Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
27 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

27 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 13-cü, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488, № 7 (I kitab), maddələr 619, 620, № 8, maddə 779; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD və 461-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 61.3-2-ci maddə əlavə edilsin:
 “61.3-2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək işçi (işçilər) ilə həmin hüquqi şəxs arasında olan əmək müqaviləsinə (müqavilələrinə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsini təmin edir.”.
 
Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111, № 5 (I kitab), maddə 399, № 6, maddə 488, № 7 (I kitab), maddələr 616, 619, № 8, maddə 781) aşağıdakı məzmunda 33.8.10-cu və 34.7.3-1-ci maddələr əlavə edilsin:
 “33.8.10. Bu Məcəllənin 33.8.8-ci və 33.8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin və idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması həmin vergi ödəyicilərinin işçisinin (işçilərinin) əmək müqaviləsinə (müqavilələrinə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verildikdə mümkündür.”;
 “34.7.3-1. Bu Məcəllənin 34.7.3.1-ci maddəsində nəzərdə tutulmuş halda vergi ödəyicisi olan fiziki şəxsin vergi uçotundan çıxarılması həmin fiziki şəxslə onun işçisi (işçiləri) arasında olan əmək müqaviləsinə (müqavilələrinə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verildikdə mümkündür.”.
 
Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 609, № 8, maddə 741; 2026, № 2, maddə 103, № 6, maddə 488, № 7 (I kitab), maddə 619) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 16.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 16.2.6-cı maddə əlavə edilsin:
“16.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən hüquqi şəxslə bağlanmış qüvvədə olan əmək müqaviləsinin olmamasına dair çıxarış.”;
3.2. 16.2-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.2-1. Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə, habelə qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli və 16.2.6-cı maddəsində nəzərdə tutulmuş çıxarışla və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.”.
 
Maddə 4. Keçid müddəa
 
Bu Qanun qüvvəyə mindiyi günədək ləğv olunmuş hüquqi şəxslə, habelə vergi uçotundan çıxarılmış xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsi və idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslə işçi (işçilər) arasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində xitam verilməmiş əmək müqaviləsi (müqavilələri) işçinin (işçilərin) müraciəti əsasında həmin subyektlərin müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrindən və vergi uçotundan çıxarıldığı tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq qüvvədən düşmüş hesab edilir.
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU