"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə  q ə r a r a   a l ı r :

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 12, maddə 1080; 2007, No– 8, maddə 756; 2010, No– 3, maddələr 171, 172; 2011, No– 3, maddə 162, No– 7, maddə 617) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.5.4-cü, 10.6-cı, 43-55-ci və 57-ci maddələr ləğv edilsin;

2. 21.3-cü maddədə “edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır” sözləri “edilməlidir” sözü ilə əvəz edilsin;

3. 26.4-cü maddədə “İnformasiya məsələləri üzrə Müvəkkillə razılaşdırmaq şərti ilə” sözləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) ilə razılaşdırmaqla” sözləri ilə əvəz edilsin;

4. Aşağıdakı məzmunda 27-1-ci maddə əlavə edilsin:

“Maddə 27-1. İnformasiya sorğusunun icrasından imtina edilməsi və ya     
lazımınca icra olunmaması barədə şikayət

Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.”;

5. 42.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“42.1.2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
                                                                                      

Bakı şəhəri, 20 aprel 2012-ci il
No– 323-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU