"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, No–9, maddə 788; 2013, No–7, maddə 776; 2014, No–7, maddə 778) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada “əmlak sahiblərinin mülki məsuliyyətinin” sözləri “əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin” sözləri ilə əvəz edilsin, “sərnişinlərin icbari” sözlərindən sonra “fərdi qəza” sözləri əlavə edilsin;
1.2. 6.4-cü maddənin ikinci cümləsində birinci halda “ailə üzvləri,” sözlərindən sonra ”onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr,” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 6.9-cu maddə əlavə edilsin:
“6.9. Bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.”;
1.4. 9.6-cı maddədə “şəhadətnaməsinin əsli” sözləri “şəhadətnaməsi” sözü ilə əvəz edilsin;
1.5. 17.1.2-ci maddə ləğv edilsin;
1.6. 23.1.5-ci maddədə “şəhadətnamənin əslini” sözləri “şəhadətnaməni” sözü ilə əvəz edilsin;
1.7. 25.4-cü maddədə “Büroya” sözü “bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna” sözləri ilə əvəz edilsin;
1.8. 27-ci maddə üzrə:
1.8.1. 27.1-ci maddədə “təsis edilir və faəliyyət göstərir” sözləri “təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır” sözləri ilə əvəz edilsin;
1.8.2. 27.1.1-ci maddədə “həyata keçirilməsi zamanı” sözlərindən sonra“, həmçinin icbari sığortalara dair beynəlxalq sığorta sistemləri çərçivəsində” sözləri əlavə edilsin;
1.8.3. 27.1.2-ci maddədə “maraqlarının” sözü “maraqlarını” sözü ilə əvəz edilsin;
1.8.4. aşağıdakı məzmunda 27.1.7–1–27.1.7–3-cü maddələr əlavə edilsin:
“27.1.7–1. özünün təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta hadisələrinin sayının və dəyən zərərlərin azaldılması istiqamətində maarifləndirmə ilə əlaqədar həyata keçirilən tədbirləri maliyyələşdirmək;
27.1.7–2. icbari sığortalara dair beynəlxalq sığorta sistemlərinin iştirakçıları ilə qarşılıqlı əməkdaşlığı həyata keçirmək;
27.1.7–3. bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icbari sığorta şəhadətnamələrinin blanklarını mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq;”;
1.8.5. aşağıdakı məzmunda  27.4-cü maddə əlavə edilsin:
“27.4. Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər.”;
1.9. aşağıdakı məzmunda 28.6-cı və 28.7-ci maddələr əlavə edilsin:
“28.6. Bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn və müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı sığorta nəzarəti orqanının ilkin razılığı ifadə olunan sənədi əldə etmiş hər bir sığortaçı Büronun iştirakçıları sırasına daxil edilir.
28.7. İştirakçı sığortaçıların bu Qanunun 28.6-cı maddəsində göstərilmiş tələblərə uyğun gələn və sığorta nəzarəti orqanının ilkin razılığını əldə etmiş sığortaçının Büronun iştirakçı sığortaçıları sırasına daxil edilməsi hüququ ilə razılıqlarını ifadə edən müddəa Büronun nizamnaməsində əks edilir.”;
1.10.  32.1.2-ci maddədə “naməlum” sözündən sonra “və yaxud oğurlanmış” sözləri əlavə edilsin;
1.11. 33.1-ci maddədə “şəxsin” sözündən sonra “həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi” sözləri əlavə edilsin;
1.12. 33.5-ci maddədən “hər hansı sığortaçı və (və ya)” sözləri çıxarılsın, “şəxs” sözündən sonra “və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı” sözləri əlavə edilsin;
1.13. aşağıdakı məzmunda 40–1-ci maddə əlavə edilsin:

“Maddə 40–1. Daşınmaz əmlakın icbari sığortası üzrə təkrarsığorta əməliyyatlarına dair əlavə tələb
Sığortaçıların təbii fəlakətlər üzrə verdiyi sığorta təminatları ilə bağlı risklər Büro tərəfindən müəyyən edilən vahid təkrarsığorta proqramına uyğun olaraq təkrarsığorta etdirilir. Belə risklərin təkrarsığorta etdirilməsi zamanı Büro iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış edir.”;

1.14. aşağıdakı məzmunda 50–1-ci və 50–2-ci maddələr əlavə edilsin:

“Maddə 50–1. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin  icbari sığortası üzrə icbari sığorta müqaviləsinin növləri
50–1.0. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin aşağıdakı növləri var:
50–1.0.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi (bundan sonra - standart sığorta müqaviləsi);
50–1.0.2. digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən bu Qanunun 63–1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sığorta müqaviləsi (bundan sonra - sərhəd sığorta müqaviləsi);
50–1.0.3. bu Qanunun 4–1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq sığorta müqaviləsi (bundan sonra - Azərbaycan Yaşıl Kartı).

Maddə 50–2.  Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyətlə məşğul olmaq istəyən
sığortaçılara dair əlavə tələb
Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün bu Qanunun 63–4-cü maddəsində nəzərdə tutulmuş Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir.”;

1.15.  55-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 55. Növündən asılı olaraq, icbari sığorta müqaviləsinin müddəti və qüvvəyə minməsi
55.1. Standart sığorta müqaviləsi 12 ay müddətinə bağlanır.
55.2. Sərhəd sığorta müqaviləsi bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
55.3. Azərbaycan Yaşıl Kartı bir, üç, altı və ya on iki ay müddətinə bağlanır.
55.4. Sərhəd sığorta müqaviləsi bağlandığı andan qüvvəyə minir.
55.5. Standart sığorta müqaviləsi şəhadətnamədə başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir.
55.6. Azərbaycan Yaşıl Kartı, onda başqa cür müəyyən edilməmişdirsə, bağlandığı andan qüvvəyə minir.”;
1.16.  56.1-ci maddədə “sığortası” sözü “sığortasına dair standart və sərhəd sığorta müqavilələri” sözləri ilə əvəz edilsin;

1.17. aşağıdakı məzmunda 58.3–2-ci maddə əlavə edilsin:
“58.3–2. Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.”;

1.18. aşağıdakı məzmunda 63.4-cü maddə əlavə edilsin:
“63.4. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Qanunun 32.1.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ yaranmır.”;

1.19. aşağıdakı məzmunda 4–1-ci fəsil əlavə edilsin:

“4–1-ci fəsil
Yaşıl Kart Sistemi

Maddə 63–1. Yaşıl Kart Sistemi ilə bağlı ümumi müddəalar
63–1.1. Bu fəsildə avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta ödənişlərinin verilməsini təmin edən, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sisteminə (bundan sonra - Yaşıl Kart Sistemi) aid məsələlər tənzimlənir.
63–1.2. Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası (bundan sonar - Bürolar Şurası) tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir.
63–1.3. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin tənzimlənməsi Bürolar Şurasının Baş Assambleyası tərəfindən 2002-ci il 30 may tarixində qəbul edilmiş, 2008-ci il 29 may tarixində yenilənmiş və Bürolar Şurası tərəfindən vaxtaşırı dəyişdirilə bilən qaydalarda (bundan sonar - Daxili Reqlament) və Bürolar Şurasının bildirişləri, qaydaları və təlimatlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.
63–1.4. Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını Büro həyata keçirir.
63–1.5. Büro öz iştirakçılarını Yaşıl Kart blankları ilə mərkəzləşdirilmiş qaydada təmin edir. Yaşıl Kart blankı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyatı Komitəsinin Yol nəqliyyatı üzrə işçi qrupu tərəfindən 1949-cu il 25 yanvar tarixində qəbul olunmuş, 2004-cü il 17-19 fevral tarixlərində keçirilən 66-cı sessiyada Quru Nəqliyyatı Komitəsinin qəbul etdiyi yol nəqliyyatının təkmilləşdirilməsi üzrə yenilənərək konsolidasiya edilmiş Qərarın 1 saylı Əlavəsi ilə əvəz olunmuş 5 saylı Tövsiyədə (bundan sonra - 5 saylı Tövsiyə) nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.
63–1.6. Büronun iştirakçıları fərdi, yaxud kollektiv qaydada zərərlərin tənzimlənməsini Büroya həvalə edə bilərlər.

Maddə 63–2. Yaşıl Kart Sisteminə aid ümumi tələblər
63–2.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl, bu Qanunun 50–1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir.
63–2.2. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır.
63–2.3. Azərbaycan Yaşıl Kartı yalnız onda göstərilənlərin siyahısından istisna edilməyən ölkələrin ərazilərində qüvvədə hesab edilir.
63–2.4. Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının ərazisinə daxil olarkən, sərhəd sığorta müqaviləsini bağlamaq tələb olunmur.
63–2.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan Azərbaycan Yaşıl Kartına malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən Yaşıl Kart Sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün sığorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş sığorta məbləğlərinin və  bu Qanunun 56.1-ci maddəsində nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür.
63–2.6. Büro Yaşıl Kart Sistemi çərçivəsində iştirakçılarının öhdəliklərinə görə öhdəlik daşıyır, iştirakçı sığortaçılar isə Büronun öhdəlikləri üçün birgə və fərdi məsuliyyət daşıyırlar.

Maddə 63–3. Büronun Yaşıl Kart Sistemində iştirakla bağlı funksiyaları
63–3.0. Büro Yaşıl Kart Sistemində iştirakla və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar aşağıdakı funksiyaları həyata keçirir:
63–3.0.1. Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının fəaliyyətini təmin etmək;
63–3.0.2. Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan qayda və təlimatlar hazırlamaq və qəbul etmək, həmin qayda və təlimatlara riayət olunmadıqda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə uyğun olaraq təqdimat verilməsi üçün sığorta nəzarəti orqanı qarşısında vəsatət qaldırmaq;
63–3.0.3. Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 saylı Tövsiyədə müəyyən edilmiş tələblərə uyğun şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirmək;
63–3.0.4. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və sahibinin mülki məsuliyyəti sığortalanmış avtonəqliyyat vasitələrinin xaricdə istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi ilə bağlı iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək;
63–3.0.5. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək;
63–3.0.6. Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı sığortaçılarını təmsil etmək;
63–3.0.7. xarici ölkələrin Yaşıl Kart büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlər bağlamaq;
63–3.0.8. xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta ödənişlərinin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etmək, bununla əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının bildiriş, qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
63–3.0.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrin ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
63–3.0.10. ödəmə qabiliyyətini itirmiş, verdiyi Yaşıl Kart saxta hesab edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə məşğul olmaq icazəsi ləğv edilmiş və ya ləğvetmə prosesinə başlanılmış iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə xarici ölkələrin Yaşıl Kart bürolarına zəmanət vermək;
63–3.0.11. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar, Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatını (Büronun Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə bank zəmanətini və təkrarsığorta proqramını) sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla Bürolar Şurasına təqdim etmək;
63–3.0.12. iştirakçı sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə bu Qanunla müəyyən edilmiş qaydada cari öhdəliklər ehtiyatını formalaşdırmaq;
63–3.0.13. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək məqsədilə informasiya sisteminə malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata keçirilməsi üçün tədbirlər görmək;
63–3.0.14. Yaşıl Kart Sistemi çərçivəsində zərərlərin qiymətləndirilməsinin təmin olunması istiqamətində tədbirlər görmək;
63–3.0.15. Yaşıl Kart Sistemi çərçivəsində sığorta risklərinin bölüşdürülməsi üzrə vahid təkrarsığorta proqramını müəyyən etmək və belə risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta müqavilələrində iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək;
63–3.0.16. Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar bu Qanundan, Daxili Reqlamentdən və ya Bürolar Şurasının qəbul etdiyi qayda və ya təlimatlardan irəli gələn digər funksiyaları yerinə yetirmək.

Maddə 63–4. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ  olan sığortaçıların reyestri
63–4.1. Yalnız Büronun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol verilir. Buro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini aparır.
63–4.2. Büronun iştirakçısı olan sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər.
63–4.3. Büro tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyənləşdirilən birdəfəlik pul vəsaiti yerləşdirdiyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçı Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilir.
63–4.4. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilən sığortaçı barədə məlumatı onun reyestrə daxil edildiyi tarixdən 5 iş günü ərzində sığorta nəzarəti orqanına təqdim etməlidir.
63–4.5. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini öz rəsmi internet səhifəsində yerləşdirməklə mütəmadi yenilənməsini, həmçinin rübdə bir dəfə rəsmi mətbuatda dərc etdirilməsini təmin etməlidir.

Maddə 63–5. Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların təqvim haqları
63–5.1. Bu Qanunun 63–4.3-cü maddəsində göstərilən birdəfəlik ödənişdən əlavə, Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı təqvim ayı ərzində bağladığı Yaşıl Kart müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5 faizi miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayının 15-dən gec olmayaraq Büronun müvafiq hesabına ödəyir.
63–5.2. Təqvim haqları Büronun işlərinin aparılmasına, o cümlədən Yaşıl Kart blanklarının çap etdirilməsi və təbliğat işlərinin maliyyələşdirilməsinə, eyni zamanda cari öhdəliklər ehtiyatının formalaşdırılmasına yönəldilir.
63–5.3. Təqvim haqlarının ödənilməsi qaydaları sığorta nəzarəti orqanı ilə razılaşdırılmaqla Büro tərəfindən müəyyən edilir.

Maddə 63–6. Büronun cari öhdəliklər ehtiyatı
63–6.1. Büro tərəfindən bu Qanunun 63–4.3-cü maddəsində nəzərdə tutulan vəsaitlər və 63–5-ci maddəsində nəzərdə tutulan təqvim haqları hesabına iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində fəaliyyət göstərməsi ilə əlaqədar Büronun maliyyə öhdəliklərinin təminatı məqsədilə cari öhdəliklər ehtiyatı formalaşdırılır.
63–6.2. Büro cari öhdəliklər ehtiyatı üzrə pul vəsaitlərinin hərəkətinin ayrıca uçotunu aparır.
63–6.3. Cari öhdəliklər ehtiyatının formalaşdırılması ilə bağlı qaydalar sığorta nəzarəti orqanı ilə razılaşdırılmaqla Büro tərəfindən müəyyənləşdirilir.
63–6.4. Cari öhdəliklər ehtiyatının vəsaitləri bu Qanunun 63-3.0.10-cu maddəsində nəzərdə tutulmuş iştirakçı sığortaçıların öhdəliklərinin Büro tərəfindən icrası məqsədləri üçün istifadə edilir.

Maddə 63–7. Büronun Yaşıl Kart Sistemində subroqasiya hüququ
Büronun iştirakçı sığortaçısının Yaşıl Kartla bağlı yaranan öhdəliyi ilə əlaqədar Büro tərəfindən həyata keçirilən ödənişlər məbləğində həmin sığortaçıya münasibətdə Büronun subroqasiya hüququ yaranır.

Maddə 63–8. Xarici ölkənin Yaşıl Kart bürosunun adından çıxış etməyə qoyulan qadağa
Sığortaçılara Yaşıl Kart Sisteminin üzvü olan xarici ölkənin Yaşıl Kart bürosunun adından Yaşıl Kart təklif etmək qadağan edilir.

Maddə 63–9. Yaşıl Kart Sistemi üzrə sığorta haqları
Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 63–10. Valyuta tənzimlənməsi üzrə məhdudiyyətlərdən azadolma
Yaşıl Kart Sistemi çərçivəsində Büro və iştirakçı sığortaçılar tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə tələb olunan valyutada pul vəsaitlərinin Azərbaycan Respublikasından köçürülməsinə heç bir məhdudiyyət qoyulmur.”;

1.20. 66-cı maddədə “yüngül” sözündən sonra “, az ağır” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanunun 1.14-cü maddəsi ilə əlavə edilən 50–2-ci maddənin tələbi bu Qanunun qüvvəyə mindiyi tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçılara da şamil edilir.

Maddə 3. Bu Qanunun Yaşıl Kart Sisteminin tətbiqinə dair müddəaları  2016-cı il yanvarın 1-dən, digər müddəaları isə dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 noyabr 2014-cü il
No– 1113-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU