Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında

Qanunlar      Paylaşın:        

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qərara alır:

Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır.

Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.
2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri
3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 4. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 oktyabr 2015-ci il
No– 1410-IVQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU