Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar

Qərarlar      Paylaşın:        

Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 20 ili tamam olur. Bu kədərli günlərdə Azərbaycan xalqı qəsbkar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edir.
Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi  ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. 
İnsanlığın ortaq vicdanında qara ləkə olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. İndiyədək Azərbaycan Respublikasının istintaq orqanları cinayətkarlardan 39 nəfərinin adlarını müəyyən edə bilmişlər. Soyqırımı cinayətinin digər iştirakçılarının müəyyən edilməsi üçün açılmış cinayət işinin təhqiqatı hazırda davam etdirilir.
Xocalı faciəsi qəsbkar erməni millətçilərinin Cənubi Qafqazda və Şərqi Anadoluda azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Son iki yüz ildən artıq bir dövrdə mərhələ-mərhələ həyata keçirilən bu siyasət 2 milyona qədər günahsız azərbaycanlının və türkün vəhşicəsinə qətlə yetirilməsinə,  çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının (sonrakı İrəvan quberniyasının)  ərazisində Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2  min kvadrat-kilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin təşkil edilməsinə, 1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına,  Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğal olunmasına gətirib çıxarmışdır.
Təkcə son işğalçılıq müharibəsinin gedişində Ermənistan Silahlı Qüvvələri tərəfindən 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.
XIX əsrin sonlarından başlayaraq azərbaycanlıların və türklərin məruz qaldıqları fəlakətlərin bir çox səbəbləri vardır. İlkin səbəblərdən biri bəzi kənar qüvvələrin Cənubi Qafqaz və Şərqi Anadolu ərazisində müəyyən niyyətlərini həyata keçirmək üçün erməni millətçiliyinə rəvac verməsi və ondan bir alət kimi istifadə etməsi olmuşdur. Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşməsi bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara və türklərə qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda və Şərqi Anadoluda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və  məzlum” erməni xalqı obrazı yaradılmışdır.
Qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətini pərdələmək üçün erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad edirlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərir. Təəssüf ki, Xocalı faciəsi kimi həqiqi soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər. 
Erməni millətçiliyinə qarşı mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımılarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı  faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilir. 
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX–XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin 1994-cü il 24  fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən tədbirlər öz nəticəsini verməkdədir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. 
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfi sülh arzusunda olduğunu göstərməyə çalışsa da, münaqişənin dinc vasitələrlə həllini çətinləşdirən bəyanatlara və hərəkətlərə yol verir, o cümlədən “erməni soyqırımı” haqqında əfsanənin daha çox ölkədə yayılmasına cəhdlər göstərir.
Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq, qərara alır:
1. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral və 2007-ci il 27 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə  azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
3. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.
4. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına  tövsiyə edilsin ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                    O.Əsədov


Bakı şəhəri, 24 fevral 2012-ci il
No– 301-IVQR

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU