Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, No– 7, maddə 797; Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1071-IVQD və 1079-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 80.2-ci və 80.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“80.2. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.
80.3. İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ölkə hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.”.
2. 13-cü fəsil 14-cü fəsil, 82-ci maddə isə 95-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 13-cü fəsil əlavə edilsin:
“FƏSİL 13
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI MƏRKƏZLƏRİNDƏ
YERLƏŞDİRİLMƏSİ VƏ SAXLANILMASI QAYDASI
Maddə 82. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün
əsaslar və müddətlər
82.1. Aşağıdakı hallarda və müddətlərdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunsuz miqrantların saxlanılması mərkəzlərində (bundan sonra - Mərkəz) könüllü yerləşdirilirlər:
82.1.1. şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə - qaçqın statusu verilməsi məsələsi həll edilənədək;
82.1.2. şəxs qaçqın statusu aldıqda - iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə;
82.1.3. şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda - çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində.
82.2. Aşağıdakı hallarda və müddətlərdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə məcburi yerləşdirilirlər:
82.2.1. müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda - 24 saatadək;
82.2.2. məhkəmənin inzibati qaydada tutma barədə qərarı olduqda – üç günədək;
82.2.3. bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda - qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə.
82.3. Bu Məcəllənin 82.1.3-cü maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya özünün və ailə üzvlərinin minimal tələbatını ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq edilir.
Maddə 83. Əcnəbilərin və vətəndaşdığı olmayan şəxslərin Mərkəzdə yerləşdirilməsi proseduru
83.1. Əcnəbilər və vətəndaşdığı olmayan şəxslər Mərkəzdə könüllü yerləşdirilmələri üçün ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edirlər. Ərizəyə şəxsiyyəti təsdiq edən sənəd (mövcud olduqda) əlavə olunur.
83.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə baxaraq, şəxsin Mərkəzdə yerləşdirilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.
83.3. Əcnəbilərin və vətəndaşdığı olmayan şəxslərin Mərkəzdə məcburi yerləşdirilməsi üçün tutma barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və ya məhkəmənin müvafiq qərarı tələb olunur.
Maddə 84. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılmasının xüsusiyyətləri
84.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə daxili intizam qaydalarında nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla 2, 6 və daha çox nəfərlik xüsusi yaşayış otaqlarında saxlanılırlar.
84.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış otaqlarında bir ailəyə mənsub olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar.
84.3. Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə ayrı saxlanılırlar:
84.3.1. məcburi saxlanılanlar könüllü saxlanılanlardan;
84.3.2. qadınlar kişilərdən (ailə üzvləri istisna olmaqla);
84.3.3. yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan (ailə üzvləri istisna olmaqla);
84.3.4. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların həyat və ya sağlamlığına təhlükə törədən Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən (Mərkəzin rəisinin qərarı ilə).
84.4. Qadınlar kişi cinsindən olan 12 yaşınadək uşaqlarını öz yanlarında saxlaya bilərlər.
84.5. Hamilə və ya yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi nəzarətə ehtiyacı olan şəxslər yaxşılaşdırılmış maddi-məişət şəraiti, xüsusi tibbi yardım və xüsusi yemək normaları ilə təmin edilirlər.
Maddə 85. Mərkəzdə rejim
85.1. Mərkəzdə oraya yerləşdirilən şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və saxlanılması şəraitinə yönəldilmiş qaydaları təmin edən rejim müəyyən edilir.
85.2. Mərkəzdə rejimi təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzin daxili intizam qaydaları (bundan sonra – daxili intizam qaydaları) təsdiq edilir.
85.3. Mərkəzdə rejim Mərkəzin rəisi və işçiləri tərəfindən təmin edilir.
85.4. Qadağan olunmuş əşyaların siyahısı, həmin əşyaların Mərkəzdə saxlanılan şəxslərdə aşkar edildiyi təqdirdə müvafiq tədbirlərin görülməsi və onların məhv edilməsi halları daxili intizam qaydaları ilə müəyyən olunur.
85.5. Şəxs Mərkəzə yerləşdirilərkən Mərkəzin işçiləri tərəfindən bu Məcəllənin müddəaları və daxili intizam qaydaları ilə tanış edilməli və bütün tələblər onlara izah olunmalıdır.
85.6. Qadağan olunmuş əşyaların hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin tənbeh tədbirlərinin tətbiqinə səbəb olması barədə Mərkəzdə saxlanılan şəxsə məlumat verilir və ondan yazılı iltizam alınır.
Maddə 86. Daxili intizam qaydaları
86.0. Daxili intizam qaydaları ilə aşağıdakılar müəyyən edilir:
86.0.1. şəxsin Mərkəzə qəbul edilərək yerləşdirilməsi, onun qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və Mərkəzdən azad edilməsi (və ya buraxılması);
86.0.2. şəxsin Mərkəzdə saxlanılması şəraiti və şərtləri, mühafizəsi və müşayiəti, o cümlədən bir Mərkəzdən digər Mərkəzə köçürülməsi;
86.0.3. Mərkəzdə saxlanılan şəxsin daktiloskopik qeydiyyatının aparılması;
86.0.4. bağlamaların, sovqatların və banderolların Mərkəzə gətirilməsi və onların qəbulu, o cümlədən Mərkəzdə saxlanılan şəxsin şəxsi hesabları vasitəsilə pul baratları alması və ya göndərməsi;
86.0.5. şəxsin Mərkəzə məcburi yerləşdirilməsindən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat verməsi;
86.0.6. şəxsin öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqə yaratması;
86.0.7. Mərkəzdə saxlanılan şəxsin ərzaq məhsulları və ən zəruri malları əldə etməsi, yazışması, telefon əlaqəsindən istifadə etməsi;
86.0.8. Mərkəzdə məcburi yerləşdirilən şəxsin gəzintiyə çıxarılması;
86.0.9. Mərkəzə giriş və çıxışın tənzimlənməsi;
86.0.10. Mərkəzdə saxlanılan şəxsin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya verilişlərinə baxması;
86.0.11. Mərkəzdə saxlanılan şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi;
86.0.12. şəxsin Mərkəzin rəisi tərəfindən qəbul edilməsi;
86.0.13. Mərkəzdə saxlanılan şəxs tərəfindən dini ayinlərin yerinə yetirilməsi;
86.0.14. Mərkəzdə saxlanılan şəxsin yemək və maddi-məişət təminatı və normaları;
86.0.15. Mərkəzdə saxlanılan şəxs tərəfindən təkliflərin, şikayətlərin və ərizələrin göndərilməsi;
86.0.16. Mərkəzdə saxlanılan şəxsə tibbi və psixoloji yardım göstərilməsi, habelə onun tibbi-sanitariya təminatı, tibbi-müayinəsi, tibb müəssisələrində yerləşdirilməsi və ya saxlanılması;
86.0.17. Mərkəzdə saxlanılan şəxsin mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirakı və notarius xidmətlərindən istifadə etməsi;
86.0.18. Mərkəzdə saxlanılan zaman vəfat etmiş şəxsin meyitinin verilməsi;
86.0.19. Mərkəzdə rejimin təmin edilməsi ilə əlaqədar digər məsələlər.
Maddə 87. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
87.1. Mərkəzdə məcburi yerləşdirilən şəxs aşağıdakı hüquqlara malikdir:
87.1.1. Mərkəzə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;
87.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə yerləşdirilmək;
87.1.3. öz hüquq və vəzifələri və daxili intizam qaydaları ilə yazılı şəkildə ona aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;
87.1.4. işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
87.1.5. müdafiəçi, qanuni nümayəndə, qohumlar, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşmək;
87.1.6. öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək;
87.1.7. pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
87.1.8. Mərkəzin kitabxanasından istifadə etməklə, ədəbiyyat, qəzet və ya jurnal götürmək, həmçinin öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək;
87.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
87.1.10. mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;
87.1.11. etik davranışa uyğun rəftar olunmaq;
87.1.12. hüquqazidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, barəsində aparılan işin icraatı ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;
87.1.13. Mərkəzdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək;
87.1.14. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;
87.1.15. şəxsi əşyalardan istifadə etmək;
87.1.16. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin edilmək;
87.1.17. psixoloji yardım almaq;
87.1.18. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq;
87.1.19. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları göndərmək;
87.1.20. telefon əlaqəsindən istifadə etmək;
87.1.21. televiziya verilişlərinə baxmaq;
87.1.22. öz vəsaiti hesabına Mərkəzin işçiləri vasitəsilə ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək;
87.1.23. gündəlik gəzintiyə çıxarılmaq.
87.2. Mərkəzdə məcburi yerləşdirilən şəxsin bu Məcəllənin 87.1-ci maddəsində sadalanan hüquqları “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan minimal təminatlardan az olmamaqla daxili intizam qaydaları ilə təmin edilir.
Maddə 88. Mərkəzdə könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
88.0. Mərkəzdə könüllü yerləşdirilən şəxs bu Məcəllənin 87.1.2-ci - 87.1.21-ci maddələrində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdir:
88.0.1. Mərkəzi tərk etmək və geri qayıtmaq;
88.0.2. Mərkəzin ərazisində (xidməti istifadə üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) sərbəst hərəkət etmək;
88.0.3. öz vəsaiti hesabına müstəqil formada ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək.
Maddə 89. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri
89.0. Mərkəzdə saxlanılan şəxsin əsas vəzifələri aşağıdakılardır:
89.0.1. bu Məcəllə ilə və daxili intizam qaydaları ilə müəyyən edilmiş qaydalara riayət etmək;
89.0.2. Mərkəzin rəisinin qanuni tələblərinə əməl etmək;
89.0.3. sanitariya-gigiyena qaydalarına əməl etmək;
89.0.4. yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
89.0.5. Mərkəzin əmlakına qayğı ilə yanaşmaq;
89.0.6. saxlanıldığı otağı növbəlilik qaydasında təmizləmək (süpürmək, yumaq və silmək);
89.0.7. Mərkəzin işçiləri ilə, habelə Mərkəzdə saxlanılan digər şəxslərlə nəzakətlə davranmaq;
89.0.8. Mərkəzin işçilərinin xidməti vəzifələrinin icrasına mane olmamaq;
89.0.9. özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərə yol verməmək.
Maddə 90. Mərkəzdə tətbiq edilən tənbeh tədbirləri
90.1. Daxili intizam qaydalarını pozan Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:
90.1.1. gəzintiyə çıxarılmaq hüququnun məhdudlaşdırılması;
90.1.2. telefon əlaqəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması;
90.1.3. televiziya verilişlərinə baxmaq hüququnun məhdudlaşdırılması;
90.1.4. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq hüququnun məhdudlaşdırılması;
90.1.5. yaxın qohumları ilə görüşmək hüququnun məhdudlaşdırılması;
90.1.6. bir nəfərlik xüsusi otaqda saxlanılması.
90.2. Daxili intizam qaydalarını pozan Mərkəzdə könüllü yerləşdirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilir:
90.2.1. bu Məcəllənin 90.1.2-ci - 90.1.4-cü və 90.1.6-cı maddələrində nəzərdə tutulan tənbeh tədbirləri;
90.2.2. Mərkəzdən xaric olunma.
90.3. Tənbeh tədbiri Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə tətbiq edilir. Qərarın surəti əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə dərhal təqdim edilir və şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.
90.4. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir.
90.5. Tənbeh tədbiri Mərkəzdə müəyyən edilmiş qaydaların pozulması halları və saxlanılan şəxsin davranışı nəzərə alınmaqla tətbiq edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq edilir.
90.6. Daxili intizam qaydalarını pozan şəxsin aşağıdakı hüquqları vardır:
90.6.1. hansı əməlinin daxili intizam qaydalarının pozulması hesab olunduğu barədə dərhal məlumat almaq;
90.6.2. şəxsən və ya zəruri hesab etdiyi hallarda müdafiəçi vasitəsilə müdafiə olunmaq;
90.6.3. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;
90.6.4. şahidlərin izahatının alınmasını tələb etmək və onların izahatının alınmasında iştirak etmək.
90.7. Tənbeh tədbiri verilməzdən əvvəl Mərkəzdə saxlanılan əcnəbidən və ya vətəndaşlığı olmayan şəxsdən izahat alınır. Həmin şəxs izahat verməkdən imtina etdikdə, bu barədə imtinanın səbəbləri göstərilməklə akt tərtib edilir.
90.8. Şəxs tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır.
Maddə 91. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mühafizəsi və onların üzərində nəzarət
91.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə mühafizə olunur və nəzarət altında saxlanılırlar. Mərkəzdə saxlanılan şəxslər Mərkəzin ərazisində işçilərin nəzarəti ilə hərəkət edirlər.
91.2. Nəzarət həyata keçirilərkən foto-video və ya digər texniki vasitələrdən istifadə edilə bilər.
91.3. Mərkəzdə saxlanılan şəxslərin daktiloskopik qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir, barəsində şəxsi axtarış tətbiq edilir, saxlanıldığı yerdə axtarış aparılır, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanılır.
91.4. Mərkəzdə məcburi yerləşdirilən şəxslər barəsində sanitariya-gigiyena tədbirləri və ya onların üzərində şəxsi axtarış Mərkəzin eyni cinsdən olan işçiləri tərəfindən həyata keçirilir.
91.5. Mərkəzdə saxlanılan şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və anbara təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bununla əlaqədar əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə bu Məcəllənin 90.1-ci və 90.2-ci maddələrində nəzərdə tutulan tənbeh tədbirlərindən biri tətbiq edilir.
91.6. Mərkəzdə saxlanılan şəxs özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması barədə qərarı həkim qəbul edir.
91.7. Mərkəzin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı Mərkəzin işçiləri tərəfindən gələn və gedən şəxslərin əşyaları, geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır və qadağan olunmuş əşyalar aşkar edildikdə götürülür. Mərkəzə gələn şəxslərdə və ya nəqliyyat vasitələrində qadağan olunmuş əşyalar aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.
91.8. Mərkəzdə saxlanılan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxlər bir Mərkəzdən başqa Mərkəzə keçirildikdə, həmin şəxslərdən götürülmüş qadağan olunmuş əşyalar siyahıya alınaraq, onları qəbul edən Mərkəzə göndərilir.
Maddə 92. Mərkəzin işçilərinin vəzifələri
92.1. Mərkəzin işçilərinin aşağıdakı vəzifələri vardır:
92.1.1. Mərkəzə gəlmiş və ya gətirilmiş şəxsi müvafiq qaydada qəbul etmək;
92.1.2. Mərkəzdə məcburi yerləşdirilən şəxsə Mərkəzdə saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmaq (Mərkəzin işçiləri Mərkəzdə məcburi yerləşdirilən şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixoloji vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsləri ilə verə bilməzlər);
92.1.3. Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslər barədə isə harada tutulduğu) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat vermək və belə məlumatın verildiyini qeydə almaq;
92.1.4. Mərkəzə qəbul edilən şəxsin təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;
92.1.5. Mərkəzdə saxlanılan şəxsi hüquq və vəzifələri, daxili intizam qaydaları ilə tanış etmək və ona bu barədə izah vermək;
92.1.6. Mərkəzdə saxlanılan şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları ilə, habelə həmin şəxsə hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşlərini təşkil etmək;
92.1.7. Mərkəzdə saxlanılan şəxslərin təhlükəsizliyini təmin etmək;
92.1.8. Mərkəzdə saxlanılan şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq;
92.1.9. Mərkəzdə saxlanılan şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin göndərilməsini təmin etmək;
92.1.10. cinayət prosesini həyata keçirən orqanın müraciətinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, Mərkəzdə saxlanılan şəxsin iştirakı ilə Mərkəzdə istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;
92.1.11. Mərkəzdə saxlanılan şəxsləri müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən digər Mərkəzə köçürmək;
92.1.12. Mərkəzdə saxlanılan şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;
92.1.13. Mərkəzdə saxlanılan şəxsin saxlanılma müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermək;
92.1.14. Mərkəzdə saxlanılan şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq.
92.2. Mərkəzin işçiləri şəxsin Mərkəzə qəbul olunmasından sonra keçirilmiş tibbi müayinəsinin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlarına əlavə olunmasını təmin etməlidirlər.
Maddə 93. Mərkəzdə fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi
93.1. Hazırlanan və ya törədiləcək cinayətin və ya digər hüquqpozmaların qarşısının alınmasının, habelə Mərkəz işçilərinin qanuni tələblərinə müqavimətin aradan qaldırılmasının başqa üsullarla təmin edilməsi mümkün olmadıqda, fiziki qüvvə tətbiq edilə bilər.
93.2. Mərkəzdə xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilə bilər:
93.2.1. Mərkəzin işçilərinə və ya digər şəxslərə Mərkəzdə saxlanılan şəxslər tərəfindən edilən hücumları dəf edərkən;
93.2.2. kütləvi iğtişaşların və ya Mərkəzdə saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını alarkən;
93.2.3. Mərkəz işçilərinin və ya Mərkəzdə rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq icra hakimiyyəti orqanı işçilərinin qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən Mərkəzdə saxlanılan şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alarkən;
93.2.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad edərkən;
93.2.5. Mərkəzdə məcburi yerləşdirilən şəxslərin Mərkəzdən qaçması cəhdinin qarşısını alarkən;
93.2.6. Mərkəzdə saxlanılan şəxslərin özlərinə və ətrafdakılara zərər yetirmək cəhdlərinin qarşısını alarkən.
93.3. Fiziki qüvvə və xüsusi vasitələr tətbiq edilərkən, aşağıdakı şərtlərə riayət edilməlidir:
93.3.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
93.3.2. qrup halında basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;
93.3.3. xüsusi vasitələr yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;
93.3.4. fiziki qüvvənin, xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;
93.3.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;
93.3.6. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.
93.4. Fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. Mərkəzin işçiləri tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda Mərkəzin rəisi bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
93.5. Mərkəzin işçiləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.
Maddə 94. Mərkəzin fəaliyyətinə nəzarət
94.1. Mərkəzin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
94.2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən Mərkəzə daxil olmaq, orada könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin, yaxud tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə yerləşdirilməsinin və saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, Mərkəzin rəisi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin Mərkəzə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüquqları vardır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
No– 1143-IVQD
Fayl şəklində yüklə