Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi,
Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın böyük oğlu, ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək;
siyasi təcrübəsi, vətənpərvərliyi, sarsılmaz iradəsi, tükənməz enerjisi və işgüzarlığı sayəsində Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən xilas edərək ölkədə qanunçuluğu bərqərar etmiş, cəmiyyəti vahid azərbaycançılıq ideyası ətrafında birləşdirmiş, Azərbaycan Respublikasını qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, nəhəng beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəyə çevirmiş, Azərbaycanın beynəlxalq miqyasda tanınmasını və nüfuzunun artmasını təmin etmiş Heydər Əliyevin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli-mənəvi dəyərlərə qayıdış, vətəndaş cəmiyyətinin təşəkkülü sahəsində əvəzsiz tarixi xidmətlərini xatırlayaraq;
müasir Azərbaycanın öz müstəqilliyinin 20 ildən artıq müddəti ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçdiyini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik strategiyasının uğurla davam etdirilməsini, cəmiyyətimizin yeni sosial-iqtisadi inkişaf pilləsinə yüksəldiyini, sosial problemlərin səmərəli həllinə, hər kəsin firəvan həyatına və rifahına yönəlmiş mühüm addımlar atıldığını, dövlət idarəçiliyinin müasir meyarlara uyğun yenidən qurulduğunu, dövlətimizin iqtisadi və hərbi qüdrətinin durmadan artdığını, ölkədə demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sisteminin formalaşdığını, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı islahatların davam etdiyini böyük iftixar və qürur hissi ilə qeyd edərək;
xalqımızın çoxəsrlik mənəvi irsindən bəhrələnərək, müasir ümumbəşəri idealları yaşadan Heydər Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinə sadiq qalaraq;
qanunçuluğa və hüququn aliliyinə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq;
cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək;
cəzadan azad olunacaq şəxslərin sosial adaptasiyasını, qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini arzulayaraq;
dahi lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə xalqımızın ehtiramını ifadə edən, onun zəngin mənəvi irsini yaşadan, milli dövlətçilik və humanizm ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək ümummilli liderin90 illik yubileyi münasibətilə aşağıdakı amnistiyanın elan edilməsini qərara alır:
I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi
1. Aşağıdakı məhkumlar, bu Qərarın 5-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:
1.1. müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən (bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökm və ya qərar əsasında) şəxslər;
1.2. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər;
1.3. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza çəkən şəxslər;
1.4. islah işləri növündə cəza çəkən şəxslər;
1.5. ictimai işlər növündə cəza çəkən şəxslər;
1.6. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
1.7. əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər;
1.8. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər.
2. Bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsinlər (bu Qərarın 5 və 6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
2.1. qadınlar;
2.2. cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;
2.3. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;
2.4. bu Qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər;
2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;
2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;
2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;
2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;
2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.
3. Bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər bu Qərar qüvvəyə mindiyi gün cəzalarının altı aydan artıq olmayan çəkilməmiş hissəsindən azad olunsun, həmin şəxslərin cəzalarının çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəza altı ay azaldılsın (bu Qərarın 5 və 6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).
4. Bu Qərarın 1-ci bəndində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 5 və 6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
4.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;
4.2. əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər;
4.3. azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər;
4.4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər;
4.5. bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər.
II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər
5. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.
6. Bu Qərarın 2-4-cü bəndləri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:
6.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 167-1.3, 167-2.2, 168.2, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 192-1.3, 193.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 202-2.1, 203-1.1, 204.1, 205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 263-1.2, 264, 265.2, 266.2, 267.3, 268.2, 271.3, 272.3, 273.4, 281.1, 283-285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2, 294.3, 295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3, 309.2, 312.1, 312-1, 314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 317-2.2, 318.2, 319.2, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə, “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli, 92-IIIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
6.2. “Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli, 428-IIIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 222-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkum olunmuş şəxslər;
6.3. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-cı maddəsi, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin “q” bəndi və 255-1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
6.4. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;
6.5. maddi ziyanı tam ödəməmiş şəxslər;
6.6. xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;
6.7. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;
6.8. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, qəsdən cinayət törətmiş şəxslər.
III. Amnistiya aktının hüquqi qüvvəsi
7. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.
8. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bu Qərar qüvvəyə mindikdən sonra məhkumun cəzasının çəkilməmiş hissəsinin azalması və ya digər şəkildə hüquqi vəziyyətinin dəyişməsi həmin şəxs barəsində bu Qərara əsasən amnistiyanın tətbiqi üçün əsas deyildir.
9. Bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə yalnız qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir.
10. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətə görə məhkum edilmiş şəxslərin törətdiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın 5-ci bəndi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın hər hansı bəndinə əsasən, 6-cı bəndi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın 2-4-cü bəndlərinə əsasən amnistiya tətbiq edilmir.
11. Bu Qərarda nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad etmir.
12. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham hökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının və ya ədalətliliyinin yuxarı instansiya məhkəməsində mübahisələndirilməsinə mane olmur.
13. Bu Qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.
14. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
IV. Amnistiyanın tətbiqi qaydaları
15. Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:
15.1. cəzaçəkmə müəssisələri - bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
15.2. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı - bu Qərarın 1.2, 1.3 və 4.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
15.3. icra məmurları - bu Qərarın 1.4-1.7 və 4.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
15.4. məhkəmələr - bu Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində.
16. Bu Qərarın 15.1-15.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılaşdırmalıdırlar.
17. Bu Qərarın 3-cü bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
18. Bu Qərarın 1.8, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.
20. Bu Qərarın 17-19-cu bəndlərində nəzərdə tutulmuş müraciətlərə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında prokurorun iştirakı təmin edilməlidir.
21. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.
22. Amnistiya tətbiq edilərkən, məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.
23. Alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 29-cu bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi barədə məhkəmənin qərarıdır).
24. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.
25. Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 29-cu bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, Cinayət Məcəlləsinin 95.0.2-95.0.4-cü maddələrinə əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.
26. Bu Qərarın 15.2-ci bəndində göstərilən “hərbi hissələr” dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 18-ci bəndində göstərilən “məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar” dedikdə isə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.
27. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən, onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.
28. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 175-177-ci maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinintəmin edilməsi üçün zəruri olan tədbirlər görülməlidir.
29. Bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində tətbiq edilir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 7 may 2013-cü il
No– 646-IVQR
Fayl şəklində yüklə