“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
27 noyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 758 (Cild I); 2025, № 6, maddə 522, № 12 (I kitab), maddə 1129) 4-1.1-ci maddəsindən “orta riskli mallar üçün” sözləri çıxarılsın.
Maddə 2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1679 (Cild I); 2025, № 6, maddə 522; 2026, № 8, maddə 776) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 7.14-cü maddə aşağıdakı redaksiyada verilsin:
“7.14. Bu Qanunun 7.13-cü maddəsinə uyğun olaraq aparılan risk qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsindən asılı olaraq, texniki reqlamentlərdə təhlükəsizlik tələbləri müəyyən olunur.”;
2.2. 12-ci maddə üzrə:
2.2.1. 12.2-ci maddədə “risk səviyyəsinə” sözləri “yarada biləcəyi təhlükənin dərəcəsinə” sözləri ilə əvəz edilsin;
2.2.2. 12.5.2-ci maddədə “malın daşıdığı risk səviyyəsinə” sözləri “maldan yarana biləcək təhlükənin dərəcəsinə” sözləri ilə əvəz edilsin;
2.3. 13-cü maddə üzrə:
2.3.1. aşağıdakı məzmunda 13.2-1-ci maddə əlavə edilsin:
“13.2-1. Mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin mala dair təhlükəsizlik tələblərini əks etdirən texniki reqlamentdə göstərilir.”;
2.3.2. 13.3-cü maddə üzrə:
2.3.2.1. birinci cümlə çıxarılsın;
2.3.2.2. ikinci cümlədə “Yüksək riskli” sözləri “Texniki reqlamentdə uyğunluq sertifikatının tələb olunduğu” sözləri ilə əvəz edilsin;
2.3.3. 13.4-cü maddənin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:
“Texniki reqlamentdə göstərilən uyğunluq bəyannaməsi təsərrüfat subyekti tərəfindən tərtib edilir. Uyğunluq bəyannaməsinin tərtib edilməsi zamanı texniki reqlamentlərdə müəyyən olunduğu halda, mallar üçün uyğunluq bəyannaməsinin tərtib edilməsi ilə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədilə uyğunluğu qiymətləndirən qurumun cəlb edilməsi də tələb olunur.”;
2.4. 14.8-ci maddədə “risk səviyyəsi” sözləri “yarada biləcəyi təhlükənin dərəcəsi” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti

