"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 7, maddə 479; 2003, No– 1, maddə 8; 2004, No– 2, maddə 57; 2006, No– 8, maddə 657; 2007, No– 8, maddə 745; 2008, No– 6, maddə 460; 2009, No– 2, maddə 43, No– 10, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin dördüncü hissəsi ləğv edilsin.

2. Qanuna aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin
sanitariya-mühafizə zonaları
10-1.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin  sanitariya-mühafizəzonaları müəyyən edilir.
10-1.2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca3000metrədək məsafədə müəyyən edilir.
10-1.3. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən3000 metrədək məsafədə müəyyən edilir.
10-1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10-1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir.
10-1.6.Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında ərazinin ekosisteminə mənfi təsir göstərməyən və təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətləri nəzərdə tutan aşağıdakı fəaliyyətlərə yol verilir:
10-1.6.1. elmi tədqiqat işləri;
10-1.6.2.  ətraf mühitin monitorinqi və ekosistemdəyişikliklərinə nəzarət;
10-1.6.3. yanğından mühafizə tədbirləri və meşə massivlərinin qorunması;
10-1.6.4. torpaqdan təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;
10-1.6.5. bioloji və landşaft müxtəlifliyi, təbii ekosistemin bərpası tədbirlərinin keçirilməsi;
10-1.6.6. turizm və rekreasiya məqsədləri ilə istifadə;
10-1.6.7. mineral su və digər müalicəvi resurslardan istifadə;
10-1.6.8. həvəskar və idman ovu (balıq ovu). 
10-1.7. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında aşağıdakılar qadağandır:
10-1.7.1. yeni yaşayış məntəqələrinin salınması;
10-1.7.2. ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı;
10-1.7.3. geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı;
10-1.7.4.meşələrdə əsas istifadə qırıntısı;
10-1.7.5. aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə;
10-1.7.6. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;
10-1.7.7.ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi.
10-1.8. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 924-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU