"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi
(1992-2012)” Azərbaycan Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960) 2-ci maddəsinin iyirmi beşinci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirmi altıncı hissə əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı.”.
Maddə 2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il
No– 241-IVQD
Azərbaycan Respublikasının 2011-ci il
15 noyabr tarixli 241-IVQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi
(1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
Əsasnamə
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Azərbaycan Respublikasının 2011-ci il
15 noyabr tarixli 241-IVQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi
(1992-2012)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, ortası dairəvi olmaqla səkkizbucaqlı formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
2. Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının elementləri olan qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir.
3. Bu kompozisiyadan yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “20 İL” sözü yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində üst-üstə “1992” və “2012” rəqəmləri yazılmışdır.
4. Sünbüllər, qalxan, qılınc, açar, dəfnə budağı, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. Mavi və boz rəngli qalxan, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent və ağ mina ilə örtülmüş “20 İL” sözü istisna olmaqla, digər elementlər qızılı rəngdədir.
5. Medalın arxa tərəfinin yuxarı hissəsində ortada səkkizbucaqlı ulduz və aypara, aşağı hissəsində isə milli ornament təsvir edilmişdir. Mərkəzdə “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 20 İLLİYİ” sözləri və “1992-2012” rəqəmləri yazılmışdır. Ulduz, aypara, sözlər, rəqəmlər, ornament relyefli və qızılı rəngdədir.
6. Medal paltarların yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
7. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd göy, 10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
8. Medala paltarların yaxasına bərkidilmək üçün elementi olan, xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.
Fayl şəklində yüklə

