"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 392; 2001, No– 11, maddələr 676, 699, No– 12, maddə 731; 2007, No– 11, maddə 1053; 2010, No– 4, maddə 280; 2011, No– 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin üçüncü hissəsi dördüncü hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər.”.
2. 8-ci maddədən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılsın.
3. 13-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”.
4. 15-ci maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar qəbul edilmir.”.
5. 16-cı maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il
No– 1060-IVQD
Fayl şəklində yüklə