Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
24 noyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12 (Cild I); 2024, № 6 (I kitab), maddə 636, № 8, maddə 934, № 12 (II kitab), maddə 1337; 2026, № 3, maddə 210) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 52-ci və 53-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“52. Bu Əsasnamənin 53-cü maddəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinə həmin şəxslərin razılığı əsasında yol verilir.
53. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda başqa işə keçirilirlər:
1) yuxarı vəzifəyə keçirildikdə;
2) ailə vəziyyətinə görə;
3) tibb komissiyasının rəyinə əsasən səhhətinə görə;
4) yaş həddinə görə;
5) rotasiya qaydasında;
6) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisələrinə əyani təhsilalma formasına qəbul olunmaları ilə əlaqədar vəzifədən azad edildikdən sonra təhsillərini başa vurduqda;
7) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə:
ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda;
attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə;
intizam tənbehi qaydasında.”.
2. Aşağıdakı məzmunda 53-1-ci maddə əlavə edilsin:
“53-1. Gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
Azərbaycan Respublikasının Prezidenti

