"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 10, maddə 583; 2004-cü il, No– 1, maddə 10) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.0.4-cü maddənin ikinci cümləsinə "Bu anlayışa həmçinin" sözlərindən sonra "yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi və" sözləri əlavə edilsin.
2. 1.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"1.0.5. retranslyasiya - bir teleradio yayımçısının yayımladığı teleradio proqramlarının (verilişlərinin) digər teleradio yayımçısı tərəfindən texniki vasitələrin köməyi ilə qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması;".
3. 1.0.13-cü maddədə "və yayımlamaq səlahiyyəti olan yaxud yayımın üçüncü şəxs vasitəsi ilə" sözləri "və ya yayımlamaq səlahiyyəti olan, yaxud yayımın retranslyasiyası siqnallarının kodlarını açan qurğu və vasitələrin köməyi ilə" sözləri ilə əvəz edilsin.
4. 7.0.4-cü maddə çıxarılsın.
5. 9.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"9.1.1. qanunla nəzərdə tutulmuş qaydada və formada yaradılır;".
6. 22.3-cü maddədə "uzatmaq barədə" sözlərindən sonra "xüsusi razılığın (lisenziyanın) müddətinin bitməsinə azı 6 ay qalmış" sözləri əlavə edilsin.
7. 22.4-cü maddədə "cərimə və digər sanksiyalar" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq məsuliyyət tədbirləri" sözləri ilə əvəz edilsin.
8. 35.4-cü maddənin ikinci cümləsində "20 dəqiqədən" sözləri "15 dəqiqədən" sözləri ilə əvəz edilsin.
9. 35.8-ci maddədə "həcmi" sözündən sonra "bir saatda" sözləri əlavə edilsin.
10. 35.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
"35.10. Televiziya və radio ilə narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının, Azərbaycan Respublikasının qanunvericiliyi ilə reklamı qadağan olunan digər məhsulların, habelə saat 7.00-dan saat 23.00-dək spirtli içkilərin reklamına yol verilmir.".
11. Aşağıdakı məzmunda 39.6-cı maddə əlavə edilsin:
"39.6. Bu Qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya kanalında yayımlamağa borcludur.".
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 22 aprel 2005-ci il
No– 897 -IIQD

