Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2 (I kitab), maddə 202, No– 3, maddələr 397, 403, 429; Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 173-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 594-1-ci maddə əlavə edilsin:
“Maddə 594-1. Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması
594-1.1.Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni:
594-1.1.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə;
594-1.1.2. vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə;
594-1.1.3. vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;
594-1.1.4. dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə -
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Qeyd. Bu Məcəllənin 594-1.1.4-cü maddəsində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”.
2. 54.2-ci maddədə “573” rəqəmlərindən sonra “594-1,” rəqəmləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
No– 282-VQD
Fayl şəklində yüklə