"Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 6, maddə 386; 2002-ci il, No– 8, maddə 465; 2011-ci il, No– 6, maddə 481) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci maddəyə “olmadıqda” sözündən sonra “və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə” sözləri əlavə edilsin.
2. 3-cü maddə üzrə:
2.1. 3.1.5-ci maddədə “çıxarıldıqda” sözü “və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda” sözləri ilə əvəz edilsin;
2.2. 3.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.9-cu maddə əlavə edilsin:
“3.1.9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi ittiham qaydasında (zərər çəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda.”;
2.3. 3.2.3-cü maddədə “məruz qalmasını” sözlərindən sonra “və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını” sözləri əlavə edilsin.
2.4. 3.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“3.2.7. sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda.”.
3. 6-cı maddə üzrə:
3.1. 6.1-ci maddədə “Respublikası cinayət-prosessual qanunvericiliyinə” sözləri “Respublikasının Cinayət-Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 6.4-cü maddə əlavə edilsin:
“6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.”.
4. 7-ci maddə üzrə:
4.1. maddənin adına “şəxsin” sözündən sonra “tutulması və” sözləri əlavə edilsin;
4.2. 7.1-ci maddədə “axtarışı” sözündən sonra “, tutulması” sözü əlavə edilsin, “cinayət-prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;
4.3. 7.2-ci maddədə “şəxsin” sözündən sonra “tutulması,” sözü əlavə edilsin;
4.4. 7.3-cü maddədə “həbsə alınması və ya həbsə alınmasından” sözləri “tutulması, həbsə alınması və ya bundan” sözləri ilə əvəz edilsin.
5. 8.2-ci maddədə “cinayət-prosessual qanunvericiliyi” sözləri “Cinayət-Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il
No– 1397-IVQD
Fayl şəklində yüklə