"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası
Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No–2, maddə 79) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 2.1.2.6-cı maddədə “Azərbaycan Respublikası Milli Bankının (bundan sonra – Milli Bank) uçot dərəcəsinin 1,8 mislindən” sözləri “bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən” sözləri ilə əvəz edilsin;
2. 2.1.9-cu maddədə “Milli Bank” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;
3. Qanunun mətnində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin;
4. Aşağıdakı məzmunda 8.1.20-ci maddə əlavə edilsin və 8.1.20-ci maddə müvafiq olaraq 8.1.21-ci maddə hesab edilsin:
“8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;”
5. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.”.
II. 2009-cu il yanvarın 1-dən sonra Mərkəzi Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı faiz dərəcələri ilə, lakin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən ediləcək faiz dərəcəsinin yuxarı həddinədək olan faiz dərəcələri ilə cəlb edilmiş əmanətlər qorunan əmanətlər hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2009-cu il
No– 810-IIIQD
Fayl şəklində yüklə

