Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu; Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 123-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 137-VQD, 171-VQD, 173-VQD nömrəli qanunları; Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 193-VQD, 200-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə “432.3,” rəqəmlərindən sonra “438.2, 438.3,” rəqəmləri əlavə edilsin.

2. 438-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 438. Hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi
438.1. Banklara və bank olmayan kredit təşkilatlarına aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə —
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.
438.2. Səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə —
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.
438.3. Digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə —
vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan on min manatadək miqdarda cərimə edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may 2016-cı il
No– 255-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU