"Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər vəəlavələr edilməsi barədə
“Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”
və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və
əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 688; 2000-ci il, No– 7, maddə 494; 2002-ci il, No– 8, maddə 464; 2004-cü il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 202; 2005-ci il, No– 10, maddələr 874, 876, 902; 2006-cı il, No– 11, maddə 927; 2007-ci il, No– 1, maddə 1, No– 2, maddə 82; 2009-cu il, No– 6, maddə 399) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddənin ikinci abzasında “şöbələrin böyük prokurorları, prokurorları və prokuror-kriminalistlər” sözləri “şöbələrin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokuror-kriminalistləri” sözləri ilə əvəz edilsin;
2. 10-cu maddənin üçüncü hissəsinin iyirmi birinci-iyirmi dördüncü abzasları müvafiq olaraq iyirmi ikinci-iyirmi beşinci abzaslar hesab olunsun, aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
“prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar xatirə medal və nişanları təsis edir;”;
3. 14-1-ci maddəyə aşağıdakı məzmunda 7-ci-9-cu hissələr əlavə edilsin:
“Bu Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən birləşmələrində həmçinin Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu və müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun təqdimatı əsasında, ədliyyə polkovnik-leytenantı və ədliyyə polkovniki rütbələri isə Baş prokurorla razılaşdırılmaqla, Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən verilir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarına ilk hərbi rütbələr verildikdən sonra növbəti hərbi rütbələr (ədliyyə polkovnik-leytenantı, ədliyyə polkovniki rütbələri və ali hərbi rütbələr istisna olmaqla) Naxçıvan Muxtar Respublikası Hərbi prokuroru tərəfindən verilir.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan vəzifələrdə qulluq edən şəxslərin hərbi xidmətə çağırışı, onların ehtiyata və istefaya buraxılması Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.”;
4. 16-cı maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər.”;
5. 29-cu maddənin ikinci hissəsinin doqquzuncu abzasından “prokurorluq orqanlarında qulluğa qəbul edilmirlər” sözləri çıxarılsın;
6. 32-ci maddənin birinci hissəsi üzrə:
6.1. altıncı abzasda “fəxri döş nişanı” sözləri “xatirə medalları və ya xatirə nişanları” sözləri ilə əvəz edilsin;
6.2. yeddinci abzasdan “xüsusi” sözü çıxarılsın;
6.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmə.”;
7. 33-cü maddənin yeddinci hissəsinin altıncı və doqquzuncu abzaslarından, 35-ci maddənin adından “xüsusi” sözü çıxarılsın;
8. 35-ci maddənin birinci hissəsində və səkkizinci hissəsində birinci halda “xüsusi” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.
II. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 452, No– 12, maddə 731; 2002-ci il, No– 12, maddə 706; 2005-ci il, No– 10, maddə 902; 2006-cı il, No– 11, maddə 927; 2007-ci il, No– 1, maddələr 1, 4, No– 2, maddə 82, No– 6, maddə 570, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008-ci il, No– 3, maddə 155, No– 4, maddə 250, No– 8, maddə 696; 2009-cu il, No– 6, maddə 399) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 7.1 və 7.2-ci maddələrdən “xüsusi” sözü çıxarılsın;
2. 10-cu maddə üzrə:
2.1. 10.0.3 və 10.0.4-cü maddələrdə “birinci müavini, müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;
2.2. 10.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10.0.5. beşinci təsnifat - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, prokurorları və prokuror-kriminalistləri, Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbə rəislərinin müavinləri, Hərbi Prokurorluğun idarə tərkibində olan şöbələrinin rəisləri, Hərbi Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçiləri, Hərbi Prokurorluğun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçiləri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisləri, Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, Bakı şəhər prokurorluğunun idarə və şöbə rəisləri, Bakı şəhər prokurorunun böyük köməkçiləri;”;
2.3. 10.0.6-cı maddə üzrə:
2.3.1. “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbələrinin prokurorları” sözlərindən sonra “və prokuror-kriminalistləri” sözləri əlavə edilsin;
2.3.2. “və böyük müstəntiqləri” sözləri “, prokuror-kriminalistləri və böyük müstəntiqləri, Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun köməkçiləri,” sözləri ilə əvəz edilsin;
2.3.3. “Bakı şəhər prokurorluğunun idarə və şöbələrinin böyük prokurorları” sözləri “Bakı şəhər prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri” sözləri ilə əvəz edilsin;
2.4. 10.0.7-ci maddədə “Bakı şəhər prokurorluğunun idarə və şöbə prokurorları” sözlərindən sonra “, prokuror-kriminalistləri” sözləri əlavə edilsin;
2.5. 10.0.8-ci maddədən “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun köməkçiləri” sözləri çıxarılsın;
3. 20-ci maddə üzrə:
3.1. 20.1-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödənilir.”;
3.2. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“20.2. Başqa yerə daimi işə keçirilmiş prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.”;
3.3. 20.13-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 20.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlil olması ilə bağlı prokurorluq orqanlarında xidmət keçməsinə xitam verilmiş prokurorluq orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxması ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.”;
4. 23-cü maddə üzrə:
4.1. 23.1.5-ci maddədə “fəxri döş nişanı” sözləri “xatirə medalları və ya xatirə nişanları” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 23.1.8-ci maddə əlavə edilsin:
“23.1.8. “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmə.”;
5. 33-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Prokurorluq işçisi vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun adı prokurorluq işçilərinin siyahısından çıxarılır.”;
III. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007-ci il, No– 12, maddə 1194; 2008-ci il, No– 4, maddə 254, No– 6, maddə 464, No– 7, maddə 602, No– 8, maddələr 699, 710; 2009-cu il, No– 6, maddələr 395, 399) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 9.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:
9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri;
9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.”;
2. 20.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;”;
3. aşağıdakı məzmunda 20.1.5-1-ci və 20.1.5-2-ci maddələr əlavə edilsin:
“20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri;
20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;”;
4. 20.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir:
20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə-orta aylıq əmək haqqının 45 faizi miqdarında;
20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla;
20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”;
5. aşağıdakı məzmunda 20.8-1-ci maddə əlavə edilsin:
“20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.”;
6. 37.3.4-cü maddənin ikinci cümləsində mötərizədə “20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözlərindən sonra “20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2009-cu il
No– 895-IIIQD
Fayl şəklində yüklə

