"Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r:
Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 1; 2001, No– 12, maddə 736; 2003, No– 1, maddə 16; 2004, No– 1, maddə 10; 2005, No– 2, maddə 62; 2006, No– 2, maddə 67, No– 6, maddə 478) ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. IV bölmənin “Bələdiyyənin daimi və başqa komissiyaları” hissəsinin 2-ci bəndinin ikinci abzasında “iclasına və ya” sözlərindən sonra “bələdiyyənin qərarına əsasən” sözləri əlavə edilsin;
2. VI bölmənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.”;
3. VIII bölmənin beşinci və altıncı hissələri aşağıdakı redaksiyada verilsin:
“Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir.
Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2011-ci il
No– 221-IVQD
Fayl şəklində yüklə

