Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8 (1-ci kitab), maddə 584; 2001-ci il, N 1, maddə 24; N 3, maddə 139; N 7, maddə 455; N 11, maddələr 680, 698; N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9; N 4 (1-ci kitab), maddə 165; N 5, maddələr 234, 237, 239; N 6, maddə 326; 2002-ci il, N 8, maddə 463; N 12, maddə 692; Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli, 385-IIQD və 395-IIQD saylı, 24 dekabr tarixli, 408 - IIQD saylı Qanunları; Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli, 422-IIQD saylı Qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. Məcəlləyə aşağıdakı redaksiyada 204-1-ci maddə əlavə edilsin.
"Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə- təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması, bu pozuntu az miqdarda törədildikdə -xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri şərti maliyyə vahidinin qırx mislindən doxsan mislinədək miqdarda cərimə edilirlər.
Qeyd: Bu maddədə "az miqdarda" dedikdə, şərti maliyyə vahidinin min beş yüz mislindən çox olan miqdarı başa düşülür".
2. 199-cu maddənin Qeydində "199-205" rəqəmləri "199-204, 205" rəqəmləri ilə əvəz edilsin.
3. 360-cı maddədə "199-205" rəqəmləri "199-204, 205" rəqəmləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 mart 2003-cü il
No– 428 - IIQD

