Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı
hüquqi tənzimləmə haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
1. Azərbaycan Respublikasının Şəhərsalma  və Tikinti Məcəlləsi təsdiq edilsin.
2. Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir:
2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə,  şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə;
2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə  uyğunluğuna dair  Məcəllənin 11.1-ci maddəsinin  birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin  qüvvəyə mindiyi gündən 3 il sonra.
3. Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş  müddəaları  istisna olmaqla,  Şəhərsalma və Tikinti Məcəlləsi  2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
4. Məcəllənin  qüvvəyə mindiyi gündən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 473; 2001, No– 11, maddə 676; 2002, No– 5, maddə 241; 2007, No– 10, maddə 938; 2008, No– 7, maddə 602; 2009, No– 5, maddə 310,  No– 12, maddə 948; 2010, No– 4, maddə 275) ləğv edilir.
5. Şəhərsalma və tikinti fəaliyyəti  ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.
6. Məcəllə qüvvəyə minənədək  qüvvədə olan ərazi  planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər  məqsəd  və  məzmun  baxımından   Məcəllənin  V  fəslinin  müddəalarına
uyğunlaşdırılmalı, eləcə də Məcəllə ilə müəyyən edilmiş qaydada elan olunmalıdır. Mövcud ərazi planlaşdırılması sənədlərində  dəyişikliklər  Məcəllənin 32.1 – 32.3-cü, 34.1 – 34.3-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata kecirilir.
7. Məcəllə qüvvəyə minənədək  hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi  planlaşdırılması sənədlərinə  Məcəllənin müddəaları şamil olunmur. Bu cür ərazi  planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.
8. Məcəllə qüvvəyə minənədək  torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu  planları müfəssəl planlara bərabər sayılır.
9. Məcəllə qüvvəyə minənədək  verilmiş tikinti  icazələri  Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində  qüvvədədir. Məcəllə qüvvəyə minənədək  tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat  Məcəllənin 75-76-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10. Məcəllənin qüvvəyə minməsindən əvvəl  tikintisi başlanılmış və başa çatdırılmamış  obyektlərin tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur
11. Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin  Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu fərdi yaşayış evlərinin tikintisinə nəzarət  Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq həyata kecirilir.
12. Məcəllə qüvvəyə minənədək ekspertizadan keçirilmiş, lakin  icrasına başlanılmamış  tikinti layihələrinə dair ekspert rəyləri tikintiyə icazənin qüvvədə olduğu müddətdə  etibarlıdır.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2012-ci il
No– 392-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU