Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bəzi əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə

bəzi əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası 2004-cü il 6 yanvar tarixli 575-IIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133; Azərbaycan Respublikasının 2004-cü il 30 aprel tarixli, 643-IIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 31-ci maddənin ikinci hissəsinə aşağıdakı məzmunda "n" və "o" bəndləri əlavə edilsin:

"n) iş yerində və ya işlə əlaqədar olaraq ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;

o) iş yerində və ya işlə əlaqədar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi.".

2. 77-ci maddənin yeddinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.".

3. 247-ci maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.".

4. 250-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 1 sentyabr 2004-cü il

№ 729-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU