"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-ci il,    No– 8, maddə 613) aşağıdakı əlavələr edilsin:

1.  1.0.26-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Qanuna aşağıdakı məzmunda 1.0.27-ci maddə əlavə edilsin:
“1.0.27. idman mərc oyunları – idman yarışlarının nəticəsinin əvvəlcədən təxmin edilməsinə əsaslanaraq oynanılan və iştirak edənlər arasında düzgün təxmin edənlərə əvvəlcədən elan olunmuş meyarlar əsasında mükafat qazandıran oyunlar.”.

2. Qanuna aşağıdakı məzmunda 53-1-ci maddə əlavə olunsun:

“Maddə 53-1. İdman mərc oyunlarının təşkili və keçirilməsi

53-1.1. İdman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir.
53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən həyata keçirilir.
53-1.3. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
53-1.4. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi bədən tərbiyəsi və idmanın inkişafına yönəldilir.
53-1.5. İdman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  31 may 2010-cu il
No– 1019-IIIQD  

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU