"Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r:

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 755 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993,  No– 23-24, maddə 678; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998,  No– 3, maddə 141) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Şah İsmayıl” ordeninin təsviri” aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin təsviri

Maddə 1. Ordenin ümumi təsviri
Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni (bundan sonra - orden) biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.

Maddə 2. Ordenin ön tərəfi
Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca “Şah İsmayıl” sözləri yazılmışdır.

Maddə 3. Ordenin arxa tərəfi
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk  olunmuşdur.

Maddə 4. Ordenin elementləri
4.0. Təltif dəstinə aşağıdakılar daxildir:
4.0.1. boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;
4.0.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;
4.0.3. paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü  37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.”. 

2. Həmin Qanuna əlavə edilmiş “Şah İsmayıl” ordeninin eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin. 

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
No– 64-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU