"Dərman vasitələri haqqında"
“Dərman vasitələri haqqında”
Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 2, maddə 70, No– 11, maddə 1046) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.0.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.17-ci maddə əlavə edilsin:
“1.0.17. əlavə təsir – dərman vasitəsinin istifadəsi təlimatında göstərilmiş dozada istifadə edilməsi zamanı insan orqanizminin gözlənilməz mənfi reaksiyası.”.
2. 4-cü maddəyə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
2.1. 4.2.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ılə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.9-cu maddə əlavə edilsin:
“4.2.9. dərman vasitələrinin qəbulundan sonra insan orqanizminin neqativ dəyişikliyinə səbəb olan əlavə təsirlər üzə çıxdıqda, onların istifadədən çıxarılmasını təmin edir.”;
2.2. aşağıdakı məzmunda 4.5-ci maddə əlavə edilsin:
“4.5. Dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.”.
3. 6-cı maddəyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
3.1. 6.1-ci maddədə “Bu Qanunun 6.5-ci və 9.3-cü maddələri ilə” sözləri “Bu Qanunla” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 6.5.5 - 6.5.8-ci maddələr əlavə edilsin:
“6.5.5. dövlət qeydiyyatı məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş miqdarda və qaydada nümunə kimi idxal edilən dərman vasitələri;
6.5.6. fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün zəruri miqdarda gətirilən dərman vasitələri;
6.5.7. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq təsdiqedici sənədi ilə istifadəsi tövsiyə olunan dərman vasitələri;
6.5.8. nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri. Bu dərman vasitələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
3.3. aşağıdakı məzmunda 6.9-cu maddə əlavə edilsin:
“6.9. Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
4. 9-cu maddəyə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
4.1. 9.2-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin ölkəyə humanitar məqsədlər üçün idxalına, onların istehsalçıları tərəfindən təqdim olunan keyfiyyəti təsdiq edən sənədlər olduqda yol verilir.”;
4.2. 9.5-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr həyata keçirirlər.”;
4.3. aşağıdakı məzmunda 9.6-cı maddə əlavə edilsin:
“9.6. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq təsdiqedici sənədi ilə istifadəsi tövsiyə olunan dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmədən yalnız qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına gətirilə bilər.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2009-cu il
No– 794-IIIQD
Fayl şəklində yüklə

