"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 106; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 4) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

I.1. 21-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.

Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.

Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin, Milli Məclisin komissiya sədri müavininin və deputatın vəzifə maaşlarının məbləğləri, habelə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatının məbləği Milli Məclisin qərarı ilə müəyyənləşdirilir.".

 

I.2. 24-cü maddə çıxarılsın.

 

I.3. Qanuna aşağıdakı məzmunda yeni 24-1-ci maddə əlavə edilsin:

 

"Maddə 24-1. Vəfat etmiş deputatın ailə üzvlərinin pensiya təminatı

 

Deputat səlahiyyət müddətində vəfat etdikdə, onun ailə üzvləri - dul arvadı (əri), anası (atası) və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları həmin deputatın orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alırlar.".

 

I.4. 29-cu maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 29. Deputatın məzuniyyəti

 

Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir.

Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.".

 

I.5. 30-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.

 

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat mandatını itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.

 

Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisin sədri, Milli Məclis sədrinin birinci müavini, Milli Məclis sədrinin müavini, Milli Məclisin komissiya sədri və ya Milli Məclisin komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin və ya Milli Məclisin komissiya sədri müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.

 

Pensiyaya çıxmış deputat vəfat etdikdə onun ailə üzvləri - dul arvadı (əri), anası (atası), və himayəsində olmuş 22 yaşına çatmamış işləməyən uşaqları onun pensiyasını alırlar.

Bu Qanunda "orta aylıq əmək haqqı" dedikdə deputatın son on iki ay ərzində Milli Məclisdən aldığı vəzifə maaşının, müavinətlərin və vergi tutulan başqa əlavə ödənişlərin cəminin 12-yə bölünməsindən alınan məbləğ başa düşülür.".

 

I.6. Qanuna aşağıdakı məzmunda yeni IV-1 fəsil əlavə edilsin:

 

"IV-1 fəsil

 

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası

 

Maddə 30-1. Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası haqqında qanunvericilik və sığortalılar

 

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası bu Qanunla, "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bu Qanuna uyğun olaraq sığortalı deputatdır.

 

Maddə 30-2. Deputatın sığortaçısı

 

Deputatın sığortaçısı dövlət sığorta orqanıdır.

 

Maddə 30-3. Sığorta məbləği və sığorta haqqı

 

Bu Qanuna uyğun olaraq hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığorta haqqı, sığorta işinin aparılması üçün sığortaçının xərcləri də nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.

 

Maddə 30-4. Sığorta hadisəsi və sığorta ödənişi

 

Sığortalının fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlil olması və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.

 

Sığorta hadisəsi baş verdikdə sığortalıya sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%;

2) aldığı xəsarət nəticəsində əlillik qrupu təyin olunduqda:

 

- I qrup - 80% ;

- II qrup - 60% ;

- III qrup - 40% ;

3) əlillik qrupu təyin olunmadan ağır xəsarət aldıqda- 20%;

4) yüngül xəsarət aldıqda - 5% .

Deputat olarkən aldığı xəsarət nəticəsində sığortalı deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.

 

Maddə 30-5. Deputatın sığortasının təşkili qaydası

 

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası sığorta etdirən (Azərbaycan Respublikasının Milli Məclisi) üçün hər il dövlət büdcəsində bundan ötrü nəzərdə tutulmuş vəsait hesabına aparılır.

Sığorta etdirən, deputatların həyat və sağlamlığının dövlət icbari sığortasını təmin etmək üçün deputatların siyahısını sığortaçıya təqdim etməklə, dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyir.

Sığortaçı hər rüb sığorta etdirənə əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Sığortaçı sığortalıya və ya onun vərəsələrinə bu Qanunda nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 təqvim günü ərzində verir.

Sığorta ödənişi verilmiş bir sığorta hadisəsinin nəticəsi olan əlillik qrupu daha ağır əlillik qrupu ilə əvəz olunduqda və ya ölüm baş verdikdə, sığorta ödənişi verilərkən əvvəl ödənilmiş məbləğ çıxılır.

 

Maddə 30-6. Sığortaçının və sığortalının hüquq və vəzifələri

 

Sığortaçının və sığortalının qarşılıqlı hüquq və vəzifələri sığorta qanunvericiliyinə uyğun olaraq müqavilədə müəyyənləşdirilir.

Sığortaçı müqavilədə nəzərdə tutulmuş sığorta haqlarının məbləğini aldığı gündən bu Qanuna və müqaviləyə uyğun olaraq sığortalıya sığorta ödənişini vermək öhdəliyini götürür.

Sığorta hadisəsi baş verdikdə sığortalı və ya onun vərəsəsi bu barədə sığortaçını xəbərdar etməlidir.

Sığortalının və ya onun vərəsələrinin sığorta ödənişini alması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığortaçıya və ya sığorta etdirinə müraciət etmək hüququ vardır.

 

Maddə 30-7. Sığorta ödənişini almaq üçün tələb olunan sənədlər

 

Sığorta ödənişini almaq üçün sığortalı və ya onun vərəsələri müəyyənləşdirilmiş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığortalının deputat olması barədə arayışla birlikdə sığortaçıya aşağıdakı sənədləri təqdim edir:

1) həlak olma halında:

- sığortalının ölümü haqqında şəhadətnamənin surəti;

- vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti ;

- deputat olarkən aldığı xəsarət nəticəsində sığortalı deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra 3 il müddətində vəfat etmişdirsə, yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.

2) əlillik halında:

- əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin olunması tarixi göstərilməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiqlənmiş surəti.

3) xəsarət alma halında:

- ağır və ya yüngül xəsarətin alınması barədə tibbi arayış.

Ağır və yüngül xəsarət növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

 

Maddə 30-8. Sığorta ödənişinin verilməsindən imtina

 

Sığortalıya və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

- sığorta hadisəsi sığortalının alkoqollu, narkotik və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

- sığortalı özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda;

- sığortalının sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda.

 

Maddə 30-9. Sığorta ehtiyatları

 

Sığortaçı daxil olmuş sığorta haqlarının 10 faizini sığorta işlərinin aparılması xərclərinə ayırmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sığorta ehtiyatları yaradır.

 

Maddə 30-10. Deputatın icbari sığortasının aparılmasına

nəzarət və deputatın icbari sığortası qaydalarının

pozulmasına görə məsuliyyət

 

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortasının vaxtında və düzgün aparılmasına sığorta etdirən və dövlət sığorta orqanı nəzarət edirlər.

Bu Qanunun müddəalarının pozulmasına görə sığorta etdirənin, dövlət sığorta orqanının rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

 

Maddə 30-11. Deputatın icbari sığortası ilə əlaqədar

mübahisələrə baxılması qaydası

 

Deputatın həyat və sağlamlığının dövlət icbari sığortası ilə bağlı mübahisələrə məhkəmə qaydasında baxılır.".

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 29 iyun 2004-cü il

718-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU