Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
18 noyabr 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • Müzakirədə iştirak edin

18 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4             (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488, № 7 (I kitab), maddələr 619, 620, № 8, maddə 779,   № 9, maddələr 876, 877) aşağıdakı dəyişikliklər edilsin: 
1.1. 50.1-1-ci maddəyə “adında” sözündən sonra “Azərbaycan Respublikası” sözlərindən,” sözləri, birinci halda “adlarından” sözündən sonra “və ya oxşar adlardan” sözləri əlavə edilsin;
1.2. 59.2.3-cü maddədə “və “İnvestisiya fondları haqqında” sözləri “, “İnvestisiya fondları haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” sözləri ilə əvəz edilsin;
1.3. 115-ci maddə üzrə:
1.3.1. 115.1-ci maddədən “xeyriyyə,” sözü çıxarılsın, həmin maddəyə “məqsədlər” sözündən sonra “, habelə xeyriyyə məqsədi” sözləri əlavə edilsin;
1.3.2. 115.1-1-ci maddədə “on” sözü “yüz” sözü ilə əvəz edilsin.
 
Maddə 2. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 7, maddə 625) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci maddə üzrə:
2.1.1. 2.1-ci maddədə “müəyyən olunmuş” sözləri “göstərilən” sözü ilə əvəz edilsin və həmin maddəyə “təşəbbüsü ilə” sözlərindən sonra “qanunla müəyyən edilmiş növdə” sözləri əlavə edilsin;
2.1.2. 2.2-ci maddəyə “əsasında” sözündən sonra “qanunla müəyyən edilmiş növdə” sözləri, “məqsədləri” sözündən sonra “, habelə xeyriyyə məqsədi” sözləri əlavə edilsin və həmin maddədən “xeyriyyə” sözü çıxarılsın; 
2.1.3. 2.2-1-ci maddəyə “edilmiş” sözündən sonra “və dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə saziş bağlamış” sözləri əlavə edilsin;
2.2. 3.1-ci maddə üzrə:
2.2.1. birinci cümləyə “formasını” sözündən sonra “göstərən” sözü əlavə edilsin və həmin cümlədə “fəaliyyətinin xarakterini göstərən” sözləri “növünə uyğun” sözləri ilə əvəz edilsin;
2.2.2. ikinci cümləyə “adında” sözündən sonra “Azərbaycan Respublikası” sözlərindən,” sözləri, birinci halda “adlarından” sözündən sonra “və ya oxşar adlardan” sözləri əlavə edilsin;
2.3. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“5.1. İctimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər: 
5.1.1. peşə sahəsi üzrə ictimai birlik; 
5.1.2. sosial-humanitar sahə üzrə ictimai birlik; 
5.1.3. mədəniyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
5.1.4. təhsil və elm sahəsi üzrə ictimai birlik;
5.1.5. ekologiya sahəsi üzrə ictimai birlik;
5.1.6. hüquq sahəsi üzrə ictimai birlik; 
5.1.7. iqtisadi sahə üzrə ictimai birlik; 
5.1.8. qanunla müəyyən edilmiş digər növlər.
5.2. Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilərlər:
5.2.1. ictimai faydalı fond;
5.2.2. xeyriyyə fondu;
5.2.3. qanunla müəyyən edilmiş digər növlər.
5.3. İctimai birlik və fond yalnız bir növdə yaradıla bilər.
5.4. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.”;
2.4. 10.5-ci maddənin üçüncü cümləsi çıxarılsın;
2.5. 12.1-1-ci maddədə “on” sözü “yüz” sözü ilə əvəz edilsin;
2.6. 13-cü maddə üzrə:
2.6.1. 13.1-ci maddəyə birinci halda “qaydası,” sözündən sonra “əmlak və vəsaitlərinin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarətin həyata keçirilməsi qaydası, bu nəzarəti həyata keçirən orqanın formalaşdırılması və səlahiyyətləri, habelə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alınması, toplanılması, verilməsi və ya köçürülməsi zamanı risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurların icrasına nəzarət üzrə səlahiyyət bölgüsü,” sözləri əlavə edilsin və həmin maddədən “ictimai birliyin” sözləri çıxarılsın; 
2.6.2. aşağıdakı məzmunda 13.2-1-ci maddə əlavə edilsin: 
“13.2-1. Qeyri-hökumət təşkilatının nizamnaməsində yalnız onun növünə uyğun məqsədlər və vəzifələr göstərilməlidir.”;
2.7. 22-ci maddə üzrə:
2.7.1. adında “fəaliyyət növləri” sözləri “fəaliyyəti” sözü ilə əvəz edilsin;
2.7.2. 22.1-ci maddədə “və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü” sözləri “və nizamnaməsində göstərilən məqsədlərə uyğun olan fəaliyyəti” sözləri ilə əvəz edilsin;
2.7.3. 22.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Qeyri-hökumət təşkilatlarının fəaliyyət sahələri yalnız qanunla məhdudlaşdırıla bilər.”;
2.8. 25-ci maddə üzrə:
2.8.1. aşağıdakı məzmunda 25.5.4-1-ci və 25.5.4-2-ci maddələr əlavə edilsin:
“25.5.4-1. əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının təsdiq edilməsi; 
25.5.4-2. terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alarkən, toplayarkən, verərkən və ya vəsait köçürərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurların təsdiq edilməsi;”;
2.8.2. 25.6-cı maddənin birinci cümləsinə “əvvəl” sözündən sonra “yazılı surətdə” sözləri əlavə edilsin;
2.9. 31-ci maddə üzrə:
2.9.1. 31.3-cü maddənin birinci abzasında “məhkəmə qərarı ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin;
2.9.2. 31.3.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 31.3.4 – 31.3.7-ci maddələr əlavə edilsin:
“31.3.4. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və bu müddətin uzadılması ilə bağlı müraciət daxil olduqda;
31.3.5. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etmədikdə;
31.3.6. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirmədikdə;
31.3.7. ictimai birliyin icra orqanı, fondun prezidenti və ya idarə heyəti, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada dəyişiklik edilmədikdə.”;
2.9.3. 31.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“31.4. Aşağıda göstərilən hallarda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər:
31.4.1. qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid və ya insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda;
31.4.2. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və bu müddətin uzadılması ilə bağlı müraciət daxil olmadıqda, habelə bu müddət uzadılmadıqda;
31.4.3. qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində iki və daha çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildikdə;
31.4.4. qeyri-hökumət təşkilatının ali idarəetmə orqanı olan ümumi yığıncaq ardıcıl olaraq üç il ərzində çağırılmadıqda;
31.4.5. qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi üç ildən artıq müddətdə fəaliyyətini dayandırdıqda və ya bu müddətdə fəaliyyətsiz olduğu müəyyən edildikdə;
31.4.6. qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda və ya fəaliyyətinin dayandırıldığı dövrdə (məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin, fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi, müvafiq icra hakimiyyəti orqanının xəbərdarlıq və göstərişində qeyd olunan pozuntuların aradan qaldırılması ilə bağlı hərəkətlər istisna olmaqla) hər hansı formada fəaliyyət göstərdikdə (fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması);
31.4.7. qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında və ya qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edildikdən və ya hədəfli maliyyə sanksiyası tətbiq edildikdən sonra qurum tərəfindən həmin pozuntular müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda;
31.4.8. qeyri-hökumət təşkilatı bu Qanunla müəyyən edilmiş növlərdən birinə yaxud nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərmədikdə.”;
2.9.4. 31.6-cı maddə ləğv edilsin;
2.9.5. 31.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“31.7. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti onların dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtından əvvəl bərpa oluna bilər.”.
 
Maddə 3. Keçid müddəalar
3.1. Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 (otuz) gün müddətində nizamnamələrini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 13-cü maddələrinə uyğunlaşdıraraq, yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
3.2. Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq bağladıqları sazişin qüvvədə olma müddəti bitmiş və ya sazişi olmayan xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəlikləri bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 (otuz) gün müddətində bu sazişin bağlanması və ya sazişin qüvvədə olma müddətinin uzadılması ilə bağlı tədbirlər görüb, yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
3.3. Bu Qanunun 3.1-ci və 3.2-ci maddələrində nəzərdə tutulan müraciətlərə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
3.4. Bu Qanunun 3.1-ci və 3.2-ci maddələrində müəyyən edilmiş müddətdə yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etməmiş və ya “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət qeydiyyatına alınmasından imtina edilmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilir və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 31.4-cü maddəsinə uyğun olaraq tədbir görülür.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU