"Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Qrant haqqında”Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–6, maddə 366; 2001-ci il, No–12, maddə 736;2002-ci il, No–12, maddə 706; 2003-cü il,No–1, maddə 1; 2009-cu il, No–8, maddə 611) aşağıdakı dəyişikliklər edilsin:
1. Qanunun preambulasında “qrantların” sözündən sonra “(o cümlədən sub-qrantın,qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların)” sözləri əlavə edilsin;
2. 4-cü maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün donorlar tərəfindən təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldığı qrantlar haqqında müqavilələr (qərarlar) qeydiyyat üçün həmin resepiyentlər tərəfindən təqdim olunur.Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim olunur.”;
3.Aşağıdakı redaksiyada 4-1-ci maddə əlavə edilsin:
“4-1. Bu maddədə qrant müqaviləsinin (qərarlarının) qeydiyyatı ilə bağlı göstərilmiş tələblər qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.”;
4.4-cü maddənin beşinci hissəsinin birinci cümləsində “əməliyyatlar keçirilə” sözləri “bank və hər hansı digər əməliyyatlar aparıla” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2013-cü il
No– 852-IVQD
Fayl şəklində yüklə