəy verir. Yoxlama zamanı qurumun maraqlar toqquşmasının idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) digər qurumlara, eləcə də hüquqi şəxslərə sorğu göndərir, namizəddən sənədləri və məlumatları tələb edir.
20.3. Bu Qanunun 6-cı və 8-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər xidməti vəzifələrin icrası başa çatdıqdan sonrakı müddətə tətbiq edildiyi hallarda, vəzifəli şəxs həmin müddət daxilində yeni işə səlahiyyətli subyektlərin yeni iş üzrə xidməti vəzifələrlə məhdudiyyətin məzmunu arasında ziddiyyətin olub-olmamasına dair yazılı rəyi əsasında qəbul edilir. Rəydə məhdudiyyətin məzmunu, müddəti, yeni iş üzrə xidməti vəzifələrlə məhdudiyyətin məzmunu arasında maraqlar toqquşmasının olub-olmamasına dair nəticə qeyd edilir.
20.4. Məhdudiyyətin məzmununa bu Qanunun 6–9-cu, 12-ci və 14-cü maddələri ilə qadağan edilmiş və ya məhdudlaşdırılmış kənar fəaliyyət aiddir. Məhdudiyyət müddətinə vəzifəli şəxsin xidməti fəaliyyətinə xitam verildiyi gündən bu Qanunla nəzərdə tutulmuş müddətin başa çatdığı tarixə qədər olan müddət daxildir. Yeni iş üzrə xidməti vəzifələrlə məhdudiyyətin məzmunu arasında ziddiyyətin olub-olmamasına dair nəticə vəzifəli şəxsin qurumdakı və yeni iş üzrə vəzifə səlahiyyətlərinə, qurum və yeni iş yeri arasında tabelilik, nəzarət, yoxlama və digər hüquqi münasibətlərinə, bu Qanunda nəzərdə tutulmuş məhdudiyyətlərin məzmununa və vəzifəli şəxsin qurumdakı vəzifədən istifadə etməklə yeni iş yerinə real təsir göstərə bilmək imkanına əsaslanır.
20.5. Vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tutmaq (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), yaxud kənar fəaliyyətlə məşğul olmaq üçün səlahiyyətli subyektlərə yazılı müraciət edir və onların rəyinə uyğun olaraq davranır.
Maddə 21. Maraqlar toqquşmasının həlli
21.1. Maraqlar toqquşmasının həlli vəzifəli şəxslərin öz qulluq mövqeyindən şəxsi maraqları naminə istifadə etmək imkanlarının müəyyən edilərək aradan qaldırılması yolu ilə həyata keçirilir və aşağıdakıları əhatə edir:
21.1.1. şəxsi maraqların bəyan edilməsinin yoxlanılması, maraqlar toqquşmasının mümkün hallarının və onların həlli yollarının müəyyən edilməsi və təhlili;
21.1.2. maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxsin rəhbərliyi tərəfindən görülən tədbirlər;
21.1.3. maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxs tərəfindən müstəqil şəkildə görülən tədbirlər.
21.2. Maraqlar toqquşması ehtimalı olan vəziyyət barədə məlumat verən vəzifəli şəxs səlahiyyətli subyektlər tərəfindən maraqlar toqquşmasının həll edilməsinə dair qərar qəbul edilənədək öz xidməti vəzifələrinin icrasını maraqların toqquşması hissəsində müvəqqəti dayandırır. Bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə qərar qəbul edildiyi halda vəzifəli şəxsin icraatında olan müvafiq iş təxirəsalınmadan və yeni maraqlar toqquşması yaratmamaqla digər vəzifəli şəxsin icraatına verilir.
21.3. Bu Qanunun 20.1.1-ci, 20.1.2-ci, 20.1.6-cı və 20.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq məlumat səlahiyyətli subyektlərə daxil olduğu, bu Qanunun 20.1.3–20.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda isə maraqlar toqquşmasının əlamətləri aşkar edildiyi vaxtdan 30 (otuz) iş günü müddətində araşdırma aparılır. Aparılmış araşdırma nəticəsində maraqlar toqquşması müəyyən edildikdə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə qərar qəbul edilir. Araşdırmanın nəticəsinə dair məlumat dərhal yazılı şəkildə vəzifəli şəxsə və müraciət müəlliflərinə bildirilir.
21.4. Maraqlar toqquşması məsələsi həll edilərkən vəzifəli şəxsin xidməti vəzifələri, şəxsi marağın xarakteri, maraqlar toqquşmasının növü, davam etmə müddəti, nəticələri, vəzifəli şəxslə maraqlar toqquşması yaradan münasibətin iştirakçıları, o cümlədən maraqlı şəxslər arasındakı əlaqə nəzərə alınır.
21.5. Maraqlar toqquşmasını həll etmək üçün aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi görülür:
21.5.1. vəzifəli şəxsin maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbul edilməsində iştirakının məhdudlaşdırılması;
21.5.2. vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə yenidən baxılması və dəyişdirilməsi;
21.5.3. vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması;
21.5.4. vəzifəli şəxsin maraqların toqquşması ilə bağlı olmayan vəzifəyə keçirilməsi;
21.5.5. aktivlərin özgəninkiləşdirilməsi;
21.5.6. xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi və ya onlardan imtina olunması, yaxud maraqlar toqquşmasına səbəb olan şəxsi marağın digər üsullarla aradan qaldırılması;
21.5.7. vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması;
21.5.8. vəzifəli şəxsin fəaliyyətinə nəzarətin yenidən təşkili;
21.5.9. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi nəzərə alınmaqla bu Qanunun 21.5.1–21.5.8-ci maddələrində nəzərdə tutulmuş tədbirlərin tətbiqi mümkün olmadıqda vəzifədən azad edilməsi.
Maddə 22. Konfidensial məsləhət
22.1. Vəzifəli şəxsin maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial yazılı məsləhət almaq hüququ vardır. Vəzifəli şəxs maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması ilə bağlı istənilən məsələyə dair bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş subyektlərə müraciət edə bilər.
22.2. Vəzifəli şəxs maraqların toqquşması ehtimalı olduğunu müəyyən etdikdə, hədiyyə və ya sadə qonaqpərvərliyi qəbul etməkdə çətinlik çəkdikdə, hədiyyə və ya sadə qonaqpərvərliyin maraqlar toqquşmasına səbəb olduğunu düşündükdə, yaxud bu Qanunun 19.3-cü maddəsində nəzərdə tutulmuş halda bu vəziyyətin aydınlaşdırılması və konfidensial məsləhət alınması üçün bu barədə ona məlum olduğu vaxtdan 3 (üç) iş günü müddətində bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş subyektlərə yazılı müraciət edir.
22.3. Maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1–3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslərə münasibətdə müvafiq olaraq Komissiya, Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət funksiyalarını yerinə yetirən struktur bölməsi (şəxsi), digər vəzifəli şəxslərə münasibətdə isə qurumların maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət funksiyasını yerinə yetirən səlahiyyətli struktur bölməsi (şəxsi) tərəfindən verilir.
22.4. Vəzifəli şəxsin konfidensiallığının qorunması üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə edilərək konfidensiallığa və anonimliyə təminat verən elektron kommunikasiya kanalları yaradılır.
22.5. Maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət funksiyasını yerinə yetirən səlahiyyətli struktur bölmə (şəxs) öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxiləni istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Qurumların konfidensial məsləhət verən subyektləri məsləhət üçün müraciət edən vəzifəli şəxs barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsində, insan resurslarının idarə olunması, o cümlədən vəzifəli şəxsin fəaliyyətinin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etmir, qurumun rəhbəri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər.
22.6. Bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş subyektlər bu Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş müraciət daxil olduğu vaxtdan 20 (iyirmi) iş günü müddətində yazılı konfidensial məsləhət verməlidirlər. Belə konfidensial məsləhətin tələblərinə riayət edən vəzifəli şəxs maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə intizam məsuliyyətinə cəlb edilə bilməz.
4-cü fəsil
MARAQLAR TOQQUŞMASININ NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI
Maddə 23. Maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlakın götürülməsi, imtiyaz və ya güzəştlərin dəyərinin dövlət nəfinə ödənilməsi
Vəzifəli şəxs tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.
Maddə 24. Maraqlar toqquşması nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi
Maraqlar toqquşması (təəssürat yaradan maraqlar toqquşması istisna olmaqla) nəticəsində qəbul olunmuş aktlar qanunla nəzərdə tutulmuş qaydada müvafiq qurum tərəfindən, yaxud qurumun və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə bilər.
5-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 25. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət və həmin tələblərə uyğunluğun yoxlanması
25.1. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə və Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na uyğun olaraq təqdim edilən maliyyə xarakterli məlumatlar, bu Qanunda nəzərdə tutulmuş şəxsi maraqlar haqqında bəyannamə və qanunla müəyyən edilmiş qaydada əldə edilmiş digər məlumatlar əsasında həyata keçirilir.
25.2. Bu Qanunun tələblərinə riayət edilməsinə bilavasitə nəzarəti qurumun rəhbəri və səlahiyyətli subyektlər həyata keçirirlər.
25.3. Komissiya qurumlar tərəfindən bu Qanunun tələblərinin icra vəziyyətini öyrənir, statistikasını aparır, ümumiləşdirir, bu Qanunun tətbiqi ilə bağlı təklif və tövsiyələr, habelə ictimaiyyətə məlumat verir.
25.4. Qurumlar, fiziki və hüquqi şəxslər maraqlar toqquşması halları ilə əlaqədar vəzifəli şəxsin işlədiyi qurumun rəhbərinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1–3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslərə münasibətdə isə Komissiyaya müraciət edə bilərlər. Bu müddəa fiziki və hüquqi şəxslərin ümumi qaydada şikayət etmək hüququnu məhdudlaşdırmır.
25.5. Komissiya daxil olan müraciətlərin öyrənilməsini, araşdırılmasını və ümumiləşdirilməsini həyata keçirir, habelə bunun nəticələrinə əsasən şikayətlərin daxil olduğu qurumun fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edir, maraqların toqquşması hallarının aradan qaldırılması üzrə göstərişlər verir.
25.6. Komissiya tərəfindən inzibati xəta və cinayət əlamətləri aşkar edildikdə, müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
Maddə 26. Maraqlar toqquşmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti
26.1. Maraqlar toqquşması hallarına yol vermiş vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. İntizam məsuliyyətinə cəlb edilmə mülki, inzibati və cinayət məsuliyyətini istisna etmir.
26.2. Maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər aşağıdakı qaydalara riayət edilməklə intizam məsuliyyətinə cəlb edilirlər:
26.2.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada qurumlara seçilmiş və ya təyin edilmiş şəxslər bu Qanunun tələblərini pozduqda səlahiyyətli subyektlər bu barədə vəzifəli şəxsin seçildiyi qurumun rəhbərinə və ya vəzifəli şəxsi təyin edən yuxarı vəzifəli şəxsə məlumat verir;
26.2.2. bələdiyyə orqanlarına seçilmiş şəxslər bu Qanunun tələblərini pozduqda səlahiyyətli subyektlər bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən 5 (beş) iş günü ərzində şəxsin yol verdiyi maraqlar toqquşması halları barədə onun seçildiyi bələdiyyənin sədrinə məlumat verir. Bələdiyyə sədri ilə bağlı materiallar onun iştirakı olmadan bələdiyyə iclasında müzakirə edilir;
26.2.3. hakimlər bu Qanunda nəzərdə tutulmuş maraqlar toqquşması hallarına yol verdikdə Komissiya intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.
26.3. Vəzifəli şəxsin etik davranış qaydalarının tələblərini pozduğu hallarda aparılmış araşdırmanın və ya xidməti yoxlamanın nəticələri intizam tənbehinin tətbiqinə əsas olduqda intizam icraatına başlanılır.
26.4. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb olunurlar.
Maddə 27. Keçid müddəa
Bu Qanun dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

